Mollanəsrəddinçilər “Azərbaycan”
jurnalı publisistikasında
Onların əhatə
etdikləri mövzuların araşdırılması ədəbiyyatşünaslığımız
üçün olduqca
faydalıdır
1920-30-cu illər
sovet dövrü Azərbaycan
publisistikası bədii-estetik keyfiyyətini siyasi
ideyalara qurban verməyə
məcbur olsa da,
1960-cı illərdə yeni yaranan klassik ənənələrə
laqeyd qalmadı.
"Molla Nəsrəddin” jurnalı milli mətbuat tarixində satirik jurnalistikanın əsasını qoymuşdur. Böyük Mirzə Cəlilin xalqımıza bəxş etdiyi əvəzsiz mənəvi abidə olan bu jurnal ətrafına topladığı istedadlı qələm sahiblərinin sözünün qüdrətinə söykənərək mübarizəsini sonadək davam etdirdi.
"XIX əsrin sonu-XX əsrin əvvəllərində qəzet, jurnal dünyasının Avropada yaratdığı imkanlar Azərbaycanın yaradıcı ziyalılarının da sözü birbaşa ünvana çatdıran publisistikaya meylini gücləndirir” (Məmmədli Cahangir. Zamanın sərhədini aşan klassik publisistika.// Füyuzat, 2013, ¹4 (72), s. 45).
XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, azərbaycançılıq ideyalarının qabardılması publisistikanın həm mövzu dairəsini, həm də sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırdı. O vaxtlar Bağçasarayda "Tərcüman” qəzetinin naşiri və baş redaktoru, türk dünyasının ilk milli mücahidlərindən biri İsmayıl bəy Qaspıralı Əli bəy Hüseynzadənin ona göndərdiyi "Həyat” qəzetinin cildlənmiş nömrələrini alıb öz fikrini belə ifadə etmişdi: "Əziz qardaşım, mənə "Həyat”ın hamisi demişsən. Gözəl, amma bu sözün təfsiri hacetlidir. "Həyat”ın hamiyi-həqiqisi millətdir. Mən yalnız onun "Tərcüman”ıyam. Millət sənə daim hami olur.
Fəqət yeganə şərtini unutma, hər nə yazacaq isən qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yazı yaz. Sözün ötər, vicdanlar yetər. Əks halda bisəmərə gələr, keçər, gedər”. Qaspıralının Ə.Hüseynzadəyə bu "ricası”, "bu məsləhəti” və bu "vəsiyyəti” XX əsrin əvvəllərindəki Azərbaycan publisistlərinin kredosuna çevrilmişdir” (Məmmədli Cahangir. Zamanın sərhədini aşan klassik publisistika.// Füyuzat, 2013, ¹4 (72), s.48).
Azərbaycan mətbuatının inkişafında özünəməxsus yer tutan "Molla Nəsrəddin” jurnalının tanınmasında başda Cəlil Məmmədquluzadə olmaqla unudulmaz xidmətləri olan yazıçıların publisistik fəaliyyəti daim tədqiqat obyekti olmuşdur. "Molla Nəsrəddin” zəhmətkeş xalqın həqiqət deyən səsi, XX əsr Azərbaycan ictimai həyatının ədəbi-bədii salnaməsi, ensiklopediyası idi” (Mir Cəlal. Hüseynov Firidun. XX əsr Azərbaycan ədəbiyyatı.Bakı: Maarif, 1982, s.24).
"Azərbaycan” jurnalında H.Orucəlinin "Molla Nəsrəddin” amerikan-ingilis imperializminin amansız ifşaçısıdır” (1953, ¹4), Cəfər Xəndanın "Mübariz jurnalın ədəbi cəbhəsi” (1956, ¹4), "Molla Nəsrəddin” jurnalının 60 illik yubileyinə həsr olunmuş 1967-ci il 5-ci sayında çap olunan Əziz Şərifin "Fırtınadan doğulmuş”, Kamal Talıbzadənin "Molla Nəsrəddin” jurnalının ədəbi mövqeyi”, Əziz Mirəhmədovun "Onun şairliyi də vardı”, Nikolay Tixonovun "Əbədi qüdrət”, Ənvər Yusifoğlunun "Müqəddəs vətənim”, Nazim Axundovun "Molla Nəsrəddin” və Azərbaycan satirik mətbuatı” və s. məqalələrində əsas düşündürən problem "Molla Nəsrəddin” jurnalı və C. Məmmədquluzadə və onun ətrafına toplanmış mollanəsrəddinçilərin yaradıcılıq məsələləridir.
Ölkəsinin dərdini yüksək qeyrətlə çəkən, onun tərəqqisinə öz töhfələrini verən Mirzə Cəlil "Molla Nəsrəddin” jurnalının ilk mühərriri olmaqla yanaşı, onun ideoloqu idi. Mollanəsrəddinçilər ədəbi cəbhəsi məhz C.Məmmədquluzadənin sayəsində formalaşmışdı. "C.Məmmədquluzadə "Molla Nəsrəddin”in nəşrinə başlayarkən ilk növbədə Naxçıvanda və İrəvanda yaşayıb işlədiyi, Qori seminariyasında oxuduğu, "Şərqi-rus” qəzeti redaksiyasında çalışdığı illərdən ünsiyyət saxladığı məslək və qələm yoldaşlarının, maarifçi ziyalıların çoxcəhətli köməyinə ümid bəsləmişdi. O, pərakəndə halda Qafqazın müxtəlif yerlərində fəaliyyət göstərən yaradıcı qüvvələrin imkan və səylərini tədricən vahid məcrada cəmləşdirməyi bacarmışdı” (Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan: Əcəm, 2009, s.252).
Əziz Mirəhmədovun "Azərbaycan” jurnalında çap olunan "Onun şairliyi də var idi” (1967, ¹5) məqaləsində nasir, dramaturq, publisist kimi daha çox tanınan Mirzə Cəlilin şair yaradıcılığı daha çox qabardılır, Azərbaycan şeirinin tənqidi realizmi və satiranın inkişafında xidmətlərindən bəhs olunur. Ancaq Ə.Mirəhmədov Mirzə Cəlilin şairlik fəaliyyətinin onun yaradıcılıq təcrübəsində əsas xətlərdən biri olmadığı qənaətinə gəlir. Ə.Mirəhmədov C.Məmmədquluzadənin şairlik fəaliyyətinin çoxcəhətli inkişaf etməməsinin səbəbini bu cür aydınlaşdırır: "Çox güman ki, 1907-ci ildə C.Məmmədquluzadənin şairlik "həvəsindən” düşməsi, daha doğrusu, şeiri tərk etməsi bunun nəticəsidir. Kiçik istisnalarla o, bir müddət şeir yazmır” (Mirəhmədov Əziz. Onun şairliyi də vardı. // "Azərbaycan” jurnalı, ¹5, 1967,s.32).
Nikolay Tixonov "Əbədi qüdrət” (1965, ¹5) məqaləsində C.Məmmədquluzadəni M.F.Axundov idealının davamçısı hesab etmiş, onun yaradıcılığında hər zaman aktual olan gülüşü qiymətləndirmişdir: "Məmmədquluzadə istedadının qiymətli xüsusiyyəti öz qüvvəsini bu gün də itirməyən gülüşdür-qəlb və ruhu təmizləyən şər və pisliyi kökündən sarsıdıb yıxan, od və atəşdən qüdrətli olan mənalı gülüş! Bu gülüş ədibin hekayələrində və pyeslərində, onun rəngarəng əsərlərinin külliyyatı kimi yaşayan, onun layiqli müttəfiqi və silahdaşı olan "Molla Nəsrəddin” jurnalında bütün gözəlliyi və neməti ilə səslənir” (Tixonov Nikoloy. Əbədi qüdrət // "Azərbaycan” jurnalı, ¹5, 1967, s.35).
Akademik İsa Həbibbəylinin C.Məmmədquluzadə haqqında apardığı araşdırmalardan da məlum olur ki, publisist M.F.Axundovun irsi ilə Qoridə oxuyan zaman müəllimləri Əbdülsəlam Axundzadə və Hüseyn əfəndi Qayıbov, tələbə yoldaşı Rəşidbəy Əfəndiyevin vasitəsilə tanış olmuşdu. "O, sonralar "ustadi-əziz” kimi böyük ehtiramla yad etdiyi Mirzə Fətəli Axundzadənin həyatından, komediyalarından və bu əsərlərinin səhnə imkanlarından elə əsaslı şəkildə bəhs etmişdir ki, ədibin qüdrətli sənətkarın taleyinə və irsinə çoxdan və dərindən bələd olduğuna heç bir şəkk, yaxud şübhə yeri qalmır” (Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan: Əcəm, 2009, s.164-165).
Əziz Şərifin "Fırtınadan doğulmuş” məqaləsində (1967, ¹5) 1905-ci ilin tətilləri, üsyanları, mürəkkəb qırğınların törədildiyi, erməni-müsəlman qırğının ortaya qoyulduğu bir zamanda xalqın ictimai fikrinə doğru yol göstərən C.Məmmədquluzadə ictimai xadim kimi diqqəti cəlb edir: "Bilin ki, şayiələri yayan haman xuliqanlardır ki, xalqa fəlakət üz verəndə oğurluq və qarət etmək məqsədini izləyirlər” (Şərif Əziz. Fırtınadan doğulmuş. // "Azərbaycan” jurnalı, ¹5, 1967, s.6).
Mirzə Cəlil millətin sivil inkişafı, maarifin yüksəlməsi, vətəndaşların hüquqlarının qorunması üçün ölməz əsərləri ilə "Molla Nəsrəddin” jurnalında bir ideoloq kimi daim çıxış etmişdir: "Mirzə Cəlil o dövrdə baş alıb gedən erməni azğınlığına cavab verməyə, hadisələri düzgün qiymətləndirməyə, lazımi anda səfərbər olmağa, ağıl və gücün müsəlləhliyinə nail olmağa, bu hadisələrdən əvvəl öz içimizdə bizə hər məsələdə meydan oxuyan erməniyə baxıb tərəqqi etməyə çağırırdı” (5, s.60).
Ə.Şərif C.Məmmədquluzadəni yetişdirən mühit və şəxsiyyət münasibətlərini daha çox ön planda tutur. C.Məmmədquluzadənin İran fəhlələrinə müraciətini böyük addım kimi qiymətləndirmiş Ə.Şərifin dövrün stereotip qəlibləri içərisində C.Məmmədquluzadəni daha çox konyunkturaya xidmət edən yazıçı kimi canlandırması dövrün tələblərindən irəli gəlmişdir. Hər şeydən öncə C.Məmmədquluzadə xalqın nicat yolunu tapmağa çalışan publisist idi.
Məlum olduğu kimi, "Molla Nəsrəddin” jurnalı müxtəlif illərdə fəaliyyətini dayandırmışdı. Bununla bağlı akademik Kamal Talıbzadə belə yazırdı: "Biçarələr elə güman edirdilər ki, "Molla Nəsrəddin” bağlanmaqla onların eybləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişməkdədir. Bir az maariflə də olsa içimizdə bir çox "Molla Nəsrəddin”lər var. "Molla Nəsrəddin” batar, sabah "Molla Nəsrəddin” çıxar” (Talıbzadə Kamal. "Molla Nəsrəddin” jurnalının ədəbi mövqeyi // "Azərbaycan” jurnalı, ¹5, 1967, s.21).
"Molla Nəsrəddin” nəinki Azərbaycan miqyasında, hətta Orta və Yaxın Şərqdə müstəmləkə zülmünə, mütləqiyyət üsul-idarəsinə, iqtisadi və mədəni geriliyə, dini fanatizmə qarşı çevrilmiş kəskin siyasi satiranın bayraqdarı kimi tanınmışdır” (Axundov Nazim. "Molla Nəsrəddin” və Azərbaycan satirik mətbuatı. // "Azərbaycan” jurnalı, ¹5, 1967, s.89).
Fərman Bayramovun "Cəlil Məmmədquluzadə rus mətbuatında” (1967, ¹2) məqaləsində C.Məmmdəquluzadənin rus ictimaiyyətinə tanıdılması məsələsi geniş yer tutur.
Mollanəsrəddinçilərin mövzu əhatə dairəsi olduqca geniş idi. İldırım Talıbzadənin "Molla Nəsrəddin” jurnalında Azərbaycan kəndi” adlı məqaləsində (1966, ¹11) kənd təsərrüfatında hökm sürən ənənə geriliyi, iqtisadi problemlər haqqında qeyd olunmuş, mollanəsrəddinçilərin kənd mövzusunun əhatə dairəsi mənsub olduqları ərazi tipologiyası baxımından qruplaşdırılmışdı.
Mollanəsrəddinçilərin yaradıcılıqları, mövzu problematikasının genişliyi və zənginliyi gələcək publisistlərin diqqət mərkəzində olmağa imkan verir. Buna görə də başda C.Məmmədquluzadə olmaqla mollanəsrəddinçilərin yaradıcılığının ideya-estetik fəaliyyətlərinin "Azərbaycan” jurnalı publisistikasında ilk dəfə tədqiqata cəlb olunması araşdırmanın elmi yeniliyidir. Adıçəkilən müəlliflərin məqalələrində mollanəsrəddinçilərin əhatə etdikləri mövzuların araşdırılması ədəbiyyatşünaslığımız üçün olduqca faydalıdır və həmin materiallar gələcək tədqiqatlar üçün səmərəlidir.
Aynurə Paşayeva,
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və
publisistika şöbəsinin
elmi işçisi
Kaspi.-2016.-6 sentyabr.-S.15.