Teatrımızın canlı əfsanələri
Onlar teatrımızın tarixinə
öz imzalarını oynadığı obrazları ilə
deyil, ürəkləri ilə atıblar. Hər dəfəsində
doğma məkanları olan
səhnəyə çıxanda səhnə tozu
deyilən sehri eyni həyəcanla
içlərinə çəkib, tamaşaçının
nəfəsini eyni
temperamentdə hiss
ediblər.
Bəli, bu gün ömürlərinin çox hissəsini teatra həsr edən Elmira İsmaylova və Vidadi Əliyevdən danışmaq istəyirəm. Onlar sözün əsl mənasında teatrı duyan sənətçilərdir. Nə yazıq ki, indi belə sənətçiləri əliçıraqlı axtarırıq. Bu sənətkarlar sənətləri ilə bir çox aktyor və aktrisalara meydan oxuyurlar. Onların bir arzuları var: can sağlıqları imkan verdikləri müddətcə səhnədə ola bilmək, biri-birindən maraqlı obrazlar yaratmaq. Vidadi Əliyevin də dediyi kimi, teatr insan qədər köhnə və insan var olduqca var olacaq bir məfhumdur.
Uzun müddətdir ki, səhnədə və ailədə tarixin ən amansız illərində çiyin-çiyinə bu ağır yükü birlikdə gəzdirən Elmira İsmayılova və Vidadi Əliyev bu günə heç də asan gəlməyiblər. 71 yaşlı qəhrəmanlarımız çox məşəqqətli illərin şahidinə çevriliblər.
Elmira xanım İrəvanda
ziyalı ailəsində anadan olub. 1968-ci
ildə orada Pedaqoji İnstitutu bitirib. Elə həmin ildən etibarən C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrında aktrisa
vəzifəsində işləyib.
48 ildir ki,
çalışdığı teatra sadiq qalan
Elmira xanım aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb. Onun yaratdığı
obrazlardan danışmaq
üçün isə
böyük bir monoqrafiya tələb olunur. Ancaq özümə
borc bilirəm ki, Elmira xanımın Humay (S.Rəhman, "Əliqulu evlənir"),
Afət (M.Şamxalov
"Qaynana"), Qrafinya
(U.Şekspir, "Axırı
xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər
xanım (N.Vəzirov,
"Hacı Qəmbər"),
Oqudalova (A.Ostrovski
"Cehizsiz qız"),
Smeraldina (K.Qoldoni,
"İki ağanın
bir nökəri"),
Böyükxanım (C.Cabbarlı,
"Aydın"), Xala
(Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rollarını qeyd edim. Tamaşada yaratdığı
obrazlarla tamaşaçı
rəğbətini qazanan
aktrisa səhnədə
"Qayınana”nın
Afətini, "Ulduz”un
Nazikini, "Arşın
mal alan”ın Xalasını,
"Aydın”ın Böyükxanımını
və digər rolları uğurla ifa edib. Aktrisa "Ömürdən
uzun gecə” və "Əkizlərin
nağılı” televiziya
filmlərinə də
çəkilib.
Onun ömür
gün yoldaşı Vidadi Əliyev isə Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən
sonra tikintidə bənna kimi əmək fəaliyyətinə
başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram və
kino aktyorluğu fakültəsini bitirib.
Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə
C.Cabbarlı adına
İrəvan Dövlət
Azərbaycan Dram Teatrınnın
direktoru və bədii rəhbəri olub. O da ömür
gün yoldaşı kimi çalışdığı
teatra bugünə qədər sadiq qalıb. Aktyor kimi 190-a yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", C.Cabbarlı), Əsgər
bəy ("Arşın
mal alan", Ü.Hacıbəyov),
Florella ("Axırı
xeyir olsun", U.Şekspir), Fikrət
("İkinci səs",
B.Vahabzadə), Yaşar
("Yaşar", C.Cabbarlı),
Bəhram ("Solğun
çiçəklər", C.Cabbarlı), Musa kişi
("Toy", S.Rəhman), Volodya
("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", H.Seyidbəyli),
Kərəm dayı
("Unuda bilmirəm",
İ.Əfəndiyev) kimi
obrazları tamaşaçı
alqışlarını qazanıb.
Rejissor kimi bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A.Makayonok),
"Əkizlər" (P.Paçev),
"Qısqanc ürəklər"
(M.Haqverdiyev), "Təklif"
(A.P.Çexov), "Oğru"
(M.Birkiye) və s.
Məqsədim sizə onların obrazları haqqında məlumat vermək deyil, bu məlumatlar
internet portallarında kifayət
qədərdir. Bu il
hər iki cütlüyün nə az, nə çox,
tam 71 yaşı tamam
olur. Həyatlarını
Azərbaycan teatrına
həsr edən sənət fədailəri
üçün 71 il ömür...
İrəvan teatrı ilə bağlı hər hansı yazı hazırlayarkən gözlərimin
önünə bu iki sənətkar gəlir. Çünki bu insanlar teatrı ölməyə
qoymadılar, yaşatdılar.
Bu gün paytaxtda qaçqın teatrı kimi fəaliyyət göstərən bu teatr işləyirsə, bunda hər iki sənət fədaisinin böyük rolu var. Bu barədə dövrü mətbuatda çox az
məlumat yazılıb.
Tələbəlik illərimdə
boş vaxtlarımda tez-tez İrəvan Teatrının yerləşdiyi
H.Sarabski adına
Mədəniyyət evinə
gedirdim. Səbəb isə orada
müharibənin hər
üzünü görmüş,
həmin mühitdən
çıxıb paytaxtda
hər şeyi yenidən quran insan-Vidadi müəllimlə
söhbət etmək
idi. Hər dəfə də
nələrisə öyrənirdim.
O deyirdi ki, 1988-ci ildən C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının Bakı
dönəmi başlayıb.
Kollektivi
toplayaraq İrəvandan
qalan yeganə mədəniyyət ocağını
yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni
öz üzərinə
götürən əməkdar
artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini
davam etdirib.
Bu keşməkeşli yolda sənət fədailəri çox əziyyətə qatlaşmalı
olublar. Belə ki, paytaxtda fəaliyyətlərini davam
etdirsələr də
qəlblərində vətən
nisgili əskik olmayıb.
Vidadi Əliyev İrəvan
Teatrını orada yaşayan azərbaycanlıların
yeganə mədəniyyət
ocağı hesab edir. Deyirdi ki, oradakı
soydaşlarımızın mətbuat baxımından
yeganə ümid yeri Azərbaycan dilində çıxan
"Sovet Ermənistanı”
qəzeti idi ki, ədəbiyyatımız
həmin qəzetdə
dərc olunurdu. Bir də İrəvan Teatrı. Hansı məkanda bir
xalq yaşayırsa, orada onun mədəniyyəti
təmsil olmalıdır.
Başqa
bir xalqın içində yaşayaraq
öz mədəniyyətinin
əksini görməyəndə
istər-istəməz insanlarda
bir küskünlük
yaranır. Bu baxımdan, İrəvan Dövlət Azərbaycan Teatrının o bölgədə
yaranması çox vacib idi. İrəvanda fəaliyyət fəaliyyətə
başlayan, bu gün paytaxt Bakıda işini davam etdirən İrəvan Teatrında işləmək isə hər adamın işi deyil.
Siz heç
bu teatrın indiki binasında bir dəfə belə olmusunuzmu? Orada səhnəyə,
qarderob otağına,
məşq etdikləri
otağa baxmısınızmı?
Əslində, baxmasanız yaxşıdır.
Zalın
qapısını açar-açmaz
pis bir qoxu
duyursan. Bir stulu
belə yerdə görmək mümkün
olmur. Oturduğun yerdə göydən
başına beton qırıqları düşür.
3-4 il əvvəl İrəvan Teatrına Firudin Məhərrəmovun quruluşunda
hazırlanan A.Lindqrenin
"Balaca və Karlson” tamaşasının
məşqlərini izləməyə
getmişdim. Elmira xanım məşq
prosesində belini böyük yun şalla bağlayıb, kürəyini kiçik peçə dayayaraq öz rolunu əzbərləməyə çalışırdı.
Yaxınlaşıb vəziyyətinin necə olduğunu xəbər aldım.
Çönüb əzablı
baxışları ilə
"Necə olacam, ay bala” sözünü elə dedi ki,
o an yer yarılsaydı,
içinə girərdim.
Bax, onlar belə şəraitsiz vəziyyətdə,
kiçik bir dəhlizdə, kiçik peçə söykənib,
tamaşa hazırlayırdılar.
Hələ üstəlik bu
qədər əziyyəti
ayda 150 manata görə çəkirdilər.
Sonra özüm-özümdə çox
peşman oldum. Axı belə bir durumda ömrünü teatra həsr edən insana veriləcək ən son sual idi bu...
O zaman İrəvan Teatrından paytaxta gələn çox aktyorlar olub, bu məsələ ilə bağlı özüm də bir dəfə araşdırma aparmışam.
Aktyorların bir çoxu məvacibi az olduğundan
teatrda işləməkdən
imtina ediblər. Az əvvəl
dedim axı, buna hər adam
tab gətirə bilmir,
çünki, o məvaciblə
ailə saxlamaq mümkün deyil. Paytaxta gəldikdən sonra Vidadi müəllim
Polad Bülbüloğlu
ilə görüşüb,
ondan xahiş edib ki, Sarabski
adına mədəniyyət evində
xalq teatrı kimi fəaliyyət göstərməklərinə icazə versinlər. Yetər ki, İrəvan Teatrının adı batmasın.
Axı, İrəvan torpağından
Bakıya gələn,
tüstüsü çıxan
yeganə mədəniyyət
ocağı məhz bu teatr idi.
Bu ocağın fədailəri çox keçməyib ki, bir müddət Akademik Milli Dram Teatrının nəzdində
teatr studiyası kimi fəaliyyət göstəriblər. 5 il dövlət tərəfindən 1 qəpik
belə almadan işləyiblər. Vidadi müəllimi
də o studiyaya direktor təyin ediblər. Ondan sonra İrəvan
Teatrı paytaxtda fəaliyyətini davam etdirib. Köhnə kollektivdən isə yenə də ön sırada Elmira İsmayılova və Vidadi Əliyev durub.
Bu gün seçdiyi
sənəti üçün
heç bir peşmançılıq çəkmədiyini
deyən aktyor hər zaman qəhrəman rolları canlandırıb. Hesab edirəm ki,
Vidadi müəllimin əziyyəti yerdə qalmayıb. O, Azərbaycan
SSR-nin Əməkdar Artisti fəxri adına, Azərbaycan
Teatr Xadimləri İttifaqının Qızıl
medalına layiq görülüb. Bundan başqa
Tərəqqi medalı
mükafatçısıdır.
Yadımdadır Vidadi müəllim
Tərəqqi medalı
alarkən onu ilk təbrik edənlərdən
biri də biz olduq. Onunla söhbət etdik.
Dövlət tərəfindən
belə qayğının
yaradıcı insanlar
üçün stimul
rolunu oynadığını
qeyd dedi.
Elmira xanım da bu baxımdan heç də ömür-gün yoldaşından geri qalmır. O, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. Xalq artisti adını daşıyır. Bu gün o, həm də, Prezident mükafatçısıdır.
Teatrımızın canlı əfsanələri olan bu cütlüyün övladları da bu gün Azərbaycan efir və teleməkanında öz layihələri və mətbuatdakı fəaliyyətləri ilə seçilirlər. Belə ki, publisist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli və "SOY” prodakşının rəhbəri Oqtay Əliyev onların övladlarıdır.
Biz də teatrımızın fədailərinə can sağlığı arzulayıb, onlara ancaq və ancaq uzun ömür arzulayırıq ki, yaşasınlar, yaratsınlar. Çünki teatrımızın onlara ehtiyacı var.
Xəyalə Rəis
Kaspi.-2016.-6 oktyabr.-S.12.