Almaniyada Azərbaycan toyları təşkil
edən soydaşımız
Taleh Quliyevin sözlərinə
görə, başqa millətlərin nümayəndələri
bizim süfrəmizi görəndə etiraf edirlər ki,
dünyada belə mətbəx görməyiblər
18 ildir Almaniyada yaşayır. Orta məktəbi bitirib valideynləri, qardaşı ilə birlikdə bu ölkəyə yollanıb. Sonradan ailənin bütün üzvləri vətənə qayıtsa da, o, qalası olub. Almaniyada kursa yazılaraq italyan mətbəxini öyrənib. Əlinin duzu yaxşı olduğundan italyan restoranında baş aşpaz vəzifəsinədək yüksəlib. Hazırda Almaniyada Azərbaycan toylarının, nişan, xınayaxdı mərasimlərinin, kiçik toyların, ad günlərinin təşkili ilə məşğuldur. Həm qrupu ilə birlikdə yeməklərin, şirniyyatın hazırlanması, həm süfrənin bəzədilməsi, həm də müğənnilərin, çalğıçıların dəvətinə kimi toyla bağlı hər bir işi təşkil edir. Müsahibimiz Almaniyanın Bad Oeynhausen şəhərində yaşayan həmyerlimiz Taleh Quliyevdir.
İtalyan mətbəxinin baş aşpazı Azərbaycan toylarını təşkil edir
Deyir ki, Almaniyaya yeni gələndə dil öyrənmək onun üçün çox çətin olub: "Məktəbi yaxşı oxumamışdım. Dili öyrənmək baxımından çox çətinlik çəkdim. Amma sonda öyrəndim. İndi bu dildə çox təmiz danışıram. Çətin olsa da, öyrənmək məcburiyyətində idik. Çünki bu cəmiyyətə inteqrasiya olunmaq, yaşamaq, halal yolla pul qazanmaq istəyiriksə, aborigen xalqın dilində danışmağı bacarmalıyıq”.
Almaniyaya gələndən sonra nə ilə məşğul olacağı barədə düşünür və aşpaz olmağa qərar verir: "İtalyan mətbəxinə əvvəldən həvəsim olduğundan bu mətbəxi öyrənməyə üstünlük verdim. Bu sahədə qabiliyyətim vardı deyə, çox tez götürdüm”.
Azərbaycan toylarının, müxtəlif mərasimlərin təşkilinə gəlincə, müsahibimiz deyir ki, iki il bundan əvvəl belə bir işə start verib: "Son iki ildir toy təşkilatçılığına başlamışıq. Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar həddən artıq çox, bu sahədə təşkilatçılıqla məşğul olanlar isə çox azdır. Sözügedən sahədə boşluğu hiss etdim və ailəmlə birlikdə bu işin qurulmasına qərar verdik. Bacarığı olan azərbaycanlıları bir araya gətirib qrupumuzu yaratdıq və qollarımızı çırmalayaraq işə başladıq. İşlər də şükür, yaxşı gedir. Bizi Almaniyanın müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz toy, nişan, xınayaxdı, kiçik toy, ad günü mərasimlərini təşkil etməyə çağırırlar. Məni sevindirən odur ki, işimiz yavaş-yavaş böyüyərək Almaniynın sərhədlərini aşır. Avropa ölkələri arasında sərhəd olmadığından rahatlıqla sifarişləri qəbul edə bilirik. Təşkil etdiyimiz bütün işlərdə bir dənə də nöqsanın olmasına imkan vermirəm. Düşünürəm ki, müştərini məmnun etmək və daha çox müştəri qazanmaq üçün işimizi təmiz, qüsursuz görməliyik. Dünyanın hər yerində belədir. İnsanlar işi peşəkarına tapşırmağı sevirlər”.
Talehin dediyinə görə, Almaniyada keçirilən toyların Azərbaycandakılardan heç bir fərqi olmur: "Bakıda toylarımız necə keçirsə, çalışırıq ki, burada da elə keçsin. Adət-ənənələrimizdən tutmuş yeməklərimizə qədər hər şey eyni olur. Azərbaycan mətbəxində olan hər bir yeməyi, şirniyyatı hazırlayırıq. 50 nəfərdən tutmuş 500 nəfərə qədər məclis təşkil edirik. Hətta xınayaxdı mərasimlərində xanımlarımız üçün milli geyimlər də veririk”.
Alman və azərbaycanlı toyu arasındakı fərq
Almaniyada şadlıq evlərinə gəlincə, müsahibimiz deyir ki, Azərbaycandakı şadlıq evləri dünyanın heç bir yerində yoxdur: "Azərbaycanlılar toyu Almaniyadakı restoranlarda keçirirlər”.
Taleh alman toylarından da söz açdı: "Almanlar çox soyuq millətdir. Onlara qalsa, heç toy da etməzlər. 10-20 nəfər nikah kəsilən idarənin qarşısına yığışır, cütlüklər bir-birlərinə gül verir, şəkil çəkdirirlər, sonra da gedib balaca restoranda oturub ailəvi yemək yeyib çıxıb evlərinə gedirlər. Düzdür, toyu böyük zalda keçirənlər də olur, amma bu zaman da süfrələrində ancaq meyvə, qoz-fındıq, şirniyyat və içki olur. Bəzən almanlar bizim toylarda iştirak edirlər. Gözlərimin şahidi olmuşam ki, süfrəmizi görüb təəccüb hissi keçirir, "biz hara düşmüşük”, -deyirlər. Azərbaycan mətbəxində hər şey bol, hər şey gözəldir. Onların toyları isə çox yüngülvari keçir. Bizim kimi adət-ənənələr, canlı musiqi olmur. Ümumiyyətlə, nəinki almanlar, burada yaşayan türklər, ruslar və başqa millətlərin nümayəndələri də bizim süfrəmizi görəndə etiraf edirlər ki, dünyada belə mətbəx, belə süfrə görməyiblər”.
Almaniyadakı həmvətənlərimizin də Azərbaycan toylarındakı kimi israfçılıq etməsinə gəlincə, həmsöhbətimiz deyir ki, bu, toydan asılı olaraq dəyişilir: "Elə müştəri var ki, deyir, israfçılıq olmasın. Bəziləri isə deyir ki, hər şey bol olsun - Azərbaycandakı kimi”.
Almanların mətbəxinin həddən artıq zəif olduğunu deyən baş aşpaz onların yağlı yemədiyini, ancaq bizim məclislərə düşəndə özlərini saxlaya bilmədiklərini deyir: "Plovumuzu çox bəyənir və məclislərimizdə o ki var yeyirlər”.
"Almanlar bizim millətə ona görə hörmət edir ki...”
Taleh almanların bizim millətə çox hörmət etdiyini bildirir: "Ərəblərdən
fərqli olaraq, bizim millət çox işgüzardır
və ailəsinə bağlıdır. Almanlar
görürlər ki,
bizim millət alın təri, halal zəhməti ilə
işləməyi sevir,
buna görə həmişə bizə hörmətlə yanaşırlar”.
Müsahibimiz Azərbaycanda yaşayan
həmyerlilərimizdən narazılığını
da dilə gətirdi: "İldə
bir dəfə Azərbaycana gedirəm, orada həmyerlilərimlə
söhbət edirəm.
Bizim millət uzaqdan-uzağa elə bilir ki, Avropada yaşamaq
çox asandır.
Hər şeyi qarşına qoyurlar ki, al, yaşa. Yaxşı yaşamaq üçün
burada da işləmək lazımdır.
Heç kim
havayı yerə cibinə gətirib pul qoymur. Düzdür, Almaniya gözəl ölkədir, imkanları
genişdir, amma işləyən üçün.
Burada yaşadığımız 19 ildə
çox çətinliklərimiz
olub, elə indi də olur,
amma zəhmətimizlə
öhdəsindən gələ
bilirik”.
Sonda həmsöhbətimiz
gələcəkdə Almaniyada
Azərbaycan restoranı
açmaq planlarının
olduğunu dilə gətirdi.
Lalə
Kaspi.-2016.-7 oktyabr.-S.15.