Ömürdən qalan
izlər
İnsan dünyaya gəlir və ona yazılmış
ömrü yaşayır, sonra da bir saniyədə gözlərini
əbədi yumub əbədiyyətə qovuşur. Əslində
onun mənəvi ömrü bundan sonra başlanır. Amma bu da hamıya qismət deyil. Çünki
sən ikinci ömrünü öz əməllərinlə,
xeyirxahlığınla, xalqına, millətinə xidmətinlə,
yaratdıqlarınla və digər məziyyətlərlə
elə qazanmalısan ki, unudulmayasan. Unudulmamaq! Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər,
mənim düşüncəmə görə xoşbəxtliyin
bir rəngi də elə budur. Ən dəhşətli
məqam unudulmaqdır. Dünyada etibardan,
vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə,
doğmalarına, millətinin fədakar, ləyaqətli
övladlarına sədaqətli olasan, onları anasan,
tanıdasan. Belə bir müdrik fikir var
"unutma ki, unudulmayasan”. Hərdən qürur duyuram ki, əlimə qələm
aldığım gündən mənim yazılarımın əsas
istiqaməti məhz belə şəxsiyyətləri
xatırlamaq olub. İndi
çalışdığım televiziya kanalında da elə
bu amala xidmət edirəm. Bu yaxınlarda
maraqlı, mənalı, həm də keşməkeşli
ömür yaşamış bir şəxsiyyətin
övladları ilə söhbət edirdim, xatirələr bizi
çox uzaqlara apardı. Duydum ki, təzadlı,
amma şərəfli həyat yoluna imza atmış bu vətən
oğlu və millət aşiqi barəsində mütləq
yazmalıyam. Çox dürüst deyimdir
ki, insan yad edildiyi qədər yaşayır.
Onun ailəsi Zəngəzur mahalının Qarakilsə
bölgəsinin (sonradan adı Sisian rayonu) Comərdli kəndində
yaşayırdı. Salvartı
dağının ətəyində yerləşən Comərdli
azərbaycanlıların yaşadığı gözəl kəndlərdən
biri idi. Bu kəndin yerli əhalisi qədim
türk tayfası Kəngərlilərə məxsus ailələrin
məskunlaşması hesabına yaranmışdır. Burada yaşayan insanların əsas məşğuliyyəti
taxılçılıq, tərəvəzçilik,
heyvandarlıq və s. idi. Evə
çörək pulu gətirmək üçün bəzi
cavanlar Bakıda neft mədənlərində
çalışırdı. Bu gənclərin
arasında Hüseyn də var idi. Təzəcə
evlənmişdi. Yaxşı iş qurmaq, Bakıda ev almaq ailəsini yanına gətirmək
arzusundaydı. Müjdəli bir xəbər onu
Comərdliyə qanadlandırıb. Evdəki
körpə qığıltısı ürəyini dağa
döndərib. Humay adlı qızına
Tanrı qardaş qismət eləmişdi. Körpəyə
atasının ismini verib: Rzaqulu (vaxt gələcək o da
öz oğlunun adını Hüseyn qoyacaq-F.X.) və
köksünə sıxaraq "qayıdışın
mübarək olsun, atam” pıçıldayıb. Amma... Bu
xoş günlərin ömrü çox az
olub. Erməni vəhşilərinin Zəngəzurda
törətdikləri qan-qadanın illərə düşən
ləpirləri pozulmaq bilmirdi. 1905-1907,
1915, 1918-ci illərdə soydaşlarımızın
başına gələn fəlakətlər nəticəsində
yalnız yaşayış yerlərimiz, evlərimiz
yandırılıb, talan edilmədi. İnsanlarımız minbir vəhşiliklə qətlə
yetirildi. Həmin vahiməli illərdə
Hüseynin də ailəsi bu zülmə tuş gəldi.
Daşnaklar neçə-neçə ailəni
başsız qoydular. Rzaqulu da,
bacısı Humay da doğmalarını - valideynlərini bu
faciənin nəticəsində itirdilər. Daşnaklardan qurtulanların bir qismi
Naxçıvana üz tutdu. Hüseynin
bacısı İzzət xanım qətlə yetirilmiş
qardaşlarının balalarını çox uzun zillətdən
sonra tapdı. Onları bağrına
sıxaraq bu çarəsizlərə nəinki bibilik, əsil
analıq etdi. Beləliklə, Razaqulu, bacısı və
digər yetim qalmış əmiuşaqları da Əlirza kişi ilə İzzət xanımın himayəsində
böyüdülər, həyatın sitəmlərinə
qalib gəldilər. Ailə böyük, dolanışıq ağır və
çətin illər idi. Amma ailədə olan
xoş ovqat, səmimiyyət, münasibətdəki
mehribançılıq hamını ürək və can
yanğısında birləşdirdi. Birlik
dirilik gətirər. Əlirza Əliyev öz
uşaqları ilə birlikdə Rzaqulunun da oxuması
üçün mənəvi və maddi dayaq ola
bildi.
Əmək
fəaliyyətinə erkən başlayan Rzaqulu Quliyev sonralar
müxtəlif ali məktəblərdə
təhsil alıb. 1944-cü ildən Azərbaycan
respublikasının dövlət təhlükəsizliyi
orqanlarında işə başlayıb və 35 il bu orqanlarda nümunəvi xidmət edib. İctimai-siyasi həyatın fəal
iştirakçısı olan Rzaqulu Quliyevin xalq arasında
böyük nüfuzu və hörməti var idi. Onun əmək
kitabçasına çox bölgələrimizin adı
düşüb: Şərur, Ordubad, Naxçıvan, Əli
Bayramlı, Bakı... Harada, hansı vəzifədə
çalışmasına baxmayaraq, həm öz işində
nümunəvi olub, həm də insanlara can yanğısı
ilə yanaşıb. Əslində
uşaqlıq illərində ermənilərin törətdiyi
talançılıq və soyqırımılardan çəkdiyi
əzablar onu çox həssas, qəlbiyumşaq etmişdi.
Millətini çox sevirdi, bax buna görə də,
hər kəsə kömək əlini uzatmağı,
xeyirxahlığı bacarırdı. Sinəsində
mərhəmətli ürək döyünürdü.
Baxmayaraq ki, ona üz tutanlar əslində öz şikayətlərini
başqa
ünvanlara bildirməli idilər. Onların
problemlərini həll etmək
Rzaqulu Quliyevin missiyasına aid deyildi, amma o, heç kimin
ürəyini qırmaz, naümid qaytarmazdı. O,
çalışdığı rayonun, şəhərin həyatı
ilə yaşamağı bacarırdı. Burada
bir həqiqəti də etiraf etmək lazımdır. Rzaqulu Quliyev elə zamanda təhlükəsizlik
orqanlarında çalışıb ki, millətimiz repressiyalardan
yeni çıxmışdı, ikinci dünya müharibəsinin
acılarını yaşamışdı. Hər iki
zülmün vahiməsi canlardan çəkilməmişdi də... Başı hər
cür bəla çəkmiş insanlarımız DTK-ya birmənalı
münasibət bəsləmirdi. İnanan
da var idi, ehtiyat edən də, amma Rzaqulu Quliyevi hamı sevirdi.
Ondan nəinki qorxmurdular, əksinə ona etibar edirdilər, hətta
bütün dərdlərini Rzaquluya danışır, ondan
imdad istəyirdilər. Yaxından
tanıyanların xatirələrindən bəlli olur ki,
Rzaqulu Quliyev sadə, təvazökar, əməksevər idi.
Həssas və soyuq düşüncəyə,
alovlu ürəyə, eləcə də çirkaba
bulaşmamış əllərə malik bir şəxsiyyət
kimi yaddaşlara iz salıb. Ustad
jurnalistimiz Elmira Axundova "Təmiz ad qoyub getdi” adlı məqaləsində
qəhrəmanımızın məziyyətlərini belə
ifadə edib: "Rzaqulu böyük həyat məktəbi
keçmiş, zəngin təcrübəyə malik insan idi.
O, elə bil operativ işçi doğulmuşdu. Bununla yanaşı, son dərəcə təmiz qəlbli,
alicənab insan idi”.
Sözü ilə işi düz gələn, ictimai
borcunu hər şeydən yüksəkdə görən
Rzaqulu Quliyev bacarıqlı kəşfiyyatçı, mətin
çekist idi.
O, xalqın, millətin maraqlarını həmişə
şəxsi istəklərindən üstün tutardı. "Onda insanlarla işləmək, insanı dinləmək,
onun problemlərini duymaq istedadı var idi. O, insanların
statusuna, sosial vəziyyətinə məhəl qoymadan onlara
kömək edirdi... Onda ədalət hissi
güclü inkişaf etmişdi. Xırdaca
ədalətsizlik onu özündən
çıxarırdı” (Elmira Axundova). Bu
məqamda bir haşiyə çıxmağı da
özümə borc bildim. Rzaqulu Əlirza
Əliyevin ailəsində böyümüşdü. Onun tərbiyə aldığı mühit elə mənəvi
dəyərlərlə zəngin idi ki, başqa cür olmaq da
mümkün deyildi. Xüsusi ilə də Heydər
Əliyevlə olan yaxınlıq, doğmalıq, hətta həyata
baxışlarındakı eynilik onları qohumluqdan çox,
dost etmişdi. Aralarında 8 yaş fərq var
idi. Heydər Əliyev böyük məhəbbətlə
ona "dayı” deyirdi. Rzaqulu Quliyevin yadigarı, sevimli
qızı Zərifə xanım əzizləri
arasındakı ünsiyyətin rəsmini sözlərlə
belə çəkir: "Gənclik çağlarında
onlar bir yerdə yaşamışdılar və xüsusiyyətlərindəki
oxşarlıq dərhal özünü büruzə verirdi. Söhbətləri də, zarafatları da tuturdu.
Heydər Əliyev atamı sevməklə
yanaşı, ona böyük kimi çox hörmət edirdi.
Onların xətti də, hətta imzaları da
oxşar idi. Ədəbiyyata, musiqiyə
çox maraq göstərərdilər. Eyni
zamanda, bir neçə dil öyrənmişdilər”.
O
dövrün müxtəlif mükafatlarına, orden və
medallarına layiq görülmüş Rzaqulu Quliyev 1979-cu ildə
"İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin
Bakı şöbəsinin rəhbəri vəzifəsində
çalışıb. Bununla yanaşı, Azərbaycan
SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində rəisi
müavini və Bakı Xalq Deputatları Sovetinin deputatı
olub. Həyat yoldaşı Zərri xanımla birlikdə
üç övlad böyüdüblər: Hüseyn Zərifə, Aidə. Nə xoş ki Rzaqulu Quliyevin oğul və
qızları atalarının arzu və diləklərinin
çiçək açması üçün əsl fədakarlıq
göstərərək ləyaqətli ömür sürür
və faydalı işlə məşğuldurlar. Siyasətimiz,
sağlamlığımız, yaşayışımız -
bu üç amilin möhkəmliyi yolunda əllərindən
gələni səfir, həkim və iş adamı kimi əsirgəmirlər.
1982-ci ilin aprel ayı.... İşlədiyim "Azərbaycan müəllimi” qəzetində növbətçi idim. Bildirildi ki, nekroloq gözlənilir. Qara xəbər tez yayılır. Məlum oldu ki, dünyasını dəyişən Rzaqulu Quliyevdir. İnanılmaz idi. Heç 67 yaşını belə tamamlamayan, möhkəm iradəli şəxsiyyət kimi tanıdığımız bu unudulmaz insanın zahiri görkəmi də belə təsir bağışlayırdı, amma çəkdikləri onu içindən yeyirmiş. Tezdən işə gedərkən qəfildən dünyasını dəyişib... O ağır günü göz yaşları ilə xatırlayan Zərifə Quliyeva söyləyir: "Əvvəlcə özümüzü itirdik. Sonra lazımi yerlərə zəng etdik. Heç on dəqiqə çəkmədi ki, Zərifə xanımla Heydər Əliyev bizə gəldilər. İndiki kimi yadımdadır, Heydər Əliyev iki əliylə başını tutaraq əyləşdi. Onun dediyi hüzünlü sözlər hələ də qulaqlarımdan çəkilməyib: "...mənım bir hissəm ölüb”.
...Şəkillərə baxıram. Heydər Əliyevlə Rzaqulu Quliyevin birlikdə çoxlu fotosu var. Sonuncusunda da ümummilli liderimiz dərin bir hüznlə gənclik dostunun, doğmasının tabutunu çiynində aparanların ön sırasındadır. Yadıma 34 il öncə nekroloqda oxuduğum son cümlə düşdü: "Azərbaycan xalqı öz sədaqətli və fədakar oğlunu heç vaxt unutmayacaq”. İllər də təsdiqlədi ki, həqiqətən də xalq və Vətən üçün çalışıb yaşayanlar heç bir zaman unudula bilməz. Mənalı ömürdən qalan izlər zamana meydan oxuyur, amma pozulmur.
Flora
XƏLİLZADƏ,
əməkdar jurnalist
kaspi.-2016.-13 oktyabr.-S.14.