Bəhruz Vaqifoğlu:
“90-cı illərdəki boşluq bizi çox geriyə
saldı”
Paytaxtımızın teatrları arasında ən çox sevilən məkanlardan biri də Dövlət Pantomima Teatrıdır. Bu Teatrın isə ən sevimli aktyorlarından biri - Bəhruz Vaqifoğlu. Aktyor bu yaxınlarda əməkdar artist adına layiq görülüb. Elə bu fərəhli hadisədən ruhlanaraq Bəhruz Vaqifoğlu ilə görüşüb - söhbətləşmək, sevincini bölüşmək istədik.
- Əvvəla, sizi əməkdar artist adına layiq görülməniz münasibətilə təbrik edirəm!
- Çox sağ olun, təbrik üçün də minnətdaram!
- Mahiyyət olaraq pantomima sözsüz, hərəkət və mimikalardan ibarət teatr növüdür. Bəs siz
pantomimanı necə izah edərdiniz?
- Söz var, bir də o sözə əməl etmək var. Pantomima əməlli-başlı əməldir. Bu mənim üçün birmənalıdır və ikinci mənası yoxdur. Burada sözü əmələ döndərmək üçün yetəri qədər iş var. Hər şey tamaşaçının gözü qabağındadır. Pantomimada tamaşaçıya yalan danışmaq və ya onu aldatmaq qeyri-mümkündür. Bir də İvana Chubbuckun gözəl bir fikri var: "İnsanlar insan münasibətini görmək üçün teatra, kinoya gedər və ya televizora baxarlar”. Demək, fərq etməz ya pantomima ya sözlü teatr, əsas dəqiq tapılmış insan münasibətləridir.
- Həyatın hər
bir sahəsində münaqişələr
olur. Bəs sizin sənətdə
kimlərləsə münaqişəniz olub
və nəyə görə?
- Son zamanlarda bu fikri tez-tez söyləməyə başlamışam. Konfliktsiz ssenari maraqsız olduğu kimi konfliktsiz həyat da maraqsızdır. Biz canlı yaradılmışıq. Ağlımız, şüurumuz, düşüncəmiz və ən əsas hisslərimiz var. Təbii ki, münaqişəsiz iş olmaz. Amma mən heç vaxt o münaqişələrdə ilişib qalmıram. Üzr istəməyi bacarıram.
- Azərbaycan teatrı və kinosunun uğur və qüsurlarından danışaq.
- Teatrımızın 144, kinomuzun 118 yaşı olsa da, 90-cı illərdəki boşluq bu sahədə bizi çox geriyə saldı. Bizim teatrımız və kinomuz sanki yenidən yaranmağa başlayıb. Son zamanlar kinoteatrların sayı çoxalıb, çəkilən filmlər ötən illərə nisbətən həm say, həm də keyfiyyət baxımından irəliləyib. Teatr binalarımız əsaslı şəkildə təmir olunur. Ölkəmizdə irili-xırdalı film və ssenari festivalları keçirilir. Bir də bir fikir demək istərdim, Azərbaycanın yaradıcı insanlarından dünyanın heç bir yerində olmayıb, yoxdur və olmayacaq da. Bizim vaxtı ilə kinoda elədiklərimizi bir çox filmlərini bəh-bəhlə izlədiyimiz qonşu və qonşumuzun qonşuları indi-indi edirlər. O ki qaldı teatrımıza, mənim çalışdığım Pantomima teatrı dünyanın bir çox ölkələrində səfərdə olub. Texnika baxımdan onlardan bir çox şeylərlə ayaqlaşa bilməsək də, aktyor oyunu, insan hissləri, fikir, ideya və s. baxımdan onlardan üstünük.
- Deyəsən, jurnalistlərdən başınız çox çəkib, söhbətimizin əvvəlində də azacıq giley etdiniz. Bir az bu haqda söhbət açaq.
-Yox, qətiyyən. Jurnalistlərimizə çox böyük hörmətim var. Hərdən yadlarına düşürük. Məni narahat edən, sualların təkrarlanmasıdır. Özümü oxucunun yerinə qoyub deyirəm: "Mən bunun nəyini oxuyum, bunları başqa müsahibədə oxumuşam da”. Cavablandıranda çalışıram ki, bir az fərqli cavablandırım. Amma nə qədər də olsa, təkrar sualın cavabı elə təkrar cavabdır.
- Bəs bu müsahibədəki sualları necə, bəyəndiniz?
- (Gülür). Bircə teatr və kinonun tarixi ilə bağlı sual təkrar idi, o da ki, yaralı yerimizdir. Qalanları əla idi.
- Təşəkkür edirəm. Müsahibələrinizin birində Şah İsmayıl Xətai obrazını yaratmaq istədiyinizi demisiniz. Niyə Qızıl Arslan, Nadir şah, Azərbaycan xanları yox, məhz Xətai?
-Bu sualınızı bəyəndim (gülür). Bunu mən özüm də tam bilmirəm. Bu Xətaiyə olan gizli sevgi və rəğbətdən doğur. Azərbaycanımızın qədimdən tutmuş bu günə qədər bir çox igid oğulları və qəhrəmanları olub. Amma onların içində Xətai mənim üçün bir başqadır. İgidliyi, siyasi baxışı, yaradıcılığı, müdrikliyi ilə bütöv bir obrazdır. Mən düşünmürəm ki, elə bir kişi aktyor olsun ki, Xətaini canlandırmaq istəməsin. Bir də bir obrazın problemi nə qədər çox olsa, o obrazı oynamaq bir o qədər zövqverici olur. Hökmdarların da həyatı, verdiyi qərarları, qurbanları, müharibələri ilə problemlərlə doludur.
- Son zamanlar Türkiyə kinosu tarixi mövzulara
çox yer verir. Amma Azərbaycan
tarixindən bəhs edən filmlər çox azdır...
- Burada dərin bir köks ötürmək
məcburiyyətindəyəm. Mən aktyoram, bir də alababat teatr rejissoru. Mənə aid olmayan şeylərə
çox vaxt qarışmıram. İşimlə məşğul olmağı
daha üstün tuturam. Aktyor olaraq tarixi filmlərdə oynamağın
çox həvəskarıyam.
Hətta
döyüş səhnələrinə
də quruluş verə bilərəm.
Amma bu səpgidə filmlərimiz son zamanlar üçün yetəri
qədərdir. Uzaq
tarixi götürsək, "Hökmdarın
taleyi”, "Cavad xan”, "Mahmud və Məryəm” filmləri, yaxın tarixi götürsək,
"Cavid ömrü”,
"Sübhün sehri”,
"Yarımçıq xatirələr”
filmi çəkilib. İnanıram qarşıda hələ
yaxın və uzaq tarixlərimizə səyahətlər çox
olacaq.
- Sizcə, aktyorun təskinliyi qucaq-qucaq çiçəklərdir,
yoxsa..?
- Mən hərdən düşünürəm ki,
aktyor barəsində deyilən bir çox təsəlliverici
sözlər ancaq bizim mahalda yaranıb.
Misal üçün
bizə ancaq alqışlar qalır, rolun balacası-böyüyü
olmaz, aktyorun təsəllisi qucaq-qucaq güllərdir, aktyor gərək ac olsun və s. bu səpgidə
bir neçə sözlər (gülür).
Alqışlar aktyora verilən
dəyər və tamaşaçıların görülən
işə minnətdarlığıdır.
İşdən asılı
olaraq tamaşaçı
onu alqışlayır:
ayaq üstə alqışlayır, tez-tez
alqışlayır, fit çalaraq
alqışlayır, "afərin!”
deyərək alqışlayır
və ya əksinə könülsüz
alqışlayır, "tamaşanın
sonunda alqışlayarlar”
deyə alqışlayır
və s. O ki qaldı qucaq-qucaq güllərə, o artıq
kinolarda və tamaşaların içində
olur. Tamaşaçı özünü ancaq
tamaşaya çatdırır,
onun gül almağa vaxtı haradandı? Hərdən görürsən hansısa
tamaşaçı bir
gül dəstəsi ilə gəlir. Səhnədə on aktyor olursa hamısı düşünür, görəsən
bu gül dəstəsi kimədir?(gülür). O tamaşaçı gül
dəstəsini istədiyi
aktyora verənə qədər onların içində bir narahatlıq hiss olunur. Məncə,
yardıcı insanların
təskinliyi diqqət
və qayğıdır.
- Bir oğlunuz var, Allah saxlasın. Onun kino günündə
dünyaya gəlməyinin
təsadüf olmadığını
bildirən bir facebook postu paylaşmışdınız. Ötürmək istədiyiniz mesaj
oğlunuzun da aktyor olmasını istəmənizdir?
- Həyatda təsadüf deyilən heç bir şey yoxdur
(gülür). Zərurətdən doğan təsadüflər
var. Mən
deyə bilmərəm,
o, böyüyəndə kim olacaq. Mən sadəcə istiqamət verə bilərəm və bir də
kömək edə bilərəm. Amma aktyor
və ya rejissor olsa, mən bununla fəxr edərəm.
Əgər mənim məşğul olduğum
bu peşə mənasız, lazımsız
və məsləhətsiz
bir peşə olsaydı,
mən heç özüm bu işlə məşğul
olmazdım.
Nurlan AĞA,
BDU Jurnalistika fakültəsi, IV kurs
Kaspi.-2016.-13 oktyabr.-S.11.