“Vyana
konfransından sonra neftin qiyməti 60 dolları keçə bilər”
İlham Şaban: “Dünya
iqtisadiyyatı xammal simasını texnoloji simaya dəyişir”
10-13 oktyabrda İstanbul şəhəri XXIII Dünya
Enerji Konqresinə ev sahibliyi
edib. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı
birləşdirən konqresin
bu dəfəki devizi "Yeni üfüqlərə qucaq
açmaq” olub. Konqresdə Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentləri İlham Əliyev, Vladimir Putin, Nikolas Maduro,
Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.
Bu konqresin əhəmiyyəti,
"Türk axını”
qaz kəməri layihəsi barədə imzalanmış sənəd,
bu layihənin "Cənub” Qaz Dəhlizi layihəsinə
təsiri, neftin qiymətinin tənzimlənməsi
üçün hasilatının
azaldılması və
sair məsələlərlə
bağlı "Kaspi”nin
suallarını Neft Araşdırmaları Mərkəzinin
rəhbəri İlham
Şaban cavablandırır.
- İlham bəy, dünya enerji siyasətinin inkişafına xidmət etdiyi iddia edilən
XXIII Dünya Enerji Konqresi barədə Sizin fikirlərinizi
öyrənmək istərdik.
Bu konqres nə
ilə yadda qaldı, əhəmiyyəti
nə oldu?
- Bu konqres hər 3 ildən bir keçirilir və dünya liderləri, şirkət rəhbərləri,
analitiklər üçün
bir platformadır. Onlar 3 ildən bir toplanaraq dünyanın enerji sahəsində mövcud problemlərini və qarşıda olan perspektivləri müzakirə edirlər.
2014-cü ildə əsas məsələ, müzakirə obyekti neftin aşağı qiymət həddində istehsalçı və istehlakçılar arasında
olan münasibətlər,
həmçinin qarşıdakı
perspektivə nəzər
salmaq idi. İstehsalçılar, enerji daşıyıcıları
narahatçılıq keçirirdilər
ki, neftin qəyməti nə qədər müddətə
aşağı həddə
qalacaq. Ümumiyyətlə isə dünya
yeni bir çağırış edir.
Dünya
iqtisadiyyatı çox
maraqlı bir sistemə keçid edir. Artıq 2016-cı ildə dünyanın ilk beşliyində
bir dənə də olsa enerji
şirkəti yoxdur.
Halbuki,
2006-cı ildə dünyanın
ilk beşliyində cəmi
bir texnoloji şirkət var idi. Beşlikdə təmsil olunan
digərlərinin hamısı
enerji şirkətləri
idi. Bu, bir
güzgüdür ki,
artıq dünya iqtisadiyyatı xammal simasını texnoloji simaya dəyişir. Ona görə də maraqlı sual yaranırdı ki, bəs, 10, 20, 30 ildən sonra tendensiya necə olacaq? Bu, ona doğru
gedir ki, zamanla alternativ, bərpa olunan enerjinin, atom energetikasının
və sairin sayı artır. Konqresdə
Vladimir Putinin çıxışında
da qeyd olunurdu
ki, XXI əsrin dörddə birindən sonra sadaladığım qaynaqların milli çəkisi 25 faizə çatacaq. Bununla belə,
hələ 2040-cı ildə
ənənəvi enerji
– neft, qaz və kömürün dünya enerji balansında xüsusi çəkisi 75 faiz olacaq. Zamanla neftin, kömürün
xüsusi çəkisi
azalsa da, qazın xüsusi çəkisi artacaq.
- Konqresdəki çıxışlarda neftin
bazar mexanizmlərinin pozulduğu da diqqətə çatdırıldı.
Qeyd olundu ki, mövcud şəraitdə çıxış
yolu hasilatçı ölkələrin neft hasilatını azaltmasındadır.
Sizcə,
neft ixrac edən bütün ölkələr belə bir addım ata bilərlərmi?
- Belə bir fikri
dilə gətirirlər.
Liderlər çox təmtəraqla
qeyd edir, bu istiqamətdə təkliflərlə də
çıxış edirlər.
Lakin bir var fikir
bildirmək, bir də var reallıq.
Reallıq tamam başqa
şey deyir.
- Bu reallıq nədən ibarətdir? Sizcə, neft hasil edən ölkələr qiymətlərin
ucuz olmasına rəğmən, nə üçün hasilatı
azaltmaqda maraqlı deyillər?
- Elə ölkələr var ki, 100 ildir
iqtisadiyyatını mono iqtisadiyyat
üzərində qurub.
Yəni,
həmin dövlətlərin
iqtisadiyyatı yalnız
bir xammaldan asılıdır. Onun iqtisadiyyatının
90-95 faizi neftdən, qazdan, misdən, alüminiumdan və ya hansısa başqa xammalı ixrac etməkdən asılıdır. Belə olan
halda nə dərəcədə realdır
ki, cəmi 5 ilin ərzində bu cür ölkələr
öz iqtisadiyyatlarını
yenidən qura bilsinlər? Bu, mümkün deyil. Bunun üçün həmin ölkələrdə
ən azı 5 il ərzində
xüsusi institutlar olmalı, mütəxəssislər
yetişməlidir. Təsəvvür
edin, SSRİ 1925-ci ildə
sənayeləşməyə qərar verdi,
lakin bunu düz 20 ilə həyata keçirə bildi. SSRİ bu
məqsədə çatmaq
üçün hətta
insanları qırmaq və sair tədbirlərə
əl atdı. Yenə də bu proses 20 il vaxt apardı.
O baxımdan, ölkənin
iqtisadiyyatını yenidən
qurmaq heç də asan məsələ
deyil. Aqrar ölkə kimi
tanınan Çinin sənayeləşməyə - istehsala keçməsi onilliklərlə müşayiət
olundu. Baxmayaraq ki, burada avtoritar qaydalar hökm sürürdü.
Bütün bunları
nəzərə alsaq,
reallıq budur ki, iqtisadiyyatı hasilatdan asılı ölkələrin fərqli
bir iqtisadiyyata keçidi bazar iqtisadiyyatının tələblərinə
cavab verən mütəxəssislərinin olması,
bütün qapıları
açması, ilk əvvəl
birgə müəssisələr
yaratması, özünün
bütün institutlarını
təkmilləşdirməsi, xarici investorlara qapılarını açması,
hüquqi bazanı yaratması və sair şərtilə illərlə vaxt aparacaq. Götürək elə Sinqapurun
özünü. Sinqapur
bütün bu proseslərə 1960-cı ildən
sonra 15 il
vaxt sərf edib. Bu kimi səbəblərdən liderlərin
neft hasilatını azaltmaq bəyanatlarının
bəzi ölkələr
tərəfindən qəbul
ediləcəyinə şübhə
ilə yanaşıram.
- OPEC-ə üzv
ölkələrin noyabrda
toplantısı keçiriləcək.
Bu toplantıda hasilatın azaldılması
məsələsi müzakirə
olunacaq. Sizcə, hasilatın
azaldılmasına bu toplantının da hər hansı bir təsiri olmayacaqmı? Ümumiyyətlə, noyabr toplantısından sonra neftin qiymətinin
yenidən artması müşahidə oluna bilərmi?
- Neftin qiymətinin artmasını heç kim istisna
etmir. Hətta Vladimir
Putin Konqresdə çıxış
edəndən 2-3 saat sonra neftin qiyməti
3,5 faiz artdı.
Vyana konfransından sonra neftin qiyməti
60 dollar da ola
bilər, hətta 60 dolları keçə də bilər. Ancaq bu, qısamüddətli olacaq. Bunun neftin qiymətinin
rüblük və ya illik dəyişməsinə
hər hansı təsiri yoxdur. Məsələ dayanıqlılıqdadır.
Neftin qiymətinin dayanıqlı
olması üçün
bazardan ən aşağısı 2 milyon
barel neft götürülməlidir. Bu isə müşkül
məsələdir.
- XXIII Dünya Enerji Konqresi keçirildiyi müddətdə
Türkiyə və Rusiya prezidentləri "Türk axını” layihəsi ilə bağlı saziş də imzaladılar. Bu layihənin gerçəkləşməsi
ikitərəfli münasibətlərə
və regiona nə vəd edir?
- Bu layihənin reallaşması
ikitərəfli əlaqələrin
ən azından əvvəlki səviyyəyə
çatdırılmasını vəd edir. Yaxın 1-2 ildə itirilmiş mövqelərin bərpası
gedə bilər.
Düzdür, çox pozitiv
proqnozlar səsləndirildi
ki, ticarət dövriyyəsini 5 dəfə
artırmaq və sair. Amma bunu reallıq
göstərəcək. İstənilən halda, bu iki dövlətin
bir-biri ilə dost münasibətlərində olması,
gərginliyin azaldılması
regionda sülhün, sülhün olması stabilliyin, stabilliyin olması isə bazar iqtisadiyyatı reallığında çoxsaylı
layihələrin ortaya
qoyulması deməkdir.
Bu proseslər zəncirvari şəkildə
bir-birinə bağlıdır,
multieffektiv məsələləri
gündəmə gətirir.
Ona görə də razılaşmanı, müvafiq
sənədlərin imzalanmasını
pozitiv qiymətləndirirəm.
Ancaq bir nüansı da nəzərə almaq gərəkdir ki, bu gün
həm Türkiyənin,
həm də Rusiyanın Qərblə münasibətləri gərgindir.
Qərbdən Rusiyaya qarşı
sanksiyalar tətbiq edilir. Türkiyədə daxili proseslərdə,
xüsusən də
15 iyul dövlət çevrilişinə cəhd
məsələsində Qərbin
maraqlı tərəf
olması barədə
fikirlərin səsləndirilməsi
də Qərb-Türkiyə
münasibətlərində bir "sərinlik” yaradıb. Ona görə də
Rusiya-Türkiyə yaxınlaşması
onlara olan xarici təsirlərin artmasına da gətirib çıxara bilər. Bu amilləri
də nəzərə
almaq lazımdır.
- Türkiyə prezidentinin səsləndirdiyi
fikirlərdən belə
məlum olur ki, "Türk axını” vasitəsilə
Rusiya qazı Avropaya çatdırılacaq.
Belə olan halda, bu layihə
"Cənub” qaz dəhlizi layihəsinə
hər hansı formada təsir etməyəcək ki?
- "Türk axını”nın əsas məqsədi tranzit ölkələr olmadan Rusiya qazının Türkiyə tərəfindən alınmasıdır. Yəni, Rusiya qazının 4 ölkə üzərindən deyil, birbaşa Türkiyəyə axınıdır. Bu proses birinci boru kəmərini əhatə edir. "Türk axını”nda nəzərdə tutulan ikinci boru kəməri çox "dumanlı”dır. Bu boru kəmərinin reallaşması yalnız və yalnız Rusiya ilə Avropa Komissiyası arasında razılaşmadan sonra mümkündür. Bu razılaşma isə o zaman mümkün olacaq ki, onlar arasında Ukrayna, sanksiyalar, "Şimal axını - 2” layihəsi kimi məsələlər həllini tapacaq. O baxımdan bu, bir kompleks yanaşma tələb edir, sadəcə, boru kəməri məsələsi ilə məhdudlaşmır. "Cənub” qaz dəhlizi məsələsinə gəlincə, əlbəttə hər bir yeni layihənin reallaşması ilə hansısa təsirlər ola bilər. Lakin bizim layihələrə hər hansı təsirdən danışarkən yalnız qazın qiymətinə təsirdən söhbət gedə bilər. Bir yerdə ki, bolluq olur, təbii surətdə qiymət aşağı düşür. Bu, bazarın qanunudur. Bundan başqa hər hansı təsir ola bilməz.
Rufik İSMAYILOV
Kaspi.-2016.-13 oktyabr.-S.4.