Kapitala həsrət qalmış “Kapital” müəllifi
Karl Marks həyatını
iztirab və yoxsulluq içində başa vurub
BDU-nun Jurnalistika fakültəsində
oxuyurdum. "Siyasi
iqtisad”dan imtahan verirdim. Sualım dəqiq yadımda qalmasa da (otuz
il bundan
əvvəlin sözüdür
– müəl.), o yadımdadır
ki, elmi kommunizmin banisi Karl Marksın "Kapital” əsəri ilə bağlı idi. Doğrudur, suala o qədər də yaxşı cavab verməsəm də, pis də
danışmadım. Sonda
müəllim: "Marks böyük
dahidir, onu mütləq yaxşı öyrənmək lazımdır.
Marks bizə səadətə
gedən yolu göstərdi. Bu yol kommunizm yoludur”
-deyə qiymət kitabçama "yaxşı”
(dörd) yazdı.
İllər keçdi. Sovetlər dağıldı və belə bəlli oldu ki, kommunizm yolu
heç də səadətə aparan yol deyilmiş və sən demə, dahi mütəfəkkir, "beynəlxalq
proletariatın rəhbəri”
Karl Marksın özü
də bu yolda xoşbəxt olmayıb. Məslək dostu Fridrix
Engels demiş, "Marksın
həyat yolu son dərəcə çətin
olub, bütün həyatını iztirab, yoxsulluq içində başa vurub”.
Almaniyanın Trir şəhərində
1818-ci ildə dünyaya
gələn Marks (Marx) Karlın
atası Henrix Marks dövrünün tanınmış
vəkili idi. Ədəbiyyatı, mütaliəni sevən Henrix 18-ci əsrin qabaqcıl fransız mütəfəkkirlərinin əsərlərinə
yaxından bələd
olsa da, sonralar oğlu Karlla həyata baxışlarında fikir
ayrılığı özünü
büruzə verib.
Karlın anası Henrietta Presburq
isə bacarıqlı
evdar xanım olub.
İlk olaraq gimnaziya təhsili alan
Karl 1835-ci ildə Bonn Universitetinin
hüquq fakültəsinə
daxil olur. Bir il bu universitetdə təhsil aldıqdan sonra atasının təklifi ilə təhsilini Berlin universitetində
davam etdirməli olur. Atası onun vəkil
yox, dünyada tanınan şöhrətli
bir alim, dahi olmasını istəyirdi. Məktublarının
birində oğluna yazırdı: "...əgər
hisslərim məni aldatmırsa, səni bütün bəşəriyyətin
rifahı naminə uzun bir həyat
gözləyir”.
Dərin zəkaya malik olan Karl hər iki universitetdə bütün fənləri
əla qiymətlərlə
oxusa da, daha çox fəlsəfəyə meyli
olub. O, "Hegel fəlsəfəsini əsaslı surətdə
öyrənməyə başlamış,
onun dialektikasını
qavramış, gənc
hegelçilərə qoşulmuşdu”.
Gənc
Karl hələ tələbə
ikən ona fəlsəfə doktoru dərəcəsi verilir.
Nəzəriyyə ilə yaxından
məşğul olmasına
baxmayaraq, vaxtını
daha çox siyasi dərnəklərdə
keçirən Karl ilk siyasi
fəaliyyətinə də
1842-ci ildə Kölndə
çıxan "Reyn
qəzeti”ndə başlamışdı.
Apreldə qəzetlə əməkdaşlığa
başlayan Karl həmin
ilin oktyabrında qəzetə redaktorluq etməli olur. Bundan sonra qəzetdə daha çox inqilabi mövzuda yazılar çap edilir. Təbii ki, bu, senzuranın diqqətini cəlb edir və hökumət
1843-cü ilin yazında
qəzeti bağlayır.
Avropada da göbəkkəsdi var imiş
Karldan cəmi
iki yaş böyük olan Jenni onun uşaqlıq
dostu olub. Demək olar
ki, bir yerdə
böyüyüblər. Karlın atası Henri Jenninin atası baron Lüdviq fon
Vüstfalenlə ailəvi
dost olub. Karl ilə
Jenni hələ
1836-cı ildən nişanlanmışdılar.
Lakin qızın qohumlarının
buna mane olacaqlarından
ehtiyat edilərək,
bu, gizli saxlanılmış, hər
iki ata öz
aralarında bu razılığa gəlmişdilər.
Xoşbəxtlikdən Karlla Jenni də bu sevdanın
əleyhinə olmamış,
əksinə, 1843-cü ilin
yayında ailə həyatı quran cütlük ömürlərinin
sonuna kimi bir-birinə sadiq qalmışlar.
Kübar ailədə böyüyən
Jenni həmin vaxtdan "öz ərinin mübarizəsi ilə həmfikir olmuş, böyük dərrakə və alovlu bir ehtirasla
bu işdə ona dəstək olmuşdur”. Gənc ailə 1843-cü ilin payızında Parisə gələrək
fəhlə və sosialist hərəkatına
qoşulur. Hər işdə
Karlın sədaqətli
köməkçisi və
məsləhətçisi olan Jenni ərinin
məqalələrinin üzünü
mətbuat üçün
köçürür, səliqə-sahmana
salır, sosialist hərəkatının bir
sıra xadimləri ilə görüşür.
Bir sözlə, Jenni Karl Marksın ən yaxın köməkçisi
və məslək yoldaşı olur.
Polis tərəfindən güclü nəzarətə
götürülən Karl sürgün, Jenni isə həbs edilir. 1849-cu ildə İngiltərəyə sürgün
edilən Jenni "mühacir həyatının
bütün ağrı-acısını
dadır”. 1849-cu ilin sonlarında Karl Marks da İngiltərəyə
gəlir. Onlar "ömürlərinin
sonuna kimi burada mühacir həyatı yaşamağa”
məcbur olsalar da, siyasi mübarizələrini
davam etdirirlər.
Mühacirətdə ailənin vəziyyəti daha da pisləşir. Ailə ömrünü
"ehtiyac, mübarizə
və məhrumiyyətlər
içində keçirir”,
yeddi övladlarından
dördü xəstəlikdən
və aclıqdan ölür. Yalnız
üç qızları - Jenni (Karl Marks xanımı
Jenniyə olan sevgisindən böyük qızının da adını Jenni qoyur), Laura, Eleonora sağ qalır. 1855-ci ildə ailənin
yeganə oğul övladı 8 yaşlı
Edqarın ölümü
Karla daha böyük bir zərbə olur. O, bu haqda ən yaxın
dostu Engelsə yazırdı: "...mən
çox bədbəxtliklər
görmüşəm, əsl
dərdin nə olduğunu isə indi bilirəm”.
Həmin
günlərdə ailəyə
həm maddi, həm də mənəvi dəstək
olan Fridrix Engels o günləri belə xatırlayırdı: "Karl Marks gözəl ailə başçısı idi.
Onun və Jenninin sayəsində ailədə
həmişə optimist əhval-ruhiyyə
var idi. Çətinliklərə baxmayaraq, Jenni
Karlı sevir, qayğısına qalırdı.
Karl Marks insanlarda düzgünlüyü, sadəliyi
yüksək qiymətləndirir,
uşaqlarını da
bu ruhda tərbiyə edirdi”.
Bütün bu olaylar Karl Marksın səhhətində
böyük problemlər
yaradır. "O, göz xəstəliyindən, revmatizmdən,
sonra isə qara ciyərindəki problemlərdən əziyyət
çəkirdi”. Gərgin zehni
əmək, siyasi mübarizə, həbslər,
sürgünlər, maddi
çətinlik Karlın
ailəsinə dözülməz
bir durum yaşadır.
1881-ci ilin dekabrında
Karl həyatda ən yaxın dostu, köməkçisi olan ömür-gün yoldaşı
Jennini itirir. Onun ölümündən bir
ay sonra isə 1882-ci ilin yanvarında böyük qızı Jenni də dünyasını
dəyişir. Artıq
Karıl "diri ölüyə” çevrilir
və cəmi iki ay sonra - 1883-cü il martın 14-də vəfat edir.
Amal dostları
Karl Marksın həyatda
çox şeydə bəxti gətirməsə
də, vəfalı, qayğıkeş ömür-gün
yoldaşı və sədaqətli amal dostu sarıdan bəxti gətirmişdi. Karl Marks Fridrix Engelslə ilk dəfə 1842-cü ildə
Parisdə "Reyn qəzeti”nin redaksiyasında
görüşür. "Bu görüş onların baxışlarının
tam birliyini aşkar etdi, onların dostluğunun, yaradıcı
əməkdaşlığının, bütün ömürləri
boyu davam edən birgə nəzəri və siyasi fəaliyyətinin təməlini qoydu”.
Onlar ilk olaraq birgə "Müqəddəs ailə”
adlı elmi əsərlərini yazaraq
1845-ci ilin fevralında
oxucularının ixtiyarına
verdilər.
İnqilabi fəaliyyətinə görə Fransaya sürgün edilən Karl Marks 1845-ci ildə Brüsselə gəlir. Bu xəbəri eşidən Fridrix Engels də bura gəlir, dostlar yenidən birgə fəaliyyətə başlayaraq "Alman ideologiyası” adlı yeni birgə əsər yazmalı olurlar. "Yeni Reyn qəzeti”nin redaksiyasında da birgə calışan dostların arasındakı qarşlıqlı hörmət onların əbədi dostluğuna çevrilir. Xatirələrdən və tədqiqat əsərlərindən aydın olur ki, Engels Marksa daha böyük ehtiram və qayğı ilə yanaşıb: "Marks bizim hamımızdan daha yüksək idi, daha uzaqları görürdü, hər şeyi hamımızdan çox və tez qavrayırdı. Marks dahi idi, biz isə, olsa-olsa istedad sahibi olan bir adam” (Bu dostluq dahi Mirzə Cəlil və Ömər Faiq əfəndinin dostluğunu xatırladır – müəl.).
1847-ci ildə alman fəhlə və sənətkarlarını birləşdirən "Ədalətlilər ittifaqı”na daxil olan Karl Marks sonra onu "proletariatın ilk beynəlxalq partiyasına- Kommunistlər ittifaqına” çevirsə də, zaman sübut etdi ki, onun bu nəzəriyyəsi boş xəyallardan başqa bir şey deyilmiş. Dünyaca məşhur "Kapital”ı yazan Karl ailəsini dolandıracaq kapitala həsrət qaldı, nəzəriyyəsi ilə "inqilabi yüksəlişin təzahürünü” axtara-axtara tənəzzülə uğradı...
Bir zamanlar dərk edərək və ya etməyərək cümlə-cümlə əzbərlədiyimiz (məcburən) marksizm nəzəriyyəsinin banisi, dahi mütəfəkkir, alim Karl Marks, sən demə, bəşəriyyətə "xoşbəxtlik gətirən” nəzəriyyəsinin qurbanına çevrilən bədbəxt imiş.
Qərənfil
Dünyaminqızı,
Əməkdar jurnalist
Kaspi.-2016.-20 oktyabr.-S.15.