“Reytinqi qadınlar gətirir”
Ənvər Abbasov: “Biz yalnız
özümüzə gülməli gələn hadisələrdən
heç vaxt film çəkməmişik”
Komediya seriallarımızın ssenarisi ilə
bağlı kino mütəxəssisləri sərt
açıqlamalar verirlər. Əvvəllər
komediya janrında hazırlanan tele-tamaşaların keyfiyyətindən
bəhs edərək, bugünkü serialları mənasız
gülüş adlandırırlar. Ancaq
danılmaz faktdır ki, indiki dövrün
tamaşaçıları məhz komediya filmlərini izləyir
və seriallardakı qəhrəmanları əzbər
tanıyırlar. Elə reytinqlər də
bunu sübut edir.
Mövzumuzla bağlı tanınmış aktyor, komediya
janrında film və serialların ssenaristi Ənvər
Abbasovla danışdıq. Müsahibimiz bizimlə
söhbətində komediya janrına olan tələbatdan, bu
mövzuda çəkilən filmlərin qazandığı
reytinqdən danışdı. Suallarımızı
zarafatqarışıq cavablandıran ssenarist, əslində
son zamanlar komediyaya yönəlik bu tənqidi
baxışların səbəbini də açıqladı.
Aktyor 20 ilə yaxındır ki, komediya
seriallarına ssenari yazdığını və işinə
tam bələd olduğunu da vurğuladı.
- Ənvər bəy, ssenari
yazarkən ən çox nəyə diqqət yetirirsiniz?
- Ssenarini
yazarkən çalışırıq ki, məişətdə
olan problemləri işıqlandıraq. Çünki
bu problemlərin ekranda öz həllini tapması
tamaşaçılar tərəfindən daha da maraqla
qarşılanır. Hər bir ailədə
baş vermiş problemdən yazanda onlar özlərini
serialın içində görürlər. Bu da serialı baxımlı edir. Bundan əlavə, gündəmi də nəzərdə
saxlayaraq ona uyğun ssenari yazırıq.
- Bəzən
bu günün komediyalarını yüngül mənalı,
asan başa gələn kimi təqdim edib, onların ötən
əsrin 60-70-ci illərinin komediya tele-tamaşalarına
çata bilməyəcəyini deyirlər...
- Mütəmadi
olaraq köhnə komediyalarımızı izləyirəm. O
vaxt elə yumorlara gülürdülər. İndi
tamaşaçıların gülüş obyektləri dəyişib.
XXI əsrdir. İndi biz
ötən əsrin 60-70-ci illərinin yumorunu çəksək,
bu günün tamaşaçısı ona gülməyəcək.
Müasir aktyorlar çəkildiyi seriallarda həmin
illər deyilən sözləri işlətsələr, bu
çox gülməli və süni alınar. Əsr dəyişdikcə, yumor da, insanların
zövqü də dəyişir. Faktdır
ki, bu gün kinoteatrlarda dram filmlərinə baxılmır.
Ən çox tamaşaçı cəlb edən
filmlər komediya janrında olanlardır.
- Bəs siz kinoteatrlarda nümayiş
olunan komediya filmlərini izləyirsinizmi?
- Əlbəttə. Onların içərisində ən
yaxşısı kimi "Oğlan evi”ni misal gətirə bilərəm. Yerli komediya filmlərimiz
çəkilməyə başlayandan təxminən 30-a
yaxın film ərsəyə gətirilib. Onların
ancaq 7-8-i tutarlı olub. Yerdə qalan filmlər
ziyana işləyib. Elə rejissorlar var ki,
reytinq əldə edən filmlərə baxıb, həvəsə
gəlirlər. Fikirləşirlər ki,
onlar nə çəksələr, tamaşaçılar ona
baxacaqlar. Film çəkərkən orada yer alan aktyor, rejissor, ssenarist böyük önəm
daşıyır.
- Filmin
ssenarisini oxuyanda öncədən bilmək olurmu ki, bu,
tutarlı olacaq, yoxsa yox?
- Ssenari
ilə əvvəlcədən tanış
olanda, 90 faiz əmin oluruq ki, bu layihə tutacaq. 20
ilə yaxındır ki, komediya janrında ssenari
yazırıq və bu işlə məşğuluq. Bilirik ki, tamaşaçı nəyə daha
çox gülür. Bəzən öz
aramızda zarafat edirik və bu bizə çox gülməli
gəlir. Ancaq bu zarafat çevrəmizdəki
insanlara o qədər də gülməli gəlmir. Əksər rejissorlar belə hadisələri
götürüb film çəkirlər. Biz isə yalnız özümüzə gülməli
gələn hadisələrdən heç vaxt film çəkməmişik.
Müşahidələr aparırıq,
baxırıq ki, tamaşaçılarımız ən
çox nəyə gülür. Biz
artıq tamaşaçıların damarını tutmuşuq.
-
Çalışdığınız prodakşn artıq
dördüncü filmini – "Kişi sözü”nü
çəkdi. Bu filmi çəkmək
üçün tələbat var idimi?
- Biz istəyirik
ki, gələn il beşinci serialı
çəkək (gülür). İstəyirik
ki, çəkdiyimiz seriallar davamlı olsun. Əlbəttə ki, tələbat var. Çəkdikcə
görürük ki, tamaşaçılar bəyənir,
reytinqlərdə ön cərgələrdə yer alır.
Biz də izləyicilərimizin
zövqünü nəzərə alırıq. Tələbat olmasa, çəkmərik.
-
Dördüncü serialın meydana gəldiyini gördükdə,
düşündük ki, artıq "Bacanaqlar” bitir. Ancaq elə
olmadı...
- Əslində yaradıcı heyətdə məndən
başqa hamı istəyirdi ki, "Bacanaqlar” serialını
yekunlaşdıraq. Onlar elə düşünürlər
ki, artıq tamaşaçılar yorulub, hər şeyi öz
dadında qoysalar daha gözəldir. Ancaq mən
elə düşünmürəm. "Bacanaqlar”
artıq bir brenddir. Biz brend adını saxlamaq şərti
ilə hər
il serialda yeniliklər edirik. Ad qalır, obrazlar
qalır, ideyanı dəyişirik. İstəyirəm
ki, bu serial davam etsin, ən uzun serial olaraq bir rekorda imza ataq.
- Deyəsən ATV-nin komediya siması olaraq efiri doldurmaq
niyyətindəsiniz.
- (Gülür) Yəni, elə də demək olar. Ancaq bizdən əlavə,
"Bozbash pictures” komandası var. Bu ildən efirimizdə
nümayiş olunan "Ər və arvad” serialı da komediya
janrındadır və onun da öz izləyici kütləsi
var. Ancaq qeyd edim ki, şənbə-bazar ATV-də komediya
günləridir (gülürük).
- Ənvər bəy, sizi
komik aktyor kimi tanıyırıq. Bəs özünüzü dram
janrında sınamağı
düşünmüsünüzmü?
- Əslində yumoristik aktyorun dramatik obraz
canlandırmağının tərəfdarı deyiləm. Ancaq nə
zamansa mənfi bir obrazı canlandırmağı çox istəyərdim.
Dram olsa, acı bir adamı oynamaq istəyərdim.
Əgər komediya aktyoruyamsa, komediyada da
qalım, məncə, belə daha yaxşı olar.
- Bizdə nə üçün dram
janrı populyar deyil?
- Sevgidən
bəhs edən dram janrı hələ ki özünü
doğrultmayıb. Bəlkə də insanların zəif
nöqtələrinə toxunsa, haradasa baxımlı ola bilər. Çünki efirin
qarşısında daha çox qadınlar olur, seriallara
baxanların əksəriyyətini qadınlar təşkil
edir. Reytinqi qadınlar gətirir. Saat 6-dan 11-ə qədər pult onların əlində
olur. Kimin "duxu” nədir onların əlindən
pultu alsın. Efir üçün dram
baxımlı olar, ancaq kinoteatr üçün o qədər
də yox. Biz reytinqə işləyirik.
Dramın da, komediyanın da öz
tamaşaçıları var. Həftəlik olaraq reytinq cədvəlini
izləyirəm və şahidi oluram ki, ATV-də yayımlanan,
dram janrında çəkilən "Vicdan haqqı”
serialı kifayət qədər reytinq gətirir. Artıq yeni filmlər də çəkilməkdədir.
Reytinqlər demək olar ki, enmir. Hər serialın öz tamaşaçı kütləsi
var.
- Ötən
həftə rejissor Kənan M.M şikayətləndi ki, dram
janrında film çəkən rejissorların vəziyyəti
yaxşı deyil. Hətta dilənçi vəziyyətindədirlər.
- İnandırım sizi, Kənanı
danışdırmasanız da, ağlayacaq (gülür). Bu onun ən
böyük problemidir. Biz onunla bu
mövzunu çox müzakirə etmişik.
Düzdür, kinoteatrlarımızda nümayiş olunan dram
janrlı filmlərimizə az
baxılır. Çox insan kinoteatra əylənmək
üçün gedir. Kinoteatra daha
çox cavan təbəqə gedir ki, əylənsin, istirahət
etsin. Misal üçün, mən
özümdən götürürəm. Əgər
asudə vaxt keçirmək üçün kinoteatra gedirəmsə,
heç vaxt dram filmini seçmərəm. Komediyaya baxıb əylənmək istəyərəm.
Kinoteatr bir istirahət növüdür.
-
Deyirsiniz ki, əylənmək üçün dramı
seçmirlər. Ancaq kinoteatrlarımıza hər
hansı türk dramı gələndə,
tamaşaçılarımız onu çox izləyir. Demək ki, daxilimizdə dram sevgisi də var.
- Demirəm
yoxdur. Türkiyədən gələn filmlərdən
ən çox izləmə toplayan 60 min izləyicidir. O
da ki, Receb İvedikin filmi olub. Əvvəllər bu bizim
üçün rekord bir say idi. Ancaq indi bizim bir komediya
filmimiz çəkilsə, ona 60 min adam
baxsa, heç onun pulunu çıxarmayacaq.
-
Çox sevindirici haldır ki, bu gün kinoteatrlarımızda
yerli filmlərimiz əcnəbi filmlərlə rəqabətdədir.
- Əslində bu çox yaxşı haldır. Yerli filmlərə
tələbat da var. İnsanlar bilet alıb yerli filmlərə
baxırlar. Gəlir gətirənlərin ən
çoxu da elə yerli filmlərimizdir. Ən rekord say
"Bozbash pictures”in baxış sayıdır. İkinci
yerdə "Xoxan”, üçüncü yerdə isə
"Oğlan evi”dir. Yəni ən çox izlənilən
filmlərin ilk üçü komediya filmidir.
- Komediya
filmlərinin gəlir gətirməsi, bir növ, dram
janrından film çəkən rejissorların
"çörəyini əlindən alıb”.
- (gülürük) Qorxuram ki, onlar da istiqamətlərini
dəyişib, komediyaya meyil göstərsinlər.
- Ənvər bəy, yeni
film necə, varmı?
- Dekabrda
ssenari müəllifi olduğum "Naxox” filmi təqdim
olunacaq. Bu da "Xoxan” filminin ikinci hissəsidir.
Birinci hissəsi çox maraqlı oldu, ona
dörə davamını çəkmək qərarına gəldik.
Özümün isə aktyor kimi
oynadığım yeni filmlərdən "Bozbash pictures”in
çəkdiyi "Stalinin başı” filmidir. Həmin film martda kinoteatrlarda nümayiş olunacaq. Orada türmənin rəisi
rolunu canlandırıram. Filmdə
Gürcüstana qədər gedib çıxmışıq.
Artıq filmlərə ssenari yazmaq istəmirəm. Çünki
film çox məsuliyyətli və ağır bir janrdır.
Filmə çox pul xərclənir. Film yazarkən düşünürük ki, birdən
yazarıq, tamaşaçı baxmaz. Bütün
bunları nəzərə alırıq. Düzdür,
indiyə qədər elə hallarla rastlaşmamışam.
Ancaq yenə də onun bir qorxusu var. Serialları
yazırıq, bir az istirahətimiz olur,
onda da film yazırıq. İndən sonra hər
hansı filmə ssenari yazsam, o da öz komandamız
üçün olacaq.
-
Gördüyümüz qədəri ilə, aktyor kimi
çalışmaq ssenarist olmaqdan daha asandır.
- Aktyor
kimi oynamağa nə var ki? Ssenarini oxudun, obraza
girdin, vəssalam. Ancaq ssenarini yazanda
düşünürsən ki, görəsən
yazdığım ssenarini tamaşaçı izləyəcəkmi?
Maraqlı olacaqmı? Ssenari
yazmaq çox çətindir. Biz zülm
çəkirik.
- Aktyor kimi rol aldığınız
"Qardaşlar” serialının növbəti bölümlərində
tamaşaçıları nələr gözləyəcək?
- Əslində biz mövsüm başlayanda lazımi
yenilikləri etmişik. Tamaşaçı bu yeniliklərdən doyandan sonra ola bilsin ki, yanvardan başqa yeniliklərimiz də
olsun. Əsas odur ki, serialda mən
varlanmışam.
- Daha
Bayram toylara da getmir...
- (gülürük) Varlanandan sonra toylara getmirəm,
özüm klarnet çalanlara şirinlik verirəm.
Xəyalə Rəis
Kaspi.-2016.-20 oktyabr.-S.13.