“Azərbaycanı
tanımasaydım, adi ömür yaşayacaqdım” - MÜSAHİBƏ
Amerika Muğam Cəmiyyətinin
prezidenti, Azərbaycan muğamının
tədqiqatçısı Cefri Verbokun APA-ya müsahibəsi
- Cənab Verbok, müəllifi
olduğunuz “Gənc səslər, qədim nəğmə”
filmi bir neçə gün əvvəl təqdim olundu.
İstərdim, söhbətə Bakı premyerası ilə
başlayaq...
- Əvvəla, çox
sevinirəm ki, bu filmi Bakıda təqdim edə bildik. Həmin gecə
mənim ürəyim dolu idi. Həm jurnalistlərlə,
həm də tamaşaçılarla fikirlərimi
bölüşdüm. Hətta təkcə
danışmadım, siz gördünüz ki, təqdimatdan
sonra kamança da çaldım. Bakı premyerasından
çox razı qaldım, təəssüratım o
qədər zəngindir ki... Filmdə təkcə
Azərbaycan muğam sənətinin böyüklüyünü
yox, həm də yurdundan didərgin düşən
insanların ağrı-acısını
çatdırmağa çalışmışıq. Film
bitəndə gördüm insanlar ağlayırlar. Əlbəttə,
mən o insanların acısını başa
düşürəm. Ona görə özüm də
onlarla bir yerdə ağlayırdım. Başa
düşürəm ki, torpaq itirmək bir ölkə
üçün nə deməkdir. Amma sizə deyim,
məqsədim bu filmi təkcə azərbaycanlılar
üçün çəkmək deyil. Məqsəd
bütün dünya insanları, bütün qəlblər
üçündür. Görürəm,
mədəniyyəti bu qədər zəngin olan bir
ölkə haqqında dünyada az məlumat var.
Mənim borcumdur ki, bu boşluğu doldurmaq üçün
öz payımı verim. Kino ən ciddi təbliğat
vasitəsidir. Düzdür, təbliğat
üçün bütün imkanlardan istifadə etmək
lazımdır. Məsələn, mən indi kitab
yazıram. Amma kinonun effektini heç bir sənət
sahəsi vermir. Allaha şükür ki, Avropa Azərbaycan
Cəmiyyəti, onun rəhbəri Tale Heydərov bizə
dəstək verdi və filmi ərsəyə
gətirdik. Bu cür mədəniyyət yaradan
azərbaycanlılar ən yüksək münasibətə,
sevgiyə layiqdirlər. Muğam fenomenal hadisədir. Bütün
dünya bilməlidir ki, Azərbaycanda nələr var.
- Filmdə təkcə muğam haqqında
danışılmır. Əsas xətlərindən biri
Qarabağ hadisələridir...
- Əlbəttə, bizim məqsədimiz elə bu idi. Mən
2000-ci ildə çadır şəhərciyində olanda
Nizami adlı bir uşaq yanğı ilə muğam oxuyurdu. Onu
kameraya çəkmişdim. Muğamı əsasən
qəzəl üstündə oxuyurlar, amma bu uşaq öz
yazdığı şeiri oxuyurdu: məni o dağlar,
qəbirlər səsləyir. İllər sonra həmin
kadrlara baxdım və o qədər təsirləndim ki,
Nizaminin sorağı ilə Bakıya gəldim. Məni
ancaq bir sual maraqlandırırdı: görəsən, o vaxt
vətəndən, torpaq dərdindən oxuyan uşaqlar indi
haradadırlar, yenə oxuyurlarmı? Nizamini çox
çətinliklə tapdıq...
- Gəlin, bir qədər keçmişə - 70-ci
illərə, sizin gəncliyinizə qayıdaq. O illərə
ki, şərq musiqisi ilə tanış oldunuz və
kamança sizi həyatınızı dəyişdi...
- Bu o qədər uzaq tarixdir ki... Onda mənim cəmi
21 yaşım var idi. Gəncliyimdə bəstəkar olmaq
istəyirdim. Şərq musiqisi haqqında çox az məlumatım
var idi. Əlimə düşəndə hind musiqisinə
qulaq asırdım, amma bu, o qədər də geniş
yayılmamışdı. Gitara çalmağı
özüm öyrənmişdim. Los Anceles o dövrdə
musiqi mərkəzi idi, bütün cavanlar ora can
atırdı. Bir nəfər mənə dedi, sən
Şərq musiqisini öyrənməlisən. Mənə
Zevulon Avşalomovun yerini nişan verdi.
- Səhv etmirəmsə, Avşalomov əslən
Dərbənddən olan dağ yəhudisi olub, hə?
- Bəli, tamamilə doğrudur. 1909-cu ildə
Dərbənddə anadan olub. 1918-ci ildə epidemiya
yayılıb, əvvəl anası, bir həftə sonra
isə atası ölüb. Çox çətin
günlər yaşayıb. Vağzalda yük
daşıyırmış, qəpik-quruşa mahnı
oxuyurmuş. Mənə danışırdı ki, 16
yaşım olanda Dərbənddən Bakıya getdim, orda
kamança çalmağı öyrəndim. Beş il Moskvada,
sonra Tehranda yaşayıb, daha sonra Amerika həyatı
başlayıb. Avşalamov mənə kamança
çaldı və mən kamançanın səsinə
heyran oldum. Bu səs mənim həyatımı
dəyişdi. Gitaranı da, bəstəkarlığı
da bir kənara qoyub kamançanı öyrəndim. Azərbaycandan
Amerikaya ilk qastrol səfərinə gələnlər
Zeynəb Xanlarova, Arif Babayev, Polad Bülbüloğlu, Zamiq
Əliyev, Ədalət Vəzirov, Vəli Qədimov, Aftandil
İsrafilov, Almaz Quliyev olub. 1988-ci ilin mart ayında
Ərdəbildən olan dostum Behzad məni onlarla tanış elədi. Amerikalı
bir adamın kamança çalmağına
inanmırdılar. Onlarla tanış olandan sonra
başa düşdüm ki, Bakıya getmək vacibdir. Çünki
Ədalət Vəzirov da, Zamiq Əliyev çox güclü
musiqiçilərdir. Düzdür, mənim
müəllimin Avşalomov kamançada yaxşı
çalırdı, amma çox sadə idi. Bir
müddət sonra Amerikada bakılı olan bir qoca qadın
tapdım, kiril hərflərlə Azərbaycana
göndərmək üçün məktub yazdı. Təsadüfən
həmin vaxt Alim Qasımov, Şəfiqə Eyvazova və Ramiz
Quliyev Amerikaya gəlmişdilər. Həmin konsertə
getdim, heyran oldum. Məktubu Alimə verdim, xahiş
elədim, Bakıya çatdırsın. Məktubu o vaxt
“Vətən” Cəmiyyətinin sədri Elçin
Əfəndiyevə vermişdilər. Bir
amerikalının kamança çalmağı,
Azərbaycana gəlmək istəməyi Elçin
Əfəndiyevə çox maraqlı gəlmişdi və
məktubu Nəbi Xəzriyə göndərmişdi.
- Nəbi Xəzri 20 ilə yaxın Azərbaycanın Xarici
Ölkələrlə Dostluq və Mədəni
Əlaqələr Cəmiyyətinə rəhbərlik edib...
- O vaxt mənə dedilər, xaricdən gələn
insanlara Nəbi Xəzri cavabdehdir. 1989-cu ildə
öyrəndim ki, Zeynəb Xanlarova yenidən Amerikaya gəlib. Onlarla
görüşdüm və təklif elədim ki, otelə
artıq xərc çəkməyin, üç nəfəri
öz evimdə saxlayacağam. Zeynəb Xanlarova oteldə
tək qaldı, Zamiq Əliyev və başqa iki
nəfərlə mənim evimə getdik. Zamiq dedi, Cefri,
gəl bizim məşqlərdə iştirak elə.
“Azərbaycan dilində danışmayanda özümü
azərbaycanlı saya bilmirdim, indi hiss edirəm ki,
azərbaycanlıyam”
Sonra Zeynəb Xanlarovaya danışdı ki, bu oğlan
tarda-kamançada çalır, milli mahnılar oxuyur. “Dəli
ceyran” mahnısını seçdik, Nyu-Yorkda duet oxuduq. Vaşinqtonda
o mahnını təzədən oxuduq, çox yaxşı
qarşılandı. Onlar Bakıda qayıdandan sonra
mahnının lentini televiziyaya veriblər. AzTV-nin
“Dalğa” verilişində mahnı dəfələrlə
efirə verilib. Bakıya gələndə hamı məni
qucaqladı, “Cefri, xoş gəlmisən”, dedilər. Azərbaycanlıların
qonaqpərvərliyini eşitmişdim, amma bu qədərini
bilmirdim. İnsanların mehribanlığını
görəndən sonra başa düşdüm ki,
Azərbaycana tez-tez getməliyəm. Ona görə sizin
dilinizi öyrəndim. Tərcüməçi yanımda
olanda narahat olurdum. Siz bəlkə də
inanmazsınız, Azərbaycan dilini lüğətsiz və
müəllimsiz öyrənmişəm. Öyrəndikcə,
ləzzət edirdi. Çünki şirin dildir. Azərbaycan
dilində danışmayanda özümü azərbaycanlı
saya bilmirdim. Görürsünüz, indi doğma
dilinizdə danışırıq. İndi hiss edirəm,
azərbaycanlıyam. Hətta çalışıram,
yeni sözlər öyrənim. Məsələn,
“əcəb edirəm” ifadəsini öyrənmişəm. Amma
bunun qarşılığı da var: “qələt
edirsən”. (Gülür). Amerikada
azərbaycanlılarla görüşəndə onlarla
doğma dillərində danışıram, mənə
ləzzətlə qulaq asırlar.
- Filmdə sizin Heydər Əliyevlə
görüşünüzdən bir parça var. Həmin
görüşü necə xatırlayırsınız?
- Üçüncü dəfə Azərbaycana
gələndə Qivami Rəhimlinin
təşkilatçılığı ilə Heydər
Əliyevlə görüşdüm. Qivaminin
çalışdığı Azərbaycan Beynəlxalq Neft
Konsorsiumu iştirakçı şirkət idi. İndi
Qivami BP-də çalışır. Heydər
Əliyevə mənim haqqımda
danışmışdılar, tapşırmışdı
ki, gəlsin, görüşmək istəyirəm. Ölkənin
prezidenti idi, görüşləri, tədbirləri çox
olurdu, amma mənimlə görüş üçün vaxt
tapdı. Söhbətimiz bir saat çəkdi,
mənə çox maraqlı şeylər danışdı. Daha
doğrusu, Heydər Əliyev məni başa saldı ki,
mədəniyyət insanın milli kimliyini təyin edir, milli
kimliyi güclü olan xalqın isə gələcəyi var.
Mən adi kamançaçalan idim, bu qədər dərin
şeyləri fikirləşə bilmirdim. Bu sözlər
məni böyütdü. Təşəkkür elədi
ki, Azərbaycan musiqisini təbliğ edirsən,
Azərbaycanı tanıdırsan. Mən də Heydər
Əliyevə dedim, Azərbaycansız mən heç
kiməm. Görürsünüzmü, indi Azərbaycanda
muğama çox böyük qayğı var. Sizin birinci
xanım Mehriban Əliyeva muğama çox böyük
diqqət göstərir. Muğam festivalları
keçirilir, kitablar çap olunur, Beynəlxalq Muğam
Mərkəzi yaradılıb. Siz Milli Konservatoriyada
olmusunuz?
- Əlbəttə...
- Siyavuş Kərimi oranın rəhbəridir. O
qədər gözəl şəraiti var, heyran oldum. Sizin
dövlətiniz mədəniyyətin tanınması
üçün böyük işlər görür. Mən
hər zaman bu işlərə “afərin” demişəm. Başqa
heç bir ölkədə incəsənətin inkişaf
etdirilməsi üçün dövlətin bu qədər
öhdəlik götürdüyünü
görməmişəm. Heydər Əliyevin milli kimliklə bağlı
dediyi siyasəti bu gün həm İlham Əliyev, həm
də Mehriban Əliyeva davam etdirir. Nə yaxşı,
Azərbaycan mədəniyyətinin dünyada
təbliğində mənim də balaca payım var. Səmimi
deyirəm, inanın mənə: Azərbaycanı
tanımasaydım, adi bir ömür yaşayacaqdım. İndi
isə ömrüm çox maraqlıdır.
- Hətta azərbaycanlı xanımla evlənmisiniz...
- (Gülür). Bəli, mənim xanımım azərbaycanlıdır. Biz filmin çəkilişinə başlayanda tanış olduq. Gördüm,
tər-təmiz ingiliscə danışır. Sonra
gördüm, rusca da yaxşı bilir. Bizimlə
çalışdı. Sonra Natəvan xanımla
aramızda sevgi yarandı, Amerikada evləndik. Daha
doğrusu, Bakıda məclis elədik, gedib Amerikada
münasibətlərimizi rəsmiləşdirdik. Anlayırdım
ki, normal amerikalı qadın məni başa
düşməyəcək. Natəvanın anası
Fəridə xanım ingilis dili müəlliməsidir. Ona
görə ailəsi ilə dil tapmağımız da
çətin olmadı.
- Bizim mətbəxlə
aranız necədir?
- Əla! Heyf ki, indi dieta saxlayıram. Çörək,
makaron, düyü yemirəm. Dovğa üçün
ölürəm. Sizə deyim, ilk dəfə dovğa
yediyim günü xatırlayıram. 89-cu ildə Zamiq
Əliyevgildə yemişəm. Dovğanı
qabağıma qoydular, dedim, bu nədir, mən yeyə
bilmərəm. Bir qaşıq daddım, oyy,
ləzzəti hələ də yadımdadır. Amma
sizə deyim, sevmədiyim şirniyyatlar da var.
Məsələn, şorqoğalı. Sarıköklə
heç aram yoxdur. Azərbaycanın kababı
əladır. Sizin qoyunların quyruğunda olan dadı
Amerikanın heç bir yerində tapa bilməzsən.
Kaspi.-2016.-25 oktyabr.-S.12.