Xarici filmlər kinoteatrlarımıza pul qazandırırmı?

 

Xərcini çıxaranlarla yanaşı, özünü doğrultmayanlar da az deyil

 

Oktyabr ayından etibarən kinoteatrlarımızda yeni filmlər görünməkdədir. Onlardan bəziləri əcnəbi, bəziləri isə yerli filmlərdir. Keyfiyyət baxımından çox yüksək olmasa da, milli kinomuz da yavaş-yavaş inkişaf edir. Ən çox sevindiyimiz məqam isə kinoteatrlarımızda izləmə sayına görə yerli filmlərin əcnəbi filmlərlə rəqabətə girməsidir.

 

Yay bitər-bitməz, dünya üzrə kinoteatrlarda film təqdimatları başlayır. Yerli kinoteatrlara ayaq açan əcnəbi filmlər isə heçucuz başa gəlmir. Təsəvvür edək ki, əgər bir ifaçı bir konsert vermək üçün milyonlar tələb edirsə, xaricdə tanınan bir neçə aktyorun baş rol aldığı filmi nümayiş etdirmək üçün nə qədər qonorar tələb edilir? Onların ölkəmizə gəlişi, xarici filmin yerli kinoteatrlarımızda nümayişi kifayət qədər xərc istəyir. Bəs görəsən, nümayiş etdirilən həmin filmlər çəkilən xərci qarşılaya bilirmi?

 

Məsələ ilə bağlı paytaxtımızda fəaliyyət göstərən kinoteatrlarla əlaqə saxladıq. Onlardan kimisi əcnəbi filmlərə lazımi qonorar ödədiyini, kimisi isə məşhurların kinoteatra pulsuz gəldiyini dedi.

 

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova dedi ki, xarici filmlərin izdihamlı qala gecələri üçün o qədər də çox vəsait xərcləmirlər: "Xarici filmlərin xərc məsələsi haqda tam məlumatlı deyiləm. Ancaq sözsüz ki, xarici filmlər bizim kinoteatrda heçpulsuz nümayiş olunmur. Elə xarici filmlər var ki, onlar doğrudan da özlərini doğruldur. Həmin filmlərin tamaşaçı auditoriyası çox olur. Ancaq elə filmlər də var ki, reklamı çox olsa da, az gəlir gətirir”. A.Əhədova  dünən "Azərbaycanfilm” studiyasının  çəkdiyi bir filmin qala gecəsini təşkil etdiklərini bildirdi: "Misal üçün, həmin filmə o qədər böyük bir xərc ayırmadıq. Filmi öz rejissorumuz çəkib, təşkilatçı isə öz  kinostudiyamızdır. Filmi bizdə təqdim edirlər və irəliləyən günlərdə də həmin film repertuara çıxarılır. Amma nə dərəcədə tamaşaçı yığacaq, onu qabaqcadan demək mümkünsüzdür. Sevindirici haldır ki, son zamanlar yerli filmlərimiz tamaşaçı auditoriyası yığa bilir”.

 

O ki qaldı xarici filmlərdən əldə olunan gəlirlərə, kinoteatrın sözçüsü bildirdi ki, bu işlərə "AF media” şirkəti baxır: "Bu şirkətin xarici filmlərlə müqaviləsi var. Misal üçün, sabah "İkimizin yerine” adlı bir filmin qala gecəsini keçirəcəyik. Filmdə rol alan əsas qəhrəmanlar öz filmlərini təqdim etmək üçün ölkəmizə gəlirlər. Biz onlara heç bir qonorar ödəməmişik. Sadəcə, texniki məsələlərə xərcimiz çıxır. Onlar öz  müqavilələri əsasında filmlərini təqdim etməyə gəlirlər. Onu da qeyd edim ki, türk aktyorları Azərbaycana gəlməyi xoşlayırlar. Buradan da çox razı şəkildə geri dönürlər. Onlar bizimlə işləməkdən də çox məmnundurlar”.

 

Əcnəbi ifaçıların hər hansı ölkəyə gedərkən zəhmətləri qarşılığında yüksək miqdarda pul istəməsini isə Arzu xanım belə qiymətləndirdi: "Hər hansı xarici ifaçı qastrol səfərinə gedəndə, konsertlərinə görə qonorar tələb edir ki, bu da çox normal haldır. Bizim sahədə isə tamamilə başqa cürdür. Biz kinoteatrımıza gələn hər hansı məşhura pul verməmişik. Yəqin ki, türk filmlərinin kinoteatrda nümayiş olunmasında müəyyən endirimlər olur. Bütün bunlarla "AF media” şirkəti məşğul olur. Şərtlər əsasında distribüterlər də oradan pul qazanır.  Distribüterlərin az da olsa bu işdə öz marağı var. İstənilən halda filmin ərsəyə gəlməsi üçün müəyyən xərc çəkilib, hər halda o da gəlir gətirməlidir”.

 

"CinemaPlyus”-un ictimai əlaqələr üzrə PR menecer Nərmin Həsənova bizimlə söhbətində bildirdi ki, tamaşaçılar daha çox fantastika filmlərinə maraq göstərirlər, çünki həmin janrda filmləri izləyərkən tamaşaçı doğrudan da kinoteatrda kinoya baxmağın nə olduğunu hiss edir: "Əslində kənardan hər şey başqa cür görünsə də, kinoteatrın hər filmdən əldə etdiyi qazanc o qədər də böyük deyil. Çünki biz çox böyük şirkətlərlə işləyirik və onların qoyduğu şərtlər çox sərtdir. Ancaq buna baxmayaraq, film nə qədər uğurlu olarsa, kinoteatr o qədər çox tamaşaçı qazanır”.

 

 

Yerli filmlərə gəlincə isə, bildirildi ki, özümüzünkülər bəzən daha çox qazanc gətirir, nəinki xarici filmlər. Çünki yerli filmlərə olan maraq çox böyükdür. Ancaq bu o demək deyil ki, bütün yerli filmlər izlənilir və böyük izləyici sayı əldə edir: "Əminliklə deyə bilərik ki, yalnız seçilən yerli filmlər çoxlu tamaşaçı toplaya bilir. Bundan başqa, Azərbaycan tamaşaçısı türk filmlərinə çox maraq göstərir. Hollivud filmlərinə də yaxşı maraq var”.

 

"CinemaPlyusda nümayiş olunan xarici filmlərdən əldə olunan qazancdan danışan kinoteatrın PR meneceri deyir ki, bəzi filmlər gəlir gətirsə də, bəziləri heçözünü doğrultmur: "Bu addımlar sadəcə, filmin reklamı üçün yox, həm də kinoteatrın imic reklamı məqsədilə atılır, burada isə çox vaxt heç bir xeyir güdülmür”.

 

Park Bulvarda yerləşən "Park Cinema”nın satış və marketinq direktoru Musa Axundov isə qeyd etdi ki, bu günün tamaşaçıları daha çox komediyaya meyillidir. Bu baxımdan, yerli filmlərimizin də çəkilməsi təqdirəlayiq haldır: "Tamaşaçıların yerli filmlərimizə böyük marağı var. Bununla bərabər, kəskin süjetli macəra filmləri də kifayət qədər izlənilir. O ki qaldı xaricdən gətirilən filmlərə, bəzən onlar maliyyə baxımından özünü doğrultmur. Filmi nümayiş etdirərkən onun daha çox izləyici toplayacağını güman etsək də, bu, hər zaman belə olmur. Lakin tamaşaçının davamiyyətini artırmaq üçün xarici filmlərə müraciət edirik.  Çox zaman onlardan heç gəlir də əldə edə bilmirik”.

 

Müsahibimizin sözlərinə görə, hazırda hansısa filmdən əldə olunan yüksək gəlirdən söhbət gedə bilməz: "Əgər kinoteatrın gəlirindən danışırıqsa, bunlar iki yerə bölünür. Biri var şirkətin ümumilikdə əldə etdiyi gəlir, birivar qazanc. Bizdə hazırda gəlir haqqında danışmaq mümkünsüzdür. Xaricdən gətirilən filmlərdə qazanc çox azdır. Düzdür,  tamaşaçılarımız o filmləri sevirlər, gəlib baxırlar. Bu bizim üçün xoşdur. Amma bəzi filmlər heç mayasını çıxarmır. Belə olan halda, biz həmin filmin keyfiyyətini göz önünə gətiririk. Tamaşaçıları saxlamaq üçün əlimizdən gələni edirik. Gəlir güdmürük”.

 

Məşhurların qala gecələrində kinoteatra gəlmələrinə gəlincə isə, Musa bəy deyir ki, bizdə  əksərən qala gecələri üçün qonşu Türkiyənin ulduzları dəvət olunur: "Dünyaca məşhur bir ulduzun ölkəmizə qala gecəsinə gəldiyini görməmişəm. Bizim kinoteatrımızın praktikasında dünyaca məşhur ulduzlar olmayıb deyə, bu məsələdə o qədər də məlumatlı deyiləm. Ancaq onu deyə bilərəm ki, digər kinoteatrlar bunu nümayiş etdirdikləri kinonun məşhurlaşması üçün edirlər. Amma aktyorun da ölkəmizə gəlməyə böyük marağı olmalıdır. Tanınmış aktyorları, qala gecələri keçirilən filmin baş rol ifaçılarını kinoteatra dəvət etmək mümkündür, amma bunun üçün böyük rəqəmlər lazımdır. Sponsorlar lazımdır ki, o aktyorları gətirsinlər. Təcrübəmizə əsasən, xarici aktyorun kinoteatra gəlməsi üçün bir qədər kiçik ölkəyik. Hələ ki Azərbaycanda gəlib kinonu təqdim etmək üçün maraq yoxdur. Rusiya, Türkiyə film sektoru üçün çox böyük bazardır. Onlar hər hansı ölkədə filmlərini təqdim etmək üçün gedəndə, böyük əks-səda yaranır. Bizdə tamaşaçı sayı az olduğu üçün bu, o qədər də böyük effekt vermir”.

 

Xəyalə Rəis

Kaspi.-2016.-26 oktyabr.-S.12.