“Artıq sevincin arxasınca
düşmürəm”
80 yaşını qeyd edən
Müsyö Jordan çox yorulduğunu deyir
Məşhur aktyor Sergey Yurskiy üçqat yubileyini 80 yaşını, səhnə və kino fəaliyyətinin 60, Moskva Teatrında çalışmasının 35 ilini qeyd edir. Onu bütün dünya «Qızıl oğlaq» filmindəki Ostap Bender rolunun virtuoz ifaçısı kimi tanıyır. Bu gün isə aktyorun filmoqrafiyasında 100-dən artıq rol var. Bu rollar sırasına Azərbaycanda çəkildiyi obrazlar da daxildir. İndi söhbət düşəndə aktyor «Bakı zamanında məni xilas etdi, mən bunu heç vaxt unutmaram. Vaxt var idi ki, mən SSRİ-də qadağa altına düşmüşdüm. Bu, kinoda çəkilişlərimə, mətbuatda mənim haqqımda yazılara, radio və televiziyada çıxışlarıma da mane olurdu. Bu, mənim həyatımda qara zolaq idi. SSRİ-də təkcə «Azərbaycanfilm» mənə isti qucağını açdı. Həmçinin Maksim Qorki adına Dram Teatrda oynayırdım. O zaman praktik olaraq mənim həyatımda yeni dövr başladı» - deyir.
Mənim şəhərim
Yubilyarla müsahibələrdə Bakı, Azərbaycan kinosu ilə bağlı xatirələri də var:
- Bakının mənim həyatımda xüsusi yeri var. Çəkilişlərə dəvət alandan sonra tez-tez Bakıya gedib-gəlməyə başladım. Ömrümün bir neçə ili bu əfsanəvi şəhərlə bağlı oldu. Sonra bu şəhərə qastrollarım, tamaşalarım baş tutdu. Yadımdadır, o zaman Heydər Əliyev bizi qəbul etdi. Bu, bizim üçün böyük şərəf idi. O vaxtdan bəri Bakı yaddaşımda xoş xatirələrlə qalıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə mən bu şəhərdə yeni teatrın açılışına gəldim. Zağulbadakı dənizkənarı kurortda Azərbaycanın məşhur insanları ilə görüşmüşəm. Mən burada çəkildiyim filmlərimlə bütün Azərbaycanı gəzmişəm. Şamaxıda, Qaxda və başqa şəhərlərdə olmuşam. Bakıya minnətdarlığım hədsizdir. Onu da deyim ki, mən o zaman Bakıda təkcə işləməmişəm, həm də yaşamışam. Bakı sözün həqiqi mənasında mənim şəhərimdir. Hətta nə vaxtsa yazdığım «Jest» kitabımda əsərin bütöv bir bölümünü «Xəzər sahili» adı altında Bakıya həsr etmişəm. Bu kitabda şeirlər, hekayələr və xatirələrim toplanıb.
- Azərbaycanda
çəkildiyiniz ilk film hansı oldu?
- «Dərviş Parisi partladır» ilk filmim oldu. Azərbaycanın
tarixi ilə bağlı olan bu filmi publika yaxşı
xatırlayır. 1976-cı ildə film
ekranlara çıxdı. Daha sonra Rüstəm
İbrahimbəyovun pyesinin əsasında rejissor Yuli
Qusmanın çəkdliyi «Qum üzərində ev» filmində çəkildim. Daha
sonra uşaqlar üçün musiqili film olan «Şir evdən
getdi» filmi 1977-ci ildə çəkildi. Bütün
bunlar mənim Azərbaycanla bağlı çəkildiyim
filmlərdir. Çəkilişlərlə
bağlı maraqlı xatirələrim var. Səhər tezdən
gecə yarısına qədər çəkiliş
meydançasında olurduq. Müsyö
Jordan rolunu oynayanda Azərbaycan dilində bir neçə
söz söyləməli idim. Rejissorlar
dublyor çağırmağı təklif etsələr də,
mən imtina etdim və həmin sözləri özüm səsləndirdim.
Çəkiliş qrupu istedadlı və səmimi
idi. O aktyorların böyük bir qismi Azərbaycan kino və
teatrının ünlü sənətkarları idi. Onlarla ünsiyyətdə olmaq, eyni filmdə yer almaq
xoş idi.
Hisslər,
ifadələr, nəfəs...
- Bilirəm, siz hazırda yeni ədəbi
proqram hazırlayırsınız. Nə vaxt
oxuyacaqsınız?
- Qoqol,
Dostoyevski, Mayakovski, Mandelştam, Brodskiy, Yurskiy…
- Doğrudurmu, siz İosiv Brodski ilə
yaxın dost olmusunuz?
-
"Dost” sözü çox gurultulu səslənir. Daha doğrusu, o, mənim yoldaşımdır.
- Deyirlər ki, o, məxsusi sizin
üçün yazırdı?
- Məxsusi
mənim üçün yazmırdı, amma mənə həsr
edirdi.
- İndi ədəbi qiraət janrının
dövrü keçib. Amma siz hələ də bu janrla işləyirsiniz.
- Bu, təkbaşına
teatrdır. Burada səhnə var, bir insanın,
bütöv bir auditoriyanı özünə diqqəti
yönəltdiyi məkan var. Onun hissləri, ifadələri, hətta,
tamaşaçıların hiss edə biləcəyi nəfəsi
var. Əlbəttə, bu gün daha çətindir. Mən indi nadir hallarda çıxış edirəm.
Düz deyirsiniz, ədəbi qiraət janrı 30 ya 50 il əvvəl lazım idi. Hazırda o bir
növ çat verir. Həyatımda elə il
olub ki, böyük teatrı tərk etmək məcburiyyətində
qalandan sonra ilboyu Kalininqradda Cənubi Saxalinə qədər
bu cür qiraətlə gəzmişəm. Tamaşaçı
zalları dolu olurdu. Bütün bunlar 80-ci
illərdə baş verib. İndi isə
bunlar uçulub dağılıb. Çünki indi qiraət
az dinlənilən janrdır. Bəlkə də heç kimə lazım deyil.
Ümumiyyətlə, ədəbiyyat teatrda küncə
sıxışdırılıb: müəlliflik, ədəbiyyat,
sözlər küncə dirənib. Bu gün
gördüyümüz isə tamaşaçıları ənənəvi
tələbatlarından uzaqlaşdırmaq
üçündür. Ədəbi qiraət
nadir hallarda oxunur, amma o yenə də inadkarlıq və
insanların istedadına rəğmən mövcuddur. İstedad nə xarici şəraitə, nə də
gəlirlərə hesablanır. O, adəti üzrə
öz yolu ilə gedir.
- Bu yaxınlarda Moskvada qısa
işlərə həsr olunan festival başa çatdı. Məsələn,
Şekspir 10 dəqiqə, Çexov 2 dəqiqə
oynanıldı. Bu minimalizmə münasibətiniz
necədir?
- Məncə
bu, əladır. Perspektivdə bizim şeirlərimizin
bütün toplumu 10 saniyə olacaq. Niyə
də yox? Mən çox şadam ki, bunu
görə bilməyəcəyəm.
- Bu
mürəkkəb teatr aləmində siz sərt etik
normaları olan insan kimi tanınırsınız. Həm özünüzə, həm də
davranışınıza qarşı münasibətdə sərtsiniz.
Bu gün sizin estetik normalarınız cəmiyyətin
ümumi normalarından fərqlənirmi? Və
ya hər hansı başqa vaxtlarla fikir
ayrılığınız varmı?
- Bu
gün... Bu gün vaxtımız az
olduğundan konkret cavab verirəm – bu gün.
Fasiləsiz
53 il...
- Sergey Yuryeviç, fikrinizcə,
müasir kinematoqrafiyanın hərəkəti hansı istiqamətədir?
Gənc aktyorlar haqda nə deyə bilərsiniz?
- Rusiyada
aktyorlar həmişə kifayət qədər, hətta,
istedadlı olub. Bu fikri həm gənclərə,
həm də yaşlılara aid etmək olar. Çox təəssüf ki, artıq bizim dünya əhəmiyyətli
psixoloji teatrı itirmişik. Bu, Rus
Teatrının uğuru idi. Ona dəfələrlə
baxmaq olardı. Dövr vardı, universitet
elmi özünə qapanmışdı. Kilsə
rədd edilmişdi. Onda teatr bu və ya digərini
əvəz etdi və öz missiyasını layiqincə yerinə
yetirdi. İndi isə teatr
alçalmış vəziyyətdədir.
- «Görüş yerini dəyişmək
olmaz» filmi haqqında çoxdandır ki, suallar bitmir. Siz orada heç də müsbət
intiligent rolunu oynamırsınız. Bu rolu
oynamağı sizə təklif edəndə reaksiyanız necə
oldu?
- Nahaq yerə
düşünürsünüz ki, personaj mənə
uyğun deyil. Rolu mənə təklif etmədilər,
mən həyatımda ilk dəfə bu rolu xahiş etdim.
1978-1979-cu illər idi. Personaj
həmin anlar üçün hisslərimə uyğun gəlirdi.
Stanislav Qovoruxin məni başqa rola çəkilməyə
dəvət etdi. Həmin rolu Yestiqneyev
oynadı. Mənsə «O əhval-ruhiyyədə deyiləm,
Qruzdyevi oynayaram» dedim. Təəccübləndi,
ancaq «Danışdıq» - deyə razılaşdı. Mən heç vaxt rol xahiş etməmişəm.
Ancaq roldan imtina etdiyim vaxtlar çox olub. Rol istəməyim ilk dəfə oldu. Ona görə Qruzdyevlə mənim aramda heç bir
ziddiyyət yoxdur.
- Sizə hansı daha çox
yaxındır – kino, yoxsa teatr?
- Əlbəttə, teatr. Ona görə ki, mən
teatr aktyoruyam və ömrümün fasiləsiz 53 ilini ona həsr
etmişəm. Bu il də mən hətta
teatr mövsümünü açdım. Özümün
bu yükə hazır olub-olmayacağımı yoxlamaq istədim.
Repertuarda 6 tamaşa var. Kinoda isə təcrübəm
50 ildən çoxdur. İlk növbədə
kino da aktyor işidir. Sonra başa
düşdüm ki, o, başqa ixtisasdır və mən onu
öz gedişimlə öyrənməyə başladım.
Kino və teatr bir-birinə təsir edir, ancaq
bunlar fərqli ixtisaslardır. İnsan səhnədə
çox tez-tez oynayır, ancaq o, öz yerində deyil, ancaq
kinoda dahidir. Və yaxud əksinə olur.
Olur ki, teatrda parlayırsan, kino üçün
isə tam yararsızsan. Onda heç nə
edə bilməzsən.
- Sizi həyatda
kino və teatrdan başqa nə fərəhləndirir? Daha
hansı insani sevinclər...
- Sevinc
çox azdır. Bəlkə də mən
artıq onun arxasınca düşmürəm. Mənim həyatımın 3-cü hissəsi – ədəbiyyat
məni tamaşaçı kimi sevindirməkdən yorulmur.
İndi mənim üçün yenidən qələmə
dönmək çox çətindir. Pis-yaxşı
18 kitabım çıxıb. Əgər
mənim bugünkü kino və teatra münasibətimi bilmək
istəsəniz, xatirələrim bu yaxınlarda «Znamya»
jurnalında çap olunacaq. Mən bu
jurnalın oxucusuyam. Fikrimcə, bu jurnal
dünyada bugünkü fikirlərin, nəsr və
poeziyanın kompasıdır.
- Sizin üçün təltiflər,
orden-nişanlar nə deməkdir? Bu, aktyoru
stimullaşdırır, yoxsa özünə arxayınlıq
yaradır?
- Nə
bu, nə də o biri... Bu, məni relsdən
çıxarır və yaşamağıma mane olur. Mən bu məsələlərdə çox saxtakarlıqlar
görmüşəm. Ona görə də
bundan yayınmağa çalışıram. Bu il yeganə olaraq «Şərəf və ləyaqətə
görə» mükafatını almışam. Mən
çoxdandır ki, festivalların nə
iştirakçısı, nə münsiflər heyətinin
üzvüyəm.
Qocalığım
narahatdır
- Sizin atanız məşhur rejissor
olub. O, aktyor olmağınızın əleyhinə deyildi?
- Yox,
valideynlərim sadəcə həyəcanlanırdılar. «Bir halda ki, mənim oğlumsan, sən hər şeyə
layiqsən, sənə dəstək olacağam» - bu,
bugünkü fəlsəfədir. Amma o zaman başqa idi
– sən bu peşədə qulluq etməyə hazırsanmı,
bütün həyatını buna həsr edəcəksənmi:? Mənim 16 yaşım
vardı. Atam məni kimləsə tanış
etdi. O da zarafatla «bütün borclarımın varisi» - söylədi.
Mən özümü belə də hiss edirəm.
- Qızınız Darya Yurskaya Moskva Bədii
Teatrının aktrisasıdır. Onunla, nəvələrinizlə
tez-tezmi görüşürsünüz?
- O qədər
də yox. Amma ünsiyyətdəyik. Tez-tez zəngləşir, telefonla
danışırıq.
- Əgər desəm ki, milyonlarla tamaşaçı o vaxtdan bəri sizin çəkildiyiniz filmləri məmnuniyyətlə izləyir – səhv etmərəm. Ancaq çoxdandır ki, çəkilmirsiniz? Sizi yeni bir rolda görməyə ümid varmı? Və yaxud bəlkə rejissor kimi görə bilərikmi?
- Yox... kino üçün artıq gücüm yoxdur. Kinobiznes indi fabrikdir. Bu fabrikdə işləmək üçün hazır ştat lazımdır. Mən 90-cı illərdə «Mədəniyyət» kanalı üçün bir neçə film çəkmişəm. Bir saata hesablanan həmin filmlər öz janrı ilə fərqlənirdilər. Kino isə sənayedir. Çəkilişin, təşkilatlanmanın yeni qaydaları, rəhbərlik… Bu işi atmaq lazım deyil, sadəcə öz ştatın olmalıdır. İndi isə qrup yığmaq çox çətindir.
- 80 illik yubileyinizi necə
bayram etdiniz?
-
Heç bir bayram proqramı nəzərdə
tutmamışdım. Həmin günü
dostlarımın əhatəsində və Moskvadan uzaq bir yerdə
keçirdim. Teatrda artıq yubileyimlə
bağlı mənə rol təklif ediblər. Yubileyimlə bağlı müsahibə də
vermişəm. Vəziyyət ad
günümü keçirməyə imkan vermir. Mən çox yorulmuşam.
- İşləriniz
çoxdur?
- Mən BDT teatrında «Narahat qocalıq»
tamaşasında oynamışam. Həmin tamaşada
oynadıqlarımı indi yaşayıram. Mənim
qocalığım narahatdır...
Rus mətbuatından çevirdi: Təranə
Məhərəmova
Kaspi.-2016.-26 oktyabr.-S.9.