Uğur və sevgi
qazanmağın sadə düsturu
Azərbaycan Radiosunun 90, Azərbaycan
Televiziyasının 60 illiyi əslində hər birimizin
bayramıdır
1973-cü ilin payızı heç zaman unudulmayacaq, yaddan çıxmayacaq bir zaman kəsiyi kimi taleyimə, ömür kitabıma yazılıb. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu kimi Azərbaycan Radiosunda işə başlamışam. Bir ay sonra isə Radionun 47 yaşı qeyd olundu. Ad günü tədbirlərində iştirak edənləri göz önünə gətirəndə daxili bir qürur hissi keçirirəm. Soltan Nəcəfov, Aydın Qaradağlı, Aqşin Babayev, Rauf İsmayılov, Ramiz Mustafayev, İbrahim Göyçaylı, Sevda Məmmədzadə, Sabutay Quliyev, Ofeliya Sənani, Gültəkin Cabbarlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Fəridə Babayeva, Qara Tağızadə, Əli Məhəmmədoğlu, Telman Qarayev, Hidayət Səfərli, Yasin Qaraməmmədli, İlyas Adıgözəlli, Zöhrab Zeynalov, Bəhram Gözəlov, Rafiq Savalan, Yalçın Əlizadə, Ənvər Qafarlı, Mailə Muradxanlı, Vaqif Əlixanlı, İntiqam Mehdizadə, Natiq Səfərov kimi əsl söz, sənət adamları ilə bir məclisdə oturmaq həqiqətən də qürurverici məqam idi və onu da deyim ki, bu hisslər hələ də qəlbimin bəzəyidir.
Bir neçə
gündən sonra doğma Radiomuzun – Ata Radionun 90 yaşı tamam olur. Kifayət qədər
böyük rəqəmdir
və bu rəqəmin ucalığında
mənə dünyalar
qədər əziz olan bir kollektivin
ötən dövrdə
yaşadığı çətin,
şərəfli, məsuliyyətli
yaradıcılıq həyatının
maraqlı, rəngarəng
səhifələri birər-birər
canlanır. Bu kollektivi şərəfləndirən,
Azərbaycandan çox-çox
uzaqlarda belə tanıdan insanların, yaradıcı, qurucu şəxsiyyətlərin adlarını
bütövlükdə sadalasaq,
bir kitaba sığan deyil və adlarını qeyd eləmədiyim şəxslərdən üzr
istəyir, dünyasını
dəyişənlərin ruhu
qarşısında baş
əyirəm.
"Ata Radio” ifadəsini təsadüfən işlətmədim. Yəqin
ki, yaşıd həmkarlarım da mənimlə razılaşar,
həqiqətən də
ötən əsrin
70-80-ci illərində Radio sözün əsl mənasında yaradıcı
insanların, elm və
mədəniyyət xadimlərinin
daha çox üz tutduğu məkanlardan idi və qonaqlarımız da, biz özümüz də özümüzü
evimizdəki kimi, Ata ocağında olduğu təki hiss edirdik. Elə
"Ana Televiziya” ifadəsi
də məhz əməkdaşlara və
bura üz tutan, mavi ekrandan
cəmiyyətə söz
çatdırmaq səlahiyyəti
olan insanlar üçün məhz isti Ana qucağını,
məhrəmdən-məhrəm bir ünvanı xarakterizə etməkdən
dolayı yaranmışdı
və elə indi də müdriklik
yaşına çatan
Televiziyamız bu xüsusiyyəti ilə digər telekanallara canlı bir örnəkdir.
Bu sətirlərin müəllifi
Radioda əmək fəaliyyətinə "Son xəbərlər”
redaksiyasında başlayıb. O vaxtlar
axşam xəbərləri
ana proqram "Günün səsi”ndə
təqdim olunurdu. Televiziyada isə axşam saatlarında əsas proqram kimi "Günün ekranı” yayımlanırdı. Gün ərzində
ölkəmizdə, beynəlxalq
aləmdə baş verənlər hər iki buraxılış vasitəsi ilə Azərbaycan dinləyicilərinə
və tamaşaçılarına
çatdırılırdı. Doqquz il
fasiləsiz Radioda çalışdım. 1982-ci ilin bir payız
günü "Günün
ekranı”ndan Mürsəl
Mustafayev zəng edib təcili rayondan qayıtmağımı
istədi. O vaxt Qəbələdə idim,
valideynlərimə baş
çəkməyə getmişdim.
Gəldim və məlum
oldu ki, sədrimiz Elşad müəllimin göstərişi
ilə məni "Günün ekranı”na keçirirlər. O zaman
bu redaksiyaya vaxtilə Radionun "Xəbərlər”ində baş
redaktor müavini işləmiş Ənvər
Qafarlı rəhbərlik
edirdi və görünür, ənənəyə
görə Radioda bişib-düşən, təcrübə
keçən gənclərin
televiziyaya dəvət
edilməsi baxımından
məni də yada salmışdılar. Təbii ki, ümidləri doğrultmağa
çalışdım, istədim
ki, "Günün ekranı”nın Ələkbər
Abbasov, Telman Qafarlı, Telli Pənahqızı, Alı
Mustafayev, Qərib Əhmədli, Nadir Abdulayev
və digərləri
kimi səviyyəli əməkdaşları ilə
bir sırada dayana bilim. Nəyə
isə nail oldumsa, bunu dostlarım məndən yaxşı bilirlər.
Radio mənə və
gənc həmkarlarıma
nələri öyrətdi,
hansı keyfiyyətləri
aşıladı, hansı
məqamları tarixiləşdirdi? Yaddaşımda olanları deyəcəyəm.
- Radio bizə müasir Azərbaycan ədəbi dilində sərbəst danışmağı və
yazmağı öyrətdi;
- Radio insanlarla, xüsusən müsahibə götürdüyümüz
adamlarla ünsiyyət
qurmağı, onlarla danışmağı və
danışdırmağı öyrətdi;
- Radioda işləyərkən
daha çox mütaliə etməyi, dünyada baş verən prosesləri izləməyi, hadisələrə
obyektiv qiymət verməyi, konkret nəticələr çıxarmağı
öyrəndik;
- Radio bizə kollektiv arasında hörmət qazanmağın sirrini başa saldı, səmimi, həssas, qayğıkeş, canımyandı
olmağın yollarına
işıq saldı;
- Radio bizə ailəcanlı olmağın, sevib-sevilməyin,
dosta, yoldaşa qarşı necə ülfətli, mehriban olmağın sirrini aşıladı;
- Radio bizə çətinliklərdən
çəkinməməyi, obyektiv, operativ, gözüaçıq olmağı,
cəldliyi öyrətdi.
Biz o vaxtlar yorulmaq
nədir bilməzdik. Yaxşı xatırlayıram,
o dövrdə Azərbaycana
rəhbərlik edən
Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü
və dəstəyi ilə Bakıda İttifaq əhəmiyyətli
obyektlər, sənaye
müəssisələri tikilirdi.
Bu tikintilərdə Radionun da operativ
qərargahı fəaliyyət
göstərirdi. Bakı Məişət
Kondisionerləri zavoduna
təhkim olunmuşdum
və gün ərzində ən azı üç-dörd
dəfə tikintinin gedişi ilə bağlı Radioya reportajlar təqdim edirdim. "Reportyor-6” adlı ağır səsyazma qurğusu ilə nəhəng tikintini qarış-qarış
gəzir, mühəndislərdən,
inşaatçılardan müsahibələr
alırdım. O vaxtlar
burada çalışanların
bəziləri ilə
dostluğum indi də davam edir.
Heç yadımdan çıxmaz,
Ümummilli lider Heydər Əliyev pambıqçılıqla və
yaxud digər məsələlərlə bağlı
vaxtaşırı zona
müşavirələri keçirirdi. Biz də mütləq o tədbirlərdə iştirak
edər, telefon bağlantısı ilə
efirə çıxar,
müşavirələrin gedişini
və nəticələrini
dinləyicilərə çatdırardıq.
Ölkə rəhbəri maşındaca
həmin reportajları
dinləyər, yeri düşdükcə, fikirlərini
də çatdırar,
məsləhət və
tövsiyələrini verərdi.
Bir dəfə hətta Naxçıvan səfərində
qrupumuzun rəhbəri
Hidayət Səfərlini
yanına çağırıb
radio-reportajlar üçün
təşəkkürünü də bildirmişdi. Unudulmaz günlər idi və qürurverici məqamlar kimi hafizələrdə yaşayır.
Azərbaycan Radiosu istər Sovetlər Birliyi, istərsə də müstəqillik illərində
həmişə sadə,
əməksevər insanların
yanında olub və indi də
belədir. Mehdi Hüseyn küçəsi
– 1 ünvanına o illərdə
nə qədər dinləyici məktubu gəlirdisə, sayı-hesabı
bilinməzdi. Vaxtaşırı bu məktubların xülasəsini hazırlayıb
efirə verərdik.
İnsanlar ən əziz
adamlarına açmadığı
sirlərini bizə bildirər, qarşılaşdıqları
problemlərlə bağlı
kömək istəyirdilər.
Bu fikirlər efirdə səsləndirilər,
həmin adamlar da sonradan Radioya
təşəkkür məktubu
yazar, göstərilən
köməyə, qayğıya
görə minnətdarlıq
edərdilər. Bu ənənənin davamı
arzuolunandır və Azərbaycan Radiosunun tutduğu yolla üst-üstə düşür.
Ata Radiomuzun 90 illiyi
ilə yanaşı, Azərbaycan tamaşaçıları
Ana Televiziyamızın 60 illiyini
də böyük bayram sevinci ilə qarşılayır. Yaxşı yadımdadır,
ötən əsrin
70-80-ci illərində video-texnikanın bu kanala ayaq açması
bir çox yeniliklərin tətbiqi üçün bir növ stimul oldu. Mərkəzi Televiziyadan üç il sonra
– 1973-cü ildə AzTV-də
rəngli yayıma keçilməsi ö dövr
üçün əlamətdar
hadisə idi. 1985-ci ildə kollektivin
yaradıcılıq əzmi
və təşəbbüsü
sayəsində AzTV bütün parametrlər üzrə - xüsusən
də texniki təchizatına, film istehsalı
və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına
görə SSRİ-də
dördüncü yerə
çıxmışdı. AzTV sədri Elşad Quliyev bu uğurları
Azərbaycana rəhbərlik
edən görkəmli
dövlət xadimi Heydər Əliyevin çoxşaxəli siyasi
fəaliyyəti, mədəniyyət
və incəsənətə
verdiyi yüksək qiymət və tükənməz qayğısı
ilə əlaqələndirirdi.
Son 10 ildə AzTV
milli-mənəvi dəyərlərimizin,
mədəniyyətimizin yorulmaz
təbliğatçısına, ana dilimizin qorunması,
saflaşması yolunda
mübariz əsgərə
çevrilib. AzTV-nin Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırdığı
muğam müsabiqələri,
bir-birinin ardınca efirə vəsiqə alan musiqili-əyləncəli
proqramlar, tele-tamaşalar,
sənədli filmlər,
tok-şoular tamaşaçıların
dərin hörmətini
qazanıb. Kiçik yaşlı uşaqlardan
tutmuş ahıl insanlara qədər hər kəsin AzTV-yə olan inamının, etimadının,
əsl tamaşaçı
məhəbbətinin yaranması
məhz bu qurumda çalışanların
yorulmaz fəaliyyətinin,
əsl vətəndaşlıq
mövqeyinin bariz ifadəsidir. Adlı-sanlı
ictimai-siyasi xadimlərin,
yazıçı və
şairlərin, elm adamlarının,
əməkçi insanların
ürəklə qədəm
basdığı, cəsarətlə
addımladığı AzTV
dəhlizləri həmişə
saflığa, irfana və aydınlığa uzanan, üfüqlər qədər geniş, səma təki aydın yolları xatırladır mənə.
Harada çalışsam da, yaradıcılıq bioqrafiyamın ən yaddaqalan səhifələri
məhz AzTV-də yazılıb və bu gün də
mən özümü
illərlə çiyin-çiyinə
işlədiyim dostlarımın
yanında hiss edirəm.
İndi tanınmış televiziya
ekspertləri, hətta
obıvatellər belə
etiraf etməkdədirlər
ki, AzTV hər bir ailədə
sevilir, bu qurumda hazırlanan verilişlər səbirsizliklə
gözlənilir. Ana Televiziyamız
da qarşılığında
hər bir tamaşaçının xoş
sözünün, haqlı
iradının və məsləhətinin, xeyir-duasının
sorağındadır.
Müsahidəçilərin və ekspertlərin qənaətincə, bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyinin uğur qazanmaq və nailiyyətləri qoruyub saxlamaq təcrübəsinə nəzər salarkən, ürəklə söyləmək olar ki, yaxşı nə varsa, öyrənmək, tətbiq etmək, ənənələrdən bəhrələnmək, müasir texnologiyalara ardıcıllıqla yiyələnmək, üstəgəl, televiziya işində saç-saqqal ağartmış insanların təcrübəsinə, cavanların enerjisinə güvənmək hesabına yüksək keyfiyyət göstəricilərinə nail olmaq Azərbaycan Televiziyası və Radiosunda tamaşaçı və dinləyici sevgisini qazanmağın sadə düsturudur.
Əlamətdar yubiley münasibəti ilə hər birinizi ürəkdən təbrik edir, sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram, əziz dostlar.
Akif Cabbarlı
Kaspi.-2016.-26 oktyabr.-S.15.