Bədurə Əfqanlı sənəti
Teatr tamaşaları, film
və müxtəlif orkestrlərin uğurlu
alınmasında təkcə ssenaristin, rejissorun, bəstəkarın, aktyorun
üzərinə yük düşmür.
Həqiqətən də bu sənət
növləri kollektiv
yaradıcılığın məhsuludur. Mütəxəssislər
gözəl bilirlər ki, hər hansı
teatr tamaşasının təsirli
alınmasında, yadda qalmasında bədii
tərtibatın - rəssam işinin öz yeri var.
Bəzən adi dekorasiya
vasitəsi sandığımız bir
lampanın, rəngli bir görüntünün,
geyimin, silahın mühüm
mənası olur. Bütün
vasitələr tamaşanın, filmin, konsertin müvəffəqiyyətlə başa çatmasına xidmət edir.
Milli teatrımız yarandığı ilk gündən dekorasiya məsələsinə diqqətlə yanaşılsa da, professional rəssamların olmaması səbəbindən müxtəlif şəkillərdən, pyesin məzmununa uyğun gələn əşyalardan, şablon, tipik vasitələrdən istifadə edilsə də, ildən-ilə peşəkar teatr rəssamına ehtiyac duyulurdu.
Ötən əsrin əvvəllərində
Azərbaycan teatr sənətinin
inkişafında bir sıra istedadlı
fırça ustaları öz əməyini
əsirgəmədi. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Həsən Fətullayev və
başqaları öz dəst-xətləri
ilə teatrı bu çətinlikdən xilas etdilər. Azərbaycanda teatr-dekorasiya sənətinin inkişafında
və təşəkkül tapmasında isə
xalq rəssamı Bədurə
Əfqanlının son dərəcə məhsuldar
və gərgin əməyi dayandı. Bir
fərəhli fakt da var ki, o,
həm də ilk teatr
rəssamı olan azərbaycanlı
qadındır. Ümumiyyətlə, bu rəssamın
taleyində ilkin olmaq
qızıl xətt kimi keçir. 1920-ci ildə Bakıda təşkil
olunan Bakı Rəssamlıq Məktəbinin
milli rəssamların yeni
nəslinin yetişməsində böyük
rolu oldu.
Maraqlıdır ki, həmin məktəbi
bitirənlərdən biri də Bədurə
Əfqanlı idi. Yenə də ilk azərbaycanlı
qızlardan idi ki, professional təhsil alırdı.
O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində
doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından
və geniş dünyagörüşlü şəxsiyyətlərindən
olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli
idi. Boş vaxtlarında övladlarına
ədəbiyyatdan, incəsənətdən
danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla
məşğul olurdu.
Bədurədə də kiçik
yaşlarından incəsənətə
böyük maraq vardı. Onlar yayda bütün
ailə ilə Novxanıdakı bağ evlərində dincələrdilər.
Bədurənin təbiətə, rənglər aləminə
marağı da elə dəniz kənarında dalğalara,
qağayılara diqqət
kəsildiyi vaxtlardan başladı. İlk "teatrı"
da Novxanıda görmüşdü Bədurə
xanım. O, dini mərasimlərdə şəbih
çıxaran insanlara
maraqla baxardı. Eləcə də milli bayramlarda,
el şənliklərində, kənddə düzənlənən
mərasimlərdə iştirak
edər və bütün bunlar da Bədurənin yaddaşında dərin iz salardı. Sonralar orta məktəbdə oxuduğu illərdə dəftərinə çəkdiyi
rəsmlərlə müəlliminin
diqqətini cəlb edərdi. Əvvəlcə pedaqoji məktəbdə
oxusa da, həvəsi onu rəssamlıq dünyasına
çəkdi. Bakı Rəssamlıq
Məktəbinin qrafika
şöbəsinə daxil
olan gənc qız dünya incəsənət tarixini
öyrənməyə böyük
həvəs göstərdi.
Sonralar müxtəlif şəhərlərdə
- Moskvada, Sankt-Peterburqda
yerləşən qalereya,
teatr və etnoqrafiya muzeylərini dolaşdı. Gördükləri fikirlərini bir istiqamətə yönəltmişdi.
Bütün bunlar da onun fikrini qətiləşdirdi
- teatr rəssamı olmalıdır. Diplom işinin
mövzusu V.Şekspirin
"Otello" faciəsi
idi. Çəkdiyi eskizlər, qurduğu
kompozisiyalar, tapdığı
yeni rəng çalarları onu həm təkrarçılıqdan
uzaqlaşdırdı, həm
də özünəməxsus
bir diplomçu kimi fərqləndirdi.
90 il ömür
sürmüş Bədurə
Əfqanlı bu bitkin həyatın 70 ilini teatra bağlayıb.
1930-cu ildə həyat yoldaşı Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının
bədii tərtibatı
da məhz Bədurə Əfqanlıya
məxsusdur. Uzun illər
Rza Əfqanlı ilə birlikdə uğurlu tamaşaların
səhnə həyatına
ömür verdilər.
Onların birgə hazırladığı tamaşalardan
"Şeyx Sənan"
faciəsi, "Aşıq
Qərib" operası,
"1905-ci ildə" və
"Sevil" pyesləri
haqqında o dövrün
mətbuatında maraqlı
fikirlər var. Sonralar
bir müddət Aşqabadda çalışsalar
da, yenidən Bakıya qayıdan ailə öz yaradıcılıq işlərini
doğma şəhərdə
davam etdirib. 1938-ci ildə Azərbaycan
Dövlət Dram Teatrına
dəvət edilən
Bədurə xanım
burada uzun müddət rəssam kimi çalışıb.
Bu rəssamın ən müsbət cəhətlərindən biri
də bu idi ki, o, heç
vaxt rəssam fırçasına, istedadına
arxayın olmazdı.
Bədii
tərtibat verdiyi əsəri diqqətlə
oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini,
geyim tərzini dəqiqliklə araşdırardı.
Bu səbəbdən də onun tamaşalara
verdiyi tərtibat həm sadəliyi, həm ciddiliyi, həm də əsərin mövzusu ilə həmahəng olması ilə seçilirdi. Xüsusilə də Cəfər Cabbarlının pyeslərinə
hazırladığı dekorasiyalar,
eskizlər bu tamaşaların uğurlu
alınmasında böyük
rol oynadı. İkinci dünya müharibəsi illərində və sonra teatrlarda qoyulan tamaşaların, demək olar ki, əksəriyyətinə
bədii tərtibat Bədurə Əfqanlı
tərəfindən verilirdi.
O, çox istedadlı
quruluşçu rəssam
idi. Eskizləri, bədii tərtibat
verdiyi əsərlər
başqa rəssamlar üçün bir məktəb sayılırdı.
O, zahiri effektləri, geyimləri elə seçirdi ki, təqdim olunan əsərin məzmunu təbii surətdə açılsın. Dekorasiyalar, bir
növ, tamaşanın
şərh edilməsində
böyük rol oynayırdı. Mütəxəssislər həmişə bu fikri təsdiqləyirdilər
ki, Bədurə xanımda bir rəssam kimi əsl sənət əsəri yaratmaq üçün lazım olan bütün komponentlər - istedad, əməksevərlik, axtarış
həvəsi, professional yetkinlik
var idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun quruluşçu
rəssamı olduğu
tamaşalar həmişə
monumental xarakter daşıyırdı.
Rənglərin çalarlarından
məharətlə istifadə
edərək teatr estetikasının daha zənginləşməsinə nail ola bilirdi.
Onun bədii tərtibatı səhnələşdirilən pyesin ideyasını açmaqda rejissora kömək edirdi. Bu səbəbdən də həm rejissorlar, həm də dramaturqlar Bədurə xanımla işləməyi çox
sevərdilər. Rənglər vasitəsilə tamaşaçıda
xoş ovqat yarada bilirdi. Bədurə Əfqanlı
yaradıcılığının tədqiqatçısı sənətşünas
Dilarə Səfərəliyeva
yazırdı: "Bədurə
Əfqanlı gözəl
geyim eskizlərində
hər bir əsərin ideyasının
xarakterinə dərindən
nüfuz etmək nümunəsi göstərmişdir".
O, təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərərək müxtəlif
ekran əsərlərinə
geyim eskizləri çəkərdi. Bu filmlərə
indi də maraqla baxılır: "Koroğlu", "Leyli və Məcnun", "Böyük dayaq",
"Dəli Kür",
"Dədə Qorqud",
"O qızı tapın",
"Qatır Məmməd"
və s.
Bədurə Əfqanlının yaradıcılığından
danışarkən onun
müxtəlif ansambllar
və ifaçılar
üçün hazırladığı
geyimlərdən söz
açmamaq olmur. Onun bu sahədəki fəaliyyətinə
bütün dünya bələd idi. Həm fərdi sərgiləri keçirilərdi, həm
də eskizləri əsasında geyinən ifaçılar bütün
planeti dolaşardılar.
Unudulmaz Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi həmişə Bədurə xanımın
məsləhət gördüyü
geyimlər əsasında
konsert tamaşalarına
gedərdilər. Xüsusən rəqs kollektivləri həm milli rəqslərimizi, həm də geyimlərimizi nümayiş etdirirdilər.
Yaradıcılığı həmişə yüksək qiymətləndirilərdi. 1974-cü ildə xalq artisti fəxri adına layiq görülən Bədurə Əfqanlı sənətinin vurğunu idi. Bəlkə də elə bu səbəbdəndir ki, onun irsi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Teatrın bədii tərtibatı ilə məşğul olan hər kəs bu unudulmaz şəxsiyyətin bədii irsindən öyrənməkdədir. Bədurə Əfqanlı yaradıcılığı, sözün əsl mənasında, məktəb idi. Bu məktəbin dərsləri indi də davam edir. Özü olmasa da... sənəti yaşayır!
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi.-2016.-3-5 sentyabr.-S.7.