Baş inzibatçı:”Sevinirəm ki, teatrımızın uğurlarında mənim
də payım var”
Müsahibimiz Namiq Ağayev 13 fevral
1966-cı ildə Yardımlı rayonunun Porsova kəndində dünyaya
göz açıb. 1983-cü ildə
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstituna daxil olub. 1984-1986-cı illəri hərbi xudmətdə
keçib. 1989-cu ildə ali
təhsilini başa vuraraq
təyinatla N.B.Vəzirov
adına Lənkəran Dövlət Dram
Teatrına işləməyə göndərilib. Həmin vaxtdan bu sənət
ocağında bədii quruluş hissə
müdiri, direktor müavini vəzifələrində
çalışıb. Hazırda isə teatrın baş inzibatçısıdır.
Respublika Teatr Xadimləri
İttifaqının üzvüdür.
Ailəlidir, 3 övladı var.
-Namiq müəllim, teatr-tamaşaçı problemi əbədi mövzu kimi həmişə gündəmdə olub. Hazırki dövrdə isə bu mövzu daha da aktuallaşıb. Siz Lənkəran teatrında bu problemin öhdəsindən necə gəlirsiniz?
-Əvvəla bildirim ki, Lənkəran şəhəri cənub bölgəsinin mədəniyyət mərkəzi sayılır. Bu diyarın tarixi ənənələri, özünəməxsus məişəti, elmə, mədəniyyətə yanaşma tərzi var. O ki, qaldı tamaşaçı probleminə, teatr sənəti təşəkkül tapandan bəri bu mövzu, sizin də qeyd etdiyiniz kimi, həmişə öz aktuallığı ilə diqqətdə olub. Mənim qənaətimcə, teatrda tamaşaçı probleminin həlli yolu birinci növbədə düzgün repertuar seçimi ilə bağlıdır. Hesab edirəm ki, repertuar yerli şəraitə uyğunlaşdırılmalı və daha çox xəlqilik prinsipinə köklənməlidir.
Teatrda tamaşaçı üçün seçilmiş əsər və onun rejissor yozumu, aktyor oyunu “sənət sənət üçündür” prinsipindən uzaq olmalıdır. Tamaşanı nümayiş etdirən aktyor ansamblı rejissor tərəfindən düzgün seçilməlidir. Səhnə əsərində rejissor işi, aktyor oyunu tamaşaçının zövqünə xidmət edərək onu həm düşündürməli, həm də əyləndirilməlidir. Bütöv bir tamaşa varsa, onu tamaşaçıya çatdırmaq üçün müxtəlif reklam vasitələrindən istifadə etmək lazımdır. Buraya isə televiziya reklamı, afişaların yayılması, internet vasitəsiylə tamaşaçıya müraciət və s. aiddir.
Həmçinin tamaşanın reklam işi bir mərkəzdən idarə olunmalı, çevik və mütəşəkkil aparılmalıdır. Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin işlətdiyi bir cümlə yadıma düşür. O deyirdi: “Müvəffəqiyyət öz-özünə gəlmir, müvəffəqiyyəti əldə etmək üçün düşünülmüş ardıcıl sistemli iş aparılmalıdır”. Bu fikri sizin diqqətinizə ona görə çatdırıram ki, biz düşünsək ki, tamaşaçı teatra öz-özünə qayıdacaq, səhv etmiş olarıq. Tamaşaların afişalarını vurub, kassadan bilet satmaqla tamaşıçı cəlb etmək çox çətindir. Əksinə inzibatçı, tamaşanın təbliği ilə məşğul olan digər şəxslər kütlənin içərisinə getməli, tamaşanın premyerasını təşkil etməlidirlər. Əgər tamaşa uğurlu alınıbsa, növbəti tamaşalarda qismən olsa da teatr kassasına bilet üçün müraciət edən şəxslər tapılacaq.
-Bəs əvvəllər
bu iş necə təşkil
olunub?
- SSRİ dönəmində estetik tərbiyə adlanan ixtisas bütün ali təhsil müəssisələrində tədris olunurdu. Bu da gənclərdə incəsənətin müxtəlif növləri haqqında müəyyən təssəvür yaradırdı. İndi isə bu ixtisas ali təhsil müəssisələrinin demək olar ki, əksəriyyətində tədris olunmur. Ona görə də gənclərimizdə incəsənətin müxtəlif növlərinə, o cümlədən teatr sənətinə yanaşma tərzi bayağılaşıb.
- Namiq
müəllim, sizin üçün
hansı janrda tamaşanı təşkil
etmək daha rahat və
əlverişlidir?
- Təcrübə göstərir ki, komediya və melodrama janrlarında olan səhnə əsərləri ilə tamaşaçının zövqünü oxşamaq, tamaşanın nümayişini təşkil etmək daha rahatdır.
- Bəs Lənkəran
teatrında ən çox oynanılan tamaşa hansıdır?
- Əməkdar incəsənət xadimi, mərhum Baba Rzayevin quruluş verdiyi Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşası 1985-ci ildən bəri teatrımızın repertuarındadır. Öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fondu”na daxil edilib.
- Keçdiyiniz
ömür yolundan
razısınızmı?
-Taleyə, qismətə çox inanclı insanam. Yaşadığım həyat tərzindən, keçdiyim ömür yolundan, seçdiyim ixtisasdan narazı deyiləm. Mədəniyyət işçisi ailəsində doğulmuşam, ədəbiyyata, tarixə marağım məni İncəsənət inistitutuna aparıb. Orta məktəb illərindən ürəyimdən geoloq olmaq arzusu keçsə də, istəyimə çata bilməmişəm. Amma buna görə əsla peşman deyiləm. Mən bütövlükdə Lənkəran teatrına bağlanmış adamam. Özümü bu sənət ocağından kənarda hiss edə bilmirəm.
- Siz
nədən Lənkəranı həm yaşamaq,
həm də işləmək üçün
seçdiniz?
- İnsan özünü dərk edəndən sonra istəyir ki, böyük ideyalar, amallar uğrunda çarpışsın, diqqət mərkəzində olsun, sayılıb-seçilsin. Bütün ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün münbit şərait deyərdim ki, yalnız paytaxtda olur. Bilirsiniz, bizim institutu qurtardığımız illərdə Bakıda qalmaq, yaşayıb işləmək, mövqe tutmaq olduqca çətin idi. O vaxt bir mexanizm var idi və o, saat kimi dəqiq işləyirdi: təyinatlı iş.
Səmimi etiraf edirəm ki, o zaman mənim Bakıya əlim çatmadı. Düşünüb–daşındım və qərara gəldim ki, bölgəmizin mədəniyyət mərkəzi olan Lənkəran yaşayıb işləmək, özünü təsdiq etmək üçün daha əlverişli məkandır. Bayağı çıxmasın, mən “paytaxtıma” gəldim və özümü təsdiq etdim.
-Namiq müəllim, mən bilirəm ki, siz təkcə inzibatçı deyil, həm də yaradıcılığa meylli insansız. Bir neçə məqalənin müəllifisiz, iki kitabın yaradıcı heyətində iştirak etmisiniz...
-Elədir, İltifat Verdiyevin “Bu da bir ömürdür” və “Ölüm haqdır” kitablarının ərsəyə gəlməsində Etibar Əhədov və Sahib Əliyevlə yanaşı, mənim də əməyim az olmayıb. Bu kitabların hər bir sətri müəllifə əziz olduğu qədər, mənə də əzizdir. İltifat müəllimin şəxsiyyətindən, yaradıcılığından söhbət düşəndə onun haqqında yazdığım “Ümid yerimiz bizim İltifat” məqaləsindəki son cümlə bu gün də məni düşündürür: “Bizim İltifatın yandırdığı ocaqdan hamımız isindik, istidən pərvazlandıq, müstəqilləşdik, özümüzə ocaq yandırdıq. Görəsən, bizim ocaqlardan isinən olacaqmı?”...
-Namiq
müəllim, teatrda bir
neçə direktorla işləmisiniz. Yəqin
ki, hər birinin
özünəməxsus iş prinsipləri
olub?
-Mənim ilk direktorum olmuş respublikanın əməkdar artisti, mərhum Elşad Zeynalovu daim hörmətlə xatırlayıram. Ruhu şad olsun. Azərbaycan teatr tarixində bəlkə də ən uzun müddət- 25 ilə yaxın teatra rəhbərlik etmiş bir şəxsdir. Elşad müəllim əvəzolunmaz aktyor, təcrübəli bədii şura sədri idi. 1989-2007-ci illərdə onun rəhbərliyi altında fəalliyət göstərmişəm. Qəribədir ki, onun dövründə teatrın həm tərəqqisi, həm də tənəzzülü baş verdi. Məhz onun dövründə B.Rzayevin quruluş verdiyi C.Məmmədquluzadənin “Ölülər”, Ü.Hacıbəyovun “Olanlardan keçənlərdən” tamaşaları respublika televiziyasının qızıl fonduna daxil edildi. O dövrdə teatrımızdan 5 nəfər fəxri adlarla təltif olundu. Tənəzzül dövrü isə SSRİ-nin dağılması, vahid idarəetmə mexanizminin olmaması ilə bağlı idi. Yenicə müstəqillik qazanmışdıq. Çoxları teatrı tərk edib başqa işin ardınca getdilər. Amma Elşad Zeynalov beş-on nəfərlə teatrı dağılmaq təhlükəsindən xilas etməyi bacardı.
Elşad müəllimin vəfatından sonra İslam Həsənov yeddi il Lənkəran teatrına rəhbərlik edib, indi Sumqayıt Tearının direktorudur. İslam müəllim elə bizim teatrın yetirməsidir. Bir müddət teatrımızda aktyor kimi fəaliyyət göstərib. Düşünürəm ki, İslam Həsənov yaddaşlarda həmişə yaradıcı-inzibatçı direktor kimi qalacaq. Onda media ilə işləmək, festivallarda iştirak etmək, teatrın yaradıcılıq potensialını yönləndirmək, səfərbərliyə almaq bacarığı çox güclüdür. Onun təcrübəsindən yararlanmaq, bu təcrübəni idarəetməyə tətbiq etmək ancaq fayda verə bilər.
İki ilə yaxındır ki, teatra rəhbərlik edən Tofiq Heydərov isə sakit, təmkinli, təşkilatçı-təsərrüfatçı direktordur. Onun fəaliyyət dövrü hörmətli Prezidentimizin seçkiqabağı reklam çarxını yadımıza salır: “Danışana yox, çalışana səs ver!” Tofiq müəllim də çalışmağı sevən şəxsdir. Qısa müddət ərzində əldə edilən nəticələr də bunu deməyə əsas verir. Teatrın yaradıcı potensialına arxalanaraq Lənkəran teatrı üçün aparıcı teatr statusu alması, teatrın binasında istilik sisteminin bərpası məhz onun əməyinin nəticəsidir. Teatrımızın tarixində ilk dəfə İran İslam Respublikasının Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Festivalında iştirak etməsi, iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluşunda İran dramaturqu B.Beyzainin “İlan Sultan” tamaşasının truppamız tərəfindən Təbriz və Məşhəd şəhərlərində böyük uğurla oynanılması da məhz Tofiq Heydərovun xidməti kimi dəyərləndirilməlidir.
-Bəs özünüzü niyə qeyd etmirsiniz? Axı teatrınızın tamaşalarının sənətsevərlərə təqdim olunmasında sizin də əməyiniz az deyil...
-Mən üzərimə düşən vəzimə borcumu yerinə yetirirəm. Yəqin mənim yerimdə başqası da olsaydı, bu cür edərdi. Bununla belə, sevinirəm ki, teatrımızın uğurlarında mənim də payım var. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, truppamız tez-tez qonşu rayonlara da səfərlər edir, istər yaşlı, istərsə də gənc teatrsevərləri maraqlı tamaşalarla sevindirməyə çalışırıq. Xüsusən Astara, Lerik və Yardımlı rayonlarının rəhbərliyi səfərlərimizin uğurlu alınmasında köməkliklərini bizdən əsirgəmirlər. Buna görə onlara minnətdarlıq etməyi özümə borc sayıram. Həmçinin Lənkəran teatrının çiçəklənməsində, maddi-texniki bazasının möhkəmlənməsində, tamaşaçı probleminin həll olunmasında və festivallarda iştirak üçün verdikləri dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə teatrımızın rəhbərliyi, yaradıcı kollektivi adından minnətdarlığımı çatdırmaq istəyirəm. Çalışarıq ki, bundan sonra da bizə göstərilən etimadı uğurlu tamaşalarımızla doğruldaq.
Ağaddin BABAYEV,
Teatrşünas
Kaspi.-2016.-29 yanvar.-S.11.