Şeh kimi qısa
ömür
Və ya ermənilərin niyyəti
barədə 1960-cı ildə edilən xəbərdarlıq
O, 1931-ci
ilin aprelində xalq yazıçısı Süleyman Rəhimovun
ailəsində anadan olmuşdu. Ömrü çox qısa
olub - cəmi 34 il! Arzuları
içində vulkan kimi püskürsə də, ömrü
şeh kimi qısa oldu. Orta məktəbdə oxuduğu
illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən
keçənləri misraların dili ilə qələmə
alardı. Amma atası sevimli oğlunun ədəbiyyat
sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov
Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə
böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını
həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da
biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər
yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini
davam etdirib. Təqribən 2.000 misradan çox
şeir yazmışdı. Bəzən də
şeirlərini Kəskin təxəllüsü ilə qələmə
alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini
və vəfatından bir neçə il sonra çap
edilmiş "Ayrılıq” adlı kitabını vərəqlədikcə,
məni ən çox heyrətləndirən məktəbli gəncin
ölüm barəsindəki düşüncələridir:
"Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. "...Zamanın əsən küləyi
ömür çəmənimi tapdayıb biçir” söyləyən
xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən
bir parçaya diqqət edək:
İstərəm
qəlbimə səs verə-verə,
Dilim
öz halını desin bəşərə.
Halım
elə səda salsın hər yerə,
Nəhrlər,
dalğalar, sellər ağlasın,
Tufanlar,
ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki
ölüm hökmünün addımları nədən belə
tez görünüb, məni xeyli
düşündürdü. Bu dərəcədə
hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir?
Şamonun
şeirlərində həm də sevən bir gəncin
duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi
ayrılığın rüzgarı əsməkdədir:
Yer
fırlanır, günəş batır, dayanmadan külək
əsir,
Kainatı dərk etməyə insan oğlu hey tələsir.
Karvan gəlir,
karvan gedir, təbiət şən, zaman yorğun,
Əlvidalıq yeli əsir, insan isə ömrə
vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə
zamanın, quruluşun gerçək sifəti də
görünür. Çox güman ki, bu da ailə
mühitindən, atasının söhbətlərindən, ətrafda
olan müzakirələrdən yaranırmış. Cəmi
14 yaşında yazdığı misralara fikir verin:
Xalqın
mərd oğulları zindanlarda çürüyür,
Ölüm vəhşi qurd
kimi insanlığa yüyürür.
Məşhur
alimlərin səhv etdiklərini aşkarladı
Şamo Rəhimov
orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada
M.V. Lomonosov adına Dövlət Universitetinin
fizika fakültəsində təhsil alıb. Sonra
SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun
seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə
dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi
alıb Onun haqqında çox mükəmməl bir məqalənin
müəllifi olan Qulu Xəlilov yazırdı: "Hələ ali məktəbdə
ikən öz parlaq istedadı və cəsarətli mühakimələri
ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç
Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi
görkəmli alimlər yüksək qiymətləndirmiş
və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu,
böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi
sahəsində tədqiqatlar aparmaq üçün
böyük ingilis fiziki Reley tərəfindən kəşf
edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun
seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində
isə bir çox məşhur alimlərin səhv etdikləri
də aşkarlandı. Gənc seysmoloqun şöhrəti
təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo
Rəhimov seysmologiyaya yeni anlayış- "qlobal dalğalar
anlayışı” gətirmişdi. Bu
qlobal dalğalar bu gün də bütün dünyanaın
seysmik stansiyalarında qeyd edilir. Azərbaycan
aliminin elmi kəşfi dünya alimlərinin diqqətini
çəkirdi. Hətta onu Amerikaya da dəvət
etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində
Şamo Rəhimov okeanın o tayında keçirilən
konfransa buraxılmadı... Doğrudur, Şamo Rəhimovun
əsərləri xarici ölkələrdə çap
olunurdu, məşhur alimlər tərəfindən yüksək
qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin
Şamoya yazırdı: " Çox təəsüf
ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm.
İstəyirəm Sizə doğma dilinizdə
təşəkkür edəm. Tədqiqatlarınız
gözəl nəticə vermişdir. Bundan
sonra Yer qabığının quruluşunu daha asanlıqla
öyrənmək olar.”
"Azərbaycanın
seysmik ulduzu”
Azərbaycan seysmoloji elminin banilərindən sayılan
Şamo Rəhimovun bu istiqamətdəki axtarışları,
tapıntıları barəsində dünya mətbuatında
maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında
Şamo Rəhimovu "Azərbaycanın seysmik ulduzu”
adlandırırdılar. Onun 40-dan artıq
elmi əsərinin şöhrəti sərhədləri
çoxdan aşıb və müxtəlif dillərə tərcümə
edilərək bu gün də qiymətli kəşf kimi
istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri
ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı
alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri
də istifadə etdikləri metodlara tənqidi yanaşmağa
başladılar. Uzun illər bütün dünya tərəfindən
qəbul olunmuş, ötən əsrin ortalarına qədər
də tətbiq edilmiş və
Amerika alimi M. Yunq tərəfindən irəli
sürülmüş faza sürətlərinin təyinetmə
metodundakı yanlışlıqları elmi dəlillərlə
əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi
katibi , professor Fyodr Press tərəfindən dəvətlər,
məktublar gələrdi. Hətta öz
kitablarını da Şamoya hədiyyə göndərərdi.
Bundan başqa, seysmologiya ilə bağlı
çap etdikləri bülletenləri də Azərbaycana -
Şamo Rəhimova göndərərdi. Şamonun
ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri
öyrənən cəmiyyətin orqanı "Nauka”
jurnalının naşiri Filip Eybelsonun məktubundan: " Əziz həmkar! Bizim jurnalımız... elmin və
texnikanın, həmçinin elmi cəmiyyətlərin
qarşılıqlı əlaqə və problemlərinin
müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və
bizim elmi səylərimizə kömək etməyə ürəkdən
dəvət edirik. Əgər siz bizim
jurnalın səhifələrində dünyanın bir
sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə
saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən
gəlmiş belə məktublar çoxdur.
"Şamo Rəhimov respublikanın geniş
seysmostatistika məlumatına əsaslanaraq, Yer
qabığını öyrənmək üçün yeni
metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin
əhatə etdiyi sahədə zəlzələ
gücünün dəyişilməsi
qanunauyğunluqlarını öyrənmək əsasında Yer
qabığındakı yarıqları və eyni tipli sahələri
ayırmağa imkan verir. Müəllif
geologiyanın bir çox məsələlərini də tədqiq
etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin
nəticələrinə görə, ərazilərin seysmik
mikrorayonlaşdırılması metodunu irəli
sürmüşdür. Bu seysmik
mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan
bütün metodlardan daha səmərəli və daha sərfəlidir.
" ( "Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin
xisləti heç xoşuma gəlmədi
Yer qatının
xüsusiyyətlərini öyrənmək
üçün Şamo Rəhimov Qafqazın bütün
yaşayış sahələrində tədqiqatlar aparardı
. Belə elmi araşdırmaların növbəti
ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə
gəlib? Bu barədə elmi bülletenlərdə rəylər
var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə
yazdığı qeydləri oldu: "Ermənilərin xisləti
heç xoşuma gəlmədi. Onlar əhalidən
pul toplamaqla məşğuldurlar. Silahlanırlar.
Ürəklərindən Dağlıq
Qarabağ keçir. "Bizimdir” deyirlər...” Şamo Rəhimov
tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə
vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara
caynaqları Şamonun başının üstünü
çox tez aldı. Neçə-neçə
arzusu yarımçıq qaldı. Şamo
ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü
elmə həsr edən bu istedadlı alim neçə kəşfini,
yaradacaqlarını
özü ilə apardı. Şamodan sonra nələr baş
verdi?. Qardaşı adının əvvəlinə
onun ismini yazaraq doğmasını bu şəkildə
yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif.
Atası Süleyman Rəhimov ömrünün sonuna kimi
"Şamo” epopeyasının üzərində işlədi.
Yoxluğu onu tanıyanları
yandırıb-yaxdı. Toy üstündə olan
oğlunu itirən Aşıq Şəmşir görün Dədə
Süleymana nə yazırdı:
Yanmalıdır
yaralıya yaralı
Ürəyim alışdı ürəyin kimi.
Uzaq olsun
qalanların canından,
Dirəyim çəkildi dirəyin kimi.
"Biləyim sınıbdır biləyin kimi” deyən
Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər,
Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını
şeirlə dilə gətiriblər.
Şamo Rəhimov Azərbaycanın
seysmorayonlaşdırılmasının xəritəsini
yaradan əsas müəlliflərdəndir. Şamo
Rəhimov seysmologiyaya yeni anlayış "qlobal dalğalar”
gətirməklə, bunun əsasında Yer quruluşunun
bütünlüklə öyrənilməsinin son dərəcədə
səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə
qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi
kəşfi daha dəqiq və sabit elmi nəticələr
çıxarmağa imkan yaratmış, Yer kürəsinin
quruluşunu daha dərindən öyrənilməsi işinə
təkan vermişdir. Onun gördüyü
məhsuldar və faydalı işlər müasir seysmologiya
elminin inkişafına səbəb olmuşdur.
2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun
böyük ustalıqla yaratdığı qəbirüstü
abidə elə canlı və mükəmməldir ki...Bir qədər
diqqətlə baxdıqda, sanki Şamonun öz səsini
eşidirsən:
Qəlblərdə
sönməyən xatirə qoydum
İndi
xumar-xumar rahat
uyuyum.
Flora
XƏLİLZADƏ,
əməkdar
jurnalist
kaspi.-2017.-1-3 aprel.-S.7.