Cəmşid Naxçıvanskinin fəaliyyəti
və erməni daşnaklarına qarşı mübarizəsi
Görkəmli hərbi xadimin bir
niyyəti olmuşdur - Vətəni qorumaq
1917-ci ildə Rusiyada baş vermiş fevral-burjua inqilabı zamanı Cəmşid Naxçıvanskinin komandirlik etdiyi alay Avstriya cəbhəsində idi. İmperiyada yaranan qeyri-sabitlik müharibə səngərlərində döyüşən alayı da çətin vəziyyətdə qoymuşdu. Alayın daxil olduğu diviziya general Kornilovun əmri ilə Petroqrada göndərilməli idi. Amma aparılan təbliğat nəticəsində qoşunlar Petroqrada getmək istəmirdilər. Onlar qətiyyətlə diviziyanın Qafqaza qayıtmasını tələb etdilər. Bu səbəbdən də diviziyanın Qafqaza qayıtması əmri verildi. 1917-ci ilin dekabrında Cənubi Qafqaz komissarlığının ordu strukturu kimi Müsəlman korpusu formalaşmağa başlamışdı. Bu korpusun tərkibinə I Qarayazı süvari polku adı ilə Tatar süvari polku daxil edildi. Bu zaman Cəmşid Naxçıvanski polkda yüzlük komandiri kimi xidmətini davam etdirirdi. O, öz tatar (azərbaycanlı) alayı ilə Gəncədə (o vaxtlar Yelizavetpol adlanırdı) yerləşmişdi. Bu alay əvvəlcə Yelinendorfda (indiki Göygöl şəhəri), bir müddətdən sonra Qarayazıda xidmətini davam etdirmişdir.
Cəmşid Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun hərbi qüvvələri sırasında öz şərəfli xidmətini davam etdirmişdir. Qeyd edək ki, onun peşəkar hərbiçi kimi fəaliyyəti üç dövrə bölünür: birinci - çar Rusiyası ordusunda xidməti, 1918-ci ilədək, ikinci - 1918-1920-ci illərdə AXC dövrü və üçüncü - 1920-ci ildən ömrünün sonunadək Sovet hərbi qüvvələrində xidməti. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda yaxından iştirak etmiş milli hərbiçi kadrlarımızdan olan Cəmşid Naxçıvanski ilk vaxtlar Kavaler diviziyasının formalaşmasında mühüm rol oynamışdır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən əvvəl - 5 mart 1918-ci il tarixindən o, süvari qoşun üçün atların tədarükü komissiyasının üzvü seçilmiş, tez bir zamanda bu komissiyanın sədri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun əsas hərbi dayaqlarından sayılan əvvəlki "Vəhşi diviziya”nın əsasında formalaşan Tatar süvari polkunun birinci yüzlüyünün komandiri Cəmşid Naxçıvanski rotmistr rütbəsini daşıyırdı. Tezliklə o, hərbi xidmətdə fərqləndiyinə görə, AXC hökumətinin 30 iyul 1918-ci il tarixli əmri ilə podpolkovnik rütbəsi almaqla, I Süvari Tatar polkunun komandir köməkçisi vəzifəsinə təyin edilmişdir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti Tiflis şəhərində elan edilmişdi. Çünki həmin vaxt, 1917-ci ilin oktyabrında yaranan Sovet Rusiyasının dəstəyi ilə Bakı, daşnak-bolşevik birləşmələrinin isti ocağına çevrilmişdi. Hətta onlar bolşevik Rusiyasının dəstəyinə arxalanaraq Tiflisdən Gəncəyə köçürülmüş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzərinə hücum təşkil etdilər. Bu zamanı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusu ilə birlikdə müdafiə olunan və müdafiədən hücuma keçən Əlahiddə Azərbaycan Korpusunun tərkibində Cəmşid Naxçıvanski də vuruşurdu.
İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Osmanlı dövləti tərəfindən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllülərinin hesabına Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın Şərq hissəsini, î cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Həmin döyüşlərdə Cəmşid Naxçıvanski öz alayı ilə birlikdə igidliklə vuruşmuşdur. Bundan sonra onun rəhbərlik etdiyi hərbi qüvvələr Qafqaz İslam Ordusu ilə birlikdə bolşevik-daşnak birləşmələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti süqut etdi. Bununla da, bolşeviklər Bakıdan müvəqqəti olaraq əl çəkdilər. Ancaq avqustun əvvəlində Bakıda ingilis hökumətinin köməyi ilə "Sentrokaspi Diktaturası” idarəçiliyi qurulmuş və 1000 nəfərdən ibarət ingilis hərbi qüvvələri Xəzər dənizi vasitəsilə Bakıya gətirilmişdi. Ona görə də avqust ayının əvvəllərində bu işğalçı qüvvələrin təsiri ilə Azərbaycan-Osmanlı hərbi birləşmələrinin Bakını azad etməsi çətinləşsə də, həmin ayın sonunda uğurla aparılan döyüşlər nəticəsində ingilis qüvvələri şəhəri tərk etməyə məcbur oldu. Bu döyüşlərdə Cəmşid Naxçıvanski çox uğurla mübarizə aparmışdır. O, öz tərcümeyi-halında yazmışdır ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra şəhərə ingilislər və Sentrokaspinin qoşunları daxil oldular. Mənim alayım ingilislərlə döyüşürdü. Hətta o vaxt 2 şotland rotasını əsir tutmuşduq. Sentyabrın 15-də Bakı azad edildi. Lakin bununla daxili və xarici sabitlik yaranmadı. Belə ki, 1919-cu ildə Denikinin rəhbərliyi ilə ağların Azərbaycana şimaldan hücumu gözlənilirdi. Bu zaman Cəmşid Naxçıvanskinin xidmət etdiyi alay Qusarda yerləşdirilmişdi. Belə bir vəziyyətin yaranası ilə əlaqədar olaraq Cəmşid Naxçıvanski Dağıstanla sərhəddə mühafizə rəisi təyin edildi. Onun qərargahı Yalamada yerləşirdi. Həmin vaxt Denikin qoşunlarının şimaldan ölkəyə daxil olmasının qarşısı alındı. Bu Cəmşid Naxçıvanskinin Azərbaycan Xalq Cümhuriyyətini xarici hücumlardan qorunmasında göstərdiyi hərbi xidməti idi.
Digər tərəfdən, o, daxildə də ermənilərin Azərbaycanın günahsız müsəlman-türk əhalisinə qarşı törətdiyi vəhşiliklərə qarşı qətiyyətlə mübarizə aparmışdır.
Hələ 1918-ci il mayın 29-da İrəvan şəhəri yeni yaranacaq Ermənistan Respublikasına paytaxt kimi veriləndə, ermənilərin digər Azərbaycan torpaqlarına iddialardan əl çəkəcəkləri vədi alınsa da, tezliklə erməni daşnakları Naxçıvan, Zəngəzur, Qarabağ kimi tarixi Azərbaycan torpaqlarına hücumları davam etdirdilər. Bu zaman Cəmşid Naxçıvanski xidməti vəzifəsinə uyğun olaraq Qarabağda erməni qırğınlarının qarşısının alınması uğrunda mübarizə aparmışdır. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bölgələrin erməni təcavüzündən qorunması üçün görülən tədbirlərdən biri də general-qubernatorluqların yaradılması idi. 1919-cu ilin fevralından Xosrov bəy Sultanov general-qubernator təyin edildiyi Qarabağ bölgəsində fəaliyyətə başlamışdı. Cəmşid Naxçıvanski isə bu sahədə göstərdiyi nümunəvi xidmətinə görə, 1920-ci ilin martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələri tərəfindən keçirilən paraddan sonra - həmin ayın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 163 nömrəli əmrinə əsasən I Süvari Tatar alayının komandiri vəzifəsindən II Süvari Qarabağ Polkunun komandiri təyin edildi. Bundan sonra onun rəhbərlik etdiyi hərbi qüvvələr Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizlədi. Aprel ayının 12-dək Ağdam və Xankəndi, eləcə də Şuşa erməni quldurlarından azad edildi. 28 aprel 1920-ci ildə bolşeviklər XI qızıl ordunun köməyi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini devirib hakimiyyəti öz əllərinə keçirdikdən sonra Cəmşid Naxçıvanski Nəriman Nərimanovun təklifi ilə Sovet hakimiyyətini qəbul etdi. Onun komandanlıq etdiyi süvari polku sovet ordusu tərəfinə keçdikdən sonra fəhlə-kəndli alayı adlandırıldı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəmşid Naxçıvanski milli Azərbaycan ordusunun yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak etmişdir. Bu zaman o, rotmistir rütbəsindən podpolkovnikə qədər yüksəlmiş, əvvəlcə I Süvari Tatar alayının komandir köməkçisi vəzifəsinə təyin edilmiş, 24 mart 1920-ci ildə isə II Qarabağ Süvari Polkunun komandiri vəzifəsinə qədər yüksəlmişdir. Onun fəaliyyətinə nəzər saldıqda aydın olur ki, görkəmli hərbi xadimin hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir niyyəti olmuşdur - Vətəni qorumaq. Bu isə hər bir vətənpərvər hərbiçinin müqəddəs borcudur.
İlhami ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru, dosent
AMEA
Naxçıvan Bölməsi
Kaspi.-2017.-4 aprel.-S.15.