“Dərin quyular”ın qurbanı olan ziyalılarımız
“Tərbiyələndirmə” mərkəzin
istədiyi bir şəkildə başa çatmalı idi
Bu məqaləni yazmağa başlamazdan əvvəl yadıma dahi Üzeyir bəyin "Dərin quyular” adlı məqaləsi düşdü. O, yazırdı: "Rusiya mütləqiyyətinin quyuqazan alətləri... biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər tapdı. Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi. Çünki bizim aramızda yaramaz əllər əvvəldən quyu qazıb, hazır qoymuşdular, o quyunu ancaq bir o qədər də dərinləşdirmək və lazım olsa, digər bir quyu qazmaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da”. Bu quyulara ilk olaraq ölkənin, millətin ziyası olan ziyalılarımız düşdü. Amma elə öz əlimizlə...
Dərnəklərdə tərbiyə məsələsi inzibati prinsiplə əvəz olunur
1930-cu ildə partiyanın
XVI qurultayı keçirilib. Bu qurultay SSRİ tarixinə
"elliklə kollektivləşmənin
həyata keçirilməsi
qurultayı kimi də daxil olub”.
Qurultaydan iki il sonra
ÜİK (b) P MK-nın "Ədəbiyyat və incəsənət təşkilatlarının
yenidən qurulması
haqqında 23 aprel
1932-ci il tarixli qərarı bütün ölkədə əks-səda
doğurur. Qərara əsasən,
ölkənin ədəbiyyatı,
mətbuatı qarşısında
bir çox vəzifələrlə yanaşı,
yazarların tərbiyəsi
məsələsi də
qoyulur. Bu məqsədlə
1932-ci ilin mayında Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti
iclas keçirir.
Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin
işi "böyük
qardaşı” qane etmədiyi üçün
yenidən cəmiyyətin
işlərini qüvvətləndirmək
məqsədilə qərar
qəbul edilir: "Azərbaycan Proletar Yazıçıları cəmiyyətində
bolşevik özünütənqidinin
qüvvətləndirilməsi, yazıçı kadrların
tərbiyə edilməsi
işinə böyük
diqqət yetirilməsi
zəruriliyi meydana çıxır”. Bu "tərbiyələndirmə” tez
bir zamanda, Mərkəzin istədiyi bir şəkildə başa çatmalı idi. Ona görə ki,
sovet siyasi rejimi ədəbiyyata, mətbuata ideoloji təbliğat vasitəsi kimi yanaşdığından,
onun sinfi dünyagörüşü əsasında
yaradılması tələbini
birmənalı olaraq irəli sürürdü.
Bu tələblər əsasında
"tərbiyələnməyən” yazarlarımız Üzeyir
bəy demişkən,
"Dərin quyular”ın
qurbanı oldular...
Bütün gücü ilə yazarlarını "tərbiyələndirməyə”
başlayan Azərbaycan
Proletar Yazıçılar
Cəmiyyətinin rəhbərliyi
birinci növbədə
Bakıda və onun bir sıra
rayonlarında ədəbiyyat
dərnəkləri təşkil
edir. Bu dərnəklərdə
tərbiyə məsələsi
inzibati prinsiplə əvəz olunur və Azərbaycan yazarlarının qara günləri də elə bu gündən
başlanır. Mətbuatda
və ədəbiyyatda
1920-ci ilin sonlarından
başlanan "proletar
mətbuatı”, "proletar
ədəbiyyatı” uğrunda
yenidən və çox amansız bir mübarizəyə
start verilir. Bu mübarizə
Azərbaycanda ədəbi
irsə münasibət
məsələsində mürəkkəb
və ziddiyyətli bir hal alır
və Azərbaycan MK-nın 1925-ci il
qətnaməsini xatırladırdı.
1925-ci il qətnaməsində yazılırdı:
"APYC-nin üzvü
olan bəzi tənqidçilər proletar
yazıçılarının kəndli ədəbiyyatına
və kəndli yazıçılarına rəhbərliyi
məsələsini də
tamamilə yanlış
həll edirlər. Kəndli yazıçılar dostcasına
qarşılanmalı və
bizim tərəfimizdən
danışıqsız müdafiə
edilməlidir. Biz onları da proletar məfkurəsi relsinə keçirməliyik”.
Azərbaycan Proletar Yazıçıları
Cəmiyyətinin bəzi
üzvləri bu qətnamənin əksinə
çıxaraq kəndli
ədəbiyyatı ilə
proletar ədəbiyyatı
arasında uçurum
yaradırdılar.
Bu "dəvət” mərkəzdən
istiqamətləndirilirdi
Beləliklə, birinin "kəndli yazar”, birinin "proletar yazar”, digərinin "burja yazar” adlandırıldığı
APYC-də "tərbiyələndirmə”
prosesi başlayır,
nə başlayır. "Ədəbi mübahisələr”,
"ədəbi ittihamlar”a
çevrilir. Bir-birinə
qarşı duran iki ədəbi qüvvə bir-birini "siyasi cəhətdən geri qalmış”, "bisavad” adlandıraraq, ittihamlara, böhtanlara, təhqirlərə meydan verirlər. İfşa pafosu ilə
yüklənmiş bu
"mübarizədə” yazarlarımız
bir-birini siyasi sayıqlığını itirməkdə
günahlandıraraq "tərbiyə”
olunmağa dəvət
edirdilər. Təbii, bu
"dəvət” mərkəzdən
istiqamətləndirilirdi. Professor Bədirxan Əhmədov demişkən: "...ədəbi
prosesdə baş verən ən mühüm hadisələr
birbaşa mərkəzə
- Moskvaya bağlı idi”. Odur ki, Azərbaycanda
da ədəbi prosesdəki tənqidi
"dəyərləndirmələr”,
"tərbiyələndirmələr” Mərkəzin siyasətini
əks etdirməli olurdu.
"Tərbiyələnməyən”
və siyasi rejimin ideoloji tələblərini ödəyə
bilməyən yazarlarımız
isə ən yaxşı halda ilk olaraq "cığırdaşlar”
adlandırıldı. Ədəbi
mübahisələri, ədəbi
ittihamlara çevirən
yazarlarımız "cığırdaşlar”
arasında hakim partiyanın
ideologiyasına uyğun
"tərbiyə” ola
bilməyən dahi Mirzə Cəlili, Hüseyn Cavidi, Əhməd Cavadı, Seyid Hüseyni və Mikayıl Müşfiqi marksizm-leninizim
nəzəriyyəsini dərk
edə bilməməkdə
günahlandırdılar.
1934-cü ilin iyun
ayının 13-də APYC-in birinci qurultayı keçirilir. Beş gün davam
edən qurultay sonda "hələ də sıralarımızda
zərərli məfkurələr
yayanlar var və onlar ifşa
edilərək sıralarımızdan
çıxarılmalıdır” prinsipini irəli sürür. "Yenidən
yetişməyə can atan,
lakin həyatın dərinliyini tezliklə qavraya bilməyən müəyyən yazıçılarımız
var. Onlar üçün
müəyyən şərait
yaradılmalı, kömək
edilməli və onlardan heç bir şey əsirgənməməlidir”.
Qurultay bu tələblə, hansı
yolla olur-olsun Azərbaycan yazıçısını
Şura yazarına çevirmək, marksizm-leninzm
nəzəriyyəsinin təbliğatçısı
olmaq üçün
"tərbiyələndirməyə” can
atırdı. Bəzən
buna nail
də olurdu. Məsələn, elə həmin qurultayda Cəfər Cabbarlı çıxışının sonunda demişdir: "Biz indiki quruluşumuzu bütün dərinliyi ilə duyaraq mənimsəməliyik. ...indiki
quruluşumuzun qəhrəmanını
hiss etməli, onları
bütün dərinliyi
ilə mənimsəməli
və öz əsərlərimizdə əks
etdirməliyik. Mən də
vaxtilə görə
bilmirdim, hiss edə bilmirdim; lakin indi görürəm, hiss
etməyə çalışıram”.
Mehdi Hüseyn isə "tərbiyələnməyən”
qələm yoldaşlarına
üzünü tutaraq
tələb edirdi:
"Bu gün sovet Azərbaycanının xoşbəxt
həyatını vəsf
etməməyə haqqınız
yoxdur”.
M.Hüseynin sovet Azərbaycanını
xoşbəxt adlandırdığı
zamanda repressiyanın daha güclü və amansız vaxtı idi. Ədəbi ittihamların
qurbanı olan təxminən 70-80 min Azərbaycan
ziyalısı məhv
edildi. Millətin zəka sahibləri
15-20 dəqiqəlik məhkəmələrin
qurbanı oldu. "Xalq düşməni”
adı ilə nə qədər ocaqlar qaraldı, evlər dağıldı.
Sovetin amansız qayda-qanunları
nə qədər tətbiq edilsə də...
Bütün bu faciələrə baxmayaraq, Mərkəz öz işində idi. Siyasi rejim proletar ədəbiyyatı, mətbuatı uğrunda mübarizəni özünün ədəbi-mədəni siyasətinin baş xəttinə çevirmişdi. "Proletar ədəbiyyatı hərəkatı qarşısında duran birinci və başlıca məsələ Sosializm hücumumuzda bütün bir dövrü təmsil edən Stalin yoldaşın göstərişlərini həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir” təklifini irəli sürən RPYC tərfindən yayımlanan bu və buna bənzər saysız-hesabsız çağırışlar APYC tərəfindən müzakirəsiz və danışıqsız yerinə yetirilib. Çünki APYC- nin qarşısında bir vəzifə dururdu: Mərkəzə xoş gəlmək üçün RPYC-in bütün tələb və göstərişlərini kor-koranə yerinə yetirmək...
1938-1940-cı illərdə Azərbaycan sovet yazıcıları ittifaqının keçirdiyi yaradıcılıq konfranslarında sosialist xəlqiliyinin problemi ciddi müzakirə edildi. Amma sovetin amansız qayda-qanunları nə qədər tətbiq edilsə də, bu, "mühüm problemin” tənqidi axıra qədər davam etdirilməyib. Çox təəssüflər ki, ədəbiyyatda və sənətdə xəlqilik məsələsini təhrif edənlər də, klassik ədəbiyyatın və milli dilin əhəmiyyətini azaldan yazarlarımız da olub. Klassik ədəbi irsimizə, milli mənəvi dəyərlərimizə nihilistcəsinə yanaşan tənqidçilərimiz, yazarlarımız "tərbiyə olunanlar” idilər. Sonradan bəzi yazarlarımız onların əksəriyyətini "ən az sapıntılara yol verən marksist ədəbiyyatşünas”, "məhsuldar və ardıcıl fəaliyyətlə ədəbiyyat tariximizdə nüfuzlu bir tənqidçi”, "ədəbiyyatımızın Fərhadı”, "ədəbi döyüşlər cəngavəri”, "ədəbi gəncliyin mənəvi atası” adlandırırdılar. Amma nə yaxşı bu "tərbiyələndirmə” prosesi ədəbiyyatımızın, mətbuatımızın, ədəbi mühitimizin yüzlərlə ədibini öz əqidəsindən döndərə bilmədi. Onda bu gün klassik irsimizdən ağızdolusu, vüqarla danışa bilməzdik.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
Kaspi.-2017.-5 aprel.-S.15.