Azərbaycan və Türkiyə Mübariz İbrahimov haqda film çəkəcək

 

Rejissor Samir Kərimoğlu deyir ki, döyüş səhnələrinin çəkilişində Hollivud ilə Bollivud kinolarının dünyaca məşhur rejissorları da iştirak edəcək

 

Türkiyənin "İST Film” şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkməyə hazırlaşır. 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq "Mübariz” adlı ekran işinin ilk tizeri Youtube kanalında yayılıb.

 

Əslində Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında filmin çəkilməsi çox sevindirici haldır. Bu cür filmlərin sayının çox olması isə gələcək nəsillərin xalqımızın mərd oğullarını, qəhrəmanları unutmamasına imkan verəcək. Nə qədər ki qəhrəmanlarımız filmlərdə, seriallarda anılacaq, onlar heç zaman yaddaşlardan silinməyəcək. Bizbu xəbəri eşidib, layihə barədə məlumat əldə etməyə çalışdıq.  Öyrəndik ki, bu layihədə Türkiyə və Azərbaycandan iki rejissorssenarist birlikdə çalışacaq. Proyektdə Azərbaycandan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu və məşhur aktyor heyəti yer alacaq.

 

İlk olaraq Samir Kərimoğlu ilə əlaqə saxladıq. Rejissor hazırda ssenarinin yazıldığını və türk şirkəti ilə yenidən görüşəcəklərini dedi.

 

- Samir bəy, ilk olaraq bizə bu layihə barədə məlumat verməyinizi istəyirik. Bu filmin layihəsi necə yarandı?

- Mübariz İbrahimovla bağlı film çəkmək istəyirdik. Bu layihəni ssenarist Rəşad Süleymanoğlu ilə 3 il bundan qabaq düşünmüşdük. Keçən il Türkiyədən olan dostlarımızla söhbət etdik və belə bir layihə etmək istədiyimizi dedik. Əslində 2015-ci ildən bəri hazırlıqları davam edən, Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişləri ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra təxirə salındı. Sonra "İST Film" tərəfindən davam etdirildi. Azərbaycan dövlət rəsmiləri ilə aparılan danışıqlar nəticəsində filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək. Bu, türklərlə qarşılıqlı bir layihədir. Belə ki, filmi çəkən şirkətin nümayəndələri ilə yenidən görüşümüz olacaq. O zaman bütün detallar daha da dəqiqləşəcək. Çəkilişlər etmək üçün ilk olaraq Müdafiə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyindən icazə aldıq. İcazə almaq mütləq idi. Nazirliklərimiz də bu filmi çəkmək üçün bizə razılıq verdilər. Ondan sonra biz işə başladıq.

 

- Bəs nə baş verdi ki, filmi 2015-ci ildə lentə almadınız?

- Bəzi problemlərə görə çəkilişimiz həmin il baş tutmadı. Belə ki, sponsorlarla razılığa gələ bilmədik. Bizdaha sonra başqa sponsorla işləməyə başladıq. İndi filmin tizeri yayılıb. Bu, "İST Film”in hazırladığı bir tizerdir. Həmin görüntülərdə bizim aktyorlar iştirak etməyib. Onların hamısı kaskadyorlardan ibarətdir.  Hazırda filmin ssenarisi üzərində son işlər gedir hətta deyərdim ki, ssenari bitmək üzrədir. Ssenari bitdikdən sonra yayda film çəkiləcək. Bizim planlaşdırmağımıza görə, film 2018-ci ildə hazır olacaq.

 

- Bəs hazırda filmə kim sponsorluq edir? 

- Hazırda filmə türk şirkəti sponsorluq edir. Ola bilsin ki, gələcəkdə bizim şirkətlərdən dəstək oldu.

 

- Döyüş səhnələrinin çəkilişində xarici rejissorların da iştirak edəcəyi doğrudurmu?

- Bəli. Döyüş səhnələrinin çəkilişində Türkiyə Azərbaycandan əlavə, Hollivud ilə Bollivud kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi qurulacaq.

 

- Bəs bu filmdə kimlər rol alacaq?

- Hələ ki filmdə rol alan aktyorların adları tam təsdiqlənməyib. Partnyorlarımız istəyirdi ki, Mübariz İbrahimov rolunda türk aktyoru çəkilsin. Onların bu obraza dair bir neçə təklifi var idi. Mən onlara filmin daha inandırıcı yaxşı alınması üçün bu obrazı oynayanın azərbaycanlı olmasının vacib olduğunu izah etdim. Çünki Mübariz İbrahimov Azərbaycan övladıdır, bizim fəxrimizdir. Onlar da mənim bu fikrimlə razılaşdılar. Hazırda Mübariz rolu üçün bir aktyor nəzərdə tutmuşuq. O, idmançıdır, Mübarizə çox oxşayır, həm iki-üç filmdə aktyorluq edib. Bu obrazı Nurlan Qafarov canlandıracaq. Mən onunla bir neçə layihədə işləmişəm. Onu yoxlamaq üçün qısa bir rol verdim gördüm ki, bu rol onda çox gözəl alınır. Eyni zamanda o, xasiyyət baxımından da Mübarizə oxşayır. Bundan başqa, aktyorlardan Murad Abdullayev bu filmdə rol alacaq. Bu iki nəfərin filmdə çəkiləcəyi artıq dəqiqdir. Ola bilsin ki, filmdə hərbçi rolunda məşhur türk aktyorlar da olsun.

 

- O, aktyorların adları bəllidirmi?

- Gəlin bunu sonraya saxlayaq. Bunu öncədən deməyin tərəfdarı deyiləm. Hələ ki hər şey dəqiq deyil.

 

- Bəs filmin çəkilişləri harada baş tutacaq?

- Çəkilişlər müxtəlif məkanlarda olacaq. Özünüz filmin yayılan tizerini gördünüz. Çəkilişlərin bir qismi həmin pavilyonda baş verəcək. Ola bilsin ki, çəkilişlərin müəyyən bir qismi Türkiyədə baş tutdu. Bu layihə bizim türklərlə birgə layihəmiz olduğu üçün filmin çəkilişləri hər iki tərəfdə baş verəcək. Rejissorlardan ssenaristlərdən biri türklərdən olacaq. Onlarla paralel şəkildə işləyəcəyik. Filmdə türklərdən ola bilsin ki, kaskadyorlar da iştirak etdi. İrəliləyən günlərdə onlar haqqında sizə geniş məlumat verərik. Hələ ki aktyor seçimi dəqiq deyil.

 

- Filmin həcmi qədər olacaq?

- Təxminən 1 saat 45 dəqiqə nəzərdə tutmuşuq.

 

- Həmin filmdə Mübarizin həyatının hansı məqamları daha çox yer alacaq?

- Onu mən hələ dəqiq deyə bilmirəm. Mübariz İbrahimovun həyatının hansı məqamlarının daha çox yer alacağını ssenaristlərimiz dəqiq bilir. Bizfilmin ssenarisini yazmışıq, türklər də. Onlar gələn ay yenidən gələcəklər, bu məsələ barədə daha ətraflı danışacağıq. Onda bəlli olacaq ki, bu filmdə hansı məqamlar daha çox vurğulanacaq. Əslində bizim təklifimiz o idi ki, bu filmdə həm Mübariz İbrahimov, həm də Mübariz kimi şəhidlərimizdən bəhs olunsun. Yəni, Mübariz kimi oğullarımız hələ də var, mübarizəmiz hələ də davam edir. Biz filmi bu şəkildə çəkmək niyyətindəyik. Ancaq hələ tam bilmirik.

 

- Belə bir qəhrəman haqqında film çəkmək həqiqətən də rejissordan böyük məsuliyyət tələb edir.

- "Mübarizfilmi yaradıcılığımın 10-cu filmi olacaq. Çəkdiyim filmlər müxtəlif səpkili olub. Onların daxilində vətənpərvərlik ruhunda filmlərim də olub, bu baxımdan kifayət qədər təcrübəliyəm. Hazırda bu filmi çəkməyə özümü tam hazır hiss edirəm. Özümə əmin olmasaydım, bu filmi çəkməyə cəhd etməzdim. Mübariz İbrahimov haqqında kifayət qədər bilgiyə sahibəm. Onun Azərbaycanımız üçün nələr etdiyi və necə qəhrəmanlıq göstərdiyindən də xəbərdaram. Ümid edirəm ki, biz filmi istədiyimiz şəkildə çəkib tamaşaçıların ixtiyarına verə biləcəyik.

 

Xəyalə Rəis

Kaspi.-2017.-11 aprel.-S.12.