“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”
Marneulidə yaşayan Nərgiz
Əliyeva: Gürcüstanla Azərbaycanı nəinki iqtisadi,
siyasi əlaqələr, həmçinin xalqlar
arasındakı səmimi dostluq birləşdirir
Hazırda Azərbaycan gənclərinin səsi
dünyanın müxtəlif ölkələrindən
eşidilməkdədir. Onların hər xoş sədasını
eşitdikdə isə, fərəh hissi ilə
dolub-daşırıq. Bu gün sizə təqdim edəcəyim
müsahibim Gürcüstanın Marneuli şəhərində
yaşayan Nərgiz Əliyevadır. O, Moskva Dövlət İqtisadiyyat,
Statistika, İnformatika Universitetinin hüquq fakültəsini
bitirib. Uzun müddət Gürcüstanda Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin
və mətbuat xidmətinin rəhbəri vəzifəsində,
eyni zamanda Gürcüstanın Azərbaycanlı Gənclər
İttifaqının sədr müavini vəzifəsində
çalışıb. Hazırda Gürcüstanda fəaliyyət
göstərən "Qrinviç” təhsil mərkəzinin
direktorudur. Eyni zamanda, ictimai fəaliyyətini fərdi
şəkildə davam etdirir. Nərgiz
xanım Gürcüstanda Azərbaycan gənclərinin haqq səsinin
eşidilməsi üçün əlindən gələni əsirgəmir.
- Nərgiz xanım, ilk olaraq gənc
yaşda bu qədər uğur əldə etdiyiniz
üçün sizi alqışlayırıq. Bu
zirvəyə qədər gəlib çatmaq çətin
olmadımı?
- İlk olaraq mənə
diqqət ayırıb müsahibə
götürdüyünüz üçün sizə və "Kaspi”
qəzetinə dərin minnətdarlığımı bildirirəm.
Bir gənc olaraq bu cür nüfuzlu mətbuat
orqanında müsahibəmin dərc olunması mənim
üçün şərəfdir. Mən
özümü heç bir zaman zirvədə hiss etməmişəm,
sadəcə, sevdiyim işlə məşğul olmuşam. Mənim həyat tərzim, amalım və məqsədim
hər zaman xalqıma, vətənimə xidmət etmək,
tanıtmaq və təmsil etmək olub. Diaspor və
lobbiçiliklə məşğul olub, ictimai fəaliyyət
göstərərək bu hədəfə nail ola
bilirik, az-çox uğurlar əldə edirik. Mənim
uğurum xalqımın yaşadığım ölkədə
layiqli şəkildə təmsil olunması, gənclərin
savadlı və sağlam ruhlu cəmiyyət üçün
təqdim olunması və yetişməsidir. Əgər bu işdə zərrə qədər əməyim
varsa, bu mənim uğurumdur. Lakin hər
bir sahədə olduğu kimi, mənim
çalışdığım ictimai sahədə də
uğurlu olmaq o qədər də asan deyil. Fəaliyyətimin 11-ci ilindəyəm, bu bir gənc
üçün böyük təcrübə, uzun yol deməkdir,
bu illər ərzində hər cür maneələr, çətinliklər,
mənəvi sarsıntılar və ədalətsizliklərlə
qarşılaşdım, amma bir dəqiqə bu sahədən
uzaqlaşmaq ağlımdan belə keçmədi. Hər
zaman bu çətinliklərin öhdəsindən
başı uca və təmiz vicdanla gəldim, çünki
gördüyüm işin faydalı olmasına inam mənə
güc verdi. Düşünürəm ki,
bizim iş könül işidir, o könül isə xalq və
vətən sevgisi ilə dolu olmalıdır.
- Siz Gürcüstanın Marneuli şəhərində
anadan olmusunuz və orta təhsilinizi Moskva şəhərində
almısınız. AMM mətbuat xidmətinin rəhbəri vəzifəsində
çalışmısınız. Xarici
dilli insanların içərisində böyüyən bir
xanım kimi, Azərbaycan mətbuatı ilə işləmək
çətin deyildimi? Çünki jurnalistika çox
çətin sahədir və hər adam
bu sahədə asanlıqla baş çıxarmır...
-
Açıq deyim ki, çox çətin oldu. Moskva şəhərindən vətənə -
Gürcüstana qayıdanda ana dilimizi çox zəif bilirdim,
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
əməkdaşı olduqdan sonra orada qısa müddət ərzində
bu qüsurumu düzəltdim. Zaman elə gətirdi
ki, mətbuat katibi vəzifəsinə layıq
görüldüm. Bu mənim ilk uğurum
idi. Uşaqlıqdan jurnalist olmaq istəyirdim,
bu sahədə çalışan insanlara xüsusi hörmətim
var. Azərbaycan mətbuatı nümayəndələrinin
heç birilə tanışlığım yox idi,
çalışdığım təşkilatın xəbərlərini
isə hər hansı bir yol ilə Azərbaycan mətbuatına
ötürməli idim. Bu mənim
başlıca vəzifəm idi. Gecə-gündüz
internet üzərindən xəbər agentliklərinin
ünvanlarına bir-bir məktublar yazırdım, diaspor sahəsində
yazılar yazan jurnalistləri araşdırır, onlara uzun məktublar
yazıb, təşkilat haqqında xəbərlər göndərirdim
ki, bizi tanıyıb xəbərlərimizi dərc etsinlər.
Yazdığım çoxsaylı müraciətlərin
bir çoxlarına cavab almasam da, məhz bu
axtarışlarım sayəsində bu gün mənim
çoxsaylı jurnalist dostlarım var. Bəzən mənim
Azərbaycan mətbuatı sahəsində öz sahəmdə
populyar olduğumu deyən dostlar bəlkə də
yanılmırlar. KİV-in nümayəndələri
olmasa, bizim gördüyümüz işlər böyük
kütlənin diqqətinə çatmaz və layihələrimizdən
düşündüyümüzdən daha çox insanlar
yararlanmaz.
- Bildiyimiz qədəri ilə, bir
övladınız var. Övladınız Azərbaycan
haqqında nə dərəcədə məlumatlıdır?
- Allah
bütün balaları saxlasın. Övladlarımız
bizim gələcəyimizdir, yaşamaq üçün səbəbimizdir.
Mənim övladımın ilk sözü
"Azərbaycan” olub. Hətta Səməd Vurğunun
"Azərbaycan” şeirinin ilk misraları birinci şeiri, ilk
mahnısı isə Rəşid Behbudovun "Azərbaycan”
mahnısı olub. Bunu tam səmimi, heç bir
pafos olmadan deyirəm. Bəzən
yaxınlarım deyir ki, oğlun səndən də çox
millətsevər və vətənpərvər olacaq. İnşallah ki, elə olar. O, eyni zamanda
Gürcüstanı da çox sevir, gürcü dilində
şeirlər deyir, Gürcüstan himnini də əzbərləyir.
Düşünürəm ki, biz
övladlarımızı bu ruhda - vətənimizə və
milli köklərimizə bağlı şəkildə
böyütməliyik. Ailədə bu
sevgini yaratmamışıqsa, o zaman heç bir fəaliyyət
haqqında danışmağa dəyməz.
- Maraqlıdır, gürcü
xalqının azərbaycanlılara qarşı münasibəti
necədir?
-
Gürcüstan-Azərbaycan münasibətləri əsrlər
boyu dostluq, qardaşlıq, tərəfdaşlıq və əməkdaşlıq
ruhuna söykənib. Bizi nəinki iqtisadi, siyasi əlaqələr,
həmçinin xalqlar arasındakı səmimi dostluq birləşdirir.
Gürcü xalqı hər zaman Azərbaycan
xalqını hər mövzuda dəstəkləyib.
- Bəs onlar bizim mədəniyyətimizlə
bağlı nə qədər məlumatlıdırlar?
- Bu
istiqamətdə ən böyük iş bizim üzərimizə
düşür. Biz deyəndə, burada fəaliyyət
göstərən azərbaycanlıların rəhbərlik
etdiyi qeyri-hökumət təşkilatlarını və
ictimai xadimləri nəzərdə tuturam. Biz çalışırıq ki, hər
bayramımızda, tarixi əhəmiyyətli günlərimizdə
gürcü xalqının nümayəndələrini tədbirlərə
dəvət edək, onlara mədəniyyətimiz haqqında ətraflı
məlumat verək. Onlar da böyük
maraqla tədbirlərimizdə iştirak edirlər. Misal
üçün, Novruz bayramı Marneulidə dövlət səviyyəsində
qeyd olunur, ümumxalq gəzintisi, konsert proqramları, Azərbaycan
mədəniyyətindən ibarət guşələr,
göstərilər təşkil olunur ki, bu tədbirə
ölkənin prezidenti, baş naziri və ən nüfuzlu
adamları təşrif buyurur. Eyni zamanda, Gürcüstanda
olan xarici ölkələrin diplomatik nümayəndələri,
turistlər gəlirlər və bizim mədəniyyətlə
tanış olurlar. Bu da
ölkə rəhbərliyinin bizim millətə olan
qayğı və diqqətindən irəli gəlir. Daha bir nüansa diqqətinizi çəkmək istəyirəm
ki, Azərbaycanın Gürcüstandakı səfirliyi son
zamanlar bu istiqamətdə yeni strategiya quraraq çox
uğurlu işlər həyata keçirir. Azərbaycan mədəniyyətinə və tarixinə
aid silsilə tədbirlər təşkil edən səfirlik
gürcü elitasını, ziyalılarını və alimlərini
bu tədbirlərə dəvət edərək Azərbaycan
haqqında çox dolğun məlumatlar verir. Cənab səfir Dursun Həsənov isə şəxsən
hər bir qonağı məlumatlandırır. Bu çox önəmlidir, mən dəfələrlə
gürcülərin bu tədbirlərdən necə
böyük təəssüratlarla
qayıtdığını görmüşəm.
-
Gürcüstanda azərbaycanlı gənclərin səsi
eşidilir?
-
Gürcüstanda yaşayan azərbaycanlı gənclər
günü-gündən irəliyə, inkişafa doğru
gedir. Çox sevindirici haldır ki, bu gün Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların
sayı 3000-dən çoxdur. Onların içərisində
prezident təqaüdü alanlar, dövlətin
ayırdığı qrantlardan yararlananlar, ən yüksək
nəticələrlə, təhsilini qırmızı
diplomlarla tamamlayanlar var. Bu bizim başlıca uğurumuzdur.
Bu gün gənclərimizin əksəriyyəti
gürcü dilini mükəmməl bilir. Avropaya
açılan qapılar isə bizim gənclər
üçün yeni məqsədlər və imkanlar
yaratdı. Bu gün Gürcüstan
parlamentində təmsil olunan 4 azərbaycanlı deputatdan ikisi
gəncdir, gənclərimiz nazirliklərdə, yerli
özünüidarəetmə orqanlarında, dövlət və
qeyri-dövlət strukturlarında təmsil olunurlar. Təbii ki, işsizlik problemləri bizdə
mövcuddur, özü də ciddi şəkildə. Lakin bu istiqamətdə işlər gedir və
düşünürəm ki, səsimiz daha da ucalardan gələcək.
Çünki savadlı səslər bizim
qürurlanacağımız səslərdir. Hər bir uğurlu gənc bizim
başucalığımız, millətin və vətənin
gələcəyidir. Mən Gürcüstanın
uğurlu gələcəyinin sağlam ruhlu gənclərin əlində
olacağına əminəm!
- Bildiyimiz qədər, Gürcüstanda kifayət qədər ermənilər yaşayır. Mənfur düşmənlərimiz yaşadıqları hər bir ərazidə öz əsassız iddialarını qaldırırlar. Belə olan halda, onlarla necə mübarizə aparırsınız?
- Təəssüflər olsun ki, erməni yalanları bütün dünyada olduğu kimi, bizim ölkədə də ayaq alıb yeriməyə çalışır. Lakin son on il ərzində ölkədə güclənən QHT sektoru, azərbaycanlıların təşkilatlanması buna izn vermir. Misal üçün, bir hadisəni nəzərinizə çatdırım ki, bir neçə il bundan öncə onlar Tbilisinin mərkəzində "Şuşanın azadlığı” adı altında böyük tədbir keçirməyi planlaşdırırdılar. Biz bunu duyar-duymaz, öz etirazımızı bildirdik. Birləşərək bir çox yerlərə etiraz məktublarımızı ünvanladıq və bu tədbirin qarşısı alındı. Gürcüstanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində müəyyən dərəcədə uğurlar əldə etmişik, lakin kifayət etməyəcək dərəcəsindədir. Düşünürəm, birlikdə işləmək lazımdır. Bilirsiniz, istənilən yalanın, provokasiyanın qarşısını almaq üçün birliyə, milli ruha və ədalətli mövqeyə ehtiyac var. Milli məsələ üçün birləşə bilməyən millət nümayəndələri heç bir vətənpərvərlikdən, xalqsevərlikdən danışa bilməz. Milli məsələləri öz mənfəəti uğrunda istifadə edənlərin isə cəmiyyətdə yeri yoxdur, deyə düşünürəm. Ona görə də birlik olan yerdə güc də olar və heç bir yalan ayaq tutub yürüməz.
Xəyalə Rəis
Kaspi.-2017.-14 aprel.-S.11.