Az ödəyərək çox kitab
oxumağın yolu
Seymur Tağıyev: “Kitabxana
elə bir yer
olmalıdır ki, insan
özü ora getməyə
can atsın”
"Cəmi 25 manat abunə haqqı ödəyib 6 ay istədiyin sayda kitab götürüb oxuyursan. Özü də yalnız kitabxanada deyil, evdə də oxumaq imkanın var. Yatsaydım, yuxuma da girməzdi ki, nə vaxtsa belə bir şansım olar”. Bu sözləri bizimlə söhbətində "BOOKZONE” kitab evinin oxucusu Kəmalə bildirdi. Kəmalə deyir ki, qardaşı ilə birlikdə bu kitab evinin üzvüdür. Elə olur ki, 3 günə bir kitabı oxuyub qurtarır və yenisini götürür: "Aya 6-7 kitabı oxuyub qurtarıram. Kitabların da hərəsinin qiymətinin təxminən 10-15 manat olduğunu nəzərə alsaq, bu, aya 60-100 manat edir. Bir tələbənin ayda kitaba 60-100 manat pul verməsi mümkünsüzdür. Buna görə də "BOOKZONE”un yaratdığı bu şansdan yararlanmağa çalışıram”.
İdeyanı
gerçəkləşdirməyəndə, boş
xəyal olur…
"BOOKZONE” kitab evinin sorağını eşidib biz də yolumuzu buradan saldıq. 28 May küçəsində 23 saylı orta məktəbin yaxınlığında yerləşən kitab evinə daxil olanda qeyri-adi abı-hava, kitablardan gələn doğmalıq mehi içimizi isitdi. Kimisi stol arxasında, kimisi rahat kresloda oturaraq çay içə-içə kitab oxuyur, başqa birisi isə evində oxumaq üçün kitab seçirdi…
Bu mənzərənin fonunda biz də "BOOKZONE” kitab evinin rəhbəri Seymur Tağıyevlə həmsöhbət olduq. Qeyd edək ki, Seymur şirkətlərdən birində mühəndis işləyir.
Məlum oldu ki, Seymuru bu ideyanı gerçəkləşdirməyə vadar edən pul qazanmaq deyil, uşaqlıq illərindən qalan kitab sevgisi olub: "Evimizdə böyük bir kitabxana var idi. Hər ay kitab alırdıq. Birdən fikrimə belə bir ideya gəldi ki, necə etmək olar ki, insanlar az pul ödəyərək çox oxuya bilsinlər. Əgər beynimizə ideya gələndə onu gerçəkləşdirmək üçün addım atmırıqsa, o, boş xəyal olaraq qalır. Mən də düşündüm ki, addım atmaq lazımdır. Düzdür, dostlarım bunu artıq xərc kimi gördülər. Amma fikrimdə qəti idim. Keçən ilin sentyabrında işə başladım və dekabrda artıq "BOOKZONE”un açılışını etdik”.
Kitabxanaya üzvsünüzsə…
Digər kitab evlərindən fərqli olaraq, burada yalnız kitab satışı və sifarişi həyata keçirilmir: "Kitab evinin əsas qayəsi budur ki, insanlar az ödəyərək çox kitab oxusunlar. Kitabxanamızda ümumilikdə 3 mindən çox kitab var. Bunlardan 820-si kitabxanamızın üzvlərinin evə aparıb oxuması üçündür. Bu kitablar bestseller və klassik əsərlərdir. Oxucuların sayı artdıqca, kitabların da sayını artırırıq. Kitabxanamızın bu xidmətindən yararlanmaq istəyən oxucularımıza onların ad və soyadlarının yer aldığı üzvlük kartı veririk. Bir illik üzvlük kartı 40 manat, 6 aylıq 25 manat, 3 aylıq 18 manatdır. Belə deyək, 40 manat 3 kitabın puludur. Amma oxucu bizə 40 manat ödəməklə bir il ərzində istədiyi kitabı götürüb oxumaq və 14 gün ərzində qaytarmaq imkanı qazanır. Ailə paketimiz də var. Bir ailədən iki nəfər kitabxanamıza üzv olanda ailəyə yük düşməsin deyə bir nəfər üçün illik abunəni 40 deyil, 30 manat edirik. Bundan başqa, hədiyyəlik kartlarımız da var. Kimsə doğmasına, yaxınına kitab deyil, kitabxana hədiyyə etmək istəsə, bizə yaxınlaşa bilər”.
Kitabxanada həm türkcə, həm azərbaycanca, həm də rusca kitablar var: "Aprel ayında isə ingilis dilində kitablarımız gələcək. Oxucu bir dəfəyə yalnız bir kitab götürə bilər. Çünki kitablarımız çox bahadır və oxucular arasında bəzən sui-istifadə edənlər də olur. Sui-istifadə olmasın deyə, oxucunun yalnız bir kitab götürməyinə icazə veririk. Onu qaytardıqdan sonra başqa birini götürə bilər. Heç bir sənəd, heç bir girov qoyulmur. Həmçinin burada da oturub oxuya bilərlər. Kitabxanada oturub oxumaq üçün isə üzvlük kartına ehtiyac yoxdur. Ödəniş olmadan da bu şəraiti yaradırıq. Hətta istədikləri vaxt pulsuz çay, su da götürə bilərlər. Məqsədimiz budur ki, insanların kitaba olan marağı artsın”.
Qızlar daha çox oxuyur
Hazırda 200-ə yaxın abunəçinin olduğunu deyən müsahibimiz hesab edir ki, hələ oxucuların hamısına çatmayıblar: "Çünki çox az bir müddətdir ki, fəaliyyət göstəririk və işimizin daha geniş kütləyə çatdırılmasına ehtiyac var. Onu da qeyd edim ki, kitabxananı böyütmək üçün abunə pulları yeni kitabların alınmasına xərclənir. Beş ilə bir milyon kitab hədəfləmişik. Kitabın çeşidinin seçilməsi oxuculardan asılıdır. Oxucular bizə hansı kitabları oxumaq istədiklərini deyirlərsə, onları alırıq. Başqa ölkələrdəki böyük kitabxanalara qibtə edirəm. Niyə bizdə də belə kitabxanalar olmasın. Düzdür, M.F.Axundov adına Mərkəzi Kitabxanamız var. Amma oradakı mühit çox soyuqdur. Bəzi gənclər sanki ora məcburiyyətdən, hansısa tapşırığı yerinə yetirmək üçün gedirlər. Amma kitabxana belə olmamalıdır. Kitabxana elə bir yer olmalıdır ki, insan özü ora getməyə can atsın”.
Müsahibimizdən gənclərimizin daha çox hansı mövzuda olan kitabları oxuduqlarını da öyrəndik: "Hazırda daha çox özünü inkişafla bağlı əsərlər maraq doğurur. Əvvəllər klassik əsərlərin daha çox maraq doğuracağını düşünürdük, amma indi görürük ki, özünü inkişafla bağlı kitablar daha çox tələb olunur”.
S.Tağıyev oxucular arasında qızların üstünük təşkil etdiyini deyir: "Sevindirici haldır ki, xanımlar oxuyur, savadlanır. Çünki bir ananın savadlı olması sabah yetişdirəcəyi uşağın savadlı olması deməkdir. Oxucularımız arasında oğlanların sayının azlıq təşkil etməsinə isə təəssüf edirəm. Xanımlar psixoloji, fəlsəfi yönümlü kitablara daha çox üstünlük verirlər. Aleksandra Kaveliusun "Leyla” kitabı daha çox oxunan kitablar arasındadır. Klassiklərdən isə "Ovod”, "Anna Karenina”ya tələbat böyükdür. Qızların əksəriyyəti daha çox romantik əsərlərə, oğlanlar isə özünü inkişafla bağlı kitablara üstünlük verirlər”.
Oxucularla yazıçılar, şairlər görüşdürülür
Onu da deyək ki, kitabxanaya abunə olanlar şəxsi kitabxanaları üçün kitab almaq istəyəndə onlara 10 faiz endirim edilir. Müsahibimizin sözlərinə görə, hazırda bəzi nəşriyyatlarla danışıqlar gedir ki, bu endirim 15 faiz olsun.
Kitab satışı və abunəsindən başqa, S.Tağıyev oxucularla yazıçıların, şairlərin görüşlərini təşkil etdiklərini də bildirdi: "İndi müğənnilər fanatları ilə görüş keçirir, amma şair və yazıçılarımızla görüşlər olmur. Sanki bu adamlar yoxdurlar. Biz bu boşluğu da doldurmağa çalışırıq. Ən son görüşümüz keçən həftə Musa Yaqubla baş tutdu. Onun dilindən şeirlərini eşitmək, onunla olan söhbət adama böyük zövq verirdi”.
Oxucular nə deyir?
Seymur Tağıyevlə söhbətimiz zamanı kitablar arasında var-gəl edərək zövqünə uyğun kitab axtaran oxuculardan biri ilə həmsöhbət olduq. Fəlsəfi-psixoloji roman axtardığını deyən Əfsanə Əlibəyova kitabxana haqqında rəfiqəsindən eşitdiyini bildirdi: "O da sosial şəbəkədə görmüşdü. Əvvəlcə tanışlıq üçün bura gəldik ki, görək, hansı kitablar var, necə bir yerdir. Elə ilk dəfədən kitabxanadakı isti ortam xoşumuza gəldi. Abunə yazıldıq. Maddi baxımdan hər kitabı almağa gücüm çatmadığı üçün buradakı kitablardan geninə-boluna yararlanıram”.
Hər həftə buraya baş çəkən Vüsal düşünür ki, gənclərin kitaba, oxumağa marağını artırmaq üçün bundan gözəl vasitə ola bilməzdi: "İndiyə qədər mənə lazım olan bütün kitabları buradan tapmışam. Məncə, kitabsevər gənclərimiz onlar üçün yaradılan bu şəraitdən istifadə etməlidirlər. Mən illik abunə olmuşam və bacardığım qədər yeni nəşrlərlə tanış olmağı xoşlayıram”.
Mehranə də iki aydır
"BOOKZONE”un oxucusudur. Onun fikrincə, kitab oxumaqla xoşbəxtliyin yolunu açmaq mümkündür: "Xoşbəxtlik
daxili dincliyin təmin edilməsidir. İstədiyiniz hər şeyə sahib olsanız
belə, iç dünyanızda doldurulmayacaq
boşluqlar varsa, bütün dünya önünüzə sərilsə
belə, yenə xoşbəxt ola
bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyin yolunu tapmağın yollarından biri də oxumaqdır. Oxumaq inkişafa açılan qapıdır. Bu qapını kitabsevərlərin
üzünə açan
"BOOKZONE” kitab evini
yaradanlara, burada işləyənlərə təşəkkür
edirəm. 40 manatın müqabilində
bir il ərzində
istədiyin sayda kitab oxumağın zövqü başqadır”.
Lalə MUSAQIZI
Günel AZADƏ
Kaspi.-2017.-14 aprel.-S.10.