Bektaşilərin tanınmış
nümayəndəsi
Onun adı Naxçıvan tarixinə
“nazir Məmməd müəllim” kimi düşüb
Bir ölkənin, bir ərazinin nə qədər qədim, nə qədər sivilizasiyalı olduğunu onun üstündə yaşamış, abidələr qoymuş, yazıb-yaratmış insanları ilə müəyyənləşdirmək, qiymət vermək, mədəniyyətini və tarixini öyrənmək olar. Azərbaycan ta qədimdən incəsənət və memarlar, şairlər və alimlər yurdudur. Müxtəlif bölgələrin hər birinin sənətkarlığı, özünəməxsus adət və ənənələri, görkəmli nəsilləri onun keçmişinin zənginliyindən xəbər verir. Naxçıvan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, strateji cəhətdən dayağı, qalası və Şərqə açılan qapısıdır. Bura ikinci həyatın başlanğıcı, Nuhun yurdudur. Qılıncı və qələmi ilə xidmət göstərmiş Atabəylər, Naxçıvanskilər, Kəngərlilər, Seyidlilər, Bektaşilər kimi məşhur tayfaların yurdudur. Mən burada tanınmış nəsillərdən birini, Bektaşiləri xatırlatmaq, o cümlədən XX əsrin ortalarında Azərbaycan, eyni zamanda Naxçıvan Xalq Maarifində iz buraxan, bu ilin mart ayında 100 illiyini qeyd etdiyimiz Məmməd Cabbar oğlu Bektaşidən söz açmaq istəyirəm. Müsahibim onun qızı, pedaqoq Etimad xanım Bektaşidir.
- Siz
Naxçıvanın tanınmış soyadlı ailələrindən
birinin nümayəndəsisiniz. Bektaşilər dedikdə,
yada elm, maarif, sufizm düşür. Bektaşilər kimdir,
kökü haradan gəlir?
- Araşdırmalara və yaşlıların zaman-zaman söylədiklərinə görə, bu nəsil tarixə "əlinə, dilinə, belinə sahib ol” devizi ilə düşmüş, "sevgi”, "məhəbbət” deyən, həqiqət və ədalət yolçusu, türk kimliyi ilə islam inancını təlimində birləşdirə bilmiş, hər zaman elm yolu ilə gedilməsini tövsiyə etmiş mütəfəkkir Hacı Bektaş Vəlinin soy kökünə dayanır. Onun atası Xorasan hökmdarı, anası nişapurlu bir alimin qızı olub. Yəqin buna görədir ki bu nəsil ta əvvəldən bu günə qədər elm dalınca gedib, hər zaman yüksək təhsil alıb. Çünki Bektaşi əxlaqında elm öndə gəlir. Bu insanlar eyni zamanda nəsillərinin onlara ötürdüyü fəlsəfəni, sufizmi həyat tərzi kimi mənimsəmişlər. Bektaşilərə görə, ən önəmli prinsip insan olmaq, hər dövrdə, hər şəraitdə daxili və xarici təmizliyi qoruyub saxlamaqdır. Onların bir devizi də belə idi: "Biz olduğumuz kimiyik, elə də qalacağıq”. Öyrənmək və öyrətmək, əxlaqlı olmaq, çalışmaq, ünsiyyət və həlimlik onların xarakterik xüsusiyyətləri olmuşdur. Bütün bunları göz açandan hava kimi udurduq. Elə bil başqa cürə ola da bilməzdi. Atam hər zaman tövsiyələrində atasından, babasından nələri isə bizə ötürürdü. Əsas da insan olmaq və oxumaq, insan olmaq üçün oxumaq ana xətti təşkil edir. Məsələn, mənim babam Mirzə Cabbar Bektaşi Nəcəfül-Əşrəfdə hüquq təhsili alıb. Onun atası Nəsir bəy hüquqçu olub, dövlət idarələrində işləyib, vəkillik edib, rusca təhsili var idi. Eşitdiyimə görə, ən müşkül işlərdə sadə insanlar ona üz tutar, o isə əlindən gələni təmənna gözləmədən edərmiş. Bu nəslin xarakterik xüsusiyyətlərindən biri də çox səxavətli olmaları idi. "Hər gələn qismətdə kimlərinsə payı vardır” deyimini çox eşitmişəm. Nəsir bəy oğullarının hamısına ali təhsil vermək üçün əlindən gələn hər cür dəstəyi vermiş, onları müxtəlif mərkəzlərdə oxutmuşdur. Hətta qızı belə aqronom təhsili almışdır. Naxçıvan Respublikasının ilk komissarı Mirzə Əli Bektaşi onun oğludur. Naxçıvanda "Hümmət” təşkilatının yaradıcısı və sədri olub. Nəsir bəyin atası "Bektaş arxı” (Cananbəy kəhrizi) adı ilə tanınan suyu Naxçıvana çəkdirən Canan bəy Bektaşidır, yəni atamın ulu babasıdır. Keçən əsrdə bu nəsil görkəmli maarifçi və alimlər yetişdirmişdir. Tofiq Bektaşi, İnayət Bektaşi, Sübhi Bektaşi, Hikmət Bektaşi, Fikrət Bektaşi, Məmməd Bektaşi, Rüfət Hüseynzadə və başqaları. Onların övladları da bu yolla getmişlər. Bunların içində Mirzə Əlinin oğlu Rauf bəyin adını çəkməyə bilmərəm. O, bir insanlıq nümunəsi idi. Atamın ən yaxın dostu, sirdaşı idi.
- Atanızdan söz düşmüşkən, əsrin böyük bir hissəsində Naxçıvan Xalq Maarifi onun adı ilə bağlı olub. Belə ki o, Naxçıvan Pedaqoji Texnikumunu (1934) və Azərbaycan Pedaqoji İnstitutun (1940) fərqlənmə diplomu ilə bitirmişdir. 1946-1960-ci illər arasında orta məktəblərdə ədəbiyyat müəllimi, dərs hissə müdiri, Naxçıvan MR Maarif Nazirliyi sistemində inspektor işləmişdir. Sonra 13 il 1962-1974-cü illər arasında nazir müavini, Naxçıvan MR maarif naziri işləmişdir. 1961-1963- cü illərdə "Şərq Qapısı” qəzetinin redaktoru da olmuşdur. 1974-1985-ci illərdə Maarif Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur. 1985-ci ildən fərdi təqaüdçü idi. Orden və medallarla təltif olunmuşdur. Bir də sizdən eşidək bu önəmli şəxsiyyət barədə.
- M. Bektaşi 1917-ci ildə Naxçıvan
şəhərində anadan olmuşdur. Onun anası da zadəgan bir
nəslin qızı idi. Seyid Hüseyn qızı adı ilə
tanınmış, sinə-dəftər, zəngin xəyallı
bir qadın olmuşdur. O da atamın yaxşı təhsili
üçün az əziyyət çəkməyib.
Atam 10 illik orta məktəbi 9 ilə
qızıl medalla bitirib. Sonra təhsilini
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində
davam etdirib. Buranı da fərqlənmə
diplomu ilə tamamlayıb. İnstitutda
qalmaq təkliflərinə baxmayaraq, Naxçıvana
dönüb və pedaqoji fəaliyyətə başlayıb.
Bir haşiyə çıxım, Bektaşilərin
əksəriyyəti belə oxuyublar. Elə
əmim Yusif də orta məktəbi qızıl medalla, Azərbaycan
Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə
bitirmişdir. Təyinatla Sibirin müxtəlif
yerlərində dağ-mədən sahəsində
çalışmış, müəyyən vəzifələr
daşımışdır. Atam yenicə
pedaqoji fəaliyyətə başladığı dövrdə
1941-1945- ci illər müharibəsi başlayır. Qələm silahla əvəz olunur. Döyüş yolu Vladivostokdan başlayıb Berlində
bitir. O burada topçu, zabit və siyasi rəhbər
olub. Orden və medallara layiq görünüb.
M. İbrahimovun "Sarı Sim” əsərində
atamın döyüş illərindən xatirələr var.
Atam hər şeydən əvvəl, gözəl ədəbiyyatçı
idi. H.Cavid, Ə. Hüseynzadə, Nəsimi,
Füzuli aşiqi idi. Tələbələri
sinifdə onlardan şeirlər deyib necə kövrəldiyini
xatırlayırdılar. Ancaq jurnalistlik də
ondan yan keçməmişdir. Belə ki,
qeyd etdiyiniz kimi "Şərq Qapısı” qəzetinin
redaktoru da olmuşdur. Bir məsələni
də qeyd edim ki, bu qəzetin bir redaktoru da əmisi oğlu
Kamil Bektaşi olub. O, Azərbaycanın
tanınmış jurnalistlərindən idi. Uzun
illər "Sovet Kəndi” jurnalında məsul katib kimi
çalışmışdır. Bununla bərabər,
atamın ikinci və ömürlük ixtisası pedaqogika və
psixologiya olmuşdur. Müəllimlər
İnstitutunda bu fəndən dərs demiş, həmin
kafedranın müdiri də olmuşdur. Bəlkə
də bütün bunlar və nəsildən gələn ruhu
onu bütövləşdirib ortaya görkəmli bir maarif
xadimi çıxarmışdır. Bu ailə
repressiya illərinin ağırlığını da
yaşamışdır. Bu, atamın fəaliyyətinə
bir növ sədd çəkirdi,
sıxışdırılırdı, haradasa daha çox
yararlı olacağı işlərini əngəlləyirdi.
Amma o, alicənab və cəsarətli idi.
Həyata fərqli, sufi baxışı
var idi. Bir məsələdən, bir işdən narazı
qalanda bircə sözlə ifadə edərdi: "İnsan
olun, insan!” M. Bektaşi maarifə ömrünün
böyük bir hissəsini həsr etmişdir. Yuxarıda
qeyd etdiklərinizə əlavə olaraq deyim ki, o dövrdə
bir neçə çağırış Naxçıvan
Muxtar Respublikasının deputatı, Bilik Cəmiyyətinin sədri
də olmuşdur. Ancaq harada işlədiyindən
asılı olmayaraq, orda öz sözünü deyib, öz
izini qoyub, hörmət və ehtiramla anılıb. "Şərəf nişanı” ordeni "Maarif
Xadimi” nişanı ilə və bir sıra orden və
medallarla təltif olunub. Azərbaycanın əməkdar
müəllimi idi. Hamımızın ən
çox önəm verdiyi adı elə bu idi. Çünki orada müəllim sözü var idi.
Bir sözlə, XX əsrin 40-cı illərindən
başlayaraq 50 il maarifçilik onun ana xətti
olub.
-
Eşitdiyimə görə, uzun illər Naxçıvan Xalq
Maarifinə başçılıq etmiş və bu günədək
xidmətləri unudulmayan M. Bektaşini "Nazir Məmməd
müəllim” deyə çağırırmışlar. O
dövrə aid təəssüratınız?
-
Özüm də bilmirəm niyə, amma belə
adlandırırdılar. Biz də
alışmışdıq. İndi də
yaşlılar o adla xatırlayırlar. Atam
ömrünün 50 ilini maarifə həsr etmişdir. Sonda da Naxçıvan Müəllimləri Təkmilləşdirmə
İnstitutunun direktoru olub. Bu, onun son iş yeri idi. Orda uzun müddət işlədi. Mühazirələr oxudu, məqalələr
yazdı. Amma adı Naxçıvan tarixinə
"Nazir Məmməd müəllim” kimi düşdü.
Ümumiyyətlə, Azərbaycanda Xalq Təhsili
Naziri akademik M. Mehdizadə, Naxçıvanda isə M. Bektaşi
adi hər zaman qoşa çəkilirdi. Onlar
o dövrün püxtələşən, formalaşan xalq təhsilinin
maarif xadimləri idilər.
- Nazir kimi necə
xatırlayırsınız?
- Gərgin
illər idi. Yeni məktəblər
açılmalı, təhsildə yeni islahatlar
aparılmalı idi. Stalindən sonra
çox şey dəyişirdi, siyasi kurs yenilənirdi. Maarif sistemi çox məsuliyyətli sahədir,
xüsusilə keçid dövrlərində. Rəhbərlər dəyişirdi, elə işləməlisən
ki, xalqına, onun maarifinə zərbə dəyməsin.
Gündə bir qanun çıxırdı.
O zamanlar bir çox sahədə olduğu kimi Maarif Nazirliyi də
birbaşa Moskvaya tabe idi. "Yumşalma” illəri insanlara,
xüsusi ilə müəllimlərə imkan verdi
ki, bir az nəfəs alsınlar. Kəndlərin
vəziyyəti ağır idi. Demək
olar ki, nəqliyyat yox idi. Savadsızlıq aradan qalxmalı, qızlar kütləvi
oxudulmalı, müəllim kadrları düzgün yerləşdirilməli,
təhsilin keyfiyyəti yüksəldilməli idi. Məktəb tikililəri vüsət
almışdı, atam bunları plana salmaq və həyata
keçirmək üçün durmadan
çalışırdı. Məktəbdənkənar
uşaq müəssisələri açılır,
onların fəaliyyətinə xüsusi diqqət verilirdi.
Ora yüksək səviyyəli kadrlar yerləşdirilirdi.
"Məktəblilər Evi”ndə şəhərin
bəlkə də bütün uşaqları müxtəlif dərnəklərdə
iştirak edirdilər. "Əlvan
Çiçəklər” ansamblının şöhrəti
hər yeri dolaşırdı. Zaman-zaman
başı ermənilərdən çox çəkmiş
Azərbaycan xalqı Sovet imperiyasının siyasətinə
uyğunlaşmağa məcbur olsa da, ayıq adamlar müəyyən
fürsətlərlə müqavimət göstərirdilər.
Hər zaman mənfur erməniləri bizim
içimizə soxmaq, torpaqlarımıza zorla yerləşdirmək
siyasətini həyata keçirən Sovet hakimiyyətinin xain
planlarından biri erməni məktəbləri idi. Kəndlərdə 3-5 şagirddən ötrü erməni
sinifləri saxlayırdılar. Atam
üsulluca, kadr yoxluğu və müxtəlif maddi bəhanələrlə
bunları ləğv etməyə
çalışırdı. Azuşaqlı siniflərin
kompleks siniflərə çevrilməsinə və Azərbaycan
dilində təhsilə nail olurdu. Düzdür, bunlardan
ötrü başı çox ağrıyırdı, amma məqsədinə
çatırdı. Çox şey demək
olar, amma onu bilirəm ki, estafeti əlində möhkəm
tutmuşdu. Prinsipiallığı,
nüfuzu onu qoruyub saxlayırdı. Eyni
zamanda, onu sevirdilər, ehtiram göstərirdilər. Millət vəkili kimi də, nazir kimi də heç
zaman qapısına gələn heç kəsi geriyə
boş qaytarmayıb. Mir Cəlalın
"Ləyaqət” hekayəsində o dövrün Məmməd
müəllimini görə bilərsiniz.
- O zaman xaricə çıxmaq
çətin idi. Sizin atanız isə Hindistanda,
Kubada Xalq Təhsili üzrə pedaqoji mühazirələr
oxuyub. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, bu səfərlər "Bilik” Cəmiyyətinin xətti üzrə idi. Bundan başqa, SSRİ məkanında da bu cür dəvətlər alırdı. Qurultaylara, konfranslara nümayəndə seçilirdi, çıxışları həmişə cəsarətli olurdu və alqışlarla qarşılanırdı. Xalq da, dövlət də əməyin qiymətini verib. Xalqdan ehtiram, dövlətdən orden və medallar, fəxri fərmanlar qazanıb.
- Ailədə
necə idi, bir ata kimi necə xatırlayırsınız?
-
Kübar, alicənab, əhatəsində kitab, qəzet,
jurnallar. Mehriban, həssas, sənin nə deyəcəyini
dərhal tutan və anlayış göstərən bir ata.
Yaxşı dostları var idi. Onlar bizi də sevərdilər. Ümumiyyətlə,
o zaman şəhərdə yaşayan yerli ailələr
bir-birinə çox yaxın idi. Hətta mən
uşaqlıqda kimin qohum, kimin dost olduğunu bilmirdim. Təhmasiblər,
Kəngərlilər, Seyidlilər, Bektaşilər və digər
soylu tayfalar həm dost, həm də qohum imişlər.
Qədirzadə
İnci
"Naxçıvan”
Universitetinin əməkdaşı
Kaspi.-2017.-18 aprel.-S.15.