Bakının musiqi tarixinin ilk tədqiqatçısı

 

Onun özü ilə tanış olmazdan əvvəl bir kitabının oxucusu oldum. "Bakının musiqi həyatı (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri)” adlı fundamental əsəri diqqətimi cəlb etdi. Azərbaycan musiqi tarixini öyrənmək baxımından əvəzsiz mənbə olan bu əsər çox zəngin, ciddi arxiv materialları ilə əhatə edilib Bakının yüz illik musiqi ifaçılığı tarixinə həsr edilib. Sənətşünaslıq doktoru Ramiz Zöhrabovun təbirincə desək, əsəri mübaliğəsiz, musiqi tarixi ilə bağlı ensiklopedik nəşr adlandırmaq olar. Bütün problemlərə, qaldırdığı məsələlərə səriştəli, peşəkar münasibət bildirən müəllif  əsərində Bakının musiqi həyatının inkişafını canlı bir orqanizm kimi oxucusunun gözləri qarşısında əks etdirə bilib. Odur ki, əksər tədqiqatçı alimlərin fikrincə, bu əsər zənginliyi, kamilliyi, əhatəliliyi, ensiklopedik xarakteri ilə diqqət çəkir. O, burada təkcə sənətşünas, musiqişünas yox, həm öz işinin öhdəsindən uğurla gələn tarixçi-etnoqraf, teatrşünas təsirini bağışlayır. Tədqiqatçıdan böyük cəsarət məsuliyyət tələb edilən əsərin hər cümləsində milli musiqimizə, onun tarixinə olan tükənməz marağı, sevgisi hiss olunur.   

 

O gündən 57 il keçir...

 

Görkəmli tədqiqatçı alim, mühacirşünas, filologiya elmləri doktoru Abid Tahirli haqlı olaraq qeyd edir: "...bu əsər digər sahə tədqiqatçıları üçün gözəl nümunə, yaxşı örnəkdir. Odur ki, əsərdə müraciət olunan dövrdə Bakının musiqi həyatı ilə bağlı, demək olar ki, heç bir qaranlıq, gizli məqam qalmamışdır”.     

 

Bakının musiqi həyatını əks etdirən bu uğurlu salnamənin müəllifi təcrübəli, istedadlı musiqişünas alim, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, "Əməkdar müəllimMinirə Dilbazidir. Minirə xanımla Bakı Musiqi Akademiyasında, rəhbərlik etdiyi ümumi fortepiano kafedrasında görüşdük. Böyük Dilbazilər nəslinin davamçısı olan Minirə xanım əsl Azərbaycan xanımına xas ədəb-ərkanı, xanım-xatınlığı ilə ilk andan məni heyran etdi. Doğru deyiblər ki, ot kök üstə bitər. Xalq şairi M.Dilbazi yazırdı: "17, 18 19-cu yüzilliklərin axırına qədər nəslimizi ziyalı-mülkədar nəsli təmsil etmişdi”. Sonralar sovetlər qədər assalar da, kəssələr  Dilbazilərin əsilzadəliklərini əlindən ala bilmədi. Tarix sübut etdi ki, zadəganlıq, əsl-nəcabət, kübarlıq var-dövlətlə yox, kök-soyla, əxlaqi-mənəvi dəyərlərlə, görüb-götürməklə bağlıdır. Çox təəssüflər ki, bu gün bəziləri bunu bahalı daş-qaşlara, libaslara bürünməkdə görürlər. Minirə Xulusi qızı Dilbazi dünyaya gələndə Azərbaycan qan içində can verirdi. 1937-ci ilin aprelində Bakıda dünyaya göz açdı Minirə xanım. Yaşıdları kimi vaxtı çatanda məktəbə getdi, yazmağı-oxumağı öyrəndi. Amma yaşıdlarından fərqli olaraq, bütün günü öz musiqi dünyasında olardı. Bu istək onu 1952-ci ildə Gəncə şəhər musiqi texnikumunun fortepiano şöbəsinə gətirdi. 1955-ci ildə buranı fərqlənmə diplomu ilə bitirən Minirə xanım elə həmin il dahi Üzeyir bəyin adını daşıyan, ruhunu yaşadan Azərbaycan Dövlət Konservatoriyasının  (indiki BMA) fortepiano fakültəsinə daxil olur. Minirə xanım 1960-cı ildə fakültəni bitirərkən müəllimlərinin təklifi qayğısı ilə Konservatoriyada qalır. O gündən 57 il keçir...

 

Özündən əvvəl uğurunun sədası gəldi Azərbaycana

 

1982-ci il Minirə xanımın həyatında çox uğurlu düşərli oldu. O, Moskva da sənətşünaslıq doktoru, professor. A.İ.Dmitriyevin rəhbərliyi ilə Ümumittifaq Sənətşünaslıq üzrə Elmi-Tədqiqat İnstitutunda "Bakının musiqi həyatı” (XIX əsrin II yarsı, XX əsrin əvvəlləri) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, sənətşünaslıq namizədi adına layiq görülür. Minirə xanımın səlis, aydın, tutarlı faktlara əsaslanan çıxışı yalnız Elmi Şura üzvlərinin deyil, çoxlarının heyrətinə səbəb olur. Bu uğura sevinənlər , sevinməyənlər (Şura üzvləri arasında ermənilər olub) Azərbaycanda milli musiqi mədəniyyətinin çox zəngin qədim tarixinin olmasını bir daha dərk edirlər. Bu mədəniyyət möhkəm bir bünövrə üzərində qurulmuş Avropa musiqi mədəniyyətinin qarşılıqlı təsiri ilə inkişaf etmişdir. O, çıxışında xalq musiqisinin nəzəri problemlərindən, Bakıda ilk musiqi məktəblərindən, 1901-ci ildə A.İ.Yermolayevin təşəbbüsü ilə yaradılmış Rus Musiqi Cəmiyyətinin Bakı şöbəsindən, ilk xalq xorundan tutmuş, Peterburqun estrada tarixinədək olan məsələlərdən bəhs edərkən, bir daha Şura üzvlərini heyrətləndirə bilir. Minirə xanımdan əvvəl uğurunun sədası gəldi Azərbaycana. Gənc alim, istedadlı pianoçu, bacarıqlı tədqiqatçı bildiklərini tələbələrinə öyrətməyə tələsdi ilk gündən gənc pedaqoq özünəməxsus dəst-xətti, üsulu, metodikası ilə fərqləndi. Xalq artisti, bəstəkar Tofiq Quliyev demişdi: "Minirə xanım, səsi-sorağı dünyanın möhtəşəm konsert salonlarından, musiqi ocaqlarından eşidilən musiqi kadrlarını yetişdirdi”. Təbii, hər bir bacarıqlı, təcrübəli pedaqoqun öz öyrətmə metodu var. M.Dilbazinin bacarıqlı pedaqoq kimi üstün keyfiyyətlərindən biri odur ki, o, auditoriyaya, əgər belə demək mümkündürsə, öz məhsulu ilə daxil olur. İki monoqrafiyanın, dərs vəsaitinin, ali orta ixtisas musiqi məktəbləri üçün tədris proqramlarının, bir çox elmi-metodiki məqalə, metodik vəsait tövsiyələrin müəllifi olan pedaqoq, nəzəriyyə ilə təcrübəni vəhdət şəklində əks etdirə bilir. Amma bu o demək deyil ki, Minirə xanım tədris prosesində klassik irsdən bəhrələnmir. Qətiyyən belə deyil. O, hər dərs dahi Üzeyir bəyin dünya klassiklərinin nəzəriyyələrinə, tövsiyələrinə müraciət edir, onlardan öyrənə-öyrənə, milli xüsusiyyətləri nəzərə almaqla fikirlərini, mülahizələrini tətbiq edir.

 

Yaratmaq-yaşamaq sevgisini duydum

 

Musiqişünas alimlərin əksəriyyətinin fikrincə, Minirə xanım fortepianonun tədrisi metodikasına öz möhürünü vurub. O, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərini tar ilə fortepiano üçün işləmişdir. Fortepianonun öyrədilməsinin bütün mərhələləri üçün proqramlar tərtib etmiş, ümumi fortepiano kursu üzrə müntəxəbat hazırlamışdır. Onu da qeyd edim ki, Minirə xanımın prosesində nəzəriyyə ilə təcrübə çox yüksək şəkildə bir-birini tamamlayır. Yüksək elmi bacarıqla, zövqlə bildiklərini tələbələrinə aşılayan Minirə xanım musiqi tariximizin maraqlı və eyni zamanda da çox qaranlıq səhifələrini müntəzəm olaraq dövrü mətbuatda işıqlandırır. Onun "Qobustan”, "Elm və həyat”, "Ulduz” və başqa mətbu orqanlarında çap edilən hər bir məqaləsi musiqi ictimaiyyətinin diqqətini cəlb edir. Dəfələrlə konfransların, qurultayların, mədəni-kütləvi tədbirlərin həm təşkilatçısı, həm də fəal iştirakçısı olan M.Dilbazi ömrünün 57 ilini Azərbaycan musiqisinin tədrisinə, təbliğinə həsr edib. Axşamlar evinə, səhərlər işinə tələsən M.Dilbazi elmi-pedaqoji fəaliyyətində fərqləndiyi kimi, təşkilatçılıq işlərində də çoxlarına nümunədir. 24 ildir ki, ümumi fortepiano kafedrasına rəhbərlik edir. Söhbət əsnasında uğurlarına görə kafedra üzvlərinə də minnətdarlığını bildirdi: "İstər böyük, istər kiçik uğurların qazanılmasında kafedramızın hər bir əməkdaşının öz payı var. Ona görə də, mən bu gün ad çəkmək istəmirəm. Əslində, biz bir ailəyik. Ailənin uğurlu olmasında hər bir üzvünün əməyi var”.

 

Minirə xanım həm də sədaqətli, qayğıkeş ömür-gün yoldaşıdır. Üç övlad böyüdüb, boya-başa çatdırıb. Bu gün sevimli, mehriban nənə kimi nəvələrinin də qayğısına qalmaqdan usanmır. Minirə xanım aramla işindən, tədqiqatlarından danışır. Onun sözlərindən, baxışlarından hələ də yaratmaq-yaşamaq sevgisini duydum. Sevimli ana, tələbkar pedaqoq, zəhmətkeş tədqiqatçı bu yolda Tanrı sizə yar olsun! 

 

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist

Kaspi.-2017.-19 aprel.-S.15.