Mələk kimi insan
O, “xalq
düşmənləri”nin
başsız qalan övladlarına əmi, dayı olub
"...Bir gün bacım
onu bizə çağırdı. Mən qapının
açar gözlüyündən
nə qədər baxdımsa da, qızın üzünü
aydın görə bilmədim. Bacım bir həftə
sonra Raziyəni yenə bizə çağırdı. Bu dəfə qapı xeyli aralı idi. Anam isə qızın
anası ilə söhbətə getmişdi.
Raziyə xanım bacımla
şirin söhbət
edərkən mən guya qızın bizdə olduğunu bilməyib, otağa girdim. Raziyə cəld ayağa
qalxdı və üzünü yaylığı
ilə örtdü.
Mən tez qapını örtüb o biri otağa çəkildim.
Bu dəfə bir-birimizi aydın görmüşdük”. Bu sözləri XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
ictimai və bədii fikir tarixinin inkişafında mühüm yer tutan şair, ictimai xadim, istedadlı pedaqoq Abdulla Şaiq "Xatirələrim”də
yazıbdır.
Fəxrlə deyəcəkdi ki,
oğlu şəhər
məktəbində "uçitel”
işləyir
Abdulla Şaiqin xatirələrindən
belə aydın olur ki, Bakıya
1901-ci ildə gəlib. İlk pənah
aparacağı yer Nəriman Nərimanovun evi olub. Şaiq anası ilə Nərimanovun yanına gedir, Bakıya gəlməyinin səbəbini
söyləyir. Nərimanov onun
fikrini bəyənir.
İllər sonra bu haqda A.Şaiq
yazırdı: "Nəriman
Nərimanov ailəsinə,
qohum-qardaşına, dost-tanışına
olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah bir insan idi.
Hələ evlənməzdən əvvəl də böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını,
iki dul bacısını
və onların uşaqlarını, qardaşı
uşaqlarını öz
himayəsi altına almışdı. O, gecə-gündüz
çalışır, çapalayır,
on iki nəfərdən
ibarət olan böyük ailəsini çətinliklə idarə
edirdi. Gəncliyin bütün zövq
və nəşəsini
yalnız onlara fəda edərək, bacısı və qardaşı uşaqlarını
oxudub bir yana çıxarmaq istəyirdi”.
N.Nərimanovun qayğısı və nəzarəti ilə imtahanlara ciddi hazırlaşan A.Şaiq
1901-ci ildə Azərbaycan
dili müəllimi diplomu əldə etmək üçün
1-ci Aleksandrinski gimnaziyasında
imtahan verərək
"əla” qiymət
alır və Bakı duması nəzdində olan maarif şöbəsi müdiriyyətinə ərizə
verir. Maarif şöbəsi onu Sultan Məcid Qənizadənin məktəbinə
müəllim təyin
edir. Bu xəbərə
A.Şaiqdən də
çox anası Mehri xanım sevinirdi. Çünki oğlunu evləndirmək
istəyirdi. Elçi gedəcəyi
ünvanı dəqiqləşdirən
Mehri xanım orada fəxrlə deyəcəkdi ki, oğlu şəhər məktəbində "uçitel”
işləyir.
A.Şaiq Bakıda anası və qardaşı Yusiflə birlikdə Kərbəlayı Mirzə
Yusifin evində kirayədə qalırdı. Digər kirayənişinlərə
nisbətən, Kərbəlayı
Mirzə Yusifin bu ailəyə, xüsusən də savadlı, böyük-kiçik
yeri bilən Abdulla Şaiqə hörmət-izzəti
vardı. Bunu
hiss edən Mehri xanım da Kərbəlayı
Mirzə Yusifin qızı Raziyəni
Abdulla üçün "gözaltı” etmişdi. Əslində Abdullanın da
Raziyadan xoşu gəlirdi. Xasiyyətlərində də çox
oxşarlıq var idi. Amma oxumuş qızla
ailə qurmaq istəyirdi. Oğlunun
niyyətini bilən ana bir gün
onu dilə tutur: "Bilirəm,
Abdulla, oxumuş qız
almaq istəyirsən,
oxumuş qızlar odur,ceyran arxasında.
O qızlar varlı oğlanlarını qoyub sənə gələrmi?
Raziyə xanımdan yaxşı
qız tapmayacaqsan.
Həm yaxşı ailədəndir,
həm də xoşxasiyyət, gözəl
qızdır. Sən "hə”
de, mən günü
sabah ona özüm elçi gedim”.
Xoş səadətini belə
tez itirməsi onu sarsıdır
Sən demə,
indiki kimi o zaman da evsiz-eşiksiz
oğlanın evlənməsi
müşkül məsələ
imiş. Amma Abdullanın tərbiyəsi,
savadı Kərbəlayi
Mirzə Yusifi onun elçilərinə
"hə” deməyə
məcbur edir. 1906-cı ilin yazında
Raziyə Abdulla gilə
gəlin köçür.
"Raziyə xanım savadsız olmasına baxmayaraq, son dərəcə tərbiyəli,
xoşəxlaq bir gəlin idi. Bütün ailəmiz ondan çox razı idi. Raziyəyə yazıb-oxumağı da öyrədirdim. Dinc və bəxtiyar bir ailə həyatı
keçirirdik. Lakin bu bəxtiyarlıq uzun sürmədi. Raziyənin qız
vaxtından xəstəliyi
var idi. Evləndikdən sonra bu xəstəlik daha da güclənməyə
başladı”.
Abdulla Raziyəni bir
müddət Bakıda
müalicə etdirsə
də, nəticəsi
olmur. A.Şaiqin xatirələrindən: "Həkimlərin
tapşırığı ilə onu Jeleznovodskiyə
apardım. Peterburqdan gəlmiş məşhur
professor Raçinskiyə göstərdim.
Professor əməliyyat
etməyi məsləhət
gördü. Mən Raziyənin
ata-anasına teleqramla
məsələni bildirdim.
Onlar qəti etiraz etdilər, qızı tez evə gətirməyimi
yazdılar. Biz təcili olaraq Bakıya qayıtdıq”.
Bakıda Raziyənin vəziyyəti
daha da ağırlaşır. Kərbəlayi Mirzə Yusif savadsız olduğu kimi, həm də çox inadkar idi. Qızının sağalacağına
dua etməklə nail olacağına inanırdı.
Abdullanın günlərlə qayınatasını dilə
tutması, yalvar-yaxar etməsi, həkimlərin
"əməliyyatı nəinki
bir gün, heç bir saat belə gecikdirmək olmaz” deməsi, axır ki, Kərbəlayi Mirzə Yusifin razılığına səbəb
oldu. Abdulla Raziyəni
Qara şəhər xəstəxanasında əməliyyat
etdirsə də, həkimin ilk sözü belə olur: "Müəllim çox gecikmisiniz”. Raziyə əməliyyatdan sonra çox az
yaşayır. 1911-ci ildə vəfat edir.
Xoş səadətini
belə tez itirməsi Abdullanı yaman sarsıdır. Dərsdən sonra gününü saatlarla Raziyənin məzar başında keçirirdi.
Eşq ilə çırpınan
könül diyarı
Məni çəkmişdi
bir məzara sarı.
Ağlayırdım, yanıqlı həsrət
ilə,
Dərdləşirdim o nazlı afət
ilə,
Söykənib bir yeni məzar daşına.
"Bəxtsiz rəfiqəmə”
adlı şeri və "Şair və qadın” sərlövhəli bir pərdəli mənzum pyesi şairin həmin illərdə çəkdiyi açıları
əks etdirir. Şair
"Bədbəxt ailə”
əsərinin ilk səhifəsində
yazırdı: "Bu kitabçadan
əldə olunan parələr mərhumənin
ehsanı olaraq, yetim, fəqir şagirdlərə sərf
olunacaq”. Gününü yazıb-oxumaqla, pedaqoji
fəaliyyətlə keçirən
şair bu faciədən sonra uzun müddət evlənmədi. Sevimli gəlininin
ölümünə ağlayıb-sızlayan
Mehri ana Abdullanın ilk bəxtinin
uğursuzluğu ilə
heç cür barışa bilmirdi.
Övladını xoşbəxt
görmək istəyilə
hər gün Tanrıya dua edən ana sonda
buna nail olur... "Anam çox
inadkar olmaqla yanaşı, həm d zəhmətkeş, şükürlü
bir qadın idi. Biz çox
məşəqqət ilə
keçindiyimiz halda belə, anam yenə həyatından məmnun idi. Hər ay maaşımı alıb anama verdiyim zaman o, saatlarla tanrısına dua edərdi. Xalqa xidmət arzusunu, ata-anaya məhəbbəti,
zəhməti, qürurlu
olmağı anam bizə öyrətdi...”
Sabah da, yüz illər sonra da Şaiqanə
yad ediləcək
1920-ci ildə Dərbənddən qaçqın düşən bir çox ailə Bakıya pənah gətirir. Onların arasında Əhməd bəy Mirzəbəyovun da ailəsi var idi. Onlar Bakıda Yuxarı Dağlıq küçəsi 21 ünvanında yerləşən üç mərtəbəli evin birinci mərtəbəsində məskunlaşırlar. 1916-cı ildə Abdulla anası və qardaşı Yusiflə bu binanın ikinci mərtəbəsinə köçmüşdür. Amma artıq kirayənişin kimi yox...
Abdulla bir necə dəfə işdən gələndə, işə gedəndə birinci mərtəbənin həyətində Əhməd bəyin qızı Şahzadə xanımı görür və onunla maraqlanır. Bu maraq keçici olmur. Abdulla anasının razılığı ilə Şahzadə xanımla ailə qurur. Bu dəfə Tanrı ona xoşbəxt bir ailəyə sahib olmağı nəsib edir. Oğlu Kamalın (Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi Kamal Talıbzadə) və nəvələri Ülkərin, Şaiqin dünyaya gəlişi ona ömrü boyu unuda bilməyəcəyi bir xoşbəxtlik bəxş edir. Ailədə olduğu kimi yaradıcılıqda, ictimai həyatda da bəxti gətirən Abdullanı 37-ci ilin faciəli günləri də dəyişmir. Onu tanıyanlar, onunla ünsiyyətdə olanlar mələyə bənzədilən bu insanın sadəliyinə, xoşxasiyyətinə, saflığına heyran qalır. Doğma əminin, dayının cürət edib halını sora bilmədiyi "xalq düşmənləri”nin başsız qalan övladlarına əmi, dayı olur (Hüseyn Cavidin qızı Turan Cavidlə olan müsahibələrimdə bu haqda geniş bəhs olunub).
Saysız-hesabsız əsərlərin müəllifi olan, fəxri adlarla, orden və medallarla təltif edilən A.Şaiq dəfələrlə (1946-1956) SSRİ Ali Sovetinə deputat da seçilib. Amma çox sadə, təmtaraqdan uzaq bir ömür yaşayıb. Bəlkə elə ona görə, bu gün də, sabah da, yüz illər sonra da Şaiqanə yad ediləcək, xalqının qəlbində yaşayacaq!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
Kaspi.-2017.-26 aprel.-S.15.