“İncəsənətə
idmandan gəlmişəm”
Nihat Qasımzadə: Aktyorluq sənəti
elədir ki, bir dəfə səhnənin tozunu udduqdan sonra
oranı tərk etmək istəmirsən
Bu gün Azərbaycan gənclərinin səsi
dünyanın müxtəlif ölkələrindən gəlir. Sizə təqdim
edəcəyim müsahibim yaradıcılığını
Türkiyədə davam etdirən azərbaycanlı aktyor,
ifaçı Nihat Qasımzadədir. O, Türkiyənin ən
reytinqli seriallarından olan
"O hayat benim”, "No 309”, "Kırgın
çiçekler” seriallarında dialoqlu obrazlara çəkilib.
Bununla bərabər, o, Türkiyədə fəaliyyət
göstərən teatrlarda çalışıb. Yeni layihələrinin hələ qarşıda
olduğunu söyləyən Nihat Qasımzadə ilə
söhbətimizi sizlərə ixtisarla təqdim edirik.
- Nihat bəy, incəsənətə
olan maraq sizdə haradan qaynaqlanar, ailənizdə incəsənətlə
məşğul olan varmı?
- Ailəm
incəsənət aləmindən tamamilə fərqli bir sahə
üzrə çalışır. Uşaqlıqdan
bəri özümdən asılı olmayan səbəblərdən
incəsənətə böyük marağım olub. Uşaq yaşlarımdan keyfiyyətli musiqilər
dinləyirdim. İzlədiyim Azərbaycan
filmlərindəki musiqilər daha çox diqqətimi çəkirdi.
Bir müddət sonra hiss etdim ki, həqiqətən də
gözəl musiqilər dinləyirmişəm
(gülürük).
- Nə vaxtdan hiss etdiniz ki, gözəl
səsiniz var?
-
Yaxşı səsimin mövcudluğunu bildiyim vaxt beşinci
sinifdə oxuyurdum. Əslində ondan qabaq səsimin
qənaətbəxş olduğunu bilirdim. Musiqi müəllimim məni inandırdı ki, sənin
gözəl səsin var. Uşaq yaşlarımda evdə
özüm də hərdən zümzümə edirdim. Bir dəfə musiqi dərsində Azərbaycan
himnini oxudum. İfam musiqi müəlliməmin
diqqətini çəkdi. O, mənimlə musiqi fənni
üzrə məşğul olmaq istədi. Beləliklə,
yavaş-yavaş musiqi ilə peşəkar şəkildə
məşğul olmağa başladım. Düzdür,
ailəm incəsənətlə məşğul olmamı
istəmirdi.
- Buna səbəb nə idi?
-
Çünki bilirdilər ki, incəsənət sahəsi
çox çətindir və sənəti seçən
insanların gecəsi-gündüzü yoxdur, onların həyat
tərzi fərqlidir. Atam şadlıq evlərinin
birində administrator vəzifəsində
çalışırdı. O, görürdü ki, incəsənət
adamlarının gecə-gündüzü yoxdur. Bu səbəbdən də istəmirdi ki, mən incəsənətlə
məşğul olum. Evdəkilərin
fikri ilə haradasa razılaşırdım da. Düşünürdüm ki, hansı ixtisası
istəsələr, o ixtisasa da yiyələnəcəm.
- Bəs sonra nə baş verdi?
- Atam
dünyasını dəyişdi. Özüm
oturdum düşündüm ki, mən təklif olunan
ixtisasın arxasınca getsəm, gələcəkdə o sahə
üzrə necə çalışacam? Anam
da mənim bu sənəti seçməyimə razı deyildi.
Nəhayət, anamın iş yoldaşlarının təkidi
ilə onu razı sala bildilər. Hətta
ifaçılığa marağım o qədər
güclü idi ki, evdəkilərin xəbəri olmadan təkbaşıma
vokal müəllimi tapmışdım. Açığı,
heç bilmirdim ki, musiqinin əlifbası vokaldan
başlayır, hər şey təsadüfdən oldu. Evdən gizli vokal dərsləri alırdım.
-
Görünür, bu sənətə gəlmək
üçün xeyli çətinliklərdən keçməli
olmusunuz.
- Əgər bir insan həqiqətən bir şeyi
ürəkdən istəyirsə, onu nail olmağın yolunu
tapar. Əslində, mən evdəkilərə
yalvarmadım ki, mənə razılıq versinlər. Valideynlərim istəyirdi ki, mən
iqtisadçı olum. Digər fənlərə
də marağım var idi və o fənləri də
yaxşı oxuyurdum. Evdə demişdim ki,
əgər siz istəyən universitetə qəbul olsam,
oxumayacam. Bu sözümdən sonra onlar da
mənimlə razılaşdılar. Nəhayət,
mənim öz isti arzularımın arxasınca getməyimə
razı oldular. Anam da gördü ki, mənim
çox həvəsim var.
- Bəs necə oldu ki, sənədlərinizi
aktyorluğa verdiniz?
- Əslində aktyorluğu heç ağlımın
ucundan belə keçirmirdim. Komplekslərim var idi.
Böyüdüyüm atmosfer, çevrəm
tamamilə fərqli idi. Mən incəsənətə
tamam başqa ab-havadan gəlmişəm. Bəlkə də
heç kim təxəyyülünə
belə gətirə bilməzdi ki, mən incəsənət
gələcəm. Hətta onu da diqqətinizə
çatdırım ki, uşaqlıqdan peşəkar karate ilə
məşğul olmuşam. Dünya
üzrə birincilik qazanan Azərbaycan karateçilərinin
çoxu mənim məşq yoldaşlarım olublar. Hazırda onlarla da əlaqə saxlayıram. Dostluq münasibətlərimiz hələ də
davam edir. Qısaca deyim ki, incəsənətə
idmandan gəlmişəm.
- Yəqin
ki, valideynləriniz sizin incəsənətdənsə idmanla
məşğul olmağınızı istəyiblər.
- Elədir.
Beş yaşım olanda Bakıxanov qəsəbəsində
yerləşən Adil İsgəndərov adına
mədəniyyət evində rəqsə gedirdim. Valideynlərim
gördülər ki, mən bu sənətə
meyillənirəm, məni oradan çıxarıb karateyə
qoydular. Çox şükürlər olsun ki,
karatedə də müəyyən səviyyəyə qədər
gəldim. Ancaq hiss edirdim ki, mənim istəyim tamam
başqa sahəyədir.
- İxtisas seçimində
sizə kimlər kömək etdi?
- Əməkdar artist, tarzən Vamiq Məmmədəliyevlə
məsləhətləşdik. Mənim bu sənəti
seçməyimdə onunla bərabər əməkdar artist
Teyyub Aslanovun da çox rolu olub. Əslində
mən sənədlərimi Konservatoriyaya verməyə
hazırlaşırdım. Onlar məsləhət
gördülər ki, musiqili teatr aktyorluğunu seçsəm,
həm vokalı yaxşı öyrənə biləcəm, əlavə
olaraq da aktyorluq və səhnə
danışığını mənimsəmiş olacam.
Nəhayət, mən fikrimi dəyişdim.
Bu sənəti seçməyimdə o zaman Səda
Tədris Teatrının direktoru Fikrət Məlikovun da
böyük rolu oldu.
- Bəs teatra, aktyorluğa sevginiz necə
yarandı?
- Bu sənət
elədir ki, bir dəfə səhnənin tozunu udduqdan sonra
oranı tərk etmək istəmirsən. Tələbəlik
illərimdə İlham Namiq Kamal, Telman Əliyev kimi ustad sənətkarlardan
dərs almışam. Onlar bu sənəti
sevməyimdə vasitəçi olublar. Tamaşalarda
baş rollarda çıxış edirdim. Digər kurslardan çağırıb
tamaşalarda rol verirdilər. Bu peşəni
üzərimdə inkişaf etdirdim, ancaq üstünə
düşmədim. Diqqətinizə
çatdırmaq istəyirəm ki, mən Pantomima
Teatrını daha çox sevirəm.
- Musiqili teatr ilə pantomima tamam fərqlidir.
Pantomimaya meyillənməniz nə ilə əlaqədardır?
-
Qarşıma məqsəd qoymuşdum ki, ifaçılıq
sahəsi üzrə gedəcəm. Ancaq insan bilmir sabah başına nə gələcək və
o hansı atmosferə düşəcək. Mən Bəhruz
Vaqifoğlu ilə tanış oldum. O mənə
qardaş kimidir. Onun tanışlığı
ilə Pantomima Teatrında bir neçə ay
çalışdım. Ümumiyyətlə,
Pantomima Teatrının yaradıcı heyəti mənim ikinci
ailəmdir. O teatra gedəndə, elə hesab edirdim ki,
doğma evimə gedirəm. Türkiyəyə
gəlməsəydim, mənim üzərimdə Pantomima
Teatrında bir tamaşa qurulacaqdı. Bəxtiyar
Xanızadə, Elman Rəfiyev, Bəhruz Vaqifoğlunun Pantomima
Teatrını sevməyimdə böyük rolları var.
İlk dəfə Bəxtiyar Xanızadə teatrda mənə
"Manqurt” tamaşasında rol verdi. Hətta Adolf Hitlerə bənzədiyimə görə
demişdi ki, Hitlərlə bağlı bir tamaşa
hazırlayıb, orada sənə rol verəcəm. Musiqi qrupu ilə işləməyə
başladığım üçün ona vaxt ayıra bilmədim.
Qeyd edim ki, həmin tamaşa artıq teatrın
afişasında da var.
- Unutduq
axı, siz ifaçılıqdan gəlmisiniz bu sənətə.
Hətta sizi ötən il bir qrupun solisti
kimi də tez-tez görürdük.
- Qrupdan əvvəl
əməkdar artist Növrəstəli qardaşları ilə
çalışırdım. Mənə bu sənətdə
ən böyük dəstəklədən biri onlardan gəlib.
Onlar mənim ailəmin bir
parçasıdırlar. İfaçılıq
sənətində əldə etdiyim nailiyyətlərə
görə onlara borcluyam. Hətta qeyd edim
ki, Nurlan mənə müəllimlik də edib. Bundan başqa, Şeron qrupunun rəhbəri Rüstəm
Zeynallının musiqi zövqümün formalaşmasında
mənə çox köməyi olub. O ki qaldı
qrupdakı fəaliyyətimə, bu qrupdan mənə təklif
gəldikdə razılaşdım. Ancaq nədənsə
sonra onlarla sözlərimiz düz gəlmədi. Əsas qrupu yaradan, bizi bir araya toplayan insanın sənətə
baxış bucağı mənə düzgün gəlmədi.
Biz əvvəlcə başqa şey
danışmışdıq, ancaq sonradan başqa şeylər
baş verdi. Biz qrupda gözəl
musiqilərlə məşğul olmaq istəyirdik, şablon
qrup olmaq istəmirdik. Düzdür,
çörək qazanmaq üçün toy mahnıları
da oxumaq lazım idi. Konsert verə biləcək,
böyük səhnələrdə çıxış edə
biləcək keyfiyyətli qrup olmaq istəyirdik.
- Bu qədər nailiyyət əldə
etdikdən sonra hər şeyi atıb başqa bir ölkədə
sıfırdan başlamaq çətin deyildimi?
- Əlbəttə, çətin oldu. Mənim
dostum, tanışım, çevrəm hamısı Azərbaycandadır.
Orada işləmək mənə daha rahat idi.
Maddi cəhətdən heç bir problem
yaşamırdım. Orada özümə
müəyyən qədər yol qət etmişdim. Burda isə həyatıma sıfırdan
başladım. Mən bura gələndə,
Türkiyədə yaşayan universitet yoldaşım,
aparıcı, ifaçı Elyana Əhmədova-Arslanın mənə
çox köməyi oldu. Onun həyat
yoldaşı mənə qardaşdan da əzizdir. Mən Türkiyəyə gedəndə, 2 ay onlarda
qaldım. Onlar indiyə qədər də
mənə dəstək olurlar. İrəli
getməyimdə, tək bir baxımdan deyil, çevrə
toplamaq baxımından İncəsənət Universiteti mənə
çox kömək oldu. Orda özümə
yaxşı dostlar qazandım. Mənim hər
zaman şansım gətirir. Hər şey
əlimdən çıxdığı bir zamanda sanki mənə
başqa bir qapı açılır. Tanrım
heç zaman məni naümid qoymur. Əgər
İncəsənət Universitetinə daxil olmasaydım, bu
insanları tanımayacaqdım. Orada
adlarını qeyd etmədiyim o qədər insanları
tanıdım ki, bu gün həmin insanların dəstəyini
görəndə həqiqətən də çox sevinirəm.
Həyatımda olan hər bir insanın mənim
üzərimdə haqqı var. Düzdür, əziyyət
çəkərək buraya qədər gəlmişəm.
Mənim üçün hər zaman sənətdən
öncə insanlıq, xarakterdir. Elə
insanlar zəng vurub məni axtarırlar ki, gözlərim
dolur. Yəni, onlar məni unutmayıblar, mənimlə
maraqlanırlar.
-
Bildiyimiz qədəri ilə, siz Türkiyədə teatrlarda
da fəaliyyət göstərirsiniz. İstərdik, bizə
bu haqda biz az məlumat verəsiniz.
-
Dostlarımdan biri mənə teatrların email adreslərini
göndərdi. Bildirdi ki, bu teatrlar aktyor
axtarır. Mən də CV hazırlayıb
onlara göndərdim. Onlardan biri məni qəbul
etdi. Ondan sonra sanki teatr yolunda mənə
bir qapı açıldı. Burada
Könül Nağıyeva ilə görüşdüm.
Orda pantomimada bir nömrə olan Vecihi
Ofluoğlunun olduğunu bildirdi. Mən də
onun "Facebook” profilini tapdım və ona yazdım. O, mənimlə
tanış oldu. Məni aktyor
tələbələrindən birinə yönləndirdi.
Orada "Tiyatro Pamntomima teatrı”nın
yaradıcı heyəti ilə münasibət qurdum. Bu teatr Türkiyədə pantomima baxımından ən
tanınmış teatrdır. Daha sonra
Universitet yoldaşım Kəmalə Mustafayeva teatrların
emaillərini göndərdi. Bir müddət
Türkiyədə bu uşaqlarla işlədim. Mən ikinci qrupa daxil edildim. İkinci
qrupdan ana qrupa keçdim. "Kumbara
görsel sanatlar tiyatro topluluğu”nda çalışmağa
başladım. Orada biz uşaq
tamaşaları hazırlayırdıq. Daha
sonra başqa bir teatra CV-mi yolladım.
- Orada bu sənətə olan maraq
hansı səviyyədədir?
- Burda
pantomima çox aşağı səviyyədir. Nəinki
Pantomima, musiqili teatr da onun kimi. Azərbaycanda bu
ixtisaslar çox güclü inkişaf edib. Burada bu sahələrdən
pul qazanmaq mümkün olmadığı üçün
başqa iş axtarmağa başladım. Yenə
də CV-mi başqa teatrlara göndərdim. Nəhayət, CV qəbul olunmuşdu. Getdiyim teatrda hər kəs tanışlıq ilə
gəlmişdi, yeganə mən oldum ki, CV ilə həmin
teatra gəldim. Bir gün səhər rejissor dostum Bəhruz
Mustafayev mənimlə əlaqə saxladı və
dostlarının teatr işi ilə məşğul
olduğunu, məni onlara məsləhət
gördüyünü dedi. Həmin an işsiz
idim. "FYA yapım” şirketi
böyüklər üçün tamaşalar
hazırlayır. Azərbaycanda bu cür
tamaşalar hazırlanmır. Yarım
saatlıq, mono tamaşalar. Bu teatrda işləməyə
başladım. İnanıram ki, burada
canlandıracağım obrazların da sənət həyatımda
böyük bir rolu olacaq. Oynayacağım
tamaşa Fatih Sultan Mehmetin həyatından bəhs edən
"Fatihin sırrı” adlanır. Bu
tamaşanı nəinki İstanbulda, Türkiyənin digər
şəhərlərində də oynayacağıq. Orda 3 fərqli səslə, baxışlarla,
mimikalarla xarakterlər canlandıracam. Sentyabrdan
yenə tarixi tamaşalar oynayacağıq.
- Bəs, serial aləminə necə
gəldiniz?
- Mən kastiqnlərin hər zaman əleyhinə olmuşam. Bir dostumun məsləhətinə qulaq asıb, prodakşınların birində qeydiyyatdan keçdim. Nəhayət, məni dəvət etdilər. Dedilər ki, sənə 10 dəfə kütləvi səhnədə rol verəcəyik. Ondan sonra sənə xarakterli obrazlar verəcəyik. Onlar məni çağırdılar, dedilər səni videoya çəkəcəyik, nə göstərə bilərsən. Mən də pantomima göstərdim. Nadir hallarda olur ki, kütləvi səhnələr çəkiləndən sonra dialoqlu rollara göndərirlər. Qismətim gətirdi, məni dialoqlu obrazlara göndərdilər. Hələ ki çəkildiyim seriallardakı rollarım balaca rollardır. Mənə öncədən danışmaq düşmür. İnşallah, gələcəkdə bir serialda maraqlı bir obrazda serialın sonuna qədər görə biləcəksiniz. Hələ tam dəqiqləşməyib. Rejissorun zəngini gözləyirəm. Hər şey ola bilər.
Xəyalə Rəis
Kaspi.-2017.-25 aprel.-S.12.