Uydurma tarix, uydurma
soyqırımı
Bəşəriyyət erməni
“mütəfəkkir”lərinin yalanlarından xilas olmağa
qadirdir
Kökündə
saxtakarlıq, riyakarlıq, xəyanət,
özününküləşdirmə, əxlaqsızlıq,
oğurluq ehtiva edən, əslində erməni havadarları
üçün türk dünyasına qarşı
"güclü silah” olsa da, qondarma nəzəriyyədən
başqa bir şey olmayan "erməni soyqırımı”
tarixi istilah kimi XX əsrin əvvəllərində
yaranmasına baxmayaraq, tarixi kökləri xeyli əvvələ
gedib çıxır.
Erməni
"mütəfəkkirləri” və "tədqiqatçılarının”
ərsəyə gətirdikləri uydurma tarixdən fərqli
olaraq, real tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonlarına yaxın
Osmanlı İmperiyasında ən mühüm problemlərdən
biri "erməni məsələsi” olub. Qondarma
erməni məsələsi Qərb dövlətlərinin
Osmanlı dövlətini zəiflətməyə və daxili
işlərinə müdaxilə etməyə
başladığı dövrdən sonra gündəmə gəlib.
"Erməni soyqırımı” dünyanın hansı
coğrafi ərazisində yaşamağından asılı
olmayaraq, bəşəriyyətə 200 ildən bəri zorla
qəbul etdirilən "böyük Ermənistan” yaratmaq məqsədinə
xidmət edən, erməni "mütəfəkkir və tədqiqatçılarının”
yalanlarından və uydurulmuş illüziyalarından
başqa bir şey deyil.
Rusların,
fransızların və ingilislərin təhriki ilə xəyanət
1877-1878-ci illər rus-türk müharibəsində məğlub
olan Osmanlı İmperiyası Şərqi Anadolunun bir hissəsini
təzminat olaraq Rusiyaya verməli olub. Bəsrə körfəzi
və Hindistanda müstəmləkələrini itirmək qorxusuna
düşən İngiltərə bundan sonra sürətlə
Şərqi Anadoluda konsulluqlarını açmağa
başlayıb. Ardınca da həmin ərazilərə
protestant missionerlərini yerləşdirib. Şərqi Anadoluda erməni dövləti qurmaq niyyətində
olan ingilislər mətbuatda həmin ərazini "Ermənistan”
adlandırıblar. Beləliklə, həmin
vaxtdan Qərb dövlətləri tərəfindən
silahlandırılan və terror yolunu seçən erməni dəstələri
Türkiyə ərazisində ardı-arası kəsilməyən
üsyanlara başlayıb.
30 sentyabr 1885-ci ildə erməni terror təşkilatının
bir qrup silahlı fəal üzvü İstanbulun Qumqapı məhəlləsində
polisə qarşı silahlı "müqavimət” göstərib. Nəticədə
polislər və erməni millətindən olmayan mülki əhali
arasında ölənlər olub. Erməni
terrorçuları və tərəfdarlarının əməlləri
nəticəsində şəhər 3 gün ərzində
iflic vəziyyətə düşüb. Durğunluq
illərində və Osmanlı imperiyasının süqut
etdiyi dövrdə ermənilər türk dövlətçiliyinə,
türk soyuna qarşı rusların, fransızların və
ingilislərin təhriki ilə xəyanət yolu tutaraq,
1890-cı ildən 1914-cü ilə kimi, yəni I Dünya
Müharibəsi başlayanadək Türkiyə ərazisində
kütləvi erməni üsyanları qaldırıblar.
Elə həmin səbəbdən də 1915-ci
ildə Osmanlı dövləti daxilində nankor ermənilərin
soyqırımı deyil, deportasiyası haqda qərar verilib.
Yenə də
tədqiqatlara dayanaraq tarixə nəzər salaq: Osmanlı
İmperiyası ərazisində erməni millətçilərin
azlıq təşkil etdikləri bölgələrdə
türk və kürd əhalini işgəncələrə məruz
qoyaraq, qətlə yetirdikdən sonra kəndləri
yandırıb, dağlara çəkildiklərinin şahidi
oluruq. Terror dəstələrinin əvvəlcədən
hazırladıqları plana görə, bütün baş
verən qanlı hadisələrdən qəzəblənmiş
müsəlmanlar guya "zavallı və yardıma
ehtiyacı olan” ermənilərə hücum edəcəkdilər.
Bunun nəticəsində isə Rusiya və digər
güclü dövlətlər Türkiyəyə təzyiq
edərək, ermənilərə müstəqillik və
Şərqi Anadoluda muxtariyyət verməyə məcbur edəcəkdilər.
Sonda isə müsəlman əhali "yeni Ermənistan” dan ya
öz istəkləri ilə, ya da zorla köçürüləcəkdilər.
Ermənilərin bu xisləti barədə hələ 1808-ńi ildə fransız utopik
sosialisti Şarl Furye yazırdı: "Ermənilər
özlərinə xas olan saxtakarlıqlarını
böyük ustalıqla gizlədə bilirlər.
Qarşılarındakı şəxsləri saxtakarlıq və
riyakarlıqla inandıra bilirlər...”
Fransız mütəfəkkiri Dyümonun
araşdırması nəyi sübut edib?
Soyqırımı bir millətin hər hansı bir
dövlət tərəfindən etnik və dini
baxışlarına görə fiziki olaraq məhv edilməsi
siyasətidir.
Genosidi digər cinayətlərdən fərqləndirən
xüsusiyyət isə onun şüurlu şəkildə və
müəyyən niyyətlə törədilməsidir.
Fransız hüquqşünası Henri Donnedi de
Farbes soyqırımı cinayətini irqi nifrət zəminində
hər hansı bir ölkədə insanlıq əleyhinə
törədilmiş cinayətlərdən biri kimi şərh
edib.
Əslində ermənilərə qarşı heç
bir soyqırımı baş verməmişdi. Bu xəstə
təxəyyüllü, saxtakar erməni "tarixçiləri”nin
"böyük Ermənistan” dövlətini yaratmaq
üçün müəyyən məqsədlərə
çatmaq naminə uydurduqları, olmayan bir
"soyqırımı”dır.
1885-ci ildə tanınmış alman jurnalisti Vilhelm
Libknext "Forverst” qəzetində erməni hərəkatını
erməni terror təşkilatlarının fəaliyyətinin
nəticəsi kimi səciyyələndirərək, müsəlman
əhaliyə qarşı aparılan təbliğatın
gücləndiyini də vurğulayırdı. Tiflisdə nəşr
olunan "Mşak” erməni qəzetinin redaktoru erməni
yaraqlı dəstələrinin ərzaq anbarlarına
basqın etdikləri, siyasi qətllər törətdikləri
vaxtda müsəlmanlara yaşadıqları torpaqlardan
çıxıb getməyi, "Ərəbistan səhralarına
köçməyi” təklif edirdi.
Tanınmış fransız mütəfəkkiri
Dyümon "erməni soyqırımı” ilə
bağlı Fransa və İngiltərə Daxili İşlər
Nazirliklərinin arxivlərində saxlanılan sənədlər
üzərində apardığı tədqiqatlara görə
ermənilərə qarşı heç bir
soyqırımı törədilmədiyini, əksinə erməni
terrorçuları tərəfindən həyata
keçirilmiş qanlı və faciəli hadisələr
zamanı hər iki tərəfin zərər çəkdiyini
təsdiqləyib. Dyümona görə, I Dünya
müharibəsi zamanı erməni ticarət burjuaziyasının
maliyyəsi, rus və ingilis müşavirlərin
yardımı ilə mükəmməl silahlanmış erməni
terrorçu quldur dəstələri yaradılıb. Bu
terror dəstələri tərəfindən törədilmiş
hücumlar nəticəsində 60 mindən çox
günahsız mülki əhali: türk və kürd qətlə
yetirilib. Beləliklə, ermənilərin təzyiqi
və tələbi ilə rus ordusu Şərqi Anadolunu
işğal edib. Dinc mülki əhaliyə qarşı
törətdikləri vəhşiliklərdən cana doymuş və qəzəblənmiş
Türk ordusu işğalçılara qarşı
bütün gücünü səfərbər edərək,
rus ordusuna hücuma keçib. Türk ordusuna
qarşı davam gətirə bilməyən ruslar, erməni əsgərləri
ilə birlikdə Rusiya imperiyasının sərhədlərinə,
Zaqafqaziyaya çəkiliblər. Təbii
ki, Türkiyə ərazisində yaşayan ermənilər
girov olaraq orada qalmalı olublar. Beləliklə,
Daşnaksütun partiyasının fəal üzvləri və
xalqı idarə edən erməni din xadimlərinin əvvəlcədən
yazdıqları ssenari baş tutub. Türkiyə
Dövlət Arxivləri Baş İdarəsinin məlumatına
görə, ermənilər 1906-1922-ci illərdə 2 milyona
yaxın türkü qətlə yetiriblər. O tarixlərdə
yalnız Anadolu və Qafqazda öldürülən türklərin
sayı 517 min 955 nəfərdən çox olub. Beləliklə, Osmanlı İmperiyasında
geniş vüsət almış erməni terrorizmini müasir
beynəlxalq terrorizmin bazisi adlandıra bilərik. Terrorizm zəiflərin ideologiyası və
strategiyasıdır. Artıq XX əsrin
sonlarında erməni terrorizmi beynəlxalq terrorizmin ən
qorxulu qoluna çevrildi. Coğrafi ərazidən
asılı olmayaraq, terror aktları həyata keçirən
27 güclü terror təşkilatından 12-si, uzun illərdən
bəri təcrübəyə malik olan ermənilərə məxsusdur.
Dövlət səviyyəsində qorxulu və
təhlükəli olan erməni terrorizmi başlıca olaraq
etnik təmizləmə, soyqırımı, separatçı
aktların həyata keçirilməsi vasitəsinə
çevrilib.
Məqsədlərə
çatmaq üçün zaman-zaman terror metodlarından
istifadə edilib
I Dünya müharibəsi zamanı o dövrün
mürəkkəb və təlatümlü proseslərindən
yararlanan bədxah ermənilərin ən böyük hissəsi
Fransaya köç etməyi qərara alıb. Sözsüz ki, bu prosesdə
din amili də az rol oynamayıb. Ermənilər köç etdikləri Çar
Rusiyasında, yəni Şimali və Cənubi Qafqazda-Azərbaycanda
da yerli xalqlara qarşı eyni separatçı, satqın fəaliyyətdə
olub və bu siyasəti davam etdiriblər. Özlərindən
lazım gələn zaman "alət” kimi istifadəyə etməyə
həvəslə razı olublar. Həmçinin ABŞ
Konqresində vaxtaşırı "soyqırım” məsələsini
gündəmə gətirirlər.
1918-ci ildə
çağdaş ermənilərin "tarixi vətənləri”
olan əzəli Azərbaycan ərazilərində, qədim
İrəvan xanlığının torpaqlarında
"qurduqları” Ermənistan Respublikasının dövlət
səviyyəsində dəstəklədiyi
soyqırımı və terror siyasəti ilə qonşu
dövlətlərin torpaqlarını işğal edərək
"böyük Ermənistan” yaratmaq niyyəti bütün
dünyaya məlumdur. Eyni zamanda, bu dövlətin xarici və
daxili siyasətində istənilən məqsədlərə
çatmaq üçün zaman-zaman terror metodlarından
istifadə edilməsinin ənənəyə çevrilməsi
də sirr deyil.
Beynəlxalq terrorizmin dəhşətli və qorxulu qolu
olan erməni terrorizmi Ermənistan dövlətinin siyasətinə
və ideologiyasına çevrildiyi üçün aborigen əhali
olan azərbaycanlılar XX əsrdə 3 dəfə Qərbi
Azərbaycandan, yəni indiki Ermənistandan deportasiya olunublar. Sonuncu dəfə,
1988-ci ilin yanvar ayından başlayaraq Ermənistanda azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
başlanıb. "Azərbaycanlılarsız Ermənistan”
şüarı altında həyata keçirilən etnik təmizləmə
nəticəsində hakim dairələrinin himayəsi və
razılığı əsasında hazırkı Ermənistan
adlanan dövlətin ərazisindən 40897 azərbaycanlı
ailəsi 185 yaşayış məntəqəsindən zorla
qovulub, 217 şəxs ermənilər tərəfindən
xüsusi qəddarlıqla qətlə yetirilib. Canını
qurtarmaq üçün qaçan onlarla azərbaycanlı
itkin düşüb. İtkin
düşmüş şəxslərin taleyi bu günə
kimi naməlum olaraq qalır. Ümumilikdə
300 min nəfər azərbaycanlı öz tarixi-etnik
torpaqlarından deportasiya edilərək, mənzil və əmlaklarından
məhrum edilib.
Qərbi
Azərbaycandan olanlara qarşı daha amansız olublar
XX əsrdə,
insan hüquqlarının mükəmməl şəkildə
hazırlanıb, təsdiqini tapdığı 9 dekabr 1948-ci il
tarixli BMT Baş Məclisinin Genosid Cinayətinin
Qarşısının Alınması və Cəzalandırılması
Haqqında Konvensiyasının, BMT Baş Məclisinin 10 dekabr
1948-ci il tarixli İnsan Hüquqları Haqqında Bəyannaməsinin,
12 avqust 1949-cu il tarixli Cenevrə
Konvensiyalarının qəbul olunmasından yarım əsrdən
də çox vaxt keçdiyi bir dövrdə öz doğma
torpaqlarından qovulmuş azərbaycanlılar yollarda erməni
terrorçuları tərəfindən qarətlərə,
zorakılığa, amansızlığa,
alçaldıcı hərəkətlərə məruz
qalıblar.
Tarixən qəbul edilmiş qənaətdir ki, zəif
dövlətlərin terrorizmi ideoloji və praktiki olaraq dəstəkləməsinin
müxtəlif səbəbləri mövcuddur. Onlardan ən
başlıcası uğursuz siyasəti və cəmiyyətin
idarə edilməsindəki problemləri milli şüurda
"tarixi inciklik və əzablarla” ört-basdır etməkdir.
Eyni zamanda, terrorizmlə səsləşən ideoloji təsəvvür
və stereotiplərlə mütərəqqi bəşəriyyət
üçün ciddi təhlükə sayılan, dövlət
səviyyəsində dəstəklənən erməni
terrorizminin məkrli plan və proqramlarının tərkib
hissəsi olan, kütləvi şəkildə insan
hüquqlarını pozaraq həyata keçirdikləri terror
aktları nəticəsində 20 faiz torpaqlarımız
işğal olunub. İşğal nəticəsində 700 min
nəfər Dağlıq Qarabağ və ətraf ərazilərin
sakinləri, ümumilikdə 1 milyon insan öz doğma
yurd-yuvasından didərgin salınaraq, qaçqın və məcburi
köçkünə çevrilib. Həmin hadisələrdən
25 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq,
qaçqın və məcburi köçkünlərin
sayının 1 milyon 200 minə çatdığı haqda rəsmi
statistik məlumat mövcuddur.
Qondarma erməni soyqırımı yalanlarını və uydurma tarixlərini başlarının üzərində bayraq edən erməni terrorçuları vurduqları ağır zərbələrlə mütərəqqi bəşəriyyətin leksikonunda artıq arxaikləşməyə doğru gedən ”əsir”, "girov”, "itkin” məfhumlarını xalqımızın yaddaşına həkk etdi.
Münaqişə zamanı itkin düşmüş hesab olunan soydaşlarımızın 197 nəfəri, eləcə də erməni əsirliyində müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərin 42 nəfəri Qərbi Azərbaycandan qovulmuş şəxslərdir. Onların söylədiklərinə görə, erməni terrorçuları əsir-girovluqda əslən Qərbi Azərbaycandan olanlara qarşı daha amansız olublar.
Düşünürəm ki, bəşəriyyət faktlar qarşısında 200 ildən bəri ona zorla qəbul etdirilən "böyük Ermənistan” xülyasına xidmət edən erməni "mütəfəkkir və tədqiqatçılarının” yalanlarından xilas olmağa qadirdir. Sadəcə, bu istiqamətdə aparılan araşdırmalar, tarixi faktlara söykənən tədqiqat materialları buna cavab ola bilər.
Esmira Orucova,
AMEA-nın
Hüquq və İnsan Haqları İnstitutunun böyük
elmi işçisi
Kaspi.-2017.-25 aprel.-S.15.