Sevinc Elsevər

 

Şeirlər

 

səhərlər pəncərəsinin altında oynayan

uşaqların şən səslərinə

acığı tutur

xəstə adamın

"gedin o yanda oynayınəmri verdirir onlara

qovdurur pəncərəsinin altından

halbuki günahı yoxdu uşaqların

nəğmə kimi

dinləmək olardı

onları

 

***

 

xərçəng diaqnozu qoydu həkimlər

laboratoriyada işləyən  xanımın

sevdiyi adama

analiz kağızlarını soyuqqanlılıqla uzatdığı

adamlar gəldi ağlına

sevdiyinin  xəstəliyini öyrəndiyi anda

hamı üçün ağladı  onda

hərəyə bir damla düşdü

bu uzun sürən  fırtınalı yağışdan...

 

***

 

ən zəif şeirlərini

mənə həsr eləmiş

şeir kitabında

sevdiyim kişi

ən gözəl şeirlərini

ONA -

keçmiş sevgiliyə

 

Ləvəngi

 

balığın qarnında açdığı yaranı

elə tikir

cərrah dəqiqliyilə

dirildəcək sanki onu

mətbəx qadın...

 

***

 

zaman ki

üz-üzə

göz-gözə dayandı

tuflilərim

səndəllərim

başmaqlarım

izin vermirəm dərdləşməklərinə

burun-buruna verməklərinə

amma yenə

yenə

dalımca danışır  bekar adamlar

quşlar da gətirib ovcuma qoyurlar...

 

Balaca feminist

 

mənim  Allah nənəm var

deyə göz süzdürür qardaşına

balaca qızcığaz

qardaşı Allah babadan danışanda...

 

***

 

bu gülən, irişən

sarı başlar

smayliklər

ölümü xatırladır mənə necə

hamımızın skeletlərinin bir gün  beləcə diş ağardacağını

yer üzündə yaşadığımız həyatı da

beş günlük həyat  üçün necə əsdiyimizi  ələ salacağını

bir

bir

insanın üzünün öləndən sonra

həmişəlik güləcəyini

 

***

 

Ah! Kaş ki biləydiniz

Sizi sevmədiyinə

Peşman eləyəsiniz deyə

Uğrunda canınıza qıydığınız adamlar

Gülərüzlü fotolar çəkdirdilər çox keçmədən!

 

***

 

qəfil oyuncaqlarını alırlar əlindən

uşaqların

böyümüsən deyib

özünü oyuncağa çevirsinlər deyə

həyat oyununda.

                                             

Qarışqa qadın 

 

bütün qışı

mətbəxdəki şkafın alt gözündə gözlədi

evin xanımının

baharda öz əlləriylə yığıb duza qoyduğu

tənək yarpaqları

evə ət ala bilmədi evin bəyi həmin  qışı

bahar gələndə

təzə yarpaqlar açdı üzümlər

qadın altdan yuxarı

yarpaqlara baxdı, baxdı, baxdı

əlləri dinc durmadı

hansısa ümid

yenə yarpaq toplatdı

qışa azuqə yığan qarışqa qadına

 

Sevinc Elsevər

 

Kaspi  2017.- 2-4 dekabr.-  S.18.