“Sandıq ədəbiyyatı” varmı?
Ədəbiyyatda ədəbi termin kimi rəsmiləşməsə belə, "sandıq ədəbiyyatı” deyilən bir ifadə var. Yazıçılar, şairlər bəzən özləri üçün yazdıqlarını, duyğularını, fikirlərini və ya gördüklərini qələmə alıb, üzə çıxarmaq istəmirlər. Bəzən dövrə uyğun, bəzən mübhəm sevgiyə həsr olunan və s. yazılar bu sırada yer alır. Sovet dövründə daha çox senzura üzündən yazarların əsərləri "sandıq”da yer alırdısa, bu gün bu baxımdan vəziyyət fərqlidir. "Sandıq”dakıların üzə çıxması isə bəzən zamandan asılı olur. Bəzən də "sandıq”lar ömürlük örtülü qalır, heç zaman açılmır. Maraqlıdır, bu günün yazarlarının da "sandıq”ədəbiyyatı varmı? "Kaspi”nin ənənəvi "Müzakirə”sində maraqlı cavablarla rastlaşdıq.
Müxtəlif mərhələlərdən qalmış ədəbiyyat nümunələri
Nasir, tərcüməçi Nəriman Əbdülrəhmanlının fikrincə, "sandıq ədəbiyyatı” bu gün də var: «Yazıçıların elə əsərləri var ki, müxtəlif səbəblər üzündən hələ işıq üzü görməyib. Belə ki, yazarın ya çap etdirməyə imkanı olmayıb, ya nəşrinə zamanı çatmayıb, ya da yazı başqalarının diqqətini cəlb etməyib». Bir müddət Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şöbə müdiri işlədiyini deyən N.Əbdülrəhmanlı həmin fondda diqqətini çap olunmayan əsərlərin çəkdiyini deyir: «Dünyasını dəyişmiş yazıçıların, ədəbiyyat və mədəniyyət xadimlərinin sağlıqlarında çap etdirə bilmədiyi əsərləri arxivə təhvil veriblər. O əsərləri üzə çıxarmaq həm ədəbiyyatımız, həm də mədəniyyətimiz üçün töhfə olardı. Düzdür, arabir o cür əsərlər arxivdə işləyənlərin köməyi ilə üzə çıxır, ancaq bu, dəryada bir damla kimidir”. Yazıçı hesab edir ki, indi əlində yazı olan elə bir qələm sahibi tapmaq olmaz ki, bütün yazdığı əsərləri çap etdirsin. Yəqin kiminsə sandığında özünün bəyənmədiyi, çap etdirmək istəmədiyi və ya müxtəlif səbəblərdən nəşr olunmayan əsərləri var: "Şəxsən mən 40 yaşına qədər yazdığım bütün yazılarımı sandığa qoymuşam və onları çap etdirmək fikrim də yoxdur. Çünki o əsərlər müəyyən bir mərhələnin məhsulu idi. O baxımdan onları oxucu üzünə çıxarmağı düşünmürəm. Qələm sahibinin sandığında mütləq müxtəlif mərhələlərdən qalmış ədəbiyyat nümunələri olur və bundan sonra da olacaq».
Bu gün senzura yoxdur
Yazıçı Seyran Səxavətin isə məsələyə münasibətdə fikirləri fərqlidir. O, bu gün "sandıq ədəbiyyatı”nın olduğuna şübhə edir. Çünki çap olunmaq problemi olmadığından hər kəs yazdığını rahat çap etdirə bilir: «Sandıq ədəbiyyatı” o zaman yaranır ki, senzura olsun. Və yaxud daxili senzura olsun. Bu gün isə demək olar senzura yoxdur. "Sandıq ədəbiyyatı” müəyyən qadağalar zamanı yaranan ədəbiyyatdır”. Vaxtilə özünün də hələm-hələm çap etdirmədiyi şeirlərinin olduğunu deyən S.Səxavət «Arazın üstü», «Gəlin körpü salaq» və s. kimi şeirlərini uzun zamandan sonra çap etdirib: "Sonradan isə bu şeirləri rahat çap etdirə bildim. Qadağalar baxımından yanaşanda, bu gün "sandıq ədəbiyyatı” yoxdur». S.Səxavət hesab edir ki, arxivlərdə qalan, çap olunmayan əsərlərin "sandıq ədəbiyyatı”na aidiyyəti yoxdur: «Arxivdə qalan əsərlər "sandıq ədəbiyyatı” deyil. Bu, fərdi xarakter daşıyır və kiminsə evində olur. Bütün sandıqlar açılmır, amma arxivlər hər zaman açılır».
Ucqarlarda yığılıb qalan ədəbiyyat
Şair Vaqif Bəhmənli "sandıq ədəbiyyatı”nın yaranmasını hər zaman üçün mümkün hesab edir: «Elə yazarlar var ki, onlar yazdıqlarını müəyyən müddət çap etdirmək istəmirlər: ya hələ zamanın çatmadığını düşünürlər, ya sadəcə, yazı istədikləri kimi olmur. Bu gün isə yazılan hər bir əsər üçün meydan var. Məsələn, nəşriyyatlar, müxtəlif təmayüllü mətbuat orqanları və s. fəaliyyət göstərir. Yazı yaxşı olunca, onlar məmnuniyyətlə yer ayırırlar». V.Bəhmənlinin fikrincə, "sandıq ədəbiyyatı” o zaman yaranır ki, ya bədii cəhətdən, ya da hansısa nüansa görə müəllifin öz senzurasından keçmir. Ya da bəzən bir yazar qələmə aldığı yazını özü üçün yazır, onu kütləviləşdirmək istəmir: "Çünki söz gələndə, onu hansısa bir formada yazıb özünü xilas etmək və bu sözdən yaxa qurtarmaq istəyirsən. Yazar bəzən yazdığını yeni bir düşüncə olduğu üçün də üzə çıxarmağa ürək eləmir. Bəzən də bizim tanımadığımız, xüsusən ucqar yerlərdə yaşayan insanların qələmə aldıqları çap olunmamış qalır. Bəzən onların mətbuatla əlaqələri, kitab çap etmək imkanları olmur. Ancaq buna nə qədər "sandıq ədəbiyyatı” demək olar, bunu bilmirəm».
Ciddi ədəbiyyat
Şair Baba Vəziroğlu hesab edir ki, "sandıq ədəbiyyatı” həmişə mövcud olub, bu gün də var: "Sovet dövründə senzura olduğundan, hər kəs özü üçün yazır və onu üzə çıxara bilmirdi. Ya yazdıqlarını özü üzə çıxarmırdı, ya da onu çıxarmağa qoymurdular. Beləcə, "sandıq ədəbiyyatı” yaranırdı. Bu gün də "sandıq ədəbiyyatı” var, amma bu, senzura ilə bağlı deyil. Kim nə istəyirsə, onu yazır - buna qadağa yoxdur. İnsanın daxilində bir senzor var ki, onu yazmağa qoymur: «Bunu özün üçün yazmaq olar, amma oxucu üçün lazım deyil. Olmaz, ayıbdır». B.Vəziroğlunun fikrincə, hazırda bəzi müasir yazarlar hər bir fikri kağıza köçürür, yerli mətbuatda və ya sosial şəbəkədə yayırlar: "Bu gün kriteriyalar itib. Bir zaman bizim «bunu yazmaq olmaz, bu oxucu üçün deyil, mentalitetə ziddir» və s. kimi əməl etdiyimiz kriteriyalar artıq yoxdur. Gənc yazarlar öz düşüncələrini yazmaqla oxucu cəlb etmək istəyirlər. Düzdür, oxucunun diqqəti onlara yönəlir, ancaq bu, bir anlıq olur: fişəngin parıltısı bir anlıq yeri-göyü işıqlandırır, sonradan qaranlığa qərq olduğu kimi, onlar da diqqəti ani cəlb edirlər. Bugünkü "sandıq ədəbiyyatı” ola biləcək yazıların bir çoxu da məhz bu fişəngi xatırladır». Baba Vəziroğlu özünün şeirlərindən ibarət "sandıq ədəbiyyatı”nın olduğunu deyir: «Bu, mənim aləmimdə ciddi ədəbiyyatdır. Sadəcə, düşünürəm ki, bunların bu gün oxucusu yoxdur. Bu gün mən onları ciddi ədəbiyyat nümunələri hesab edirəm. Bu, bazara çıxarılan və tələbatı olmayan mal kimidir. Bu gün istehsal etdiyim "sandıq ədəbiyyatı”na aid olan "mallar” isə bugünkü oxucu üçün deyil. Mənim "sandıq ədəbiyyatı”na daxil etdiyim əsərlər bu oxucuya ünvanlanmayıb. Düşünürəm ki, nə vaxtsa kamil bir oxucu yetişər və bu əsərlərə tələbat artanda, mən də onları ya üzə çıxararam, ya da gələcək nəsillər özləri həmin ədəbiyyatı üzə çıxarar. Əgər kapitalizm cəmiyyətində yaşayırıqsa, hər şey bazarın tələbi ilə uyğun olmalıdır. Bu gün mənim "sandıq ədəbiyyatı”na daxil etdiyim yazılar çap olunmamış yazılar sırasındadır və onlar öz növbəsini, bazarını gözləyir. Bu gün o malların alıcısı bazarda yoxdur. Bugünkü alıcı şou, ucuz detektiv əsərlərin həvəskarıdır. Ona görə, özümü gülməli vəziyyətdə qoymaq istəmirəm».
Bütün dövrlər üçün aktual
Yazıçı Eyvaz Zeynallı "sandıq ədəbiyyatı”nın bütün dövrlər üçün aktual olduğunu qeyd edir: «Sovet dövründə də yazıçıların əsərlərindən ibarət "sandıq ədəbiyyatı” olduğu deyilirdi. «Kiminsə sandıq ədəbiyyatı var», «Həyatdan köçəndən sonra filankəsin əsərləri ortaya çıxdı» kimi fikirlər vardı”. Yazıçı bu gün də "sandıq ədəbiyyatı”nın olduğunu istisna etmir: "Çünki yazıçılar həmişə yazdıqlarının hamısını ortaya qoymurlar. Hansı səbəbdənsə yazdıqlarının bir hissəsi həmişə kənarda qalır. Ola bilsin ki, müəyyən məsələlərə toxunduqlarına görə hansısa nəşriyyat və ya redaksiya onu çap eləmir. Ya ola bilsin ki, həmin əsərin yaxşı və ya aktual olması ilə bağlı onların özlərinin inamı olmur. Və yaxud hansısa fikirlərini düzəltmək üçün əsəri bir müddət sandıqlarında saxlamağı düşünürlər. Çünki zaman keçdikcə yeni fikirlər əmələ gələ bilir”. Yazıçı hesab edir ki, bəzi yazıları redaktorlar və ya nəşriyyatlar da çap etməyə çəkinirlər. Belə olanda da, müəlliflər həmin əsərlərin çap olunması üçün zamanı gözləyirlər: "Yazıçı həmin əsərləri "sandıq ədəbiyyatı”na çevirə-çevirə, bəzən özü həyatdan köçür. Ondan sonra qohum-əqrəbasından, yaxınlarından kimsə həmin əsərləri üzə çıxarır və təzədən çap etdirir».
Bu gün o qədər
də aktual deyil
Şair Musa Ələkbərli də "sandıq ədəbiyyatı”nın olduğunu istisna etmir: «Bununla belə, "sandıq ədəbiyyatı” bu gün o qədər də aktual deyil. Çünki bu gün çap problemi yoxdur. Hər kəs öz ürək sözünü rahat deyə bilir». Musa Ələkbərli özünün heç vaxt "sandıq ədəbiyyatı”nın olmadığını söyləyir: «Mən bütün şeirlərimi çap etdirirəm. Elə hadisələr olur ki, ona birbaşa, bədii şəkildə münasibət bildirə bilirəm. Oxuyanlar da «Çox cəsarətli şeirdir» deyirlər. Senzura olmadığına görə, hər bir qələm adamı ürək sözlərini deyə bilir. Çox güman ki, kimlərdəsə belə şeirlər ola bilər. Tarixə fikir verəndə, hər dövrün belə ədəbiyyatı olub. Zamanın müxtəlif dönəmlərində bu ədəbiyyatlar üzə çıxa bilir».
Təranə Məhərrəmova
Kaspi 2017.- 2-4 dekabr.- S.10.