55 illik ömür
karvanı
Tanrı, onu yaxşılardan elə
sən...
Qarşımda bir "Ömür karvanı” var. Əməkdar
jurnalist Akif Təvəkküloğlunun 55 illik
"Ömür karvanı”. Vərəqləyirəm... Ötüb-keçənlər, yadda qalanlar,
unudulmayanlar, xatirələr, təəssüratlar,
bütün bunların bədii-publisistik ovqatı, eyni zamanda
poetik misralar, şeirlər toplanıb kitabda. Hörmətli millət vəkili, akademik Nizami Cəfərov
da ürəklə ön söz yazıb Akifin
"Ömür karvanı”na. Amma Nizami
müəllimin sözü olmasın, doğrudan, heç mən
də Akifin bədii yaradıcılıqla məşğul
olduğunu bilmirdim. Düşünürdüm ki, mənim
tanıdığım Akif, sadəcə, uzun illər ciddi
televiziya proqramlarının aparıcısı olub,
televiziyadan sonra isə Milli Məclisin mətbuat xidmətinin rəhbəridir,
rəsmi adamdır...
Məncə, Akif Təvəkküloğlu elə
insanların da göz yaddaşında daha çox Azərbaycan
televiziyasının səlis nitqli, aydın diksiyalı,
xoş sima aparıcılarından biri kimi qalıb. Və
inanmıram, kimsə o simanı xatırlamasın.
Çünki Akifin vaxtında telekanalların sayı az idi, elə aparıcıları da barmaqla
saymaq olardı. O isə televiziyada müxtəlif ictimai-siyasi
verilişlərin, "Xəbərlər”in, "Həftə”
analitik informasiya proqramının aparıcısı, həm də
düz 5 il bu proqramın rəhbəri olub...
****
Akif jurnalistikaya başqa sahədən gəlib. Bakı
Dövlət Universitetinin kitabxanaşünaslıq və
biblioqrafiya fakültəsini bitirib – fərqlənmə diplomu
ilə. Sən demə, hələ
İmişlidə yaşadığı illərdə
yazı-pozuları da varmış, amma üzə
çıxarmayıb. Tələbəlik
illərində də fəal, zirək olub, ikinci kursda
fakültə komsomol təşkilatının katibi
seçilib. Universiteti bitirəndən sonra 5 il Kitab Palatasında filial müdiri, şöbə
müdiri vəzifələrində çalışıb. Sonra "ömür karvan”ı onu "Molla Nəsrəddin"
jurnalına gətirib. Şair Baba Vəziroğlunun
dəvətilə burada şöbə müdiri işləyib.
Lakin jurnalın ömrü çox qısa olub.
Yol bu dəfə Akifi elə dostu Baba Vəziroğlu
ilə birgə Azərbaycan televiziyasına gətirir, 1991-ci
ildə. Baba Vəziroğlu "Bakı
studiyası”na rəhbər, Akif isə şöbə
müdiri təyin edilir. Onun televiziyaya gəlişinə
ən çox sevinən, rəhmətlik atası Təvəkkül
kişi olur. Hər dəfə
televiziyada tələbələri görəndə "bircə
mənim də oğlum tələbə olsaydı, onu
televiziyada görsəydim...” deyən atası. Onda Akif hələ orta məktəbdə
oxuyurmuş. Atasının arzusu isə çin olur,
oğlunu nəinki bir-iki dəfə, hətta uzun illər
ölkənin birinci televiziyasının ekranında
görür...
Akif Təvəkküloğlu 2006-cı ilə qədər
televiziyada işlədi və özü dediyi kimi, "burada
missiyasını başa vurub” getdi. İndi həmin illəri belə dəyərləndirir:
"Çətin dövrlərdə işlədim, indiki
müasir avadanlıq, şərait yox idi, amma uğurlu oldu,
istədiyim kimi işləyə bildim. Televiziya bir
qırmızı xətt kimi keçdi ömrümdən...”. Amma AzTV-dən uzağa getmədi,
Milli Məclisə getdi, mətbuat xidmətinin rəhbəri təyin
edildi, dövlət qulluqçusu oldu. Sonralar özü
də etiraf edəcəkdi: "Bu, mənə böyük
etimad idi”. Və etimadı doğrultdu, yeni
işində də məsuliyyətli oldu, fərqləndi,
özü ilə Milli Məclisin mətbuat xidmətinin fəaliyyətinə
bir qaynarlıq, bir canlanma gətirdi. Qanunverici
orqanla ayrı-ayrı mətbuat xidmətləri arasında
möhkəm, səmimi bir mənəvi körpü
yaratdı. Müsahibələrində
"yenə televiziyadayam, mətbuatdayam, özümü
çox yaxşı hiss edirəm” dedi. 2010-cu ildə
Prezident İlham Əliyevin Sərəncamı ilə
"Əməkdar jurnalist” fəxri adına
layiq görüldü, 2017-ci ildə jurnalistlər
üçün tikilən binada ona da mənzil verildi. Sevincini
belə bölüşdü: "55 illik yubileyimin ən
böyük hədiyyəsini cənab Prezident İlham
Əliyevdən aldım. Çox minnətdaram, bu, işimə
verilən çox gözəl qiymətdir...”
****
Akif AzTV-də işləyəndə onunla eyni otaqda əyləşirdik,
"Həftə” analitik informasiya proqramının qrupu
üçün ayrılan otaqda. Cəmi üç nəfər idik:
o, mən, bir də hər zaman minnətdarlıqla
xatırladığım, işinin peşəkarı, cəfakeş
rejissor, gözəl insan Rafiq Fəttahov (Rafiq müəllim
indi təqaüddədir, Allah ömür versin). O boyda
proqramın yükü, demək olar ki, üçümüzün
çiynində idi. Akif çox məsuliyyətli
idi, "Həftə”nin ciddiyyətini, məsuliyyətini
yaxşı başa düşürdü. Bundan
başqa, bəzi canlı yayımların, ekspromt xəbər
buraxılışlarının aparıcısı kimi də
həmişə "start”da olardı...
Akifin canıyananlığı, valideynlərinə diqqəti,
ailəsinə bağlılığı həmişə
diqqətimi çəkirdi. Gün ərzində
neçə dəfə rayona, anasına zəng vurur, hər
dəfə də valideynlərini təkidlə Bakıya
çağırırdı, amma onları heç cür
razı sala bilmirdi. Səbəbini mənə
danışdığı gün isə özümə gələ
bilməmişdim, doğrudan da, "ağlayanın bir dərdi,
gülənin min dərdi” varmış, deyə
düşünmüşdüm. Əslində,
Akif ağrısını dilə gətirən, problemini
qarşısındakı insana ötürən biri deyil, kədərini
gizlətməyi bacarır. Amma həmin
gün danışmışdı və kövrəlmişdi,
məni də kövrəltmişdi. Onda
bilmişdim ki, bir neçə ilə əvvəl ailəsi,
valideynləri çox böyük faciə yaşayıb.
20 yaşlı bacısı və qardaşı, bacısının
qucağındakı körpəsi, xalası
oğlu və xalası qızı eyni avtomobil qəzasında
həyatlarını itirib. Eyni gündə bir evdən 5 əziz
insan torpağa verilib... Akifgil iki bacı, iki
qardaş imiş. "Ayrılıq olan
yerdə hər şey ağrılıdır, dözülməzdi.
Anamgil qəbirləri qoyub Bakıya gələ
bilmir, onları heç cür yola gətirə bilmirəm”.
Akif belə
demişdi. Heç atasının
ölümündən sonra da anası Suğra xalanı yola gətirə
bilmədi. İndi də hər həftə sonu
İmişliyə gedir, anasına, bacısına baş
çəkir... Bir dəfə Akif özü də
"Xəbərlər”in çəkiliş qrupu ilə Binə
hava limanına xarici qonaqları qarşılamağa gedəndə
avtomobil qəzasına düşmüşdü. Həmin gün axşam saat 8-də isə ana xəbəri
aparmalı idi. Özünü ələ
alıb oxumuşdu xəbərləri. Sonra
studiyadan birbaşa xəstəxanaya aparmışdılar onu, əməliyyat
olunmuşdu və şükür Allaha, hər şey
yaxşı qurtarmışdı. Onda Akif yenə də
özündən çox, atasını-anasını fikirləşmişdi,
hadisəni, təcili əməliyyat olunmasını gizlətmişdi
onlardan...
****
"Üst-üstə götürəndə, 55 ilimin
ağrılı-acılı günləri daha çoxdur. Amma mən
onların hamısını "olacaq”, "tale, qismət,
alın yazısı” kimi qəbul edirəm. Çalışıram, ürəyimdə yara
açmasın, yoxsa yaşamaq olmaz, axı doğmalarım
var, mənsiz onların halı necə olar?” deyir. Yəqin elə buna görə də həmişə
nikbindir. Həddən artıq gülərüz
insandır. Ən çətin anlarda, ən
qayğılı vaxtlarda da heç nə üzündəki
təbəssümə qalib gələ bilmir. Özü dediyi kimi, həyatın daha çox
xoşbəxt üzünü insanlara göstərmək istəyir.
"Gözəl bir ailənin
başçısı olduğum üçün çox
xoşbəxtəm, uğur açarım ailəmdi, taleyimdən
razıyam, ailəmdən, övladlarımdan razıyam” deyir.
Oğulları Turalla Pərvizi qoşa qanadı
hesab edir. İndi gəlinləri, nəvələri
də bu sıraya qoşulub. Bir nəfərin isə
"Ömür karvanı”nında çox məxsusi yeri var.
Bu, həyat yoldaşı Sevda xanımdır...
Çiçək
açıb çöl-çəmənlər gülməsə,
Bülbül
bağda cəh-cəh vurub ötməsə,
Bütün
dünya harayıma yetməsə,
Təkcə
sənin varlığın yetər mənə...
Sevda
xanımı yaxşı tanıdığım
üçün onu da gözəl bilirəm ki, Akifin xoşbəxtliyində,
uğurlarında onun danılmaz rolu var. "Hər uğurlu
kişinin arxasında bir uğurlu qadın dayanır”
misalı...
Akifin səmimiliyi də "Ömür karvanı”nı
ilk səhifəsindən son sətrinə qədər izləyir. Hər
birimizin əzizi olan Azərbaycan əsgərinə
ünvanlanan "Əsgər balama” şeiri isə
kitabdakı şeirlərin gözüdür. Sən demə, "Ömür karvanı”nın yola
çıxmasına səbəb də elə bu şeir olub.
2016-cı ilin Aprel hadisələri vaxtı bir dəstə
vətənpərvər gənc Şəhidlər
Xiyabanının qarşısında Prezident, Ali Baş
Komandan İlham Əliyevə həmrəylik aksiyası
keçirir. Akif həmin aksiyadan təsirlənərək
bu şeiri yazır, onda öz oğlu da əsgər imiş.
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı,
jurnalist Qərənfil Mansurova təsadüfən şeiri
Akifin stolunun üstündə görür, çap etmək
adı ilə götürür və müəllifdən xəbərsiz
sayta verir... Və Akif yalnız dostlarının zəngindən
sonra bundan xəbər tutur...
Bir əlində
bayrağım,
Canında ruhum, qanım.
İrəli,
mərd aslanım!
Dayanıbdı
arxanda,
Ucadan uca
dağım,
Ali Baş Komandanım!..
Bəstəkar Eldar Mansurov bu şeirə musiqi də bəstələyib...
Hər an yada düşürsən,
Şıltaq, dəcəl uşaqlığım.
Kaş yenidən gələydin sən,
Ey bəxtəvər uşaqlığım...
Bu, 55 illik "Ömür karvanı”nın yolçusu, "Allahın istəkli bəndəsi” Akif Təvəkküloğlunun artıq çox uzaqlarda qalan uşaqlıq illərinə xiffətidir. Və o öz nisgilini "Çinarla görüş”də də gizlədə bilmir:
Yaman qocalmısan, sən də mənim tək,
Gördüm bu halını, kövrəltdi məni...
Bacarsan,
zamanı geriyə bir çək,
Bu gündən
dünənə aparım səni...
Amma özü də yaxşı bilir ki, geriyə
dönmək mümkünsüzdür. O səbəbdən də
"Dünya, saxla əmanəti” deyir və "Daha
yaxşı yaşamaq istəyi” ilə "Ömür
karvanının halallıq yolu”na davam edir...
Yaxşı
olmaq sözdə olmur, bilirəm,
Yaxşı, ya pis əməldədir, bilirəm.
Heç
birisi unudulmur, bilirəm,
Tanrı,
məni yaxşılardan elə sən...
Dekabrın 1-i isə "Tanrının
yaxşılarından olmaq istəyən” Akif Təvəkküloğlunun
"Ömür karvanı”nın ilk günüdür. 55-ci dəfədir ki,
ömür bu gündən başlanır...
55...
Gözəl rəqəm, gözəl qiymət, əlamətdar
yubiley! Davamı gəlsin!..
Firuzə NADİR
Kaspi 2017.- 1 dekabr.-
S.6.