Qürbətdə
Hava alanının şüşəli qapıları
qarşısında dayanıb biganə baxışlarla
uçaqlardan indicə enmiş yorğun sərnişinlərin
çantalarına baxan polislərin qarşısından
keçəndə düşündü ki gərək Səmədə
qoşulub Almaniyaya gedəydi. Onsuz buralar yad olacaq.
Canı sıxılacaq. Darıxacaq.
Yaxınlarının hamısı qürbətdəydi. Sona qalan Səməddi.
O, da şələ-şüləsin yığıb nəhayət
ki, bu gün, bir dəfəlik Almaniyaya uçdu. Qaldı tək. Sən təkliyi
asan bilmə. Bunun xəstələnməyi
var, yıxılıb ölməyi var. Yaş üstünə
yaş gəlir də. Adam cavanlaşmır
ki. Qocalır! Üzü o yana gedir.
Qışda çölə çıxıb çörək
almağın özü də kimsəsiz adam
üçün bir işdir. Hələ dərman
axtarmağı demirəm? Təmiz dərman
tapmaq üçün gərək bütün şəhəri
ələk-vələk edəsən. Bunun
üçün də ayaq lazımdır. Əvvəllər yaxşı qonşuları
vardı. İndi qonşu nədir? Doğma qardaşın belə sənə kəf gəlir.
Gərək xəstələnməyəsən! Qocaldın üzüsulu ikən öləsən.
Ölmək nədir e birdən-birə gəldi
ağlına? Yaşamaq lazımdır!
Son illər təkliyə öyrəşmişdi. Səmədlə
də ancaq telefonla danışırdılar. Yuxudan qalxan kimi ona zəng vurardı. Günortaya qədər dünyanı quru yuyub
yaş sərərdilər. İkisi də
işsizdi. Vaxtları çoxdu. Səməd iki ildi səfərə
hazırlaşırdı. O, da evdən
çıxıb Səmədi ötürməyə. Hər ikisini "başqa cür” olduqları
üçün işdən qovmuşdular. Sən indi nə biləsən ki, polislərin
qarşısından keçdiyim an Səmədin getməsinə
mən nə qədər heyfsilənmişəm. Bunu necə bilə bilərsən? Bunu heç kəs bilə bilməz!” Nəsə. Məsələ "başqa cür”
olmaqda və ya düşünməkdə deyil.
Avtobus dayanacağına çatanda birdən-birə
anladı ki artıq Səməd yoxdur. Qanı əməlli-başlı
qaraldı. Sabahdan dərdini kimə deyəcəkdi?
Təzə dəymiş çuğullara?
Varlı oğrulara?
Düzgün qələm adamıydı. Gözünü
açandan redaktorluq etmişdi. Düzə
düz, tərsə tərs. Qohum
qardaşdan yararlanan deyildi. Pul nədir,
rüşvət nədir bilməzdi. Ədalətin
haçansa işlək bir əxlaq əyarı
olacağına hələ də inanırdı. Yaşı əllini keçmişdi. Canında yavaş-yavaş xəstəliklər
cücərirdi. Dərman almağa pulu
olmadığından su ilə özünü
sağaldırdı. Bütün bunlara yenə
bir təhər dözmək olacaqdı. Ən
qorxulusu gərəksizlikdi. Təzə dəymiş
çuğul əxlaqlı yazarları sevmirdi. Təkrar beyinli kəmsavad həyasızların
özlərinə yazar deməsindən sinirlənirdi. Əyar yox idi deyə, ağıllarına gələni
kağıza tökən bu qələmbazlara heç kəs
gözün üstə qaşın var demirdi. Hərə öz hayındaydı. Ədəbi zövq korlanmışdı. Şəkərlə duzun qiyməti eyniydi. Ədəbiyyatla qarın otarırdılar. Hərə öz kitabını oxucuya zorla oxudurdu.
Dəstə-dəstə bölünüb biri
birlərini tərifləyirdilər. Əlindən
başqa iş gəlmirdi deyə bir kənarda dayanıb
olanlara ancaq tamaşa edirdi. Onun bacardığı yeganə
iş dəbdən düşmüşdü. Kitabları
daha redaktə etmirdilər. Necə
danışırdılarsa o cür də kitab
yazırdılar. Ləhcəylə. Düşüncəsizlik dəb idi.
İşlədiyi son iş yerinin müdiri üzünü
ona tutub demişdi: – "Ustad, sən bizim sayt
üçün çox böyüksən. Oxucular
yazdıqlarını anlamır. Ya bir az
ağılsız yazılar yaz, ya da daha burda işləmə.
Kütlənin ağlına və zövqünə
uyğun yazılar yazmasaq reklam cəlb edə bilməyəcəyik.
Reklam isə maaş deməkdir. Başa düşürsən?”
Sən bir sifarişə bax. Ağılsız yazılar yaz! Görəsən, ağılsız yazılar necə
yazılır? Axı ağıl olmayan
yerdə heç nə yazıla bilməz. Amma o da var ki bu "heç nə” olmayan "nəsə”
hamı üçün necəsə var da. Hamı ağıllı olmayan bu
ağılsızlığı necəsə anlayır.
Bu məntiqsizlik içində rahatca yaşayır da! Təkcə onunla Səməd, bu
"olmuşluğa” yaddır!”
İki ildi otağından çölə
çıxmırdı. Bu iki ildə fransız dilini mükəmməl
öyrənib Balzakın əlli bir romanını türkcəyə
çevirmişdi. Başını qatmaq
üçün yaşadığı hündür mərtəbəli
binanın eyvanında pomidor əkmişdi. Şəhər rəngində avazımış
pomidorların dəyməsini görəndə elə
sevinmişdi ki. Nəsə etmək, zəhmət
çəkdiyin işin bəhrəsini gözünlə
görmək insana ləzzət edir axı. Kişi
işləməlidir! Kişi səhər evdən
çıxıb işə getməlidir. Xalqına
xidmət etməlidir. Evi üçün,
özü üçün deyil, insanlıq üçün
çalışmalıdır. İllərlə
canında qalıb daşlaşmış gücünü, əldə
etdiyi təcrübəsini bilmirdi neynəsin? Oxuduğunu, bildiyini kimə öyrətsin? İndikilərə heç nə maraqlı deyildi.
Heç kəs öyrənmək istəmirdi.
Dəfələrlə dostlarının arxasınca
Avropaya getmək istəmişdi. İki ay
İsveçdə yaşamışdı da. Sonra dözə bilməyib, geri
dönmüşdü. İkinci dərəcəli adam olmaq asan iş deyildi. Qürbətin
hər dəqiqəsindən bir daş asılıb. Bu torpaq onun torpağıydı. Kasıb
olanda nə olar? Bu gün heç kəsə
gərək olmayanda nə olar? Düzdür,
yazılarını çap eləmirdilər. Onu görəndə
tanıdığı adamlar belə üzünü yana tuturdu. Amma baxma da. Başqa cür olduğu üçün üz
döndərsələr də ürəklərində
düşmənləri belə qədrini bilirdi. Tanımadığı adamlar belə yazısına
hörmət edirdi. Bu da var da. Burda onu pis yaxşı tanıyırdılar. Qürbətdə isə o heç kəsdi. Bu gün dəbdə olan "sabun köpüyü”
yenilərdi. Bu salamsız-kəlamsız rəqabət
adamlarının üzlərindən çuğulluq
yağırdı. Pul qazanım deyə
biri birilərini təpikləyib atdan salan bu adamların
üzündən gözündən pislik
tökülürdü. Bu gün heç
kəs ağlına, istedadına güvənib
yaşamırdı. Hamı irəli getmək
üçün salınmış əyri yolların
düzlüyündəndi. Bu adamların
üzünü görməsin deyə evdən çölə
çıxmırdı. Saytlardan
aldığı qəpik-quruş da ancaq baş aldatmağa
yetirdi. Buna dözməyən arvadı
uşaqlarını da götürüb qürbətə
köçmüşdü. Onlardan da
haçandı xəbər yoxdu.
Hava alanından şəhərə gedən avtobusa minib
arxa oturacağa əyləşdi. Salonda oturmuş Ərəb
turistlər çox ucadan danışırdılar. Görünür, kənd adamlarıydı. Səslərinin kiməsə mane olacağı
haqqında düşünmürdülər. Hay-küyləri salonu basına
götürmüşdü. Birdən-birə
ərəb dilinin havası ona yas mağarını
xatırlatdı. Sürücü də
gözünə arxası salona oturmuş molla kimi
göründü. "Əstəfurullah”
deyib udqundu. Turistlərin üzü
aydın və xoşbəxt idi. Dil-dil
ötürdülər. Ərəb dilini
zamanında öyrənmədiyi üçün
özünü qınadı. Bilsəydi ərəblərə
Bakıdan danışardı. Şəhər
tarixini olduğu kimi onlara anladardı. Görəsən,
qonaqlar şəhəri bəyənəcəklərmi?
Bir xeyli beləcə ərəb dilinin qərib zəngulələrini
dinləyib susdu. Avtobus Sabunçu dairəsinə çatanda qəfil
ayağa qalxıb ərəb dilində bildiyi yeganə mətn
olan Quranın "Əl Fatihə” surəsini ucadan muğam
üstə oxumağa başladı. Ərəblər
əvvəlcə bu qəribə nalədən diksindilər.
Sonra qımışa-qımışa susdular.
Çalışıb axıra qədər onun
nə etmək istədiyini anlamağa
çalışdılar. Ancaq sürənin
sözləri bitəndə özünə gəldi. Niyə belə etdiyini axıra qədər
özü də anlamadan avtobusun yumşaq kətilinə
çökdü. Və nədənsə
özünü çox yüngül hiss etdi. Elə
bir çiynindən ağır yük
götürülmüşdü. Nəsə
mühüm bir iş görmüşdü.
Rahatlanıb kətilə yayxandı. Sürücünün
yanındakı kətildən ayağa qalxıb ona tərəf
gələn "Bələdçini” görəndə
dalağı sancdı. Gədənin
üzündən yaltaqlıq yağırdı. Ondan adama xeyir gəlməzdi. "Bələdçi”
oturacaqların arasından ləngərlənə-ləngərlənə
keçib şəstlə boynuna sarıldı. Nəfəsi soğan qoxuyurdu. Ərəblərdən
topladığı əzik-üzük dollarları
açıq qalmış ovcuna basıb
pıçıltıyla: – "Yaxşı fikirləşmisən!
Bu gündən səninlə şərikəm! Elə et ərəblər görməsin. Aşağı enəndə pulları yarı
böləcəyik!” – dedi.
Bələdçinin başını kənara itələyib
ərəblərə tərəf boylandı.
Onlar da heyrətlə "Əl-Fatihə” surəsindən
"pul qazanan” qəribə adamı seyr edirdilər.
Başını aşağı salıb ovcunda
qalaqlanmış dollarlara baxdı. Hamısı
yüzlüklərdi.
Ayağa qalxıb pulları bir-bir ərəblərə
qaytardı.
Salonu hay küy basdı. Nəsə deməyə
çalışan ərəblərin dilini bilməsə də,
hərəkətinin yaxşı hal kimi başa
düşüldüyünü anlayıb sevindi. Sonuncu pulu, sonucu ərəbin ovcuna basıb
sürücüdən avtobusu saxlamağı xahiş etdi.
Sürücü avtobusu şəhərin girəcəyində
saxladı.
Avtobusdan enib yolun kənarına çəkilmiş dəmir
səddin üstünə oturdu. Sağdan sola, soldan
sağa şütüyən maşınların içində
əyləşmiş adamların üzləri
görünmürdü. Yollarda heç kəsin
üzü görünmür axı.
Hara gedirsən
get, yolları üzsüz keçirsən.
İnsanın yolda üzü
görünmür. Üz sənə ancaq
dayanacaqlarda tanınasan deyə gərək olur.
Bu üzsüz və sözsüz adamlı şəhərin
girəcəyində naçar-naçar saatlarla oturdu. Hara gedəcəyini
bilmirdi. Nə edəcəyini də.
Hara getsin?
Kimin qapısını döysün?
Bu boyda şəhərdə təkdi.
Nə işi vardı gedib işləsin. Nə bir
simsar adamı vardı dərdləşsin.
Gecə düşənə qədər dinməzcə
oturub yola baxdı. Maşınların ayağı yoldan kəsiləndə
qalxıb iti addımlarla "evinə” doğru getdi.
Nə yaxşı ki özü vardı. Olmasaydı
ölənə qədər bu qürbətdə necə
yaşayardı?
Orxan Fikrətoğlu
Kaspi 2017.- 2 dekabr.- S.21.