Xalid Hüseynin "Min möhtəşəm günəş"i

 

Xalid Hüseynin

Müharibə və insan, düşmənlik-dostluq, haqsızlıq-ədalət, nankorluq-fədakarlıq, peşmanlıq, vicdan əzabı, sədaqət və s. bütün bunlar dünyaca məşhur yazıçı Xalid Hüseyn yaradıcılığının əsas mövzusunu təşkil edir. Onun ikinci böyük əsəri olan "Min möhtəşəm günəş" öz adını XVII əsr Azərbaycan şairi Saib Təbrizinin "Qəndəharnamə" poemasının:

 

Bu şəhərin nə damını işıqlandıran ulduzları saya bilərsən,

Nə də divarlarının arxasında gizlənən min möhtəşəm günəşi...

 

beytindən götürmüşdür. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunmuşdur. Bundan əlavə Xalid Hüseyn öz əsərində klassik ədəbi nümunələrə də müraciət edir ki, bu da cəmiyyətin normal və firavan yaşamasına mane olan uydurma qanunların qədim milli ənənələrdən gəldiyini göstərməyə xidmət edir.

   Əsərdə təsvir edilən Kabil - əvvəl özünün asudə, rahat günlərini yaşayır. Sonra bir birini izləyən hərbi rejimlər, müharibələr Kabili dağıdır. Əsərin sonunda isə Kabil müharibələrdən, orta əsr qanunlarından, cahillikdən qurtarır və özünün çiçəklənmə dövrünü yaşayır. Kabil də əsərin bir personajı kimi əsas qəhrəmanların talelərinin hər mərhələsində-istər iztirablarında, istərsə də xoşbəxtliyində paralel iştirak edir.

   Əsər əvvəldən axıra kimi qadınların ailə, cəmiyyət tərəfindən üzləşdiyi haqsızlıqlar, faciələri özündə əks etdirir. 14 yaşlı Məryəmin ilk həyat dərsi çox sevdiyi atasının yanına getməsi, yalvarışları ilə başlayır. Lakin bu ata sevgisi Məryəmə baha başa gəlir. O, kor-peşman evə-anasının yanına dönəndə həyatının sonuna qədər ona vicdan əzabı verən hadisə ilə qarşılaşır. Qızının xəyanətini həzm edə bilməyən Nana intihar edir. Beləliklə də Məryəm eyni gündə iki həyat dərsini alır. Ağır peşmanlıq hissi ilə yaşayan Məryəm anası Nananin "Kompasın həmişə şimalı göstərən əqrəbi kimi, bir kişinin günahlandıran barmağı da daim, bir qadını göstərər... " sözlərini ömrü böyük unuda bilmir.

   Məryəm həm də zəngin kişinin qeyri-qanuni qızı idi. Zorla özündən otuz yaş böyük kişiyə ərə verilən Məryəm illər keçsə də ana ola bilmir. Həm analıq sevincindən, həm də buna görə əri Rəşidin normal münasibətindən məhrum olan Məryəm çox bədbəxtdir.

   Yazıçı bu ailənin faciəsini göstərmək üçün onlarla müqayisədə gözəl müəllim ailəsini təsvir etmişdi. Belə ki, qonşuluqdakı Hakim və Fəribənin ailəsi Rəşidgilin ailəsinin tam tərsi idi. Bu ailənin təməli sevgi, hörmət üzərində qoyulmuşdu. Lakin müharibə bu ailənin də bədbəxtliyinə səbəb olur. 1978-ci ildə Sovet imperiyasının Əfqanıstana hücum etməsi Hakim müəllimin işdən qovulmasına, iki oğlunun mücahid kimi şəhid olmasına və arvadı Fəribənin ağlını itirməsinə səbəb olur. Müharibənin acıları içində yeganə ürək açan məqam ailənin kiçik qızı Leyla ilə Tarikin eşqi idi. Lakin bu eşq də imkansızdı. Çünki minada bir ayağını itirən Tariki də ailəsi tacik qızı Leyla ilə evlənməyə qoymur. Müharibənin ağır şərtləri belə milli əngəlləri aradan qaldıra bilmir. Doğrudur, sonradan Pakistana köçmək ərəfəsində Tarik Leylaya evlilik təklifi edir, lakin bu dəfə də Leyla öz ailəsini belə ağır şərtlərdə qoyub gedə bilməyəcəyini söyləyir. Bu dəfə də müharibə, onun doğurduğu ağır şərtlər gənc aşiqlərin illərlə ayrılığına səbəb olur.

    Valideynləri ilə qalan Leylaya atası ölməmişdən əvvəl bir zaman Kabila həsr edilmiş "Min möhtəşəm günəş" poemasından danışır. Hər iki valideynini, qardaşlarını itirən Leyla öz vətənində tamam tək, çarəsiz qalır.

   Pakistana köçən Tarikin ölüm xəbərini eşidən Leyla, tezliklə hamilə olduğunun da fərqinə varır. Məcburiyyət qarşısında Rəşidin ikinci arvadı olmağına razı olur. Burda isə Leylanın Məryəm qarşısında peşmanlıq hissi baş qaldırır. Əvvəllər Məryəm Leylaya alçaldığı üçün düşmən mövqeyində olsa da, sonradan onun da Rəşidə nifrət etdiyini duyur. Əslində, bir-birinə günü olan bu qadınları eyni kişiyə bəslədiyi nifrət birləşdirir. Onları biri-birinə bağlayan problem əslində onlara bir ailə olmağa, ana bala münasibətini qazanmağa səbəb olur. Qadınlar bir-birinə hər işdə dəstək olaraq Rəşiddən qaçmağı belə düşünürlər. Lakin burda da onların qurtulmağına maneə olan səbəb mənasız ənənələri qoruyan cəmiyyət olur. Belə ki, Pakistana qaçmaq istəyən Məryəmlə Leylanı polis ərlərinə təhvil verir. Səbəb isə kişisiz yola çıxmaları olur. Ərləri tərəfindən ölümcül hala salınan qadınlar yenə dözməyə məcbur olurlar. Atasını axtarmağa məcbur olan Məryəm bu dəfə də vaxtilə atasının barışmaq təklifini rədd etdiyi üçün peşman olur. Çünki artıq atası da həyatdan köçmüşdü və Məryəm illər öncə ondan gələn məktubu oxumadan yandırmışdı. Məryəm bundan sonrakı ömrünü Leylanın övladlarını böyütməyində, onları öz övladları kimi bilməkdə görürdü. Lakin 2001-ci ildə Tarikin Pakistana gəlib Leylanı tapması ilə vəziyyət dəyişir. Arvadları ölüm qorxusu ilə hədələyən Rəşid özü qurduğu tələnin qurbanı olur. Məryəm bütün bu illər boyu çəkdiyi zülmlərin heyfini almaq üçün, həm də ən əsas Leylaya kömək etmək üçün Rəşidi qətlə yetirir. Böyük kütlə qarşısında edam edilən Məryəm ölümdən əvvəl bu dünyada kiməsə xeyri dəydiyi üçün, boşuna yaşamadığı üçün sevinc duyur. Özünü fəda etmək bahasına başqasının xoşbəxtliyinə səbəb olduğu üçün şad olur. Xalid Hüseyn onun ömrünün son anlarını son dərəcə təsirli notlarla təsvir etmiş, keçirdiyi hissləri, düşündüklərini real boyalarla əks etdirə bilmişdir. "Məryəm əlləri dizlərinin ortasında divana uzandı. Bu anda onun yadına vaxtilə anası Nananın dediyi sözlər düşdü; hər bir qar dənəcəyi dünyanın hər hansı bir yerində haqsızlığa uğramış qadının ağzından çıxan ahdır. Bütün bu ahlar göy üzünə yüksəlir, buludlara yığılır, sonra kiçik hissəciklərə bölünüb səssizcə insanların üzərinə yağırlar.

   Bu bizim kimi qadınların nələr çəkdiyini göstərir. Başımıza gələn hər şeyə necə səssiz qaldığımızın".

  Hadisələr inkişaf etdikcə əsərin ikinci əsas qəhrəmanı Leyla Tariklə Pakistana gedir və orada ailə qurur. Leyla ilə Tarik 2002-ci ildə Əfqanıstana qayıdır. Yazıçı terror təşkilatlarının əlində qan ağlayan Əfqanıstanın rifahını 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Taliban təşkilatına müharibə elan etməsində görür. Görünür 11 sentyabr hadisələrindən sonra Xalid Hüseyn ölkəsinin nəhayət ki, müxtəlif radikal qruplaşmalardan, terroristlərdən qurtularaq müasir, hüquqi bir dövlətə dönəcəyini bütün varlığı ilə inanırdı. Ona görə də əsərin sonunda müharibədən sonra vətəninə dönən Leylagilin ailəsi bərpa və xeyriyyə müəssisələrində çalışmağa başlayır. "Kabil günü gündən dəyişir, bərpa edilir. Orta əsr qanunları ləğv edilir, məktəblər, muzeylər, kinoteatrlar açılır, musiqi səsləri gəlir". Leyla uşaq sığınacağında uşaqlara dərs deyir. "Bir cəmiyyətin qadınları təhsilsiz olduğu müddətcə müvəffəqiyyətə yetmək şansı yoxdur..." deyən Leyla inanır ki, gələcək nəsillər təhsil alarsa ölkəsini cahillikdən və radikal dini cərəyanlardan xilas edə bilər. Əsərin sonunda biz Leylanı yenə ana olmağa hazırlaşdığını görürük. Leylanın ən böyük arzusu qızının dünyaya gəlməsi olur. Çünki, o, körpəsinə ən sevdiyi insanın – Məryəmin adını qoymaq istəyir.

   Ümumiyyətlə, qeyd etməliyik ki, əsərlərini əsasən nikbin sonluqla bitirmək Xalid Hüseyn yaradıcılığına xas xüsusiyyətdir. Burda da yazıçı Əfqanıstanın bir zaman özünün gördüyü, günü-gündən yaxşıya doğru inkişaf edəcək bir ölkəyə çevriləcəyinə olan inamıdır. Əsərdə həyatını bir kişiylə məcburən bağlamış iki qadının acı taleyi verilsə də, burada müharibə və insan xətti də əsas götürülür. Bir cahil və kobud kişiylə yaşamağa məcbur olmuş iki qadın əslində həm də heç bir insani hüquqları tanınmayan qadınların ümumiləşdirilmiş obrazıdır. Əsərin əsas qəhrəmanlarından olan Məryəmə həyat heç vaxt xoş üzünü göstərmir. Məryəm varlı adamın qeyri qanuni münasibətindən dünyaya gəlmiş qızı idi, üstəlik həm eybəcər, həm də sonsuz idi. O, öz bədbəxtliyinin səbəbini anasının vaxtilə səhv edərək atası ilə qeyri qanuni münasibət yaşamasında görürdü. Məryəm daim alçaldılmağa, təhqir olmağa, itaət etməyə öyrənir. Əsərin digər qütbündə isə biz ailə sevgisi görmüş, təhsil görmüş, sevgi yaşamış mübariz Leylanı görürük. Bu iki qadını eyni problem uğrunda mübarizə bir birinə yaxınlaşdırır. Onlar çoxdan axtardıqları ailə sevgisini, səmimiliyi, fədakarlığı bir birində tapırlar. Məryəmlə Leyla sanki köhnəliklə müasirliyin astanasında qalan Əfqanıstanı simvolizm edir. Geriliklə yenilik, yaşlı nəsillə gənc nəsil bir birinə düşmən mövqedə durmaqdansa ortaq problemin qarşısında birləşir, mübarizə aparır. Nəticədə köhnəlik özünü yeniliyə fəda edir. Yenilik isə öz tarixinə sahib çıxır, onun fədakarlığına qədirşünaslıqla yanaşır, yaşatmağı istəyir.

  Əsərdə qadınların belə bədbəxt həyat sürməsinə ailə, cəmiyyət, savadsızlıq nə qədər günahkardırsa, bir-birini təqib edən qanlı müharibələr, siyasi rejimlər də bir o qədər məsuliyyət daşıyır.

Xalid Hüseynin "Çərpələng uçuranlar" romanında əgər fədakar kişi dostluğundan bəhs edilirdisə, "Min möhtəşəm günəş" əsərində güclü qadın dostluğu təsvir edilmişdir. Maraqlı məqam odur ki, Azərbaycan ədəbiyyatında da bu ardıcıllıq İsmayıl Şıxlının əsərlərində özünü göstərməkdədir. İsmayıl Şıxlı əgər "Dəli Kür" əsərində Cahandar ağanın timsalında yanlışı ilə doğrusu ilə Azərbaycan kişisinin portretini yaratmışdısa, ömrünün sonunda "Ölən dünyam" əsərindəki Güllü arvad obrazı ilə Azərbaycan qadının bədii obrazını yaratmışdı.

 

Babayeva Məlahət

 

Kaspi  2017.- 2 dekabr.-  S.23.