ELMLƏRİN İNTEQRASİYASI VƏ
FOLKLOR
2016-cı ildə "Elm və təhsil” nəşriyyatında çap olunan "Folklorun funksional strukturu: multidissiplinar kontekst” adlı kitab son dövrlərdə aktuallıq kəsb edən bir problemə – elmlərin inteqrasiyası məsələsinə həsr olunmuşdur. Kitabda folklorun funksional strukturu müasir nəzəri-metodoloji yanaşmalar kontekstində multidissiplinar aspektdə tədqiqata cəlb edilmişdir. 3 hissədən və 496 səhifədən ibarət olan kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayevdir.
"Folklorun funksional strukturunun multidissiplinar analazi” adlanan I hissədə (müəllif: Sərxan Xavəri) folklorun funksional strukturu fəlsəfi-kulturoloji prinsiplər üzrə araşdırılır və folklor sosial-mədəni fenomen olaraq öyrənilir. Tədqiqatda folklorun mədəni sistem kimi daxili müəyyənlik keyfiyyətinin aşkarlanması üçün o, "folk”da ifadə olunan sosial və "lore”də ifadə olunan kultural strukturların vəhdətindən yaranan bütöv metamədəni funksional sistem olaraq nəzərdən keçirilir. Müəllifə görə, folklorun yaradıcı subyektini təşkil edən "folk” insanın təbiətdən cəmiyyətə keçidi anından bu günümüzə qədərki ən müxtəlif kəmiyyət və keyfiyyət kombinasiyalarında təzahür edən funksional sosiallaşma modelləridir (bir ailənin tərkibində iki nəfərdən tutmuş, bir planetin tərkibində milyardlarla insana qədər). "Lore” isə kollektiv insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri mədəni sistemin diaxron və sinxron səviyyələr üzrə artefaktlar sistemi (qədim daş alətindən tutmuş ən müasir sosial idarəçilik modellərinə qədər) kimi modelləşdirilmişdir. Mədəni sistemdə funksionallıq sosial sistemdəki dinamika anlayışı ilə bilavasitə bağlıdır. Sosial dinamika özünü elə mədəni funksionallıq vasitəsilə reallaşdırır. Bu iki sistem arasındakı kommunikativ münasibətlərdən yeni metasistem – sosial-mədəni sistem yaranır.
Kitabın I hissəsində həm də folklorun funksional strukturunun beynəlxalq və milli folklorşünaslığımızda öyrənilməsi təcrübəsi nəzərdən keçirilmişdir. Həm milli, həm də beynəlxalq səviyyədə bu istiqamətdə irəli sürülən fikir və mülahizələr ümumiləşdirilmişdir. Müəllif belə qənaətə gəlmişdir ki, milli irs bizə irs statusunda yox, ictimai şüuru nizamlamağa, onu yönəltməyə, cəmiyyətdə məqsədyönlülüyü təmin etməyə imkan verən modellər statusunda daha çox lazımdır. Şübhəsiz, ictimai və humanitar elm sahələrinin tədqiqat obyekti olan mədəniyyət millidir, həmçinin "art” (yəni incəsənət) məzmunludur. Lakin bu heç də o demək deyil ki, onu tədqiq edən elm milli və "art” məzmunlu olmalıdır. Elm nəyi tədqiq etməsindən asılı olmayaraq, həmişə milliliyə münasibətdə universal, "art”a münasibətdə elmi olmalıdır.
İstər dünya, istərsə də milli elmi düşüncəmizdə folklorşünaslığın bir elm kimi dəyərləndirilməsinin çoxsaylı nümunələri vardır. Bu baxımdan S.Xavəri Ben Amos, Alan Dundes, Albert Kun, Bayburin, Umberto Eko, Dell Skils, Qolavanov, Lotman, Qudvin Duranti, Karl Yunq, Özkul Çobanoğlu kimi məşhur alimlərin tədqiqatlarına istinad etmişdir. Lakin müəllif qeyd edir ki, folklorşünaslıq elminə verilən təriflər arasında türk folklorşünası Özkul Çobanoğlunun müəyyənləşdirdiyi tərif öz əhatə dairəsinin genişliyi baxımından diqqəti cəlb edir: Folklorşünaslıq elm sahəsidir (1), folklorşünaslıq hər hansı bir dünyagörüşü öyrənir (2), həmin dünyagörüşün əsas spesifikası müəyyən bir qrupa məxsus olmasıdır (3), bu dünyagörüşə məxsus olan iki mühüm səciyyəvi xüsusiyyət vardır: ənənəvilik və anonimlik (4), folklorşünaslıq həmin dünyagörüşün ifadəsi olan formaları öyrənir (5), folklorşünaslığın öyrəndiyi formalar üç fərqli vasitə ilə reallaşma istiqamətinə malikdirlər: söz, hərəkət və maddi material (6), folklorşünaslığın tədqiq etdiyi bu formalar hökmən müəyyən bir məna ifadə etməlidir (7), folklorşünaslıq folklor formalarını diaxron inkişaf prosesində araşdırır (8), həmin diaxron inkişaf prosesi üç mərhələdən keçmişdir: təşəkkül, təkamül və sabitləşmə (9), folklorşünaslıq müəyyən bir qrupa məxsus dünyagörüşü və həmin dünyagörüşün ifadəsi kimi meydan gələn formaları məhz kommunikativ aspektdən öyrənən bir elm sahəsidir (10).
"Folklorun funksional strukturu mədəniyyətin diaxron inkişafı kontekstində: monomədəniyyətdən urbanizasiyaya” adlı bölmədə Sərxan müəllim yazır ki, urbanizasiya – insanların şəhərlərdə məskunlaşması, bununla əlaqədar olaraq insanlararası kommunikasiyanın, yeni mədəniyyətin meydana gəlməsi şəraitində zahirən folklorun meydanının daralması hiss olunursa da, əslind?ə folklor bu mərhələdə yeni forma və qəliblərə transformasiya olunur. Beləliklə, I hissədən belə nəticə hasil olur ki, "folklor” "folk”da ifadə olunan sosial və "lore”də ifadə olunan kultural sistemlərin vəhdətindən yaranan funksional metamədəni sistemdir.
Kitabın II hissəsi "Folklor və internet: sosial-mədəni proseslərin virtual mühitə transformasiyası problemləri” adlanır (müəllif: Hikmət Quliyev). Bu hissədə müasir dövrün ən böyük fenomeni olan internetin kommunikasiya imkanlarının əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir səviyyəyə yüksəlməsindən və onun ənənəvi xalq mədəniyyətinin təbiətində də dəyişikliklərə, bir sıra yeni keyfiyyətlərin ortaya çıxmasına səbəb olmasından bəhs olunur. Müəllif folklor və internet münasibətlərinin araşdırılması üzrə problemə yanaşmada 2 aspektin müəyyənləşdirildiyini qeyd edir:
1. Problemə evalusion yanaşma – yəni diaxronik inkişaf prosesində gerçəkliyin və özünüdərkin təzahürünün zaman oxu müstəvisində ardıcıl şəkildə izlənilməsi;
2. Problemə özünüifadə və özünü reallaşdırma ehtiyacının təbii-prosessual təzahürü zərurəti müstəvisindən yanaşma.
Müəllif yazır ki, evalusion yanaşma müstəvisində məsələnin qoyuluşu ənənəvi folklordan virtual folklora, şifahi mədəni mühitdən elektron mədəni mühitə, üz-üzə ifa modelindən virtual ifa modelinə transformasiyanı, yəni bir haldan başqa bir hala, bir mərhələdən başqa bir mərhələyə keçidi aktuallaşdırır ki, bu da iki situasiya arasında müqayisələr aparılmasını zəruri edir. Problemə ikinci aspektdən yanaşma emosional-psixoloji mahiyyət kəsb edən və kollektiv reaksiya modelində meydana çıxan folklorun kommunikasiya vasitəsinin (səs, yazı, poçt, telefon və s.) və ya üsulunun (üz-üzə, distant, virtual) dəyişməsindən asılı olmadan aktuallaşmasını (ortaya çıxması, ötürülməsi və yayılmasını) öyrənməyi təklif edir.
Müasir dövrün folklor prosesləri, kənddən şəhərə, şəhərdən virtual dünyaya "köç” məsələsi də kitabın bu hissəsində təhlil olunur. Virtual folklor nümunələrinin semantik analizi kontekstində, atalar sözləri və deyimlər parodik interpretasiya aspektindən incələnmiş, kollektiv reaksiyanın təzahür forması kimi rəqəmsal simvollaşdırma modelləri aşkarlanmış, nəhayət, azərbaycandilli virtual məkanda gedən folklor prosesləri və konkret mətn təhlili nümunəsi kimi "Albert Eynşteyn” obrazı təhlil olunmuşdur. H.Quliyev türk folklorşünası Ahmet Özgür Güvencə istinadən yazır ki, "atalar sözləri və deyimlərdən istifadə olunmaqla yaradılmış nəsihətverici və ya yolgöstərici mahiyyətə malik ifadələr e-mail zənciri vasitəsilə internetdə yayılmaqdadır. Atalar sözlərinin, xüsusilə tələbə həyatı ilə bağlı mövzulara müvafiq olaraq dəyişdirilməsi tez-tez rast gəlinən paylaşmalar sırasındadır. Müəllif buna aid bir neçə nümunə də vermişdir: Məsələn, ənənəvi deyim formasında "Görünen köy kılavuz istemez”, internet mühitində meydana gələn alternativ deyim formasında "Görünen kopya kılavuz istemez”, "dost kara günde belli olur” // "Dost sınav günü belli olur”, "Bana arkadaşını söyle, sana kim olduğunu söyleyelim” // "Bana hocanı söyle, sana kaç alacağını söyleyelim”, "Bülbülü altın kafese koymuşlar, ille de vatanım demiş” // "Öğrenciyi altın sınıfa koymuşlar, ille de teneffüs demiş” və s. II hissədə Azərbaycan folklorunda mövcud olan klassik folklor nümunələrinin təhrif olunaraq, ironik hala salınaraq A.Eynşteynin folkloristik obrazı vasitəsilə verilməsi məsələsi də öz əksini tapmışdır. Virtual məkanda A.Eynşteynin şəkli verilərək "uzaq qohumdansa, şəkillərimi layk (like) edən dostlarım yaxşıdır”, "Dəvəyə deyiblər ki, boynun niyə əyridi? Anası cavab verib ki, telefonla oynamaqdan” və s. nümunələrə rast gəlinir.
Kitabın II hissəsindən belə bir qənaət hasil olur ki, dövrümüzdə folklor müasir kommunikasiya vasitələri ilə daha sürətli və geniş yayılma imkanı əldə edir və rəqəmsal mühitə transformasiya olunmaqla yeni mənalar kəsb edir. Lakin onu da vurğulamaq istərdik ki, bu proses heç də həmişə folklor nümunələrinin mənasına xələl gətirməmiş olmur. Bəzən bu transformasiya prosesində xoşagəlməz, bayağı nümunələr ortaya çıxır. Bununla da folklor nümunələrinin orijinallığı itir. Virtual məkanda bu cür xoşagəlməz yeni nümunələrin artması heç də təqdirəlayiq hal deyildir.
Kitabın III hissəsi "Koroğlu” dastanında ata-oğul konfliktinin psixoanalitik semantikası (Edip kompleksi kontekstində)” adlanır (müəllif: Səfa Qarayev). Bu hissə psixoanalizin nəzəri müddəalarının folklor materialına tətbiqi əsasında yazılmışdır. Üçüncü hissədə "Koroğlu” dastanı əsasında folklorun psixoanalitik kontekstdə öyrənilməsi yolları diqqət mərkəzində saxlanılmışdır. Bu fəsil psixoanalizin nəzəri müddəalarının folklor materialına tətbiqi əsasında yazılıb. Etnik mədəniyyətdə qəhrəmanlıq impulslarının bütün gücünü özündə ehtiva edən "Koroğlu” dastanının Edip kompleksi kontekstində, "ata-oğul” konflikti müstəvisində diqqət mərkəzində saxlanılması epos qəhrəmanının mübariz ruhunun doğulmasının psixodinamikasını izləməyə imkan verməklə yanaşı, bu prosesi müşayiət edən mürəkkəb simvolların, mənaların aşkarlanmasına da şərait yaradır.
Müəllif qeyd edir ki, psixoanalitik metod araşdırdığı mədəni gerçəkliyi "səbəb və nəticə” əlaqəsi kontekstində diqqət mərkəzində saxlayır. Psixoanalizin folklor faktlarını tədqiq etmək üçün təqdim etdiyi terminoloji anlayışlar (Edip kompleksi, Elektra kompleksi, inversiya, proyektiv inversiya və s.) "mənaları” dinamik proses kimi başlanğıcdan sona kimi izləməyə imkan verməklə yanaşı, fərd və mədəniyyət əlaqəsini də dərindən aşkarlamağa şərait yaradır. Tədqiqatda yuxarıda da qeyd etdiyimiz kimi, "Koroğlu” dastanı Edip kompleksi kontekstində, "ata-oğul” konflikti müstəvisində təhlil olunur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün "Koroğlu” dastanının müxtəlif variantlarında bir sıra faktların psixosemantik mahiyyəti diqqət mərkəzində saxlanılmışdır: Qəhrəmanın atasının gözünün kor edilməsi və bu faktın qəhrəmanın yetişməsinə və münasibətlər sisteminə təsirinin psixosemantik mahiyyəti (1), qəhrəmanın gordan doğuluşunun psixosemantik mahiyyəti (2), qəhrəmanın övladsızlığının psixosemantik mahiyyəti (3), qəhrəmanın "goroğluluq” (ana xətti) və "koroğluluq” (ata xətti) semantikası arasındakı psixosemantik əlaqənin mahiyyəti (4), mətnin alt səviyyəsindəki ata və oğul qarşıdurmasının mətndə dayı-bacıoğlu münasibətində təzahürünün psixosemantik mahiyyəti (5), qəhrəmanın atasoyu və anasoyu ilə münasibətinin psixosemantik mahiyyəti (6).
Edip kompleksi oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən addır. Z.Freydin qurucusu olduğu psixoanalitik nəzəriyyəyə görə, bu kompleks qarşı cinsdən olan valideynlərə sahiblənmə və öz cinsindən olan valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.
Qeyd edək ki, tədqiqatda "Koroğlu” dastanının Paris nüsxəsindən istifadə olunmuşdur. Həmçinin dastanın türkmən, qazax, özbək, uyğur variantları da təhlilə cəlb edilmişdir.
Müəllif yazır ki, dastanda informasiya təminatında boşluq yaradaraq atanın cəzalandırılmasına yol açan, başqa sözlə, atanın kor olmasına rejissorluq edən edipal konfliktin əsas funksioneri olan Rövşəndir. Təsadüfi deyildir ki, məhz atanın gözlərinin kor edilməsi onun oğlunun mətndə aktuallaşmasına şərait yaradır. Mətndən görünür ki, atanın kor edilməsindən sonra Rövşənin qəhrəman kimi yetişdirilməsi prosesi başlayır ki, burada da edipal konflikt elementlərini görmək mümkündür. Fikrimizcə, dastanın bütövlükdə psixoanalizin Edip kompleksi kontekstində təhlili o qədər də məqsədəuyğun deyil. Xalq təfəkkürünün məhsulu olan folklor mətnləri, o cümlədən dastanlar xalqın istək və arzularını özündə ehtiva etdiyi üçün bu mətnləri bütün hallarda Z.Freydin psixoanalitik nəzəriyyəsi kontekstində izah etmək olmaz. Çünki Freyd bu nəzəriyyəni normal insan psixikasının deyil, xəstə insanların psixikasının tədqiqi əsasında irəli sürmüş, müəyyən qənaətlərə gələ bilmişdir. Qeyd edək ki, "Edip kompleksi” adı qədim yunan mifindən və antik yunan teatr yazıçılarından olan Sofoklun "Kral Edip” adlı dramındakı atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhramanın hekayəsindən götürülmüşdür. Z.Freydə görə dünya ədəbiyyatının üç ən güclü əsərində – Sofoklun "Kral Edip”, Şekspirin "Hamlet” və Dostoyevskinin "Karamazov qardaşları” əsərlərində eyni mövzunun – ata qatili olmanın əsas olması heç də təsadüfi deyil, bütün bunların kökündə Edip kompleksi dayanır.
Ümumiyyətlə, "Folklorun funksional strukturu: multidissiplinar kontekst” kitabını aktual mövzulara həsr olunduğuna və tədqiqat aspektinə görə çağdaş folklorşünaslığımızda maraql; ‘s’r hesab etmək olar. Bu münasibətlə müəllifləri təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Gülnar Osmanova
Kaspi 2017.- 2-4 dekabr.- S.15.