Regionlarımız
turistik zonaya çevrilir
Tariximiz və təbiətimizin ortaya
qoyduğu böyük potensialı faydalı reallığa
çevirmək məqsədimizdir
Kiçik
bir turist şəhərciyi təsəvvür edin - səliqəli
küçələr, eyni formalı və eyni
ölçüdə olan evlər, bütün eyvanlarda
çiçəklər... Üstəlik, bu evlərin
üzlüklərinin, dam örtüklərinin də oxşar
olması gözəl mənzərə yaradır... Yəqin nəzərinizdə balaca Avropa şəhərciyi
canlandı. Amma yaxın illərdə Azərbaycanda
da bu cür turistik şəhərciklər yaradılacaq.
Bunlardan birinin Qusarda olacağı
planlaşdırılır.
Təxminən
ilyarım öncə, 2016-cı il avqustun
1-də Nazirlər Kabineti Xızı, Xaçmaz, Quba və
Qusar rayonlarında turizm və rekreasiya zonalarının
yaradılması haqqında qərar qəbul edib. Artıq Qusar rayonu üzrə zonanın
yaradılması üçün xüsusi qurum – Qusar Turizm və
Rekreasiya Şurası formalaşdırılıb və fəaliyyətə
başlayıb. 12 nəfərdən ibarət
Şuraya "Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri
Rüstəm Nəcəfov sədrlik edir. R.Nəcəfovun
bizə verdiyi məlumata görə, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində turizm və
rekreasiya zonası yaradılıb. Bu zona əsasən altı
bələdiyyə ərazisini əhatə edir: Qusar, Xuray,
Kuzun, Həzrə, Əniq və Sudur. Bu turizm və
rekreasiya zonasının hüdudları da artıq təsdiqlənib.
Qusarın "var-dövlət”i
Qusarda turistik zona üçün bu ərazilərin
seçilməsi təsadüfi deyil. Çünki bu yerlər
tarixi binaları, memarlıq abidələri, təbii
qaynaqları ilə məşhurdur. Məsələn,
Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin məzarı
və onun şərəfinə ucaldılmış türbə
Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən
biri sayılır. Bu abidə məhz
rekreasiya zonası olan Həzrə kəndində yerləşir.
Bundan başqa, Qusar ərazisində orta əsrlərə
aid bir çox yaşayış yerləri qorunub
saxlanılır. Rayon qədim məzarlıqlar,
memarlıq abidələri ilə zəngindir.
Dahi rus
şairi Mixail Lermontovun Qafqaza sürgün olunduğu zaman
Qusarda yaşadığı birmərtəbəli ev də indi muzey kimi fəaliyyət göstərir.
Qusarın özünün hətta Tac Mahalı
da var. Əniq kəndindəki 300-ə yaxın yaşı
olan məscid Hindistandakı dünyaca məşhur Tac Mahala bənzədilib.
Laza kəndi isə Azərbaycanda turistlərin ən
çox üz tutduqları kəndlərdən biridir. Həzrə
kənd məscidinin qarşısında 200 yaşlı
ağcaqayın, Şeyx Cüneyd türbəsinin
yanındakı köhnə qəbiristanlıqda 460
yaşlı şərq çinarı var. Bir sözlə, bu
rayonda turistləri cəlb edəcək tarixi memarlıq abidələri
çoxdur.
Bundan əlavə, Qusarın təbiəti və iqlimi
burada qış və yay turizmi üçün xüsusi təkliflər
hazırlamağa da imkan verir. Qusar Turizm və Rekreasiya
Şurası məhz bu tip təkliflərin hazırlanması
ilə də məşğul olur. Rüstəm
Nəcəfovun sözlərinə görə, layihəyə
investorların cəlb edilməsi məqsədilə Azərbaycan
dövləti tərəfindən xüsusi güzəştlər
tətbiq olunur.
Motosiklet yarışları, ov
turizmi...
Müsahibimiz bildirir ki, bu zona üçün turistik
marşrut xəritələri hazırlanacaq. Dağlarda
velosiped marşrutlarının təşkili, motosiklet və
off-road avtomobillər üçün beynəlxalq səviyyəli
yarışların keçirilməsi nəzərdə
tutulur. O cümlədən, Şahdağ Milli Parkına
marşrutlar müəyyənləşdiriləcək, təkcə
Qusarı deyil, bütün regionu əhatə edən konsertlər,
əyləncə proqramları təşkil olunacaq. "Fly
Shahdag” proqramı üzrə paraplanlarla uçuşlara start
veriləcək. Tanınmış xarici mütəxəssislərin
qiymətləndirməsinə görə, burada hava
şarlarında uçuş üzrə hətta dünya
kubokunu da keçirmək olar.
Qusara turist axınını nəzərə alaraq,
burada sağlamlıq turizminin inkişafına da diqqət
yetiriləcək. Bu zonadakı dağlarda faydalı təbii
bulaqlar çoxdur. Hətta bununla
bağlı artıq müəyyən layihələrin həyata
keçirilməsi üçün investorlar tərəfindən
təkliflər də daxil olub. Bundan əlavə,
zonada konqres və biznes turizmi, ekoloji turizm, ov turizmi də
inkişaf etdiriləcək. Qeyd olunan ərazilərdə
dini abidələrin çox olduğu nəzərə
alınaraq, bölgədə dini turizmin də yer
alacağı planlaşdırılır. Belə
ehtimal olunur ki, istirahət üçün bu zonanı
seçən turistləri kənd turizmi də
maraqlandıracaq. Turistlərin kənddə
yaşaması, onların özlərinin kənd təsərrüfatı
ilə məşğul olub, yemək hazırlamasına şərait
yaradılacaq. Bununla bağlı əhali
arasında maarifləndirmə işləri aparılacaq.
Qusar Turizm və Rekreasiya Zonasının xüsusi
vebsaytı da hazırlanır. Saytda zonada yerləşən
bütün obyektlər, yeməkxanalar və hotellər
haqqında məlumat veriləcək, yerləri birbaşa
rezervasiya etmək imkanı yaradılacaq, keçiriləcək
tədbirlərə biletlər satılacaq. Ərazinin dronlarla çəkilişinin də sayta
yerləşdirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, Qusar zonasına maraq həmişə
böyük olub. Təkcə ötən il qış
mövsümündə Şahdağ Qış-Yay Turizm
Kompleksini 95 min, yayda isə 40 mindən artıq turist ziyarət
edib. Hazırda rekreasiya zonasında 14 min nəfərlik
tutumu olan otel və istirahət kompleksləri, sanatoriya və
pansionatlar var. Bu göstəricinin bir neçə dəfə
artırılacağı planlaşdırılır. Baş Plan və müvafiq konsepsiya hazırlanan kimi,
artıq bu istiqamətdə konkret addımlar atılacaq və
müasir standartlara uyğun tikintilərə start veriləcək.
Beləliklə, yaxın illərdə Qusar
tamamilə turistik zonaya çevriləcək.
Göygölün yeni turistik
imkanları
Azərbaycanın cənnət məkanı sayılan
Göygöl üçün də yeni turistik marşrutlar
salınır.
Ümumiyyətlə, bu zona respublikamızın
qərb bölgəsində ən çox turist qəbul edən
rayondur. 2016-cı ildə Göygölə
11 mini əcnəbi olmaqla, ümumilikdə 77 min turist gəlib.
Göygöl rayon İcra Hakimiyyətinin məlumatına
görə, Göygöl Milli Parkı və onun istirahət məkanları
195 min turist qəbul edib.
Rayona əhəmiyyətli
turist axınına səbəb olan əsas amil ötən il Göygöl Milli Parkının hər kəs
üçün açıq elan edilməsi olub. Göygölün turistlərdə belə maraq
doğurmasının bir səbəbi möcüzəli
xüsusiyyətləri ilə tanınan göldürsə,
digər səbəb iki əsr öncə burada alman
mühacirlərinin yaşaması ilə bağlıdır.
Məlum olduğu kimi, XIX əsrin əvvəllərində
Almaniyanın Vyutenburq knyazlığından buraya gəlmiş
124 mühacir alman ailəsi tərəfindən alman
üslubunda 400-dən artıq ev tikilərək
6 küçə salınıb.
Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
bildirir ki, 1819-cu ildə alman koloniyaçıları tərəfindən
Helenendorf kimi əsası qoyulan Göygöl şəhəri
bu gün hər bir evində, küçəsində Avropa mədəniyyətinin
izlərini yaşadan açıq səma altında muzeydir. Elə
bu amil də avropalılarda Göygölü görməyə
maraq yaradır: "Turistlərin şəhərə olan
marağını daha da artırmaq üçün vaxtilə
alman ailələrinin yaşadığı evlər əvvəlki
görkəmi saxlanılmaqla təmir edilib, alman Lüteran kilsəsi
yenidən qurularaq tarix-diyarşünaslıq muzeyinə çevrilib.
Həmçinin rayonda 31 yerli və ölkə əhəmiyyətli
tarixi abidə dövlət qeydiyyatına
götürülüb, həmin abidələrdə
mühafizə və bərpa işləri aparılıb”.
Göygöl Milli Parkında turizmi inkişaf etdirmək,
eləcə də buraya gələn qonaqların
rahatlığını təmin etmək məqsədilə
infrastruktur yenidən qurulub, mövcud istirahət məkanlarında
əsaslı təmir-bərpa işləri aparılıb. Hazırda rayonda beş istiqamət üzrə turizm
marşrutları mövcuddur.
Türkiyə nümunəsi,
qardaş dəstəyi
Ümumiyyətlə, turizmin inkişafı regionların
inkişafı üçün mühüm əhəmiyyət
kəsb edir. Buna bir nümunə kimi, bu məsələdə
böyük təcrübəyə malik olan qardaş
Türkiyəni göstərmək olar. Hamımıza
məlumdur ki, Türkiyə təkcə İstanbulu ilə
tanınmır, ölkənin hər bir bölgəsi, demək
olar ki, hər bir əyalət şəhəri hansısa
xüsusiyyətinə görə turistləri cəlb edir.
Pəri bacaları ilə Kapadokya, Pamukkalesi ilə
İzmir, dənizi ilə Antalya, füsunkar təbiəti ilə
Qaradəniz bölgəsi və digərlərini misal çəkmək
olar. Gözəl təbiəti, tarixi abidələri,
istiqanlı insanları və yüksək səviyyəli xidmətləri
ilə Türkiyə dünyanın hər yerindən turistləri
cəlb edir.
Bu məsələdə Türkiyə bizə öz dəstəyini
əsirgəmir və ölkəmizdə turizm sektorunun
inkişafı məqsədilə hər cür kömək
etməyə hazırdır. Bu haqda bizimlə
söhbətində Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral bildirib. Onun sözlərinə görə,
iki ölkə arasında turizm sahəsində əməkdaşlıq
əlaqələri göründüyündən daha da
sıxdır: "Hər il Azərbaycandan Türkiyəyə
çoxlu sayda turist gedir. İndiyədək Azərbaycanda
turizm idarəçiliyi məsələlərində
yaxından iştirak etmişik. Türkiyənin
bu sahədəki peşəkarları Azərbaycan otellərində
işləyirlər. Məncə, bu,
çox böyük dəstəkdir. Artıq
kifayət qədər peşəkar azərbaycanlı otel
menecerləri yetişdirilib. Bundan əvvəl
TİKA-nın təşkilatçılığı ilə
oteldə çalışanlar – ofisiantlardan tutmuş,
resepşn işçisinə qədər bir çox kadrlar
üçün təlimlər keçirilib. Bir sözlə, hər sahədə olduğu kimi,
turizm sektorunda da ciddi işbirliyimiz mövcuddur”.
Səfir
qeyd edir ki, Türkiyənin özündə də Azərbaycana
yönəlik turizmin təşviqinə ehtiyac var:
"Əslində Türkiyə turizmin bütün sahələrinə
dair öz təcrübəsini paylaşa bilər. Məsələn, bura ekskursiyaların təşkili,
otellərdə çalışan insanların peşəkarlığı,
restoranların turizmə daha uyğun, daha əlverişli hala
gətirilməsi, tarixi abidələrin bərpası və s.
aid etmək olar. Bütün bunlar bizim
birlikdə görə biləcəyimiz işlərdir. Lakin turizmdə bəzi önəmli məqamlar var
ki, bunların da arasında ən mühüm olanı insan
faktorudur. Bu sektorda hər bir işçi
- tur operatoru, səyahət rəhbəri, otel əməkdaşı
– hər kəsin çox yaxşı yetişdirilməsi
vacibdir. Çünki turistlər xidmət
almaq üçün sənin ölkənə gəlirlər.
Onlar ödədikləri vəsaitin
qarşılığında yaxşı bir xidmətə
layiq olduqlarını düşünürlər. Bu xidməti verə biləcək insanları
yetişdirmək lazımdır. Nə qədər
tanıtım fəaliyyəti aparılsa da, nə qədər
reklam olunsa da, hər şey son anda turistin getdiyi ölkədə
üzbəüz qaldığı insanlar, gördüyü
davranışlardan asılı olacaq. Turistin
ölkə ilə bağlı düşüncələri məhz
həmin insanlarla görüşdən sonra yaranan təəssüratlarına
bağlı olacaq”.
Xatırladaq ki, E.Özoral səfir kimi fəaliyyətə
başlamazdan öncə Azərbaycanda işləyib və
ölkəmizin bir çox bölgələrində olub. Deyir ki, Azərbaycanın
bütün bölgələri çox gözəldir:
"Bakının özünə də söz ola bilməz. Bakı – zəngin
tarixə və mədəniyyətə malik bir şəhərdir.
Burada turistlərin diqqətini, marağını çəkə
biləcək bir çox məqamlar var. Bakıdan kənara
çıxsaq, Naxçıvanda da çox gözəl tarixi
yerlər, qədim memarlıq abidələri, saraylar var. Sizin
Şahdağınız var. Sağlamlıq turizmi
baxımından da Azərbaycanın böyük potensialı
var. Qubada su idman turizmi, Xaçmaz bölgəsində
çimərlik turizminin inkişafı üçün ciddi
potensial mövcuddur. Bir sözlə, Azərbaycanın
hansı tərəfinə getsək, təbii gözəlliklərin
şahidi olacağıq. Önəmli olan
bu zonaları dünyaya tanıtdırmaqdır”.
Nələr olmalıdır?
Əlbəttə,
turizmin inkişaf etdirilməsi heç də asan iş deyil. Bir neçə aya, bir neçə ilə
hansısa ölkəni turistlərlə doldurmaq çox
çətindir. Bu istiqamətdə
köklü işlərin görülməsi məqsədilə
Azərbaycanda dövlət səviyyəsində bir sənəd
– "Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”
hazırlanıb. Bu sənədə əsasən, tezliklə
təkcə Qusar və Göygöldə deyil, ümumiyyətlə
bütün turistik zonalarda otellər və digər yerləşdirilmə
vasitələrinin, iaşə, əyləncə və xidmət
obyektlərinin tikintisi, hostellərin yaradılması
üçün cəlb edilən investorlara xüsusi vergi
güzəştləri tətbiq olunacaq. Sözügedən
sənəddə viza verilməsi prosedurunun sadələşdirilməsi
və sürətləndirilməsi də nəzərdə
tutulur.
2020-ci ilədək strateji məqsəd Bakının
tamamilə mərkəzi turizm məkanına çevrilməsinə,
ölkə üzrə turizm potensialının
reallaşdırılmasına, turizm sənayesinin
inkişafı məqsədilə əlverişli mühitin və
infrastrukturun formalaşdırılmasına, eləcə də
turistlərin məmnunluq səviyyəsinin
artırılmasına nail olmaqdır. İnanırıq ki,
bu böyük və məsuliyyətli işin öhdəsindən
gəlmək üçün bütün qüvvələr
səfərbər ediləcək və Azərbaycan turizm
ölkəsi kimi dünyada öz yerini tuta, öz
sözünü deyə biləcək.
Məğrur Əliyev
Kaspi 2017.- 7 dekabr.- S.13.