“Haqq səsimizi hər
zaman yəhudi xalqına
çatdırırıq”
Rövşən Yarıyev: “Mənim
üçün önəmli olan, Azərbaycan adına
gücüm çatan qədər işlər görməkdir”
Ölkədən kənarda yaşayan həmyerlilərimizdəndir. Deyir ki, ölkəmizdən kənarda olsa da, onun və digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan üçün edə biləcəkləri çox şeylər var. Onun haqqında danışanda bildirmişdilər ki, vətəndən uzaqda olsa da, ürəyi Azərbaycanla döyünür, ölkəsinin adı gələndə hər bir işdə can-başla iştirak edir. Biz də onunla əlaqə saxlayıb, söhbət etmək qərarına gəldik. Müsahibimiz İsrailin Təl-Əviv şəhərində yaşayan həmyerlimiz Rövşən Yarıyevdir. Hərbi xidmətdən sonra İsrailə gəlib. Azərbaycanda 3 il hərbi xidmət edib, tərxis olunduqdan sonra, 1999-cu ildə valideynləri ilə birgə İsrailə köçüblər. Elə o vaxtdan bu ölkədə yaşayır.
- Yəhudilər
spesifik bir xalqdır. Düşdüyünüz mühitə necə
öyrəşdiniz?
- Düzdür, yəhudilərin spesifik xüsusiyyətləri çoxdur. Onlardan ən yaxşısı bura gələn xalqları çox yaxşı qarşılayıb, köməklik göstərmələridir. Hansısa bir iş quranda dəstək verirlər. Məsələn, başqa ölkədən gələnlərə kömək edirlər, mane olmurlar. Onların bu xüsusiyyətləri bizə mühitə uyğunlaşmada problemi yaşatmadı.
- Azərbaycanlılar o ölkənin sosial həyatına, mədəniyyətinə necə uyğunlaşıblar?
- Bu dövlətdə mədəniyyət çox yüksək səviyyədədir. İnsanlarla davranışları çox yaxşıdır. Buna görə də, biz azərbaycanlılarla onlar arasında heç bir çətinlik olmadı. Ümumiyyətlə, yəhudi xalqı azərbaycanlılara çox böyük hörmət bəsləyir.
- Bəs Azərbaycanla bağlı
nə dərəcədə məlumatlıdırlar?
- Azərbaycanlılara qarşı yəhudı xalqının çox müsbət fikirləri var. Bunu onlarla söhbət edəndə, ümumi yanaşmalarında aydın şəkildə hiss etmək olur. Onlar azərbaycanlılarla sıx təmasda olurlar. Azərbaycanda gedən inkişafla daim maraqlanırlar. Ölkəmiz haqqında kifayət qədər məlumatları var. Amma buna baxmayaraq, yenə də biz burda yaşayan azərbaycanlılar olaraq vətənimizdə gedən yenilikləri onların diqqətinə çatdırmağa çalışırıq. Ölkədə görülən işlər, keçirilən böyük layihələrlə bağlı yeri gəldikcə məlumat veririk. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin dünyada daha da tanınmasına şərait yaradıb. Hər il burdan xeyli sayda yəhudi Azərbaycana istirahətə gedir. Quba, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və digər bölgələrimizə gedirlər, gələndə də xoş təəssüratla qayıdırlar.
- Sizin haqqınızda danışanda, dostlarınızdan biri dedi ki, Azərbaycanla bağlı İsraildə nə isə olsa, mümkün qədər orda olacaq...
- Ölkədən uzaqda yaşamağım mənim azərbaycanlı olmağımı dəyişmir, Azərbaycanla bağlı təbii ki, nə lazımdırsa, orda olmağa çalışıram. Ola bilsin ki, bunu kimsə görsün, bilsin, amma mənim üçün daha önəmli olan Azərbaycan adına gücüm çatan qədər işlər görməkdir, bunu özümə borc bilirəm. Burdakı diasporumuzla bir yerdə hər il Xocalı soyqırımını, 20 Yanvar hadisəsini İsrail xalqına tanıtmaq üçün nümayişlər edirik. Torpaqlarımızın ermənilər tərəfindən işğalı haqqında dəfələrlə məlumatlandırıcı toplantılar keçiririk. Burada güclü erməni lobbilərinin olmasına baxmayaraq, haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq. Bəzən ermənilər mitinqlər etmək istədikdə, buna imkan vermirik. Azərbaycan üçün ölkədə yaşayanlarla yanaşı, digər ölkələrdə olanların edə biləcəkləri çox şey var, ölkəmizin tanıdılması, həqiqətlərimizin çatdırılması baxımından, xaricdə yaşayan biri olaraq aktiv olmalıyıq.
- Orda öz işinizi qurmağa da nail olubsunuz. Başqa ölkədə iş qurmaq çətin olmadı?
- Əlbəttə, hər
bir işdə olduğu kimi, bu işdə də çətinlik olub. İstənilən halda hər
hansı işi ərsəyə gətirmək
üçün çətin
və uzun yol keçirsən. Amma nəyəsə nail olmaq üçün daim məqsədlər olmalı, mübarizə aparılmalıdır. Məqsədim olduğu üçün
çətinlikləri keçib,
istədiklərimə nail oldum.
- Cəmiyyətimiz,
insanlarımızı heç
müqayisə edirsinizmi?
Hansı
fərqlər ortaya çıxır?
- Hər bir xalqın
mədəniyyəti, adət-ənənələri
olduğu kimi, yəhudi xalqının da özünəməxsus
adət-ənənələri və gözəl mədəniyyəti var. İnsanlara
qarşı səmimi
və çox mehribandırlar. Müqayisəyə gəldikdə, heç
bir fərq görmürəm. Burada dediklərim
Azərbaycan xalqına
da aiddir. Bunu tək biz demirik, yəhudilər Azərbaycana
istirahətə gəlib
qayıdarkən, ölkəmizdəki
qonaqpərvərlikdən, mehribanlıqdan
söz açırlar.
Bu xoş sözlərə
görə, biz hər
zaman qürur hissi duyuruq.
- Yəhudilərdə
bəyəndiyiniz xüsusi
cəhətlər varmı?
- Bəli, bunu xüsusi vurğulamaq istərdim. Kiminsə çətinliyi olarsa, kömək əsirgəməzlər. Birinin çətin anı olursa, yanında olurlar, lazım olan köməyi edirlər. Yalanı sevmirlər və kim üçünsə
nəsə bir yaxşılıq edirlərsə,
bunu bildirməzlər.
Söz verdikləri işi edərlər. Məncə, bunlar insanda ən böyük müsbət cəhətdir.
İşdə düzgünlüyü, dəqiqliyi çox sevirlər. Bu kimi xüsusiyyətlərini
bəyənirəm.
- Yəqin ki, bu kimi
xüsusiyyətləri olan
adamlarla dostlaşmaq cəhətdən də
problem olmaz. Artıq xeyli vaxtdır ordasınız, dostlarınız
çoxdurmu?
- Əlbəttə, düzgün,
dəqiq xarakterli insanlarla dost olmaq heç bir problem yaratmaz. Mənim də burda bir neçə yaxın dostum var. Yaxın dostlarım arasında yəhudilər
də var, azərbaycanlılar da.
Amma azərbaycanlılar
bir az
üstünlük təşkil
edir. Burda bizim eyni xalqın
nümayəndəsi olmağımızın
rolu da ola bilər, amma azərbaycanlılar da yaxşı dost ola biləcək yüksək keyfiyyətlərə
malikdirlər. Burdakı dostlarım
da Azərbaycanı təbliğ etmək üçün daim çalışırlar, nəsə
lazım olanda geri çəkilmirlər.
- Dünyanın ən sağlam mətbəxi siyahısında
İsrailin də adı var. İstəyərdim
bir az
oranın mətbəxindən
danışasınız. Necə qidalanırlar?
- Hər ölkənin özünəməxsus mətbəxi
olur, hərəsi də fərqli xüsusiyyətlərlə seçilir.
İsraili bu cəhətdən
zəngin mətbəxi
olan ölkələrdən
hesab edə bilərik. Mətbəxlərinin böyük hissəsini
balıqdan hazırlanmış
yeməklər, tərəvəzlər
və italyan yeməkləri tutur.
Bu da, artıq
onların mətbəxinin
sağlam olması haqqında fikir formalaşdırmış olur,
yəqin ki.
- Siz orda əsasən,
hansı mətbəxin
nümunələrinə üstünlük
verirsiniz? Azərbaycan, yoxsa İsrail?
- Biz Azərbaycanda doğulmuşuq,
oranın yeməkləri
ilə böyümüşük.
Artıq
bizim uşaqlıqdan öyrəşdiyimiz ağız
dadı var. Ona görə də,
əsasən, Azərbaycan
mətbəxinin yeməklərindən
istifadə edirik.
Süfrələrin şahı
olan plovu, yarpaq dolmasını, xəngəli və s. sevirik və burda da bişiririk.
- Yemək məsələsindən
belə başa düşdüm ki, xanımınız da azərbaycanlıdır...
- Bəli, mənim həyat yoldaşım öz elimdən-obamdan – Azərbaycandandır.
- Orda insanların yaşamı necədir? Günləri necə keçir?
- Ümumi mənzərədən danışsaq, burda həyat çox gözəldir. İnsanların həyat tərzi, yaşamı yaxşıdır. Gərgin bir mühit deyil. Hər kəs öz işinə sərbəst gedib-gəlir.
- İsraildə tibb sahəsi yüksək səviyyədədir, müalicə üçün bu ölkəyə üz tutanların sayı çoxdur. Bəs bunu təhsil sahəsində də aid etmək olarmı?
- Tibbin inkişaf etməsinin məncə, elə əsas səbəbi təhsilin inkişafından xəbər verir. Təhsil güclü olduğu üçün bu, özünü tibdə də göstərib. Burda vətəndaşların sağlamlığına çox diqqət yetirilir, tibbi sığorta çox aktualdır.
- Ölü
dənizin möcüzəsinə inanırsınız?
- Bəli, inanıram. Ölü dənizə hər il çoxlu sayda turist gəlir və bunun da müsbət nəticəsini görürlər. Hətta Ölü dənizin suyundan, duzundan Azərbaycana müalicə üçün paketlənmiş formada göndərirlər.
- Uzaqda yaşasanız da, vətənə bağlı olduğunuz hiss olunur. Yəqin ki, tez-tez gələrsiniz Azərbaycana...
- Təbii ki, hər il gəlirəm. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonundan olduğum üçün hər il ora gedirəm. İsmayıllının çox gözəl təbiəti var, mən oranın vurğunuyam.
- Nə vaxtsa birdəfəlik ölkəyə
qayıtmaq fikriniz var?
- Əlbəttə, sağlıq olsun. Nə vaxtsa gəlmək fikrim var. Çünki orda qohumlarım, yaxşı dostlarım var. Yaxın dostlarımdan biri Nadir Adilovdur. Bu günlərdə işıq üzü görən ,”Gəncsən? Başla!” kitabının təqdimatı oldu. Ona uğurlar arzu edirəm. Orda yaşamasam da, proseslərdən xəbərdaram, baş verənlərdən uzaq deyiləm.
Aygün Asimqızı
Kaspi 2017.- 7 dekabr.- S.15.