TÜRKSOY-un baş katibiKaspinin qonağı oldu

 

Növbəti 3 il üçün yenidən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi seçilən professor Düsen Kaseinov bu gün başçılıq etdiyi nümayəndə heyəti ilə "Kaspi” qəzetinin redaksiyasında qonaq oldu. "Kaspinin təsisçisi Sona Vəliyeva rəhbərlik etdiyi qəzetin tarixi və hazırkı fəaliyyəti haqqında qonaqlara məlumat verərək, "Kaspinin öz tarixi missiyasını - maarifçilik ənənələrini bu gündavam etdirdiyini bildirdi: "Müasir "Kaspiöz ənənələrinə uyğun olaraq türk dünyasının tarixi şəxsiyyətlərinə, folkloruna, tarixinə öz səhifələrində daim yer ayırır”.

Fəaliyyətinin yeni dövründə ilk səfərini Azərbaycana edən D.Kaseinov Bakıda bir sıra tədbirlərə qatılacaqları barədə məlumat verdi: "TÜRKSOY nümayəndə heyəti Bakıda Molla Pənah Vaqifin 300 və böyük balkar şairi Kaysın Quliyevin 100 illik yubiley tədbirlərində, o cümlədən Azərbaycan Xalça Muzeyində "Türk dünyası nağılları” kitabının təqdimat mərasimində iştirak edəcək. TÜRKSOY həmin tədbirlərin təşkilatçılarından biridir”.

D.Kaseinov türk xalqlarının birliyinindaha da yaxınlaşmasının vacib olduğunu vurğuladı: "Biz öz adət-ənənələrimizi, mahnılarımızı, tariximizi yaşatmalıyıq. Bir özbəkdən və ya qazaxdan "muğam nədir” deyə soruşsan, bilməyəcək. Buna görə xalqların birliyinə nail olmaq, bir-birimizi daha yaxından tanımağımız vacibdir”. Baş katib yubileyləri qeyd edilən tarixi şəxsiyyətlər sırasında Hüseyn Cavidlə bağlı elmi-praktik konfransların keçirilməsi təklifini də müsbət qarşıladı: "Türkdilli ölkələrin universitetlərində Hüseyn Cavidin yaradıcılığına həsr olunan elmi-praktik konfranslar keçirmək olar”.

Daha sonra TÜRKSOY-un baş katibinə türk dünyasına xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə "Kaspi” qəzetinin fəxri fərmanı təqdim edildi. Eləcə də qonaqlara hədiyyələr təqdim olundu. D.Kaseinov da öz növbəsində, S.Vəliyevaya TÜRKSOY-un medalını təqdim etdi.

 

Kaspi  2017.- 8 dekabr.- S.6.