“Kinoteatrlar artsa da
tamaşaçı artmır”
Rejissor-prodüser Zaur Mirzəzadə
ilə müsahibə
- Əvvəlcə istəyirəm,
özün haqqında danışasan.
- Zaur Mirzəzadə,
1983-cü il, sentyabrın 23-də anadan
olmuşam. Televiziyada, radioda aparıcı,
prodüser, rejissor, redaktor vəzifələrində
çalışmışam. "Cavanlıq”
serialının ideya və ssenari müəlliflərindən
biriyəm. Bütün bunlardan sonra bank sahəsində
işləmişəm, marketinq işində. Uzun müddət reklam çəkilişləri
aparmışam. Ukraynada kinorejissorluq oxumuşam. Çexiyada
isə kino rejissorluğuna aid ustad dərslərində
iştirak etmişəm. O dərslərə
qatılanlar həm çəkilişlərdə iştirak
edir, həm də özləri nəsə öyrədə
bilərlər. Amma düzünü deyim ki, hələ
rejissorluq etməmişəm.
- "Təhmin və
Zaur” filminin rejissoru sənsən.
- Bəli,
"Naxox”un, bir də "Təhmin və Zaur”un rejissoru mənəm.
Prodüser kimi isə işim "Xoxan”dan
başlayıb.
- "Xoxan”la bağlı danışacağıq. Maraqlıdır,
iki film rejissorusan, amma deyirsən, rejissor kimi heç nə
çəkməmişəm.
- Mən
bu iki filmin həm də prodüseriyəm, ona görə
dedim. Bunlar prodüser kimi çəkmişəm.
- Rejissor kimi çəkməklə,
prodüser kimi çəkmək arasında nə fərqlər
var?
- Rejissor
kimi çəksəm, komediya çəkmərəm. Xoşum gəlir komediyadan, gülməkdən
xoşum gəlir, gəl ki, komediya çəkmərəm.
Yəni çalışaram ki, nəsə
mesajı olan, daha ciddi bir film çəkim. Mənə
elə gəlir, bu ciddi iş də çox vaxt alar. Ssenarisindən tutmuş hazırlıq dönəminə
qədər, uzun bir vaxt. Əslində,
indi istəyirəm ki, ciddi bir film çəkim.
- Ölkədə
ciddi şəkildə kinoteatra axını təmin edən
"Xoxan” oldu. O zamanlar kinoteatr şəbəkəsi faktiki
yox idi.
-
Türkiyə filmləri də o dövrdə az
idi. Bu fakt danılmazdı ki, o dalğanı gətirən
"Nizami” kinoteatrı oldu.
-
Kinoteatrın təmirdən sonra açılması da həmin
dövrə təsadüf edir.
- Bəli.
Türkiyə filmlərinin nümayiş
olunmasında bu kinoteatrın rolu çox önəmlidir.
Xüsusən də, kinoteatrın
keçmiş direktoru Vüqar bəyin. O dövrdə
"Xoxan” filminin nümayişi məsələsi ilə Orxan Mərdanla
birgə məşğul olurduq.
O, özəl kinoteatrlara gedib-gəlirdi, qəbul etmədilər.
Dedi ki, bircə "Nizami” kinoteatrıdır ki, hələ
müsbət cavab verib. Düzdür, rəhbərliklə
görüşməmişdi, amma ilkin məsələləri
danışmışdı. Başlayanda,
bazarı öyrənmək üçün Türkiyəyə
getmişdik. Həmişə deyirəm, kinoteatrların
problemi ondadır ki, tarixə söykənmədən iş
görürlər. Biz özbaşımıza iş
görürük. Dünya praktikası deyilən
bir şey və bu təcrübədən uğur
qazanmış adamlar var. Belə ki, yenidən velosiped kəşf
etmək lazım deyil.
Hə, "Nizami” ilə danışdıq. Hər gedəndə
çay süfrəsi açılırdı, saatlarla oturub
söhbət edirdik. Və
görürdük, rəhbərlik bizə hərtərəfli
dəstək olmağa hazırdır. Dəvətnamələrin
çapında köməklik göstərildi, gecələr
posterlərin hazırlanması üçün orada
qalırdıq, yanımızda olurdular. Ümumiyyətlə,
biz hamıdan qabaq danışmışdıq ki, "Nizami”də
qala-gecə keçirəcəyik. Gələk
"Park Cinema”ya. Bizə dedilər ki,
burada Azərbaycan filmləri tutmayacaq. Niyəsini
soruşanda "Ögey ata”nı misal gətirdilər. Biz o filmin uğurlu olmamağının səbəblərini
saydıq. Belə ki, filmin ümumiyyətlə,
posteri yox idi. Mənim üçün o
film uğurlu idi. Promosuz, necə gəldi,
çəkilmişdi. Amma kim ki gedib
o kinoya baxırdı, gəlib deyirdi ki, gülməlidir. Ölkədə o dövrdə diqqəti üzərinə
çəkən film "Rəcəb İvedik” idi. O da
yalnız "Nizami” kinoteatrında çox baxıldı. Yəni "Nizami” kinoteatrı kütlənin
böyük hissəsini özünə cəlb etdi, ondan sonra
paylandı digərlərinə. O vaxt "Cinema Plus”
"28 Cinema” adlanırdı. "Xoxan”
nümayişi ilə bağlı "Cinema Plus”un gətirdiyi
səbəb belə oldu ki, siz "Cinema Park”la
danışıbsınız. Nə dəxli
var? Dedilər, yox, yayımı bizə
verməsəniz, göstərməyəcəyik. Bax, belə problemlər yaranırdı o vaxtlar.
Hətta, adını çəkməyim,
oranın köhnə direktoru ilə bir balaca münaqişəmiz
olmuşdu. Ona dedim ki, Azərbaycan kinosu ilk
addımlarını atmaq istəyir, biz öz vəsaitimizlə,
əziyyətlə film çəkirik, siz mane olursunuz. Sağ
olsun, Fərda, Elməddin, dostum Orxan və o filmdə olan hər
kəs. Mete var, Promete var, səs rejissoru
Orxan Ağalarov, filmin rejissoru Samir Kərimoğlu var bu
siyahıda. Onların hamısının
böyük zəhməti var, çünki bu insanlar gecə-gündüz
bizimlə bir yerdə əziyyət çəkirdilər.
Cüzi məbləğdə də məvacib
alırdılar. Yenə deyirəm, sağ
olsunlar, biz onlar inanmışdıq, onlar bizə
inanmışdı. Doğrultdular,
doğrultduq inamı. Samirin bizdən
öncə də filmləri var idi. Bizi tanıyandan sonra
isə bir yerdə iş gördük. O da hamı kimi gecələr,
yatmır, filmin rejissorluğunu edirdi. Əziyyətlərini
halal etsinlər.
- Film harada ekrana çıxdı?
– "Cinema Plus”dan başqa bütün kinoteatrlarda.
- Həm
də "Nizami” kinoteatrının digər kinoteatrlarından
fərqi ondandır ki, "Nizami” Kino Mərkəzidir. Ayrıca kinoteatrdır. İçəri
girincə, bilirsən ki, kinoya baxmağa gəlmisən, paltar
almağa yox.
- "Nizami” Kino Mərkəzi kimi on dənə də mərkəz
yaradılsa, kinomuzun inkişafına böyük təkan
olacaq. Yəni çox istəyirəm, insanlar kinoteatra
kinoya baxmaq məqsədilə gəlsinlər. Gəlmişik
"Mall”a, neyləyək? Məşğuliyyət
tapmadıq, gedək kinoya. Sonra çıxıb
ağız-burnumuzu büzək... Belə
olmasın yəni. Gəlmişik ki, kinoya
baxaq, ən ucuz istirahətimizi təmin edək. Bəli, ən ucuz. Məncə, ən
ucuz istirahət növü olmalıdır kino.
- Qayıdaq "Xoxan”a. Nə qədər
satıldı?
- Dəqiq
rəqəm deyə bilməyəcəm, amma böyük rəqəm
idi.
- Mətbuatın
yazdığına görə, yüz mini keçmişdi.
- Hə,
keçmişdi. Böyük rəqəm idi,
öz dövrü üçün.
- Məncə,
üç kinoteatr göstərmişdi.
- Yox,
dörd. ”Nizami” kinoteatrı, "Park Bulvar”, "Metro Park”,
"Aygün Cinema” nümayiş etdirdi. Ondan sonra öz
gücümüzə Mingəçevirə ,
Lənkərana getdik.
Lap
başdan məni qane etmirdi, doqquz milyon əhaliyə nisbətdə
yüz min çox az idi. Bu rəqəmi
böyütmək lazım idi. Məsələni
tez-tez kinoteatrlara deyirdik. Biz kinoteatrlara
seansın sayını deyirdik. Başqa
marketinq kodlar var idi, ondan istifadə edirdik.
- Sirr deyilsə hansı kodlar idi?
–
Tamaşaçıya seçim qoymurduq. Gəlib
görürdü ki, ancaq "Xoxan” göstərilir.
Başqa kinolar da var, amma o kinolarla nisbətdə yenə də
"Xoxan”a üstünlük verilir. Hətta,
kinoteatrla mərcə girmişdik ki, biz sizə bu qədər
vaxta bu qədər adam verəcəyik, əgər
verə bilməsək, ümumiyyətlə, bizə faiz verməyin.
Sonra kinoteatr kampaniyalar həyata keçirməyə
başladı. Müxtəlif şirkətlərlə
bağlı müxtəlif kampaniyaları var idi. Başladılar kampaniyaları bizə aid etməyə.
Dedim, bizə aid deyil, kampaniyalara görə, "X” şirkəti
sizə pul verir, onda pulun yarısını mənə ver. Sən
özün üçün kampaniya edirsən, mənim kinoma
nə aidiyyəti var? Sən öz cibindən eləməlisən
o kampaniyanı.
- Misal üçün, "X”
şirkəti deyir ki, filan xidmətə qoşulmaq pulsuzdur, eləmi?
- Hə,
iki nəfər gəlir, üçüncü bilet pulsuzdur və
s. Bu cür şeylər olmuşdu. Mən sabah
gedim on min adam gətirim, deyim ki, bunlar mənim
adamlarımdır, biletsiz qəbul edək, söz vermişəm.
Niyə söz veribsən? Belə şey
mümkün deyil axı! Burada belə bir
şey var, platforma bunlarındır deyə, bizdən
güclü idilər. Bax, bizlə bu
cür rəftar edirdilər. Tam səmimi
deyim, hesablamaları səhv idi, biz gedib orada yenidən
hesablamalar aparırdıq. Bu normal idi.
Praktika yox idi. Çünki belə bir
şey görməmişdilər ki, yerli kino
çıxsın və bu qədər adam
gəlsin və maraq yaransın.
Başqa problemlər də vardı. "Park
Cinema” yayım şirkəti bizdən on faiz pul alırdı.
Uzun müddət onları başa sala bilmədik
ki, on faiz artıqdır. Belə ki, filmdən gələn əlli
faizi, üstəgəl, on faizi də yayım
üçün alırdılar. Belədə gəlirin
altmış faizi onların, qırx faizi bizim olurdu.
- O
cür problemlərlə "Xoxan”ın yayımını həll
elədiniz.
- Hə,
o cür böyük bir əziyyətlə həll elədik. "Xoxan” tutdu, şükür Allaha!
- Filmdə
baş rolda Fərda və Elməddin çəkilib.
- Bəli,
baş rollarda Fərda və Elməddindir. Hətta,
piar məqamı da var idi orada. Məşhur
bir "İnstaqram” istifadəçisi vardı, Aynur
Hüseyn. O da oynamışdı. Şəhriyar
Əbilov var idi. O dövrdə Şəhriyar kinoya
çəkilmirdi.
- "Xoxan” nə vaxt ekrana
çıxmışdı?
- 11 dekabr
2014-cü ildə.
- Bu üç ildə nə dəyişib?
İndiki problemlər nədir?
-
Çexiyaya getdim. "Naxox” kinoteatrlarda olanda
burada deyildim. Qayıdandan sonra dedik ki,
heç kimlə rəqabət apara bilmirik.
Özümüzü tərifləmirik ha! Gördük
ki, rəqabət apara bilmirik. Dedik, gəlin
biri-birimizlə rəqabət aparaq.
- Sən
"Cinema Plus” şəbəkəsinə keçdin...
– Fərqi
yoxdur, əslində. Orda, ya burda. Məqsəd o idi, kino çəkək. Kino sahəsində bizim tanıdığımız
adamlar var, çoxdan tanıdığımız adamlar var.
Dedim ki,
gedim, onlarla danışım. Bildirdim ki, "Təhminə
və Zaur” adında bir filmim var, mənə bu qədər pul
lazımdır. Dedilər ki, biz
götürürük.
- İdeya, ssenari ilə getdin şirkətə, onlar da qəbul
etdilər.
- Hə, dedim hər şeyi mən edəcəm. Sadəcə, bu məbləğdə pul verməlisiniz.
İnandılar, bu işə əl qoyduq. Beləliklə də "Təhminə və Zaur”
filmi ərsəyə gəldi. Hə, bir
şeyi də deyim ki, film yayıma gələn ilin yanvar
ayında çıxmalı idi, oktyabr ayında
çıxdı.
- Niyə?
– Müəyyən
səbəblər üzündən tez oldu. Filmin
istehsalı daha tez oldu. Yetmiş
üç günə bitdi.
- Yəni çəkiliş, montaj
bir yerdə?
- Bəli.
İyirmi bir gün çəkilişimiz olub.
Yerdə qalanı da Post Productiona həsr
etmişik. Bayaq sual verdin ki, niyə mən
prodüser kimi çəkirəm? Rejissor
kimi çəksəydim, vaxtım gedəcəkdi. Filmin rejissor ssenarisi yazılmalıdır. Mən rejissor ssenarisini yazmadan ssenarini
götürüb çəkiliş meydançasına
getmişəm. Bu tamaşaçıya
qarşı hörmətsizlik deyil. "Təhminə
və Zaur” filmi bizim çəkdiyimiz filmlərin heç
birindən pis deyil. "Xoxan”la müqayisə
etmirəm. Onunla heç nəyi müqayisə
etmək olmaz. Vaxt gələcək o film əfsanəyə
çevriləcək, rahat deyirəm bu sözü. Vaxt gələcək "yeni kino dalğası
"Xoxan”la başladı” deyəcəklər, yazacaqlar.
- İndi də deyirlər.
- Deyirlər,
amma bəziləri qəbul eləmir. Qəbul eləməyən
adamların da çoxunu tanıyırıq. Bir də ki bizim ən böyük problemimiz odur ki,
otuz, qırx nəfər adamıq, gəl ki, paxıllıqla
məşğuluq.
- Kinematoqrafları deyirsən?
– Bəli.
Keçən dəfə saydıq, on beşi
keçmədi. Hamısını deyirəm.
Bir film çəkən, çəkmək istəyib
ortada canfəşanlıq edən adamların hamısını.
Bu adamları da siyahıya daxil elədik.
Say çox azdır. Və bu azlıqda belə
biz biri-birimizin ayağından çəkirik. Ölkədə
ilə yüz film çəkməyə adam
yoxdur.
- Səhv
eləmirəmsə, hardasa iyirmi film çəkilir.
-
Uzağı.
- Yüz
film üçün gərək bir rejissor yeddi film çəksin.
O da mümkün deyil.
–
Çoxlu filmlər çəkin, deyirlər. Heç
olmasa iki film. Misal üçün,
İlham Qasımov iki film çəkmək istəyir.
Orxan Mərdan, mən də...
- Halbuki,
dünyada prodakşınlar var ki, ilə on-on iki film çəkirlər.
- Yüz
faiz. Türkiyədə əhali sayı
çoxdur, kifayət qədər kinoteatrları var. Türkiyənin
çox biabırçı filmləri var ki, girir bazara və
oradan bir milyon baxışla çıxır.
- Milyon
baxış onlarda elə böyük rəqəm deyil.
- Bəli.
Amma bu baxış həm milyonlarla vəsait deməkdir. Biz bir milyona Türkiyənin
"B” kateqoriyalı filmlərindən daha yaxşı film
çəkirik.
- Azərbaycanda
film istehsalı daha ucuz başa gəlir.
–
"Xoxan”ın dövründə lap ucuz idi. Əvvəllər
belə idi ki, çəkiliş üçün hansısa məkana
üz tutanda nəinki havayı çəkiliş
aparırdıq, hətta məkan sahibindən pul da
alırdıq. Bu da büdcəni düzəltmək
üçün idi. İndi elə deyil.
İndi hansı restorana gedirsən, deyir ki, nəyimə
lazımdır kino? Səviyyəsiz-səviyyəsiz
kinolar çəkməkdən yorulmadınız? Soruşursan ki, kinoteatra gedib hansı filmə
baxıbsan? Deyir, neynirəm e,
baxmağı, kino var ki?
- Bu
adamlara haqq vermirəm. Amma bəlkə də,
adamlarda bu cür təsəvvürü yaradan, çoxlu sayda
mənasız, məzmunsuz filmlərdin çəkilməsidir.
- Gedib baxmayıb axı?
-
Ümumi rəy yaranıb cəmiyyətdə.
– Hə,
bu ümumi rəy "Xoxan”da da var idi. "Bizimkilər
kino çəkə bilmir” rəyi.
- Biletlərin
qiyməti yeddi manatdır. Günorta seansı dörd manat, əyalətlərdə
daha ucuzdur, beş və üç manat
arası dəyişir. Qiymətlər
qalxıb.
- İndi hər şeyin qiyməti qalxıb. Dolların bahalaşması hər şeyə təsir edib. Ümumiyyətlə, insanların da kinoteatrlara gediş-gəlişi azalıb, bunlar da təsir edir. Bu da çox gülməlidir. Bir filmə iki yüz min baxış yoxdur. İki yüz min nə rəqəmdir axı, bununla fəxr edəsən?! Çexiyanın da on milyon əhalisi var. Çexiyada film çıxır, iki həftəyə bir milyon adam yığır. Film pisdir, yaxşıdır, fərq eləmir. Qoy adamlar filmdən çıxandan sonra desinlər fikirlərini. Mən həmişə deyirəm, kino beş milyon adam gətirə bilər. Bu o demək deyil ki, on milyonun beşi gəlir kinoya. Yox, eyni adamlar təkrar gəlir. Bizim çəkdiyimiz kinolara "birdəfəlik kino” deyə bilərsən, mən razı, amma gəl, heç olmasa bir dəfə bax də... Yerimizdə sayırıq. Belə bir görüntü var ki, biz hazırda kino-kino oynayırıq. İstehsalçı olaraq az pul qazansam, məndən necə yaxşı kino istəyə bilərlər? Bizim kinonu Holliwud filmi ilə necə müqayisə edə bilərlər?
Söhbətləşdi:
Qan Turalı
Ədalət 2017.- 9-11 dekabr.- S.20.