Şairlərin şöhrəti öləndən
sonra başlayır
Cenk Gündoğdu: “Çılpaq
həqiqətlərə ironiyalar geyindirməyə məhkumuq”
Cenk Gündoğan 1976-cı ildə Ankarada dünyaya göz açıb. Metin Altınok, Fazil Hüsnü Dağlarca, Arkadaş Zekai Özger adına mükafatlara layiq görülüb. "İssız” və "Harep” adlı kitabları Türkiyənin məşhur "Kırmızı kedi” nəşriyyatı tərəfindən çap edilib. Onunla X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında tanış olmuşduq. Onun yaradıcılığı haqqında Türkiyənin dəyərli söz adamları fikirlər söyləyiblər. Cenk bəylə poeziya haqqında söhbət etdik:
- "Kırmızı kedi” nəşriyyatı tərəfindən çap olunan "2000-ci illər şeir antologiyası” adlı kitabı tərtib edib, nəşrə hazırlayıbsınız. O illərin poeziyası hansı məziyyətlərinə görə əvvəlki onilliklərin şeirindən fərqlənir?
- 2000-ci illər yeni minilliyin başlanğıcıdır, yəni bir çox sosioloji, siyasi, həyati dəyişikliklərin yarandığı bir dövrdən söhbət gedir. Həmçinin, o dövrdə özündən əvvəlki şeirlə vidalaşmış, yolunu o yöndən ayırmış, yeni ədəbi gəncliyin yazdığı şeirlər yaranıb. Bununla yanaşı, Türkiyədə siyasi təzyiq, ziddiyyət dövrü o illərə təsadüf edir. Həmin vaxt dəyişən ictimai mühitlə birgə, yeni şeir yarandı. Yazılan şeirlər əvvəlki illərin poeziyasından seçilirdi və əsas fərq ordadır ki, həmin nümunələr daha realistik, daha siyasi, daha şəxsi, anti-lirik və ironikdir. Sadaladıqlarımın içində ən vacibi ironiyadır. Çünki dövrə uyğun olaraq, siyasi və tragik durumlardansa, ironik vəziyyətlər daha maraqlıdır. İroniya şeirə əlavə geyimdir. Çünki çılpaq həqiqətlərə ironiyalar geyindirməyə məhkumuq.
- Haqqında
danışdığımız zamanı yeni
poeziyada "postmodern dövr” adlandıra bilərikmi?
- Məncə, elə böyük ədəbi axınlar haqqında danışdığımız dövrü əlaqələndirmədən, belə deyə bilərik: Türkiyənin öz sosioloji və poetik mühitində 2000-ci illər poeziyasının xüsusi yeri var. Bir neçə onillik sonra, bu dövr haqqında daha dəqiq fikirlər dilə gətirəcəklər. Yeni yüz ilin astanasında bir sıra fərqli reallıqlar mövcuddur və ortada olan sosial-siyasi, ədəbi tablo dəyişib, şeiri yaradan "alətlər” başqadır.
- Bir vaxtlar Cemal Süreya, Edip Cansevər sağ olanda, onların adları ədəbi gündəmdə az-az çəkilərmiş, fəqət, ölümlərindən sonra daha geniş kütlə arasında populyarlıq qazanıblar. İndi adları Türkiyə poeziyasının önündə çəkilən Haydar Ergülən, Tuğrul Tanyol, Adnan Özər də yaxın onilliklərdə o qədər də məşhur deyildilər, ancaq indi oxucular tərəfindən çox sevilirlər. Bu gün də sizlər - 2000-cilər cavansınız, yeni şeirin önündə gedənlərsiniz, amma sizdən əvvəlki ədəbi nəslin adı gündəmdə daha çox hallanır. Türkiyə poeziyasında bu tendensiya nə ilə bağlıdır?
- Türkiyə poeziyasında ən çox haqqında yazılan ədəbi nəsil "İkinci Yeni”dir. Onlardan sonra 80-ci illər gəlir. "İkinci Yeni” Türkiyə şeirinin köynəyini, dilini, alt qatını dəyişib. 80-ci illər şeiri də poeziyaya yeni dalğa gətirib. Bugünkü şeirin formalaşması 80-ci illərdən qaynaqlanır. Həmin illərdə inqilab olub və Türkiyənin sosial durumu dəyişib. Bu cür qırılmalar, 50-ci, 80-ci, və 2000-ci illərə təsadüf edir deyə, sosioloji durumla birgə, poeziya da başqalaşıb.
2000-ci illərdə Orta Şərqin xəritəsi yenidən çəkilib və Türkiyə bu proseslərin mərkəzində dayanıb. Bütün bunlara baxmayaraq, azadlığa can atan, mühafizəkarlığa qarşı çıxan ədəbi gənclik yetişib. Onlar ironik bir dillə fikirlərini ifadə edirlər. Bu dönəm artıq 80-ci illər poeziyasından fərqlənir. İndiki poeziya həddən artıq şəxsidir, özündən dünyaya boylanmaq şairlər üçün daha maraqlıdır. Şairlər çətinliklərini, əzablarını məhz ironiya ilə dilə gətirirlər. Sualınıza qayıtsaq, deyə bilərəm ki, şairlərin şöhrəti öləndən sonra başlayır – gəlin buna ikinci həyat deyək.
- Kitablarınızı
oxudum, sürət əsrində "Harep”, "Arkadaşım yalan”
kimi həcmli şeirlər
yazmağınıza səbəb nədir?
- Bu gün Türkiyə müharibə ölkəsidir. Bəlkə İstanbulda bu vəziyyət gözə dəymir, ancaq bilin, hər gün insanlar ölür, şəhid olurlar. Bu, sonu görünməyən problemdir. Bu problem ancaq sülhlə həll edilə bilər, müharibə ilə çıxış yolu tapılsaydı, ötən onilliklərdə bu bəlalardan yaxa qurtarmaq olardı. İnsanların ölümü, bayrağa bükülməsi, ağılar uşaqlığımızdan bəri, az qala, hər həftə gördüyümüz mənzərələr, eşitdiyimiz hadisələrdir. Mən şeirlərimdə ölümü ucaltmıram, əksinə ölümü lənətləyirəm. İnsan ölümləri indi ancaq rəqəmlərlə ifadə edilir. İkinci Dünya Müharibəsini canını qurban verən sıravi vətəndaşlara yox, çiyinləri ulduzlarla dolu generallara görə xatırlayırlar. Ancaq orda ölən milyonlarla günahsız haqqında danışmırlar. Mən müharibə məsələsinə əks mövqedən baxmışam və uzun şeirlərim qan-qada istəməyən, ancaq vuruşmağa məhkum olan sadə insanların hekayətləridir.
-
Aldığınız poeziya
mükafatlarının adlarını – Metin
Altınok, Fazil Hüsnü
Dağlarca, Arkadaş
Zekai Özger
ödüllərini kitabınızın üzərinə
yazıblar, bunun nəşrin
satışına hansısa dərəcədə xeyri olurmu?
– Mükafatın kimin adını daşıması və hansı şairə verilməsi vacib məsələlərdir. Türkiyədə Metin Altınok və Arkadaş Zekai Özger adlı iki talesiz şair var. Metin Altınoku yandırıb öldürdülər, Özger isə çox cavan köçüb dünyadan. Onların adını daşıyan mükafatı almağım mənim onlarla görüşüm deməkdir. Poeziyadan uzaq adamlar bəzən nəşrlərin üstündəki mükafat adlarına görə, şirnikib kitabları alırlar. Beləcə, kitab daha çox adamın əlinə çatır. Ancaq astronomik satış, əlbəttə ki, olmur.
- Sizin
şeirləriniz haqqında çoxlu məqalələr
yazılıb, açığı şeirləriniz barəsində
oxuduqlarımın arasında çox dərin
analizlərə, təhlillərə rast
gəlmədim. Siz necə, şeirləriniz
haqqında yazılan məqalələrin, araşdırma mətnlərinin
səviyyəsindən razısınızmı?
- Məncə, Türkiyə ədəbiyyatı ilə bağlı ən ciddi problem ədəbi tənqidi mətnlərdədir. Biz sürət əsrində yaşayırıq və zaman bizim uzun-uzadı düşünməyimizə imkan vermir. Hamının vaxtı azdı, işi çoxdur və daim harasa çatmaq məcburiyyətindəyik. Buna görə də indiki vaxtda ədəbi tənqid təhlil səviyyəsində yox, tanıtım, təqdimat xarakteri daşıyır. Türkiyə sənət mühiti sürət əsrinin bəlasını çəkir. Biz də şair kimi daha dərin araşdırmaların, elmi, təhlil səviyyəsi yüksək olan məqalələrin yazılmasını umuruq. Bir çox şairə nisbətən, bu məsələlərdə mən bəxtiyeyin adamam: kitablarım haqqında çox yazılıb, danışılıb, mükafatlar almışam. Bütün bunlar dar mənada maraqlı məsələlərdir, uğurlardır, böyük ədəbiyyat okeanından baxanda isə o qədər də vacib göstəricilər deyil. Əsas olan yaxşı şeirlər yazmaqdır. 300 il əvvəl kimə hansı mükafat verildi, neçə ödül qazanıb, haqqında kim yazıb – bütün bunlar bu gün olduqca az adam üçün maraqlıdır. Güclü və insana təsirli həqiqətləri şeir dili ilə yazmaq əsasdır, qalan şeylər gəldi-gedərdi.
- İlk
şeir kitabınız 36
yaşınızda işıq üzü
görüb. Bunca
gözləməyinizə səbəb nə idi?
- 20 yaşlarımdan şeir illikləri, dərgilər hazırlamağıma baxmayaraq, şeirlərim ardıcıl çap olunsa da, müxtəlif nəşrlərdə, antologiyalarda poetik nümunələrimin dərc edilməsinə rəğmən, kitabım çox gec işıq üzü gördü. Bu, şeirə verdiyim önəmlə əlaqəli idi. Qüsursuz kitab nəşr etdirmək arzusunda idim. Gec olsun, güc olsun məsələsi. Dövlətdən heç bir dəstək almadan 17 ildir "Üç nöqtə” adlı ədəbi dərgi yayımlayırıq. Bu illər çox böyük göstəricidir. Hətta bir ofisimiz, heyətimiz olmadan bu işləri fədakarlıqla görürük. Bütün bu işlərlə məşğul olmağım da kitab nəşr etdirməyimi gecikdirən səbəblərdən idi.
- Sizi məşhurlaşdıran, sevdirən şeirləriniz müharibə ilə bağlıdır...
- Şeirlərimdə müharibə bəşəri savaşdır. "İliada”dan bu günə qədər həyatımızda müharibələr davam edir. Deməli, insanlıq var olandan müharibələr gedir. "Bütün xəritələr qırmızıdır” şeirimdə də bəşəri müharibəni şahid olduğum hadisələrə əsaslanaraq yazmağa çalışmışam. Bütün xəritələr qanlardan "yaranıb”.
- İkinci
kitabda – "Harep”də əvvəlki
kitabınızla müqayisədə şeirləriniz məzmun
və forma baxımından daha da dərinləşir,
mürəkkəbləşir. Şeirlərizin metrik ölçüləri, nəfəsi
başqalaşır. Bu poetik
ağırlaşma yaşla
bağlıdır?
- Hər insan bir missiya ilə
doğulur. Hər şeirin də
özünə aid səsi,
kimyası, xüsusiyyəti
var. Eynən insan kimi. O şeirlərin
də özünə
aid tonu, etiraz ünvanı var. Onlardan asılı olaraq şeirlərin ölçüləri,
səsi, nəfəsi
dəyişir.
- Sənət baxımından
qidalandığınız, bəsləndiyiniz mənbələr
haqqında danışaq...
- İncəsənətlə bağlı universitetdə
oxuduğuma görə,
rəssamlıq, musiqi,
teatr düşüncələrimə
çox təsir edib. Ancaq məni reallıq
daha çox təsiri altına salır. Dünya poeziyasından Pablo Nerudanın şeirlərini
çox sevirəm.
Oktay Rıfat, Melik Cevdet Anday,
Nazim Hikmətin şeirlərini sevə-sevə
oxuyuram. Daha yaxın onilliklərdən
Ahmed Güntan, Tuğrul
Tanyol, Haydar Ergülen, Küçük
İskender sevdiyim şairlərdi. Hər
birinin başqa poetik üstünlüyünü
sevirəm: Haydar Ergülenin şeirindəki
ironiyanı, Tuğrul
Tanyolda fəlsəfə
və təbiətin əks etdirilməsini, Ahmet Güntanın reallığı dəyişdirmə
modelini, Küçük
İskenderin yeraltı
ədəbiyyatla qurduğu
əlaqəni, Melik Cevet Andayın mifoloji süjetlərlə
işləməsini, Nazim
Hikmətin coğrafiyamızın
problemlərini əks
etdirən şeirlərini.
Kəsəsi, bir qaynaqdan
bəslənməmişəm, necə ki anadan
olanda, ağzın birinə, burnun birinə bənzəyir, ancaq heç kəsə oxşamayan bircə ruhun olur. Bu baxımdan, mənim öz ruhum, öz yolum var. Poeziyada əsas məsələ öz ruhunu tapmaqdır, əgər buna nail oldunsa, seçilən poetik səsin, sözün olur, əks təqdirdə ortabab bir şair kimi
yazıb-yaradıb, sonra
da yaddan çıxıb gedirsən.
- Haqqınızda yazılan
yazıların çoxunda
sizin şeirlərinizi
öyürlər. Bəzən
bu ucaltmalar, göyəqaldırmalar gənc
bir şairin yolundan sapmasına, düzgün istiqamətindən
azmasına səbəb
ola bilir.
Sizdə
necədir, təqdiredici
yazılardan bihuş olursunuz, yoxsa belə mətnlər məsuliyyət yükünüzü
artırır?
- Şeirlərim haqqında bu qədər yazılması məni daha da qərarlı, məsuliyyətli edir. Düşünürəm ki, haqqımda bu qədər xoş sözlər deyən var, deməli, o fikirlərə layiq olmalıyam. O tənqidi mətnlər məni daha yaxşı şeirlər yazmağa həvəsləndirir. Ancaq inanın, təqdir edənlərdən çox, haqlı tənqid edənlərin yazılarına təşnəyəm.
- Qəlbinizdə
daşıdığınız, ancaq
şeirə çevirə bilmədiyiniz duyğular
varmı?
- Pol Valeri deyir
ki, ilk misra Allahdan gəlir. O ilk misranı yazıb, yarımçıq saxladığım
şeirlər çoxdur.
- Makina insanlar, robotlar haqqında romanlar yazılır. Sizcə, gələcəkdə də bu cür
texnikaların "həyatı”
barədə də şeirlər yazılacaqmı?
- İnanmıram. Şeiri insandan
ayıranda ortada heç nə qalmır. Fotoya baxanda orda canlılığa, həyata
aid bir şey yoxdursa, deməli, o heç nə ifadə etmir. İnsanlar ruh icad edə
bilməyəcəklər. Bu qədər ədəbiyyat
fakültələrinin, dərnəklərin
məzunları var, onların qalıcı şeir qələmə
ala bilmədiyi bir dövrdə, robotun şeir yazacağı, yaxud onlardan yazılanların təsirli
alınacağı inandırıcı
deyil.
- Müasir Türkiyə poeziyası haqqında ümumi - adların üstündə dayanmadan
danışmağınızı istərdim...
- Türkiyədə güclü
şeir damarı var.
Bu ənənə ilə
bağlı məsələdir.
Yaşadığımız coğrafiya şeir
okeandır. Bu okeanda böyük şeir düşünmədən,
nəfəs almaq olmaz. Bəlkə də bütün
şairlər, fərqində
olmadan başqa bir şairin yetişməsinə, onun özünə çatmasına
vəsilə oluruq.
Sanki bütün çaylar bir dənizə, eyni okeana tökülür.
XX əsrdə Pablo Neruda dünyada ən çox oxunan şair idi, amma XXI əsrdə belə deyil. Çünki parametrlər dəyişib,
meyarlar başqalaşıb.
Deməli, şeirə münasibət
zamana münasibət deməkdir. XXI əsrin şeiri fərqli olacaq. Dünya xəritəsi dəyişir,
sosial həyat başqalaşır, şeir
də onlara uyğunlaşmalıdır. Ona görə də köhnəliyə, əvvəlki
dəblərə aldanmaq
olmaz. Durğun həyatda - məsələn,
Belçikada böyük
şeir az
yaranır. Ancaq Türkiyə həmişə
gərginlikdə, çalxantıda,
burulğan içərisindədir,
ona görə burda şeir dinamikdir. Yaşadığımız əsr böyük
dəyişikliklərə hamilədir.
- Müsahibələrinizin
birində "Fazil Hüsnü Dağlarcanın
şeirlərini oxumadan
günümüzün poeziyasını
mənalandırmaq çətindir”
deyirsiniz. Belə düşünməyinizə səbəb nədir?
- Dağlarca, yazdığı
kitablar heç vaxt dəyərdən düşməmiş, əksinə
artmış bir şairdir. Çox istisna bir şairdir. Onun yaradıcılığına küll halında nəzər yetirmək, Türkiyə şeir tarixinin keçdiyi yolu izləmək kimidir. O, dünyanı
şeir kimi qavrayan şairdir. Türkiyə türkcəsində yazan hər kəs onun şeirlərini
oxumalıdır. Şeir
yazan bir adam dünya
və Türkiyənin
böyük şairlərinin
əsərlərini mütləq
zehnində daşımalıdır.
Söhbətləşdi:
Fərid Hüseyn
Ədalət 2017.- 9-11 dekabr.-
S.12.