Gücsüzlüyümüzdən
dalaşırıq
Söhrab Abbasov: “Çox adamlar
ağaclara cansız əşya kimi baxırlar...”
Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan bir şəkil diqqətimi cəlb elədi. Üzü-gözü his içində, yorğun bir adam meşədə yanan ağacın şəklini paylaşmışdı. Elə belə də açıqlama yazmışdı: "Çölündən yanan ağac və içindən yanan mən”. O kəlmələrin arxasınca getməmək insafsızlıq olardı... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin meşəbərpa və meşəsalması sektorunun müdiri Söhrab Abbasovla Qaxda görüşdüm. Söhbətləşmək təklifi məndən, ağac əkmək üçün dəvət də ondan gəlmişdi. Getdim getməyinə də, Söhrab müəllim israrla müsahibə verməyəcəyini, onlarla yoldaşlıq edib gözümün gördüyünü yazmağımı istəmişdi.
- Nə var bu
torpaqlarda?
– İnsan, görünür, yarandığı yerə can atmalıdır. Biz də təbiətdən yaranıb, təbiətin tərkib hissəsi olaraq yaşayırıqsa, günlərin bir günü təbiətə də qovuşacağıq.
- Elədirsə
bu canatımların səbəbi nədir? Madam sonu bilirik,
ömrümüzü yaşamaq əvəzinə, niyə
ölümə tələsirik?
- İnsan, görünür, yarandığı yerə elə həmişə can atmalıdır.
- Belə torpaq
sevəniksə, niyə kəndlərdən
qaçırıq?
- Bəzən insanlar gedirlər, bəzən də taleyin hökmü ilə uzaqlaşırlar.
- Taleyin
hökmümü qüvvətlidir, ya ayaqlarımız bərk
qaçır?
– Ayaqlar da taleyin hökmü ilə hərəkət edir.
- Ağaclarla nə
danışırsınız?
- Həm şirin, həm də acı xatirələr bölüşürük.
- Hansı dildə?
- Onun dilində. Yad dildə danışmağa başlasan, sonu təbii fəlakət olar.
- Ağac yananda nə
olur?
– Çox adamlar ağaclara cansız əşya kimi baxırlar, əslində, elə deyil. Ağaclar bizim düşündüyümüzdən daha canlıdırlar. Onlar da ağrını duyurlar, acını hiss edirlər, göz yaşı axıdırlar. Qüssələnə, kədərlənə, hətta sevinə bilirlər.
- Mənə elə gəlir ki, ağacların bətni var...
– "Druit təqvimi” deyilən bir təqvimdə hər canlı insanın bir ağac bağlılığı var. Hər insanın həyatı bir ağacın simvoludur.
- Sizin həyatınız
hansıdır?
– Bu gün əkdiyimiz ağaclar.
– Fındıqmı, narmı?
– Fındıq.
– Niyə?
– Anadan olduğum təqvim onu göstərir.
– Niyə
ağaclar qırılanda, yandırılanda sizi günahkar
bilirlər?
– Görünür, daşıdığımız vəzifə insanlara belə düşünmə haqqı verir.
– Öz sahənizdə
yetərincə varsınızmı?
– Hər şeyin tamı olmaq mümkün deyil. Hər şeyin tamı olduğu anda artıq həyat bitmiş olacaq.
– Kəsir qalan nədir?
– Kəsirin
yerdə qalan hissəsi.
– Nə vaxt tamamlanacaq?
– Zirvənin
başında dayanan gün. Ordan o tərəfə
tənəzzül başlayacaq. Ona görə
də həmişə düşünmək lazımdır
ki, bu hələ son deyil. İnsanı
harasa getməyə vadar eləyən o maraq, o məram bizi
yaşadır. Çatdığımız
an hər şey bitmişdir.
– Zirvəyə çoxmu qalıb?
– Nə qədər
çox qalsa, bir o qədər gözəldir.
– Ağaclar ayaqdamı ölür?
– Bəlkə
də bizim dərdimizi çəkərək ölürlər.
– Belə
çıxır, bizi hiss edirlər...
– Bəli.
– Biz niyə
dirimizin də, ölümüzün də dərdini onlara
yükləyirik? Tabutlarımız da onlardı...
–
Bilirsiniz, insan deyilən bir varlıq ağacı kəsib
kağız düzəldir, sonra da o kağızın üzərinə
yazır ki, "təbiəti qorumaq lazımdır”. Yazıq ağac neyləsin?!
– İnsan, əslində, bir növ öz
ölümünü hazırlayır, eləmi? Əvvəl ağacı əkir,
sonra o əkdiyi ağacdan düzəldilən tabutda
dünyadan köçür... Bəlkə bunu
bildiyimizə görə ağacları yandırırıq?
- Yəni insan qisasmı alır?
– Bəlkə
də...
– Axı beşiyində də
böyüyüb. Deyirsiniz tabut acısı
beşik şirinliyinə üstün gəlir?
– Nə
olsun, kölgəsində sərinləyirik, sonra da bir baltaya
sap eləmişik axı...
– Tək
bir balta ilə olsaydı... Bəlkə də
balta elə xilas yolu olardı. Müasir
texnologiyalar baltadan daha qəddardır. Sadəcə
olaraq, baltanın sapı var deyə ona şairanə don
geydirmişik "sapı özümüzdən olan baltalar”.
Bu, əslində bizim təsəllimizdi. Eynilə meşəyə gələn o dəhşətli
silah kimi, sapı özümüzdəndi baltanın. Qorxmaq lazımdır.
– Siz çox gözəl ədəbiyyat
adamı ola bilərdiniz. Bu
sahə olmasaydı hansı sahəni seçərdiniz?
– Şeriyyatı çox sevirəm. Hansı sahədə
olmağından asılı olmayaraq insan dövləti
üçün, xalqı üçün
çalışmalıdır. Sadəcə olaraq, bəzi
yerlərdə bacarıqlı, başqa yerlərdə
uğursuz ola, ya da sona qədər
bacarıqlı olmaya bilər. Amma çoban da
olsan, süpürgəçi də olsan, alim də, həkim
də, meşəçi də olsan elinə, obana, xalqına
bağlı olmalısan, Vətənini sevməlisən.
Əsas budur.
– Dilinə, dininə, irqinəmi
bağlılıq, yoxsa doğulduğu torpağamı?
–
Torpağa bağlılıq daha müqəddəs
anlayışdır. Yerdə qalanların
hamısı sonradan qazanıla biləcək vərdişlərdir.
Din də, dil də.
– İrqdəmi?
– Yer
kürəsi elə də böyük bir planet deyil ki,
insanları irqlərə bölək.
–
Bölürük...
–
Yanlışdır. Məncə, zalımı
da, xeyirxahı da, gülərüzü də, qaşqabaqlısı
da, acı dili, şirin dili də bu Yer kürəsinin
çox azsaylı insanlarıdır. Mənə
qalsa, heç sərhədlərin olmağını istəmirəm.
– Söhrab müəllim,
işçiləriniz sizi niyə çox sevir?
–
Çünki mən də onları sevirəm.
– Siz olmaq istədiyiniz rəhbərsinizmi?
– Məncə
yox. Bəzən daşıdığın vəzifə
sənə sona qədər sən olmağa imkan vermir. Amma bütün bunlara rəğmən, insanlara
münasibətdə hər zaman düşünməlisən
ki, gün gələr yerlər dəyişə bilər.
Hər kəs qərar verdiyi dəqiqə
özünü qarşıdakı şəxsin yerinə
qoymağı bacarmalıdır. Əgər
mən onun yerində olsaydım, bu göstərişi layiqli
yerinə yetirə bilərdimmi? Bu
sualın cavabı müsbətdirsə, deməli, doğru qərardır.
– Getdiyiniz bütün yolları
yaşıllaşdırırsınız?
– Ən azından arzulayıram ki, mənim getdiyim
bütün yollar yaşıl olsun. Bəlkə o əkdiyin
ağaclar məndən uzaqdadır, bəhrəsini
başqaları yeyir, amma buna səbəb olmaq belə
böyük xoşbəxtlikdir.
– Mənə
elə bir xatirənizi danışa bilərsinizmi ki, sizi silkələsin...
– Yaşadığımız hər
gün bir xatirə deyilmi?!
– Hansı an idi ki, siz o anda
qaldınız və ordan o tərəfə gedə bilmədiniz?
– Həyatda
çox şeylər dəyişə bilir, insanın taleyində
çox sərt döngələr yaranır. Mən
və mənim kimi xeyli sayda insanın həyatında doğma
elimizdən-obamızdan uzaqlaşmaq heç nə ilə əvəz
edilə bilməyən acı izlər buraxıb.
Çatdığımız yerlər, əldə etdiyimiz
uğurlar, özümüz üçün
yaratdığımız dəbdəbəli şəraitlərdən
asılı olmayaraq...
– Nəyin həsrətini çəkirsiniz?
– Bir
anlıq Laçına qayıtmaq həsrəti. Ondan sonra nə olacaqsa olsun, ya da heç nə
olmasın. Hər şey qəbulumdur.
– Laçından nələr
qalıb yadınızda?
– İnstitutu qurtarıb Laçına, Şamkənd
deyilən əraziyə təyinat almışdım. Onda dostum Azərçin
(Muradov) hələ təhsilini bitirməmişdi. Mən
də atımın yüyənindən tutub bir çay dərəsi ilə
üzüyuxarı gedirdim. Yaşıl meşə
talası qarşıma çıxdı. Atı
bağladım, bir az otlasın,
özüm də bir qayaya dirsəklənib yaşıl
talalı çayın qırağına uzandım. Və kağız-qələm götürüb Azərçin
müəllimə bir məktub yazdım. Bilmirəm
o məktubu saxlayıb, ya yox, mən o təbiətin qoynunda,
çayın zümzüməsində, quşların cəh-cəhində
öz aləmimdə olub, ona altı səhifəlik bir məktub
yazdım. Məktub çatanda təəccüblənib
ki, görəsən, Söhrab mənə nə yazıb bu qədər...
Sonra yazmışdı, qardaş, sən harda
yazmısan bu şeiri? Mən də dedim,
elə o məktubda təsvir elədiyim yerdə. Sonralar onunla təbiətlə təmasda olanda
füsunkar yerləri çox gördük, amma həmin o
qayanın dibindəki çayın zümzüməsini əvəz
edəcək yer tapammadım. Təbiətdə
bənzərliklər çox olur, amma eyniliklər olmur.
– Yadınızdan
çıxmayıbmı?
– Qətiyyən.
Günəşin hansı ağacın
arasından necə süzülə-süzülə
keçdiyi belə yadımdadır. Təkcə
o çay qıjovunun axdığı sular geri
qayıtmır. Xatirələrin
hamısı çözələnir. Sadəcə
olaraq, kələfdə bəzi nöqtələr düyünlüdür,
bəzi nöqtələr rahat açılır.
– Deyəsən,
siz insanlara deyə bilmədiklərinizi bu dağa-daşa demək
üçün qaçırsınız şəhərdən...
– Həmişə
də deyirəm bunu, dağa-daşa, çiçəklərə.
Mən adicə telefonla şəkil çəkəndə
belə, bir gülə 20-25 dəqiqə baxıram.
Çalışıram, o gül mənə poz versin, desin
ki, şəklimi görmək istədiyin kimi çək. İncəlikləri telefonun yaddaşına
köçürüb paylaşıram.
– Nə danışırlar sizinlə?
– Eh...
hamısını demək mümkün olsaydı...
– Niyə bu qədər kövrəksiniz?
– ... Bilmirəm. Bəzən elə məqamlar olur ki, qəhər
məni boğur. Hər nə qədər
gizli saxlamağa çalışsam da, tək qalanda
gözümdən qeyri-ixtiyari bir gilə yaş mütləq
yanaqlarıma süzülür.
– Birlikdə
ağladığınız bir kimsə varmı?
– İnsanlar bir yerdə gülsələr daha gözəl
olardı. Ağlamaq üçün əsas odur, içində
kövrək simlər olsun, ona toxunanda nalə çəksin,
ah çəksin və sən ağlaya biləsən. Mənə elə gəlir, hər kəs
sözün qüdrəti qarşısında baş əyməlidir.
– Bəs deyilməyənlər?
–
Haçansa deyiləcək və yaxud da deyilib, sadəcə,
indiyə qədər biz o sözə rast gəlməmişik.
– Bu günə qədər
eşidilməyən sözünüz oldumu?
–
Yaxşı sualdır. Bəzən insan
emosiyalarına azadlıq vermək üçün tənhalığa
qapılmaq istəyir, cəmiyyətdə bu, mümkün
deyil. Çünki bəzən söz demək
ixtiyarın, bəzən söz deyiləsi məqam olmur, bəzən
də səni dinləyəcək insanların
azlığı və yaxud da onların sənin kimi
düşünmədiyini hiss edirsən. Bəzən
də söz ünvanına düzgün deyilmir. Bir də ki, deyilməyən söz sənin, dediyin
sözün isə sən qulusan. Sözün
qüdrəti çox böyükdür. Belə
olmasaydı, klassiklərə müraciət edəndə hər
dəfə yeni söz tapa bilməzdik.
–
Şairin biri deyir ki, əsl adamlar başa düşülməyəndə,
içindən sınır....
– Nəsimini
sındıra bilmədilər. Dərisini də
soydular, amalından döndərə bilmədilər.
– Hamı
Nəsimi deyil...
–
Olmalıdır. Hər insanın içində
bir Nəsimi olmalıdır.
– Adamın başına hava gələndə
getməyə yeri olurmu?
– Əgər hava yer tapıb başa qədər gəlibsə,
baş da yer tapıb havaya qədər gedər, inşallah. Yer
üzündə bütün bağlar gözəldir.
– Elə
bir şey olubmu ki, gücünüz çatmaya? Mənəvi
gücünüz...
– Həyat
güc meydanı deyil.
– Bəs niyə dalaşırıq?
–
Gücsüzlüyümüzdən dalaşırıq.
– Kimə, nəyi isbat eləməyə
çalışırıq?
– Düşünə biləcəklərimizdən daha az düşünürük. Amma malik olduqlarımızdan daha çoxunu əldə eləməyə çalışırıq. İnsanlar həyatda tapdıqlarına qane olmalıdır.
– Bizim sizinlə söhbətimiz qurtarmadı...
– Hələ çox ağacəkmə
kampaniyalarımız olacaq. Niyə son olsun ki? Davamı var.
– Onda gələn
söhbətimiz əkdiyimiz ağaclar pöhrə verənə
qalsın...
Nigar
İSFƏNDİYAR
Kaspi.-2017.-9-11 dekabr.-S.13.