Əbədiyaşar lider

 

Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu var. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə keyfiyyətlərə malik, Vətəninə və millətinə əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var.

 

Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları onun vəfatından sonra da yaşadı, uğurla davam etdirildi. Dahi öndərin Fəxri xiyabanda ucaldılmış abidəsi əbədi ziyarətgaha çevrildi.

 

Heydər Əliyevi hər şeydən, hər kəsdən fərqləndirən cəhəti onun doğma xalqının qəlbini fəth etməsidir. Bu fəthi ilə o, xalqının - bugünkü və gələcək nəslin qəlbində əbədi yaşayır və yaşayacaqdır.

 

Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir. Onu dönə-dönə oxumaq, öyrənmək, təbliğ etmək lazımdır. Çünki Heydər Əliyevin ömrü elə Azərbaycan tarixinin parlaq səhifələridir. Bu tarixin otuz ildən artıq dövrü məhz xalqını və Vətənini canından artıq sevən ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur.

 

İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı eşalonunda rəhbər vəzifələr daşıdığı vaxtlarda Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi, əlahiddə olub və həmişə seçilib.

 

Yaxşı xatirimdədir ki, Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə Heydər Əliyevə çox böyük maraq var idi, hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirirdi. Bu dahi şəxsiyyətə olan xüsusi rəğbətimin təzahürü idi ki, Ulu Öndərin çıxışlarını mütəmadi mütaliə edir, hətta imtahanlar verərkən ondan sitatlar gətirirdim. Baxmayaraq ki, Heydər Əliyevin o zaman sovet hakimiyyətində təmsil olunmasını hiddətlə qarşılayanlar ona qarşı paxıllıq, riyakarlıq nümayiş etdirərək, çirkin kampaniyalar apararaq 1987-ci ildə Ulu Öndəri istefaya məcbur etmişdilər, onu tanıyanlar, sevənlər bununla heç cür barışmır, əksinə, ona olan məhəbbətlərini, dəstəklərini nümayiş etdirirdilər. Hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycan xalqı üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Lakin həmin vaxtlarda Heydər Əliyev ciddi təqib olunur, onun və tərəfdarlarının xalqla birləşməsinə hər vəchlə maneçilik törədilirdi. Minlərlə adamın mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxması onu yenidən rəhbər görmək arzusunun ümumxalq miqyasında, açıq şəkildə ifadəsi idi. Bakı şəhəri Sabunçu (o vaxtkı Lenin) polis idarəsində cinayət-axtarış bölməsinin rəhbəri olduğum həmin illərdə dahi rəhbərin portretini iş otağında böyük fəxr hissi ilə saxlayırdıq.

 

Təsadüfi deyildi ki, xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevin hər vəchlə Azərbaycana qayıtmasına mane olurdu. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, burada təşkil olunan etiraz mitinqində çıxış etdi və 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etdi.

 

Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya gəldi və onu qarşılayanlardan biri kimi Ulu Öndərlə ilk tanışlığımız həmin vaxta təsadüf etdi. Həmin vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimirdi. Onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirdilər. Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qaldı. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi günü Vasif Talıbovla (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) birgə Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük. Sonralar Naxçıvanda olarkən də Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çoxluğuna, səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özünəgüvənə malik olması, simasında ifadə olunan qətiyyət əlamətləri Ümummilli Lideri məğrur sərkərdəyə bənzədir, onun hələ bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu göstərirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik idi.

 

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

 

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik". Məhz belə bir ağır dövrdə – 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən, bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlıq idi.

 

Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanılmış, atəşkəsə nail olunmuş, dövlətlə xalqın birliyi təmin edilmiş, bütün sahələrdə demokratik islahatlara başlanılmış, güclü dövlətin möhkəm təməli qoyulmuşdur.

 

Hamımızın yaxşı xatirindədir ki, müstəqilliyin ilk illərində olan vəziyyət dövlət qurumlarından da yan keçməmiş, respublikanın prokurorluq, ədliyyə, polis, milli təhlükəsizlik, gömrük orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuşdu. Həmin orqanlar öz üzərlərinə düşən sabitlik və əmin-amanlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi vəzifəsini unudaraq, hərəsi bir siyasi qüvvəyə xidmət edirdi.

 

Respublikada cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev həm də yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilməlidir. "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkmişdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ilin avqustun 9-da imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratmışdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanılmışdı.

 

Heydər Əliyev qətiyyətinin ifadəsi olan bu mühüm tədbirlərin həyata keçirilməsində iştirakımı daim xatırlayır, Ulu Öndərin fəaliyyətimə verdiyi dəyərdən böyük fəxarət duyuram. Həqiqətən 10 ilə yaxın bir müddətdə bu dahi şəxsiyyətlə birgə çalışmaq, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etmək qürurvericidir. Ümummilli liderin etimadı sayəsində 1993-cü ildən başlayaraq uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm.

 

1993-1998-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illərdə Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Az qala hər gün mitinqlər keçirilir, müxtəlif təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi.

 

1994-cü ilin oktyabrı və 1995-ci ilin martında baş vermiş dövlət çevrilişi cəhdləri, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlər görülmüş kompleks və çevik əməliyyat tədbirləri nəticəsində tamamilə aradan qaldırılmış, onların təşkilatçıları ifşa olunaraq respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoyulmuşdu.

 

1995-ci ildə Heydər Əliyevə sui-qəsd təşkil etmək istəyən şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq yaxalanmışdır. O zaman Heydər Əliyev hətta bu cinayətin açılmasına görə bizə təşəkkür də etmişdi.

 

"Hər bir insanın taleyi xalqın taleyinə çevrilməlidir" deyən Heydər Əliyev necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü sonrakı dövrdə cinayətkar əməllərini dayandıran, qanuna əməl edən qanunsuz silahlı birləşmələrin üzvlərini cinayət məsuliyyətindən azad etməsi ilə təsdiqlədi.

 

Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi müdrikliklə bacarırdı.

 

Onun hər zaman xalqının yanında olmasına, şəxsini böyük izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Ümummilli Lider Azərbaycanı çox sevirdi. Onun

 

azərbaycanlı olması ilə fəxr etməsi, Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi Vətənə olan sevgisinin sübutudur: "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

 

Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qovuşan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi.

 

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi hüquqi, o cümlədən məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı.

 

Azərbaycanın özü qədər əbədi olan dahi öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasında müstəsna xidmətləri xalqımız tərəfindən sonsuz məhəbbət və dərin ehtiram hissi ilə yad edilir, onun əziz xatirəsi daim qəlbimizdə yaşayır.

 

Bu gün ölkəmizin sürətli və hərtərəfli inkişafı onu deməyə əsas verir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlarımız müstəqil dövlətçilik prinsipləri ilə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verir.

 

Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona yardımçı olmaqdır.

 

Məhərrəm Əliyev,

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Kaspi  2017.- 12 dekabr.- S.4.