Müasir Azərbaycanın memarı, unudulmaz şəxsiyyət

 

Sənət adamları ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşürlər

 

Dünən Azərbaycan xalqının ümummilli lideri, mərhum prezident Heydər Əliyevin vəfatının 14-cü ildönümü idi. Onun yoxluğu bu illər ərzində heç də sezilməyib desək, yəqin ki, yanılmarıq. Çünki Heydər Əliyevin incəsənətimizin inkişafı və tərəqqisi naminə atdığı səmərəli addımlar bu sahənin böyük bir epoxasını yaradıb. Onun apardığı uğurlu siyasətin tərkib hissələrindən olan mədəniyyət siyasəti bu gün Azərbaycan mədəniyyətinə və incəsənətinə özünün intibah mərhələsini yaşadır. Onun davamçısı İlham Əliyev də bu siyasəti uğurlu şəkildə həyata keçirir.

 

İntibah mərhələsi deyərkən isə, sadəcə ulu öndərin sayı onlarla hesablanan mədəniyyət obyektlərinin - teatr, konsert, qalereya, sərgi salonlarının, mədəniyyət evlərinin, kinoklub və bu kimi digər ocaqların tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə ayırdığı diqqəti nəzərdə tutmuruq. Eyni zamanda, onun ölkəmizdəki yaradıcılıq ittifaqlarının maddi-texniki bazalarının yaxşılaşdırılmasına, sənət adamlarının - şair, yazıçı, bəstəkar, rəssam, rejissor, aktyorların Prezident təqaüdlərinə, yüksək orden və medallara layiq görülməsinə, onların yubileylərinin keçirilməsinə, incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə dair imzaladığı sərəncamları da vurğulamaq lazımdır.

 

Hələ sovet dönəmində Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı. Onun sənət adamlarının yaradıcılığını yüksək qiymətləndirməsi, yaradıcı insanlara respublikanın yüksək fəxri adlarının verilməsi və orden-medallarla təltif edilməsi üçün göstərdiyi qətiyyət dünya siyasətində nadir dövlət başçılarının nümayiş etdirdiyi keyfiyyət idi. Məhz bu səbəbədir ki, incəsənət nümayəndələri ulu öndəri dərin hörmətlə anır, onun haqqında xoş sözlər deyib, xatirələrini bölüşürlər.

 

"O, qeyri-adi bir insan idi”

 

Xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində, zamanında Heydər Əliyevlə görüşdüyü və onunla ünsiyyətdə olduğu üçün özünü xoşbəxt hiss etdiyini dedi: "Onunla eyni dövrü yaşadığıma görə özümü şanslı hesab edirəm. Allaha şükür edirik ki, Azərbaycanda belə bir dahi şəxsiyyət olub. O,  yeni Azərbaycanın qurucusu, memarıdır. Özündən sonra da elə bünövrə qoyub gedib ki, həmin dəst-xətti ilə Azərbaycan inkişafa doğru gedir. Ölkəmizin inkişafı bu gün göz önündədir. Mən zamanında bir neçə dəfə ulu öndərlə tədbirlərdə görüşmüşəm. Onunla xarici səfərlərimiz olub. Onlardan İrana olan səfərimizi heç zaman unutmaram. Mənə 1998-ci ildə Əməkdar artist fəxri adını məhz o verib. 2002-ci ildə Prezident mükafatına layiq gördü. Opera və Balet Teatrında dəfələrlə tamaşamızda iştirak edib. Mənim baş rolu oynadığım "Leyli   Məcnun” tamaşasında iştirak edib. Bizim üçün o qeyri-adi bir insan idi. Ölkəsinə, vətəninə bağlı, mədəniyyətimizi, muğamımızı çox sevən bir insan idi. Bu gün onun qurduğu dövlətimiz intibah dövrünü yaşayır. Prezidentimiz İlham Əliyev onun mədəniyyət siyasətini də davam etdirir. Bu gün Heydər Əliyevin ruhu çox şaddır”.

 

Xalq artisti deyir ki, Heydər Əliyev incəsənət xadimləri ilə musiqişünas kimi danışırdı: "Ulu öndər bu sahəni çox sevirdi. O, milli musiqini, tarı, kamançanı yaxşı bilirdi. Xalq mahnımız "Alagözlüm”ü zümzümə edirdi. Musiqiyə bağlı adam idi. İştirak etdiyi konsert və tamaşalardan sonra səhnənin arxasına keçib sənətkarlarla görüşürdü. Bu da sənətə, sənətkara olan məhəbbətindən irəli gəlirdi”.

 

"O illəri unutmaq mümkün deyil”

 

Xalq artisti Gülyaz Məmmədova da deyir ki, Heydər Əliyevlə bir çox görüşləri olub: "Ulu öndərimiz hər dəfə konsertdən sonra səhnə arxasına keçib bizimlə görüşürdü. Tez-tez xaricdən gələn qonaqlar üçün konsert və ziyafətlər təşkil olunurdu. Həmin tədbirlərdə xüsusi seçdiyi sənət adamları olurdu ki, Gülyanaqla mən də o ifaçılar sırasında yer alırdıq. Heydər Əliyev bizi çox istəyirdi. Gülyanaqla məni ayırd edə bilmirdi. Biz dövlət tədbirlərində hər zaman Gülyanaqla birlikdə iştirak edirdik. Onunla bağlı unudulmaz xatirələrimiz çoxdur. Bir dəfə Rusiyanın  tanınmış siyasətçiləri onun qonağı idi. Ulu öndər onlara ziyafət vermişdi və həmin ziyafətə bizi də dəvət etmişdi. O ziyafət gecəsini heç zaman unutmaram. Həmin gecədə Rusiyanın xalq artisti  İosif Kabzon Heydər Əliyevə dedi ki, Maykl Cekson Amerika üçün nə edibsə, bu bacılar da Azərbaycan üçün onu edib, onlar Azərbaycan xalqına öz səsləri ilə belə gözəl musiqi bəxş edirlər. Dünyanın müxtəlif yerlərindən gələn prezidentlərlə görüşü olurdu. Onları bizim konsertlərə və tamaşalara dəvət edirdi. Bacım Gülyanaq hətta onun vasitəsi ilə bir dəfə Pakistan prezidenti ilə görüşmüşdü. Belə gözəl xatirələrimiz çoxdur. Allah Heydər Əliyevə rəhmət eləsin”.

 

Xalq artisti daha sonra bildirdi ki, o illəri unutmaq mümkün deyil: "Bir dəfə Rəşid Behbudovun yubileyində Gülyanaqla "Qoy gülüm gəlsin, ay nənə” mahnısını oxuyurduq. O zaman çox gənc idik. Mahnını bir az ləhcə ilə oxuyurduq. Konsertdən sonra səhnə arxasına gəlib bizimlə görüşdü və bildirdi ki, bacılar şirin ləhcə ilə oxuyur. Səhnə arxasında bizə təşəkkürünü bildirmişdi. Hətta bir dəfə onunla görüşəndə, qolbaq qolumdan düşdü, o da əyildi, onu götürüb mənə verdi. 1998-ci ildə mənim Opera və Balet Teatrında "Arşın mal alan” tamaşama gəlmişdi. Tamaşadan sonra soruşdu ki, Telli hansınızsınız. Əvvəl məni tanımadı. Sonra dedilər ki bacıların tayıdır. Bizi çox istəyirdi. H.Əliyev incəsənətin gözəl bilicisi idi. Sənətkarların hamısını bir-bir tanıyırdı, onların yaradıcılığından xəbərdar idi. Hansı sənətkarın yubileyi olurdusa, o insan haqqında elə sözlər deyirdi ki, bizlər bundan xəbərsiziydik. Tarixdən elə sitatlar gətirirdi ki, təəccübümüzü gizlədə bilmirdik. Sevdiyi mahnılar isə "Alagöz”, "Təki sən səslə məni”, "Küçələrə su səpmişəm” xalq mahnıları idi. Onunla bağlı deyiləsi söz çoxdur. Tarixi və unudulmaz şəxsiyyətdir. İncəsənət adamlarına xüsusi diqqəti var idi. Bizə əməkdar artist fəxri adını o vermişdi. Prezidentimiz İlham Əliyev də bizə xalq artisti adını verib. İlham Əliyev onun layiqli davamçısıdır”.

 

"Bizi həvəsləndirib, ruhlandırırdı”

 

Xalq artisti Bilal Əliyev də ulu öndərimizlə bağlı öz xatirələrini bölüşdü: "Onunla bağlı danışmaqla xatirələrim tükənməz. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan adlı ölkə bəlkə də olmazdı. Mən özümü xoşbəxt insan hesab edirəm ki, onun hakimiyyəti illərində yaşamışam. O, hakimiyyətə gələndə mənim cəmi 10 yaşım var idi. O zamanlar televiziyalar təzə yaranmışdı. Televiziyada ulu öndərimizin bölgələrimizdə yaşayan insanları ziyarət etməsini izləyirdik. Azərbaycanın bütün bölgələri onun gəlişini gözləyirdi. Əvvəllər bizim ölkəyə müstəmləkə gözü ilə baxırdılar. O, Moskva ilə bizim aramızda elə bir ünsiyyət qurdu ki, Brejnev də Bakıya gəldi. Heydər Əliyevin qayğısı bütün sahələrdə və bir çox insanların üzərində olduğu kimi, mənim də üzərimdə çox olub. Bəlkə ən yaxın doğmalarımdan görmədiyim diqqəti ulu öndərimizdən və onun davamçısı İlham Əliyevdən görmüşəm. O, incəsənət aləminə çox böyük qiymət verirdi. Konsertlərdən sonra gəlib bizə təşəkkürünü bildirirdi, tək-tək bizimlə görüşürdü. Xarici ölkələrin prezidentləri ölkəmizə gəlirdi, biz onların qarşısında çıxışlar edirdik. Çıxışdan sonra həmin prezidentləri gətirib bizimlə görüşdürürdü. Bu, incəsənətə olan qayğı idi. Tədbirlərdə çıxış etdikdən sonra bizə mükafatlar verirdi. Bizi həvəsləndirib, ruhlandırırdı. Hər konsertdən sonra Mədəniyyət Nazirliyindən zəng edib deyirdilər ki, bizə maaşımızdan əlavə qonorar yazılıb. Elə mükafatlar olurdu ki, bizim bir aylıq maaşımızdan da çox idi. Bu gün onun qoyduğu siyasət davam edir. Daim insanlar arasında oluram. Ulu öndərin dövrünü görən sənətçilərin çoxu deyir ki, vaxtilə Heydər Əliyev bizi xaricə oxumağa göndərib. İstedadımızı görüb onu inkişaf etdirmək üçün əlindən gələni edib. O istəyirdi ki, Azərbaycan gəncləri istedadlı və savadlı olsun. Bu gün mən dünyanı gəzirəm. Görürəm ki, digər ölkələr bizdən çox zəif yaşayır. Ancaq Azərbaycan gündən-günə inkişaf edir. Ona görə də İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirir”.

 

"Məni səhnəyə gətirən adam

 

Gənc ifaçı Amil Həsənoğlunun da Heydər Əliyevlə bağlı maraqlı təəssüratları var. Dediyinə görə, bu dahi insanla ilk görüşü 1998-ci il may ayının 4-də indiki Bakı Musiqi Akademiyasında olub: "Dünya şöhrətli musiqiçi M.Rastrapovicin Azərbaycana ilk gəlişi münasibətilə keçirilən master dərslərindən sonra onun şərəfinə verilən konsertdə mənim də çıxışım oldu. Konsertdə Heydər Əliyev ön sırada əyləşmişdi. Gurultulu alqışlarla yenidən bir mahnı oxumağımı istədilər. Çıxışımı bitirib səhnə arxasına qayıdan zaman nazir köməkçisi mənim harada yaşadığımı və neçə yaşım olduğunu soruşdu. Çünki artıq Heydər Əliyev mənimlə maraqlanmışdı. Konsertin səhəri dövlət televiziyasında prezident sərəncamlarını izləyən zaman adımın Gənc İstedadların Qızıl Kitabına yazılaraq, fərdi təqaüdə layiq görüldüyümü öyrəndim. Sənətə yenicə addımlayan uşaq üçün bu, böyük stimul idi. Sonra Silahlı Qüvvələr Günündə dahi Üzeyir Hacıbəyovun "Sevgili Canan” romansını ifa etdim. Konsertin sonunda Heydər Əliyev incəsənət nümayəndələri ilə görüşüb onlara təşəkkür edirdi. Həmin gün bizim ilk dəfə səmimi görüşümüz oldu. Söhbətimizi bu günə kimi xatırlayıram. "Səni istedadlı gənclər siyahısına salmışam, bilirsən, ya yox? Sən yaxşı oxu, istedadını inkişaf etdir” deyərək alnımdan öpdü. Bu görüşdən sonra bütün dövlət tədbirlərində, xaricdəki Azərbaycan mədəniyyəti günlərində mənim ulu öndərlə daim görüşlərim olmuşdur”.

 

Bəli, sənət adamları ümummilli lider Heydər Əliyevi xoş xatirələrində yaşadır. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

 

Xəyalə Rəis

Kaspi.-2017.-13 dekabr.-S.10.