Heydər Əliyev incəsənətin hamisi idi
Ulu öndər xatirələrdə
böyük hörmətlə anılır
"Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir”. Ümummilli liderin xatirəsini yad edərkən görkəmli elm, ədəbiyyat, kino, mədəniyyət xadimləri onu yalnız bu qəbil fikirlərlə anırlar.
Dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider
"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz Ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” - deyən ulu öndər Ana dilimizin inkişafı və saflaşdırılması istiqamətində mühüm işlərə imza atıb. Belə ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Eyni zamanda, Dil Şurası yaradılıb. Ümummilli liderin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olunub.
"Milli varlığımızın əsas atributlarından olan Ana dilimizin bu gün dövlət statuslu dillər arasında olmasına görə, bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq” - deyə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirir: "Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz Ana dilimizin gözəl bilicisi Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir”. Akademik deyir ki, ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb: "Bu amilin çox böyük əhəmiyyəti var. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ulu öndər bunu milli dəyər səviyyəsinə qaldırdı”. Akademik bildirir ki, sovet dövründə siyasi quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsil fədakarlıq göstərib: "Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
Azərbaycan ədəbiyyatının dünyada daha bəşəri tanınması dövrü
XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələcəyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə vurğulayan ulu öndər "şübhəsiz ki, insanlara şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” - deməklə, ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah edib.
"Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür” - deyə Xalq şairi Nəriman Həsənzadə ulu öndərin ədəbiyyata qayğısını məhəbbətlə xatırlayır: "Məni "Ədəbiyyat və incəsənət” qəzetinə Heydər Əliyev baş redaktor təyin etdi. Həsən Həsənov "26-lar” rayonunun birinci katibi idi. "Heydər Əliyev səninlə görüşmək istəyir. Ona "yox” demə” - dedi. Heydər Əliyev məni qəbul elədi. Mən onda Yazıçılar İttifaqında partkom idi. "Ədəbiyyat” qəzetində baş redaktor işlə”, - dedi. Dedim, Heydər Əliyev, orda-burda, iki yerdə bacarmaram. "Ədəbiyyat” qəzetinin üstündə dayandı. İnanın, qəzetin hər nömrəsini Heydər Əliyevlə bir yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu. Altı aydan sonra qəzetin üç illik fəaliyyətini Mərkəzi Komitənin bürosunda müzakirəyə qoydular. "Qəzet pis çıxır” - deyənlər az deyildi. Yazıçılar İttifaqının katibi də deyirdi ki, qəzet pis çıxır. Mənə söz verəndə, dedim, Heydər Əliyeviç, bilmirəm, haradan başlayım, harada qurtarım, çünki üç illiyi yoxlayırlar, mən də altı aydır baş redaktoram. Dedi: "Haradan istəyirsən başla, harada istəyirsən qurtar”. Danışdım, sonra özü qalxıb ayağa dedi ki, qəzeti oxuyuram, qəzet yaxşı çıxır. Heydər Əliyev büroya qarşı getdi. Ondan sonra soruşdu ki, qəzetə nə lazımdı? Mən də nə lazım idisə, hamısını dedim. Bizim rəhbərlərdən biri dedi ki, ola bilsin, "İzvestiya” qəzetinin mebelləri yaxşı deyil, ancaq qəzeti buraxırlar. Heydər Əliyev də dedi ki, bəs bunları harada desin? "Ədəbiyyat” qəzetinə maliyyə ayırdı, avtomabil verdi. Biz onun qayğısı ilə əhatə olunduq. Bu, əslində ulu öndərin ədəbiyyata qayğısı idi”.
Ulu öndər fenomen şəxsiyyət idi
Kino xadimləri deyirlər ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edilib, "Azərbaycanfilm”in fəaliyyətində canlanma yaranıb. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən işləməyə sövq edib. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bir çox filmlər məhz ulu öndərin təşəbbüsü ilə yaranıb. "Uzaq sahillərdə”, "İstintaq”, "Bir cənub şəhərində”, "Nəsimi”, "Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
"Ulu öndər Azərbaycanda tarixi filmlərin çəkilməsinə xüsusi diqqət göstərirdi. O istəyirdi ki, çoxlu sayda tarixi filmlərimiz çəkilsin. Dünyaya çıxsın və dünya görsün ki, Azərbaycan necə milli-mənəvi dəyərlərə malik, gözəl adət-ənənəsi olan bir xalq olub” - deyə Xalq artisti Eldar Quliyev ulu öndərin Azərbaycan kinosuna diqqətindən danışır: "Yadımdadır, "Babək” filminin çəkilişi ilə bağlı yaradıcı qrupa mane olmaq istədilər. Bəziləri bu filmin çəkilməsinin əleyhinə idi. O zaman ulu öndər işə qarışdı. Filmin çəkilişləri başlandı. Moskvanın verdiyi vəsaitdən əlavə, filmə respublika büdcəsindən 1 milyon rubl ayırdı. Bu pulun hesabına filmin çəkilişləri üçün mindən çox silah-sursat, hərbi geyimlər hazırlandı, kütləvi səhnələr çəkildi”. Ulu öndər Azərbaycan kinosunun inkişafı üçün xaricdən kino texnikası da gətirtdirib: "O texniki avadanlıqdan sovet məkanında üç ölkədə vardı. Ulu öndər fenomen şəxsiyyət idi. O, musiqini, rəssamlığı, kinonu beş barmağı kimi bilirdi. Fenomen yaddaşa malik idi, bütün Azərbaycan filmlərinə baxmışdı. Kinonu kinematoqrafçılardan, rəsmi rəssamlardan, musiqini musiqiçilərdən gözəl bilirdi və duyurdu. Onun mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğını unutmaq mümkünsüzdür. Nə qədər sənət adamını mənzillə, fəxri adlarla, təqaüdlərlə təmin elədi. Bu gün də bu ənənəni ulu öndərin siyasətinin layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir”.
Azərbaycan kinosunun tarixi
Ümummilli lideri Azərbaycan kinosunun hamisi və təəssübkeşi kimi xatırlayan və bu haqda əsər yazan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Heydər Əliyevin kinomuzun çətin günlərində ona dayaq durduğunu deyir: "1993-cü il çətin dövr idi. Bütün kino infrastrukturu dağıdılmışdı, büdcə boş idi. Kinostudiyanın həyətində çayxanalar, restoranlar tikilmişdi. Bütün bunları "Bizim Azərbaycanfilm” kitabımda yazmışam. Belə bir vəziyyətdə Heydər Əliyev kino işçilərini yığıb bildirdi ki, vəziyyət ağırdır, amma Azərbaycan kinosunu yaşatmalıyıq. Kino üçün maliyyə ayrıldı. İncəsənət adamları üçün prezident təqaüdləri verildi. Fəxri adlar və mənzillər verildi. Ulu öndər imkan daxilində əlindən gələni edirdi”.
Aydın Kazımzadə Heydər Əliyevi 1965-ci ildən tanıdığını deyir: "O vaxt hələ Heydər Əliyev cəmiyyət üçün bir qədər qapalı insan idi. Çünki Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifədə çalışırdı. Yalnız müəyyən insanlar onu tanıyırdılar. O vaxt bizdə "İstintaq davam edir” filmi çəkilirdi. Azərbaycan çekistlərinin fəaliyyətindən bəhs edən bu filmin məsləhətçisi Azərbaycan DTK-sının o vaxtkı rəhbəri Sviqun hesab olunurdu. Amma filmin ərsəyə gəlməsinə DTK sədrinin müavini Heydər Əliyev böyük yardım göstərirdi. Mən o vaxt "Kino” qəzetini və "Film” jurnalını buraxırdım. Redaksiya respublikanın Kinoprokat İdarəsinin nəzdində yerləşirdi. Hər həftə axşam oraya Mərkəzi Komitədən adamlar gəlir və oturub filmlərə baxırdılar. Təzə Azərbaycan filmlərinə və xarici filmlərə baxırdılar. Bir gün xəbər gəldi ki, bundan sonra Heydər Əliyev də filmlərə baxmağa gələcək. Mən də Heydər Əliyevi onda tanıdım. Hündürboylu bu adam general formasında xidməti maşınından düşür, zala keçir və filmləri diqqətlə izləyirdi. Sonrakı dövrdə Heydər Əliyev DTK sədri işləyərkən "Bir cənub şəhərində” filmini və onun yaradıcı heyətini təhlükədən qurtardı. Heydər Əliyev öz nüfuzu sayəsində bu filmi xilas etdi. O, sənəti dərindən bilib və duyduğuna görə filmi ekranlara buraxdıra bildi. Bu film Azərbaycan kinosunda dönüş nöqtəsi oldu. "Bakinskiy raboçiy” yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi. Sonra Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndə, biz onu yeni tipli rəhbər kimi tanıdıq”.
A.Kazımzadə Azərbaycan kinosunun
tarixinin 1898-ci ildən hesablanmasında ulu öndərin xidmətinin əvəzsiz olduğunu deyir: "Azərbaycan
kinosunun tarixi üç dəfə dəyişib. Ancaq bizdə 1898-ci ildə "Bibiheybətdə
neft fontanı yanğını”,
"Balaxanıda neft fontanı”,
"Şəhər bağında xalq gəzintisi”,
"Bazarnı” küçəsi sübh
çağı” filmləri çəkilib. Mən bunları
araşdırıb üzə çıxardım. 2000-ci ildə
Heydər Əliyev fərmanla bu tarixi təsdiq etdi. O vaxtdan da 1898-ci il
Azərbaycan kinosunun tarixi kimi qəbul
edilir”.
Təranə Məhərrəmova
Kaspi.-2017.-13 dekabr.-S.9.