Heydər Əliyev
fenomeni
Ümummilli lider hər bir azərbaycanlı
üçün mənəvi xəzinə idi
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından
14 il keçir. Bununla əlaqədar
olaraq Azərbaycanın bütün bölgələrində,
o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım
mərasimləri təşkil olunub. Dövlət
qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin
nümayəndələri Heydər Əliyevin Fəxri
xiyabandakı məzarını ziyarət ediblər. Azərbaycanın xarici ölkələrdəki
diplomatik nümayəndəlikləri və diaspor təşkilatları
da anım mərasimləri keçiriblər.
Millət
vəkili, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin
Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin
müdiri Aydın Mirzəzadəulu öndərlə
bağlı qeyd edib ki, o, 1993-cü ildə yenidən hakimiyyətə
gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə
açıb, ölkəmizdə yeni, demokratik bir dövlət
quruculuğuna başlanılıb. Deputat bildirib
ki, ümummilli liderin qayıdışından sonra Azərbaycanda
bazar münasibətlərinin hökmran olduğu yeni
iqtisadiyyat formalaşıb, insan hüquq və azadlıqları
cəmiyyətin aparıcı mövzusu olub, Azərbaycan
sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa
başlayıb. A.Mirzəzadə qeyd edib ki, ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətdə
olduğu 10 il güclü, müstəqil Azərbaycan dövlətçiliyinin
əsasının qoyulduğu bir dövr olub: "Məhz həmin
bünövrənin nəticəsidir ki, 2003-cü ildə
hakimiyyətə gələn cənab Prezident İlham
Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə
Azərbaycanın qüdrətini daha da artırdı. Azərbaycan bu gün dünyanın nüfuzlu ölkələrindən
biridir, Azərbaycan iqtisadiyyatını modernləşdirən,
vətəndaşlarının sosial problemlərinin həllini
daim diqqətdə saxlayan bir ölkədir. Heydər Əliyev fenomeni bu gün hər bir azərbaycanlı
üçün mənəvi bir xəzinədir. Ulu öndərin fəaliyyəti regionda sabitlik
yaratmaqla yanaşı, dünyaya gənc bir dövlətin
öz gücünə arxalanaraq, qüdrətli bir dövlət
qurmaq təcrübəsini verib. Heç də
təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif
regionlarında Heydər Əliyevin təcrübəsinə,
onun siyasi fəlsəfəsinə çox böyük diqqətlə
yanaşırlar, onu öyrənməyə
çalışırlar. Heydər
Əliyev hələ ötən əsrdə sovet Azərbaycanına
rəhbərlik edərkən geridə qalmış bir regionu
SSRİ-nin inkişaf etmiş bir respublikasına çevirə
bilib. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə
tikilib, 13 minə qədər azərbaycanlı gənc
SSRİ-nin aparıcı ali məktəblərində təhsil
alıb, 5 yeni universitet açılıb, mənzil fondu iki dəfə
artıb, Azərbaycan mədəniyyəti və incəsənəti
SSRİ və dünya səviyyəsində tanınmağa
başlanıb, sosial problemlərin həlli, insan faktoru Heydər
Əliyevin diqqətində olub”.
Vitse-spiker,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Bahar Muradova qeyd edib ki, Azərbaycanda qısa zaman kəsiyində
iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə
qazanılan uğurlar ilk növbədə ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır.
Deputatın sözlərinə görə, əldə olunan
iqtisadi uğurların əsası hələ ulu öndər
Heydər Əliyevin Sovet İttifaqı zamanında Azərbaycana
rəhbərliyi dövründə qoyulub: "Həmin
dövrdə keçmiş ittifaq ərazisində aqrar ölkə
kimi tanınan Azərbaycanın sənaye mərkəzinə
çevrilməsi, qısa zaman kəsiyində ölkəmizdə
mühüm sənaye komplekslərinin fəaliyyətə
başlaması, respublikamızda həyata keçirilən əhəmiyyətli
iqtisadi-siyasi layihələr bunu deməyə əsas verir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycanın həyatında
yeni eranın təməli qoyuldu. Heydər
Əliyevin ideyaları bugünkü güclü, zəngin,
inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin
dünyada layiqli yer tutmasının əsasını qoydu.
Ümummilli lider Heydər Əliyevin ideyaları
Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin
etibarlı və möhkəm dayaqlar üzərində
qoyulması deməkdir. Azərbaycanın
qazandığı nailiyyətlər, müstəqilliyimizin
qorunub saxlanılması, dövlətçiliyimizin
inkişafı ulu öndər Heydər Əliyevin ideyaları
əsasında hazırlanan, ölkəmizin milli maraqlarına
söykənən dövlət quruculuğu kursuna əsaslanır”.
B.Muradova
deyib ki, ölkəmizdə müşahidə olunan iqtisadi
inkişaf Azərbaycanda həyata keçirilən uğurlu
daxili iqtisadi-sosial siyasətin bəhrəsidir: "Heydər
Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata
keçirilməkdədir. İnkar etmək
mümkün deyil ki, Azərbaycan xalqının
rifahının yüksəldilməsinə, daxili sabitliyin
qorunmasına və cəmiyyətin bütün sahələrində
enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər
sahələrdə önəmli layihələrin həyata
keçirilməsinə istiqamətlənmiş siyasət Heydər
Əliyev ideyalarının tərkib hissəsidir. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə
Avropanın enerji təhlükəsizliyi məsələsində
əhəmiyyətli tərəfdaşa çevrilən və
dünya miqyasında nüfuzu artan Azərbaycanın
inkişaf səviyyəsi istər dünya ölkələri,
istərsə də beynəlxalq təşkilatlar tərəfindən
xüsusi olaraq vurğulanır. Dayanıqlı
iqtisadi siyasət, habelə müstəqil və tarazlı
şəkildə həyata keçirilən xarici siyasət
kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin,
inkişafının təminatında, istərsə də
beynəlxalq dayaqlarının möhkəmləndirilməsində
mühüm əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan bu xarici siyasət kursu hazırda Prezident
İlham Əliyev tərəfindən daha da modernləşdirilir,
müasir beynəlxalq münasibətlər sisteminə
uyğunlaşdırılır və inkişaf etdirilir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov bildirib ki, Azərbaycanın getdiyi yol məhz
ümummilli lider Heydər Əliyevin göstərdiyi və bizə
miras qoyduğu böyük bir fəlsəfədir. Millət vəkili qeyd edib ki,
artıq ulu öndər Heydər Əliyevin fəlsəfəsi,
yaratdığı dövlət təkcə regionda deyil,
dünyada öz həqiqətini sübut etmiş müasir bir
cərəyandır: "Bu nöqteyi-nəzərdən Heydər
Əliyevin yaratdığı və bizə miras qoyduğu fəlsəfənin
bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada
öyrənilməsinə başlanılıb. Bu
da təsadüf deyil. Çünki
hazırda bir çox yerlərdə müharibələr
gedir, vəziyyət çətindir, bir çox ölkələr
böhran içərisindədir və sair. Ancaq Azərbaycan tamamilə başqa bir istiqamət
götürərək inkişaf edir. Düzdür,
çətinliklər var, heç kim
çətinlikləri inkar etmir, Azərbaycan ayrı planetdə
olan dövlət deyil. Lakin hər bir halda,
müqayisə edərkən şahidi oluruq ki, Heydər
Əliyevin yaratdığı, bizə miras qoyduğu,
tövsiyə etdiyi, vəsiyyət etdiyi məsələlər
öz tarixi həqiqətini tapıb. Hesab
edirəm ki, 1990-cı illərin əvvəlindəki çətin
dövr, Azərbaycanın müstəqillik əldə etdiyi
ilk illər bu gün başqa ölkələrdə, başqa
coğrafiyalarda ciddi təhlil olunmalıdır. Ona görə ki, konfliktin içərisindən
çıxmaq, vətəndaş müharibəsinin qarşısını
almaq, iqtisadiyyatı yüksəltmək – bütün bunlar
konkret olaraq dərslərdir. Bir daha qeyd
edirəm ki, Azərbaycanın getdiyi yol məhz Heydər
Əliyevin bu istiqamətdə göstərdiyi və bizə
miras qoyub getdiyi böyük bir fəlsəfədir. Bu baxımdan, Azərbaycanın həqiqəti, Azərbaycanın
inkişafı, Prezident İlham Əliyevin apardığı
siyasət məhz Heydər Əliyevin siyasətinə bir dəstəkdir,
cavabdır, onun davamıdır”.
Milli Məclisin
Gənclər və idman komitəsinin sədri Fuad Muradovda
bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə qayıdışından sonra ölkəmizdə
bütün sahələr həm inkişaf etməyə
başlayıb, həm də uzunmüddətli perspektiv
açılıb. Deputatın sözlərinə görə,
xüsusilə gənclər hər zaman ulu öndərin diqqət
mərkəzində olub: "Ulu öndərin elə ilk fərmanlarından
birinin Gənclər və İdman Nazirliyinin yaradılması
ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin
ilk forumunun keçirilməsi buna bariz nümunədir. O,
özü həmin forumda iştirak edib gənclərimizin
fikirlərini öyrənərək, Azərbaycan gənclərinin
gələcək inkişafının təməlini qoyaraq həmin
forumların silsilə şəklində keçirilməsinə
nail olub. Əslində, elə o zaman dövlət
siyasətinin əsas tərkib hissəsi kimi Azərbaycanda gənclər
siyasəti formalaşmağa başlayıb. Həmin siyasət bu gün də davam etdirilir.
Ulu öndərin böyüklüyü o idi ki,
gənclərə hər zaman etimad göstərirdi. O, hər
zaman gəncləri irəli çəkərək, onlara
etimad göstərərək, müxtəlif ictimai işləri
həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycanda gənclərin
öz imkanlarını göstərməsinə həmişə
şərait yaradılıb. Bu gün Azərbaycan
gənci üçün bütün lazımi imkanlar var.
Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə
bağlı müxtəlif sərəncamlar imzalayır.
İstər Gənclər Fondunun yaradılması,
istərsə də gənclər üçün qəbul
edilən proqramlar onların inkişafına hesablanıb.
Bütün bunlar məhz ümummilli liderin
siyasi kursunun davamıdır. Eyni zamanda, Azərbaycanın
Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın fəaliyyətini qeyd etmək
lazımdır. Ulu öndərimizin mənəvi
irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə
özünü göstərir. Gənclər
sahəsində, xüsusilə Azərbaycan mədəniyyətinin
təbliği istiqamətində aparılan işlər
ümummilli liderin qoyduğu təməl prinsiplərini
özündə əks etdirir”.
Milli Məclisin
Elm və təhsil komitəsinin üzvü Bəxtiyar
Əliyevqeyd edib ki, ümummilli lider Heydər Əliyevin
işləyib hazırladığı siyasət
bugünkü müstəqil Azərbaycan dövlətinin qərarlaşmasını,
onun inkişafını, Azərbaycan xalqının çox
işıqlı və inamlı gələcəyini təmin
edən siyasətdir. Millət vəkili bildirib ki, ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin
yaradılması, möhkəmlənməsi, inkişafı,
qüdrətli ölkəyə çevrilməsi uğrunda
göstərdiyi xidmətləri, fədakarlığı,
mübarizliyi sözlə ifadə etmək olduqca çətindir:
"Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin
müstəqilliyə qovuşması uğrunda canını,
sağlamlığını belə əsirgəməyib. Sadəcə bir faktı xatırlatmaq yetər.
Azərbaycan xalqının qan yaddaşına
daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə
hər kəsdən əvvəl səs verən məhz Heydər
Əliyev oldu. Məhz ulu öndər Heydər
Əliyev xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə
qayıtdıqdan sonra ölkə bütün sahələrdə
inkişaf yoluna qədəm qoydu. Heydər
Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən
ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması,
müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi
istiqamətində əməli addımlar atmağa
başladı. Qısa müddət ərzində
qanunsuz silahlı dəstələr və separatçı
qüvvələr zərərsizləşdirildi, dövlət
çevrilişi cəhdlərinin qarşısı
alındı, müharibədə uzunmüddətli atəşkəsə
nail olunmaqla erməni təcavüzü dayandırıldı.
Azərbaycanın bugünki müstəqilliyi və
qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti
sayəsində mümkün olub. Azərbaycan
bu gün böyük dövlətlər arasında
özünə yer tutmuş, qüdrətli, güclü bir
dövlətə çevrilib və bu gün hər bir azərbaycanlı
həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı
olmağı ilə fəxr edir və öz dövləti ilə
qürur duyur. Bu qürurun da əsasını
qoyan ulu öndər Heydər Əliyevdir. Bu
gün də ulu öndərin bu siyasəti Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan
sürətlə inkiaf edir. Heydər
Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan
dövlətinin inkişafına və qüdrətlənməsinə
xidmət edir”.
Xatırladaq ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Siyasət
şöbəsi
Kaspi.-2017.-13 dekabr.-S.8.