Film kimi
hekayənin film kimi sonu
“Ayla” filmi “Oskar” mükafatına layiqdir
Çoxdandır gözlədiyimiz gün gəlib çatmışdı. Nümayiş olunduğu gündən söz-söhbətlərə və
uzun müzakirələr
səbəb olan Türkiyənin "Oskar” film mükafatına
namizədi - "Ayla”
filmi Nizami Kino Mərkəzində mətbuat
nümayəndələrinə nümayiş olundu. Dekabrın
6-da Can Ulkayın rejissoru
olduğu filmi izlədik.
Filmi izləyənə qədər
onun fraqmanına baxır, müzakirələrə
səbəb olan filmlə bağlı rejissorun, təşkilatçıların,
aktyorların müsahibələri
ilə tanış
olurdum. Həyəcanlı idim. Fraqmanından belə sevdiyim gerçək həyat hekayəsi əsasında çəkilən o filmə
baxacaqdım.
Film
1950-ci ildə Koreya müharibəsində iştirak
edən gənc türk əsgərinin sədaqətindən bəhs
edir. Müharibədə sevgilisini gözüyolda
qoyub döyüş bölgəsinə gedən
Süleyman Dilbirliyi zaman-zaman öz sevgilisinə məktub yazmağı da unutmur. Süleyman bəyin qonşuluğunda
yaşayan Nemət xanım da onu
gizli-gizli sevsə də bəyan etməməyə çalışır.
Cəbhədə baş verən
hadisələr günbəgün
qəzetlərdə dərc
olunur. Döyüş soyuq qış
günlərinə təsadüf
edir. Müharibənin qızğın vaxtında meşəyə
kəşfiyyata çıxan
kiçik komanda meşənin dərinliklərindən
səs eşidir.
Əvvəlcə onu düşmənin
bir tələsi hesab etsələr də, yaxınlaşdıqca,
valideynlərinin cəsədinin
üzərində ağlayan
5 yaşlı koreyalı
qız olduğunu görürlər. Süleyman Dilbirliyi
uşaq soyuqdan donmasın deyə öz gödəkçəsini
ona geyindirir. Qızın üzü aya bənzədiyi üçün
ona Ayla adını verir. Aylanı gündəlik yediyi yeməklər və əsgərlərə paylanılan
südlə bəsləyir.
Ayla döyüş meydanında
əsgərlərin sevinc
mənbəyinə çevrilir.
Onun sayəsində insanların
simasına gülüş
bəxş olunur.
Gündəlik sərt rejimdə
Ayla bir günəş kimi onları isindirir. O, hərəkətləri ilə
əsgərləri güldürür,
komandirlərin ən sevimli kiçik əsgərinə çevrilir.
Valideynlərinin ölümündən təsirlənən kiçik
koreyalı qızın
dili isə hər gün şahidi olduğu əsgər marşıyla
açılır. Ayla Süleymanı
ata bilir. Çünki ondan ata qayğısı görür.
Süleyman Dilbirliyinin əsgərlik
müddəti bitir və dostları geri döndüyü halda, o dönmür.
5 yaşlı koreyalı qızı özü ilə aparmaq istəsə də, qanunlar buna qarşı olur. Süleyman bir çarə axtarır, ancaq tapa bilmir. Qıza o qədər bağlanır ki, onsuz yaşamaq istəmir. Süleymanın sevgilisi onun gəlmədiyini görüb başqası ilə nişanlanır. Süleyman yenə də mübarizə aparır, Aylanı türklərin açdığı koreyalı uşaqlar üçün yetimxanaya qoymaq məcburiyyətində qalır. Hətta həmin yetimxanaya gedərək şəraiti ilə tanış olur. Aylanı uşaqlara türk himnini, dilini öyrədən və hər cür şəraiti olan bu yetimxanada qoyub gedə bilmir. Əslində bunun Ayla üçün ən yaxşı bir seçim olduğunu düşünsə də, Ayla onu buraxmır. Ayla mənəvi atasının əlini elə sıxır ki, əsgər ondan ayrılmır. Müharibə bitir, əsgərlər geri qayıdır. Süleyman Dilbirliyi düşünür, bir çıxış yolu tapmağa çalışır. Geri dönməyə qərar verir və Aylanı öz çamadanına qoyur. Ancaq gəmidə onun üstü açılır. Və Ayla əsgərin əlindən alınır. Süleyman Aylaya bir söz verir. Deyir ki, o bu bağçada "Sevimli Ankara” mahnısını yaxşı oxusa, onu gəlib aparacaq. Aylaya onun arxasınca gələcəyini deyir.
Süleyman məyus halda vətəninə gəlir. Sevdiyi qız ona "mənə bu üzüyü taxdılar, sənə də atalıq etdiyin Aylaya görə qoy medal taxsınlar” deyir. Süleyman valideynlərinin məsləhəti ilə onu sevən qonşu qız Nemət ilə evlənir. O, Nemətlə ailə həyatı qurarkən onu nəinki sevir, hətta çox soyuq davranır. Ailə qurduqdan sonra Nemət həyat yoldaşının Aylanı tapması üçün neçə çırpındığını görür və ona kömək etməyə çalışır. Süleyman bəy həyat yoldaşının onun mənəvi qızı üçün etdiklərindən sonra ona vurulur və doğru seçim etdiyinə əmin olur. Dilbirliyi ailəsi nə qədər çalışsa da, Aylanı tapa bilmir. Çünki Aylanın adı dəyişdirilib və həmin yetimxananın da ləğv olunması xəbərini almışdı. Üzərindən 47 il keçir. Bir gün Türkiyədə böyük zəlzələ olur. Zəlzələdə həyatının şokunu yaşayanların içərisində Süleyman bəy də var idi. Həmin gün Süleyman bəy ölümün bir addımlığında olduğunu və verdiyi sözü hələ də tutmadığını xatırlayır. O yenidən Aylanı axtarır. Nəhayət, televiziyaların birinin köməyi ilə Aylanı tapır. Televiziyadan ona deyirlər ki, sizin dediyiniz tipdə bir xanım var, ancaq elə bir söz deyib durub: "Ankara” mahnısını yaxşı oxusam, atam mənim dalımca gələcək. O illərdir ki, bu mahnını oxuyur”. Filmin bu anında real həyatdan götürülmüş Ayla ilə Süleyman bəyin görüş səhnələri nümayiş olunur. Ata ilə koreyalı qızın görüşü çox təsirlidir.
Real hadisələrdən götürülmüş hekayənin ən təsirli səhnəsi isə film bitdikdən sonra oldu. Filmin nümayişinin səhəri gününü acı bir xəbərlə açdıq. Süleyman Dilbirliyi orqan çatışmazlığından dünyasını dəyişmişdi. Oskar almadan qəhrəmanın ölüm xəbəri tamaşaçıları məyus etdi.
Film kimi həyat hekayəsi olan Süleyman bəyin hekayəsi bununla da bitmədi. Aylaya mənəvi atalıq edən qəhrəmanın həyat yoldaşı Nemət xanım onun yoxluğuna çox tab gətirə bilmədi. Nemət Dilbirliyi də bu acıya dözməyərək həyatını itirdi. Ər-arvad eyni vaxtda torpağa tapşırıldı...
Xəyalə Rəis
Kaspi 2017.- 12 dekabr.-
S.12.