“Atam dedi ki, əgər məndən
yaxşı aktyor olacaqsansa, oxu”
İbrahim Çingiz: “İstəmişəm
ki, cəmiyyətdə özümə görə hörmət
qazanım, valideynlərimə görə yox”
Bu istedad ki, var, həm qəliz, həm də vacib amildir. Bəzən deyirlər ki, istedad gendən gəlir, nəsildə kimdəsə varsa, mütləq uşaqlara da keçir. İnsanın təcrübə əsnasında öyrəndiyini və hər şeyə oxuyaraq sahib olduğunu deyənlər də az deyil. Bizim budəfəki "Atalar və oğullar” rubrikamızın qonağı İbrahim Çingizdə isə istedad hər nə qədər atadan keçmə olsa da, onun həyata baxışı, dünyagörüşü tamamilə fərqlidir. Müsahibimiz əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingizdir. "Vicdan haqqı” serialındakı Vüsal obrazı ilə tanınan aktyor, Rus Dram Teatrında maraqlı obrazları ilə də sevilir. O, bu sənətə aktyorluqdan deyil, musiqidən gəlib. Universiteti bitirdikdən sonra Kiyevə köçərək, orada rep və aparıcılıqla məşğul olub. İfa etdiyi replərin musiqisini və sözlərinin müəllifi elə müsahibimizin özüdür. Ötən gün reperin "Tufan” adlı yeni mahnısı da işıq üzü gördü. Bu, onun Azərbaycan dilində ikinci ifasıdır.
- İbrahim bəy,
replə məşğul olacağınızı eşidəndə,
atanızın reaksiyası necə oldu?
- Atam
etiraz etdi. Bunu təbii
qəbul etdim. Çünki incəsənət
çox çətin bir sahədir. Bu yolu
keçən ata, istəməz ki, övladı da onun çəkdiyi
həmin çətinlikləri görsün. Atam əvvəllər etiraz etsə də, sonra mənim
israrımı görüb, müdaxilə etmədi. Aktyorluğa marağım isə sonradan yarandı.
Belə ki, Hollivud filmlərinə
baxırdım, orada aktyorların oyunu mənə çox
maraqlı gəlirdi. Uşaqlığım
böyük sənətkarımız Nəsibə
Zeynalovanın evində, aktyorların içində
keçib. Ancaq onu da deyim ki, uşaq vaxtı çox utancaq idim.
- Utancaq biri sonra necə aktyor oldu?
-
Düşdüyüm mühit məni formalaşdırdı.
İstəyirdim ki, həm aktyor olum, həm də
ifaçılığımı davam etdirim. Dünya üzrə tanınmış o qədər
ifaçılar var ki, eyni zamanda, peşəkar aktyordurlar.
- İncəsənət
Universitetini seçməyinizə də atanız etiraz etmişdi
- Atam dedi
ki, əgər məndən yaxşı aktyor olacaqsansa, oxu. O,
mənə deyirdi ki, sən başqa ixtisasla məşğul
ol. Sözsüz ki, hər sənət çətindir.
İncəsənət aləmindəki insanlar
bilir ki, bu sənətin özünəməxsus çətinlikləri
var.
- Özünüzü atanızdan
yaxşı aktyor hesab edirsiniz?
- Əsla. Mən bunu deyə bilmərəm. Çünki atamın bu sənətdə etdiyinin
heç yarısını da etməmişəm. Bir rolla peşəkar olmaq mümkünsüzdür.
Yaxşı aktyor olmaq illərlə
topladığın təcrübələr əsnasında
formalaşır. Bir seriala çəkilirəmsə,
deyə bilmərəm ki, mən
yaxşı aktyoram. Çünki mənim də
bacarmadığım bəzi şeylər var. Hələ həyat
qabaqdadır, çalışdıqca öyrənməli
olduğum çox şey var.
Bu baxımdan da teatrdan öyrənməli olduqlarım az deyil. Çünki teatr
daimidir. Serial bu gün bitə bilər.
Daim öz üzərimdə
çalışıram və inkişaf etmək istəyirəm.
Yerimdə dayanan biri deyiləm.
- "Vicdan haqqı” sizin rol
aldığınız ilk serialdır?
- Bəli.
Bu, mənim ilk işimdir.
- Elə aktyorlar var ki, illərdir bu sənətdə
külüng çalır. Ancaq siması sizin
kimi tanınmır. Bu baxımdan
özünüzü şanslı hesab edirsinizmi?
- Bunu
tez-tez mənə də deyirlər ki, siz çox
şanslı birisiniz. İnsan qabaqcadan deyə
bilməz ki, mənə haradasa nəsə uğur gətirəcək.
Özümə bir cığır açmışam və
o cığırla
gedirəm. Bundan əvvəl
2 il Kiyevdə
yaşamışam. Orada reper və
aparıcı kimi tanınmışam. Hətta
Kiyevdə məşhur bir seriala dəvət alsam da, qəbul
etmədim. Səbəb isə Kiyevdə
qaldığım 2 ildə vətənim üçün
darıxmağım oldu. Bəzi insanlar
arzulayır ki, xaricdə yaşasın, ancaq onlar bilmirlər
ki, vətəndən, ailədən, dostlarından kənarda
yaşamaq nə deməkdir. Mən qərar
verdim ki, vətənimə dönürəm. Həmin gün orada tanınmış bir serialda
baş rol üçün təklif aldım. Dərhal da, düşünmədən imtina etdim.
- Səbəb?
- Çünki vətənim
üçün darıxmışdım. Orda məşhurlaşa
bilərdim, ancaq Azərbaycana gəlməyi və burada fəaliyyətimə
davam etməyi üstün bildim. Peşman
deyiləm. Yaxşı ki, gəlmişəm.
Bakıya qayıtdım, reytinqli bir serialda rol aldım.
Bu gün harasa gedirəmsə, məni
tanıyırlar. Bu, mənə xoş təsir
bağışlayır. Verdiyim heç bir qərara görə heyfsilənmirəm.
- Bəs Kiyevdəki serial təklifini
rədd etməyinizə atanızın reaksiyası necə
oldu?
- O, heç nə demədi. Bircə
onu dedi ki, sənin yerin burdadır.
- Aktyor olmağınızda
atanızın rolu olubmu?
- Hərdən
eşidirdim ki, haqqımda "atasına görə məşhur
olub” deyirlər. Mən isə ifa etdiyim repin sözlərini
yazır və onu ifa edirdim. Atam mənim yerimə rep demir və
ya mənim serialdakı rolumu oynamır. Atam mənə deyirdi
ki, özün nə bacarırsan, onu da et.
Təhsil aldığım məktəbdə belə, sinif
yoldaşlarıma atamın kim olduğunu
deməmişdim. Məktəb yoldaşlarım
11-ci sinifdə biliblər ki, atam Çingiz Əhmədovdur.
Həmişə gizlətmişəm.
- Nə üçün gizlədirdiniz?
- Bunun
pozitiv və neqativ tərəfləri var.
- Pozitivi anladıq, bəs neqativ tərəfləri
hansılardır?
- Bilsəydilər
ki, atam sənət adamıdır, əldə etdiyim hər
uğurda deyəcəkdilər ki, atasına görə hörmət qazandı. Mənsə bunu istəmirdim. Əgər
əziyyət çəkirəmsə və nələrisə
əldə edirəmsə, bunu öz gücümə etmək
istəyirdim. Hər zaman
istəmişəm ki, cəmiyyətdə özümə
görə hörmət qazanım, valideynlərimə
görə yox.
-
Hansı təqdimat xoşunuza gələrdi - Çingizin
oğlu İbrahim, yoxsa İbrahimin atası
Çingiz?
- Mən
İbrahim Çingizəm. Atamın
adını soyadımla daşıyıram. İndi mənə Çingizin oğlu deyirlər,
qoy desinlər, atamdan ki, məşhur deyiləm. Çünki atamı bütün Azərbaycan
tanıyır və mən onun qədər tanınmıram.
- Çingiz Əhmədovu komediya
ustası, sizi isə dram aktyoru
kimi tanıyırıq. Bu qədər ziddiyyət
sizi atanızdan fərqləndirirmi?
- Onsuz da
yaradıcılıq və xarakter baxımından atamdan çox fərqlənirəm.
Ancaq onu deyim ki, atam eyni zamanda gözəl dram
aktyorudur. Sadəcə olaraq, rejissorlar onu
dramatik obrazda görə bilməyib. Atamın köhnə filmlərində dramatik rolların
ifaçısı kimi görmüşəm. İndi
elə bir rejissor yoxdur ki, onun bu səpkidə olan
istedadını göstərsin. Atamdan fərqli
olaraq, mən komediya filmlərinə çəkilmərəm.
Bəlkə də gələcəkdə
çəkilərəm, ancaq indi bu barədə
düşünmürəm.
Ancaq teatr səhnəsində komediyada
oynayıram.
- Çingiz müəllimin sizdə
aktyor kimi bəyənmədiyi hansı xüsusiyyətləri
var?
- "Vicdan haqqı” serialındakı ilk obrazımı
atamla birlikdə izlədik. Baxdıqdan sonra üzümə
baxıb dedi əməlli başlı oynayırmışsan
ki (gülürük). İndiyə qədər
atamdan bu barədə heç bir irad eşitməmişəm.
Özümün özümə iradlarım
olub. Belə ki,
serialda oynadığım ilk bölümlərdə bəzi fraqmentləri görəndə,
düşünürəm ki, başqa cür də oynaya bilərdim.
Atamın mənə iradı teatrdakı
obrazımla görə olub. Bu da cüzi
şeylərdir, elə də böyük səhvlər deyil.
-
Müsahibələrinizin birində deyibsiniz ki, "Atamla
zarafatımız olmayıb”. Komediya ustasının oğlu ilə
arasında zarafatın olmamağı bizə bir az qəribə gəlir.
- Səhnə
başqa, real həyat başqa. Atam çox ciddi insandır. İndiyə qədər
atamın hansısa şit zarafatını görməmişəm.
O, ancaq səhnədə komediya oynayıb. Atamla
aramızda hər zaman pərdə olub.
- Çingiz müəllimi aktyor kimi
yaxşı tanıyırıq, bəs ata kimi necədir?
- Bir
övlad kimi deyə bilərəm ki, o, çox yaxşı
atadır. Uşaqlığım yaxşı
keçib. Atam məni hərtərəfli
böyüdüb. Heç nədən
korluq çəkməmişəm. Həm
maddi, həm də mənəvi baxımdan heç nəyə
ehtiyacım olmayıb. O, mənim tərbiyəmə xüsusi önəm
verirdi.
- O, bu qədər işinin
arasında sizə zaman ayıra bilirdi?
- Bəlkə
onu uşaq olanda başa düşmürdüm. Ancaq indi atamı daha yaxşı anlayıram. Çəkiliş,
teatr - hamısına çatdırmaq lazımdır. Atam da çox çalışqan biridir. Bacardığı qədər mənə zaman
ayırmağa çalışırdı.
- Saqqalınız imicdirmi?
- Bəli,
hərdən mənə deyirlər ki, bəlkə dini
baxışına görə saqqal saxlayırsan. Onlar mənim tatularımı görməyib, əgər
görsəydilər o sualı verməzdilər
(gülürük). Allaha inanıram,
inanclı biriyəm, ancaq qatı dindar deyiləm.
Saqqalımın dinə heç bir aidiyyəti yoxdur.
- Çingiz müəllim
tatularınıza, saqqalınıza bir söz demir?
- Əvvəl deyirdi. Onu başa
düşürəm, mənim oğlum da gəlib desə ki,
qulağımı deşdirirəm, təbii ki, ona etiraz edərəm.
Zaman dəyişdikcə, hər şey dəyişir
Onların yaşadığı zamanla indiki zaman
başqadır. Hərə
özünü bir cür göstərir. Mən
komplekssiz insanam. İstəyirəm ki, dünyaya gələcək
övladlarımın da kompleksləri olmasın. Çünki kompleks insanları aşağı
sürükləyir.
- Bu tatulara görə indi
peşmansınız?
- Xeyr.
Hətta bunun ardını gətirmək
istəyirəm. Heç bir seçimimdə
peşman deyiləm.
- Kumiriniz kimdir?
- Kumirim Amerika aktyoru Ceyson Momoadır.
- Bəs atanız?
- Atam mənim
sənət müəllimimdir.
- Adətən, uşaq yaşlarından sənət adamlarının içində böyüyənlər gələcəkdə rejissor olmaq istəyir. Sizdə isə əksinə alındı...
- Əgər ortada bir iş varsa, onun arxasında görünmək istəmərəm. Təbii ki, rejissor böyük işlər görür. Mənə maraqlı idi ki, insanlar məni görsünlər.
- Çingiz
müəllim sizinlə fəxr edirmi?
- Deyilənə görə edir. Ancaq indiyə qədər bunu özümə deməyib. Hər zaman atamın mənim bacarığımı görməsini istəmişəm. Nəsə iş görəndə, istəyim o olub ki, atam bundan xəbərdar olsun. O, çox ciddi insandır. Əgər nəyisə bəyənmirsə, deməli, bu, məndə alınmayıb. Uşaqlıq arzum olub ki, atam mənimlə fəxr etsin. Həmin məqama çatanda isə mənim üçün çox şey dəyişdi. Onun böyük sənəti var. Mənim sənətim onun sənətinin yanında çox cılızdır. Anamın da üzərimdə çox böyük zəhməti var. Həmişə deyirdi ki, bir az dözümlü ol, sənin də ulduzun parlayacaq.
- Siz hind mahnısı oxuya
bilirsinizmi?
- Xeyr,
uşaqlıqdan bütün hind filmlərinə
baxmışam. Hətta o filmlərin
evdə kasetləri də var. İndi nəinki hind,
heç türk filmlərinə belə baxmıram. Ancaq
Hollivud və bəzən də rus filmlərinə baxıram.
- Çingiz Əhmədovun elə
bir arzusu varmı ki, siz onu həyata keçiribsiniz?
- Bizim sənət
yolumuz oxşayır. Hindistanda ona filmə
çəkilmək təklifi olub. O da qəbul etməyib.
Azərbaycanda məşhurlaşıb.
- Sizə
elə gəlmirmi ki, atanızın taleyini
yaşayırsınız?
- Hərdən
elə düşünürəm. Bu, taleyin qismətidir.
Xəyalə Rəis
Kaspi 2017.- 14
dekabr.- S.14.