Tofiq Heydərov: “Bu
festival bizim üçün təcrübə mənbəyi
oldu”
Festival bayramdır, festival beynəlxalq
arenaya açılan yoldur, festival eyni sənət
adamlarının görüşməsi üçün bir
vasitədir. N.Vəzirov
adına Lənkəran Dövlət Dram
Teatrı son illər bu
vasitədən kifayət qədər yararlanır. Belə ki, teatrın kollektivi elə
yenicə İran İslam
Respublikasından qayıdıb. Bunu səbəb
gətirib Teatrın direktoru Tofiq Heydərovla söhbət etdik.
- Tofiq müəllim, istərdik səfər təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Bizə diqqət ayırdığınıza görə sizə təşəkkür edirəm. Bizim üçün beynəlxalq festivalların böyük əhəmiyyəti var. Yenicə iştirak etdiyimiz festival da İran İslam Respublikasının Həmədan şəhərində dekabrın 1-dən 6-a kimi keçirilən "24-cü ənənəvi Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı” idi. Biz orada Pərvin Nurəliyevanın "Dəcəl keçi” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış etdik. Əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirdilər. Onlar çox həvəslə və peşəkar şəkildə tamaşanı təqdim etdilər.
Beynəlxalq festivalda Almaniya, İtaliya, Rusiya, Danimarka, Cənubi Koreya, Fransa və digər böyük, eyni zamanda teatr ənənəsi olan dövlətlər iştirak edirdi. Biz də bu dövlətlər içərisində Azərbaycanı təmsil edirdik. Festivalın qrafiki çox zəngin idi. Biz tamaşamızı dekabrın 5-də təqdim etdik. Həmin gün truppamız üç dəfə çıxış etdi. Dekabrın 1-dən 5-nə kimi olan müddətdə həm xarici ölkələrin, həm də İran teatrlarının tamaşalarına baxdıq. Bu, təcrübə baxımından bizim üçün çox faydalı oldu.
Eyni zamanda, Festivalda dünyanın, həmçinin İranın nüfuzlu teatrlarının yaradıcılığı, müxtəlif teatrların rəhbərləri, aktyor və rejissorları ilə tanış olmaq şansı əldə etdik, xaricdən gələn və İranlı teatr xadimləri ilə görüşlərimiz oldu. Biz onlara Azərbaycan teatrının tarixindən, ənənələrindən, bugünkü vəziyyətindən, Lənkəran teatrının yaradıcılıq yolundan, iş prinsipindən danışdıq.
Həm də İranın Həmədan vilayətinin mədəniyyət idarəsinin rəhbəri ilə görüşümüz baş tutdu. Bu görüşdə Azərbaycan-İran teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərindən danışdıq. Belə ki, gələcəkdə keçiriləcək festivallarda iştirakımız, eyni zamanda İran İslam Respublikasına qastrol səfərləri, iranlı teatr xadimlərinin Azərbaycana gəlmələri, teatr sahəsində müəyyən işlərin görülməsi, rejissor mübadiləsi barədə səmərəli müzakirələr etdik. Bundan başqa Həmədanın teatr rəhbərləri ilə görüşlərimiz oldu. Bir aydan sonra orada yeni bir görüşün keçirilməsi ilə bağlı söhbətlər etdik. Bütün məsələlərin sənədləşdirilməsi, müqavilə halına salınması üçün yeni görüşlərin keçirilməsi lazımdır. Bu da Azərbaycanla İran teatrları arasında böyük bir təcrübə mübadiləsinə zəmin yaradacaq.
- Bu festivallar teatrımıza nə qazandırır?
- Bu gün biz dünya teatrına inteqrasiya olunuruq. Belə festivallar dünya teatr prosesini, onların təcrübəsini,
iş prinsiplərini müəyyən dərəcədə
öyrənməyimizdə və xəbərdar olmağımızda bizə
yardımçı olur.
Təbii
ki, biz də həmin təcrübələrdən
faydalanmağa çalışırıq. Onu da qeyd edim ki, Azərbaycanı
həmişə uğurla
təmsil edən Lənkəran Teatrı bu dəfə də festivaldan əliboş qayıtmadı.
Festivalın bağlanışı mərasimində teatrımız
diplom və xatirə hədiyyələri
ilə mükafatlandırıldı.
Aktyorlarımızın hər birinə
hədiyyələr verildi.
Biz də öz
növbəmizdə iştirakçılara
Azərbaycan haqqında
teatrımızın aktyorlarının
şəkilləri ilə
birgə broşürlər,
bukletlər payladıq.
Bu da Azərbaycan, Lənkəran teatrının
geniş sferada tanınmasına xidmət
idi. Lənkəran teatrı olaraq Azərbaycan incəsənətinin
tanınmasında bizim
də bir az rolumuz
və əməyimiz oldu ki, bu
da bizi sevindirir.
- İranda
artıq bir neçə beynəlxalq festivalda iştirak etmisiniz. "Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı” neçə ildir keçirilir və beynəlxalq nüfuzu nə dərəcədədir?
- Bu
festival 24 ildir ki keçirilir. Festivalda Azərbaycanla bir yerdə 9 ölkənin - Almaniya, İtaliya, Rusiya, Danimarka, Cənubi Koreya, Fransa və s. kimi böyük dövlətlərin teatr kollektivləri iştirak edirdi. Beynəlxalq statusa malik olan festivalın miqyası və nüfuzu çox böyükdür. Festivalın bağlanış
mərasimində İranın
Mədəniyyət nazirinin
müavini cənab Muradxani də iştirak edirdi. Xorasan vilayətinin deputatları,
dövlət adamları
orada idilər. Bu festival onların da maraq dairəsindədir.
Festival yüksək səviyyədə təşkil
olunmuşdu. Bizi sevindirən
əsas məsələ
isə Azərbaycana, bizim teatra olan
məxsusi münasibət
idi. Tədbirlərdə Azərbaycan öndə
gedən bir ölkə, bir teatr kimi dəvət
olunurdu. Bu da bizdə xoş
təəssürat yaradırdı.
İran teatr aləminin bir qismi ilə yaxşı əlaqələrimiz
olduğu üçün
onların Azərbaycan,
Lənkəran teatrları
və teatr xadimləri haqqında müəyyən məlumatları
var. Festifalda Avropanın
böyük ölkələrindən,
böyük teatr ənənəsi olan ölkələrindən nümayəndələrin
iştirak etməsi
festival əhəmiyyətini və nüfuzunu daha da artırırdı.
Bizim üçün əhəmiyyəti
ondan ibarətdir ki, böyük təcrübə mənbəyi
oldu. Festival müddətində gün
ərzində iki-üç
tamaşaya baxırdıq.
Yəni, burda dünya teatrları ilə bizim teatrın iş prinsipi arasında olan fərqləri biz araşdırdıq, müəyyən
məsələləri müzakirə
etdik, öyrəndik. Öyrəndiyimiz məsələləridə
biz ordan gələn nümayəndəliklərə çatdırdıq. Çox önəmli
və dünyada qəbul olunmuş bir festivaldır.
- Yəqin ki, Lənkəran teatrının aktyorları İranda tanınmış simadırlar. Çünki artıq neçənci dəfədir ki, orada olursunuz.
- (gülürük) Təbii… İran teatrları ilə çox yaxşı əməkdaşlığımız var. Dilimiz daha uyğundur. Sərhəd baxımından bizə çox yaxındırlar. Ona görə də böyük məmnuniyyətlə onlarla işləyirik. Biz onların təcrübəsini öyrənirik. Onlar bizim teatr sistemini, iş prinsipimizi çox normal qəbul edirlər. Onların da bizimlə əməkdaşlıq etməyə çox böyük istəkləri var. Biz mart ayının axırında, apreldə İranın bir teatr truppasını iki günlük qastrola dəvət etmək istəyirik. Hələlik Parsabad teatr truppası nəzərdə tutulub. Biz orda qastrol səfərində olmuşuq. Yəni, qarılıqlı mübadilənin aparılması üçün çox böyük zəmin var. Bu tək bizim istək deyil, həm də İran tərəfinin istəyidir. Onlar da Azərbaycanla İranın teatr, mədəniyyət, incəsənət məsələlərinin genişləndirilməsində maraqlıdırlar. Bizə də bu işlərdə Azərbaycan Mədəniyyət və Turizm nazirliyi dəstək verir. Elə festivalda iştirakımızda da dəstəkçimiz Mədəniyyət nazirliyi oldu. Bunun üçün cənab nazirə təşəkkürümü bildirirəm.
- Tofiq müəllim, Lənkəran
Teatrı dram teatrdır.
Dram Teatrının beynəlxalq
festivalda uşaq tamaşası ilə çıxış etməsi
bir az
qəribə deyilmi?
- Dram teatrı olsa da lənkəranlı uşaqların istəklərini
də nəzərə
alırıq. Böyüklərlə
bərabər, uşaqlar
üçün də
tamaşalar hazırlayırıq.
Uşaqlara ildə 2-3 yeni
uşaq tamaşası
təqdim edirik. Bunu da onun üçün
edirik ki, gələcəkdə teatr
tamaşaçısı yetişdirək. Hazırda uşaqların yeni il tətili
gəlir. Bununla əlaqədar yeni
tamaşa hazırlanır.
Uşaqların tətil günlərində
aşağı sinif uşaqları üçün
bu tamaşanın göstərilməsi nəzərdə
tutulur.
- Lənkəran
Teatrında ümumiyyətlə
vəziyyət necədir,
teatrda hansı yeni tamaşalar hazırlanır?
- Bilirsiniz ki, Əməkdar İncəsənət
xadimi Oruc Qurbanov teatra baş rejissor təyin olunub. Hazırda onun quruluşunda teatrın repertuar planına əsasən Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin
məktəbi” tamaşasının
məşqləri gedir.
Tamaşa yekunlaşmaq üzrədir,
dekabrın sonuna kimi bu tamaşanın
premyerasını planlaşdırırıq.
- Yeni təyinatdan söz düşmüşkən, teatrın
yaradıcı heyəti
Oruc Qurbanovun iş prinsipinə öyrəşə bilirlərmi?
- Oruc Qurbanov Lənkəran Teatrında 1970-ci illərdə işləyib. Lənkəranda doğulub boya-başa çatmış sənətkardır. Onun dəfələrlə bizim teatrla əlaqəsi olub. Müəyyən yaradıcılıq əlaqələrimiz baş tutub. Onun gəlişi teatrın yaradıcılığına bir az da stimul verib. Yeni səs, yeni nəfəs gətirib. Yaradıcı heyətlə də yaxşı dil tapır.
Xəyalə Rəis
Kaspi 2017.- 14 dekabr.- S.11.