80 ildir ki, yazmaqla məşğulam
“Man
Booker” mükafatı laureatı Con Berqer: “Özümü
yazardan çox, ruhi boşluqları dolduran adam
kimi təqdim edirəm”
Con Piter
Berqer cari ilin ilk günlərində vəfatı ilə
dünya ədəbiyyatında səs-küyə səbəb
olmuş və İngiltərə oxucularını kədərə
qərq etmişdi. Onun ölümü uzun
müddətdir davam edən xəstəlik səbəbindən
gözlənilən olsa da, asan qəbul edilməmişdi.
91 yaşında dünyasını dəyişən
Berqer İngiltərə və dünya ədəbiyyatında
tənqidi məqalələri ilə nüfuz qazanmış rəssam,
yazar, ədəbi tənqidçidir. Yarım
əsrdən çox Fransada yaşayıb, buranı ilham mənbəyi
hesab edib, ona dünya şöhrəti gətirən
romanını burada yazmış olsa da, 1972-ci ildə "Man
Booker” mükafatını ingilis yazar kimi alıb. Ona bu nüfuzlu mükafatı "G.” romanı
qazandırıb. BBC silsilələrinin
uğurlu ssenaristi Con Piterin radioda işlədiyi illərdə
şahidlik etdiyi həyat hekayələri onun roman və esselərinin
əsas mövzusu olub. Müharibə,
mühacirət, əsarət, miqrasiya kimi mövzuları dəfələrlə
həm də olduqca uğurla işləmiş yazar
başqalarını tənqid etməklə yanaşı, həm
də tənqidə açıq və dözümlü olub.
Rus dili və ədəbiyyatına dərin marağı
ilə tanınan Berqerdə bu sevgini ikinci xanımı,
övladları Katya və Ceykobun anası Anya Bostok oyadıb.
Berqer
dünya ədəbiyyatında "Zəmanəmizin rəssamı”
("A painter of our time”), "Kral: küçə əhvalatı”
("King: A street story”), "A-dan X-a” ("From A to X”),
"Zanbaq və bayraq” ("Lilac and flag”), "Qoyanın
sonuncu tablosu” ("Goya’s last portrait”), "Yaranın səhifələri”
("Pages of wound”) və s. hekayə və şeir
toplularının müəllifi kimi tanınır. Yazarın "Guardian” dərgisində
yayımlanmış məqaləsini təqdim edirik.
Hardasa 80 ildir ki, yazmaqla məşğulam. İşim-gücüm
yazmaqdır. Əvvəllər məktublar,
sonra şeirlər, müsahibələr, söhbətlər,
ondan sonra isə hekayələr və esselər, kitablarla əlləşirdim
və indi də yaradıcı qeydlərimi yazıram. Yazmaq bir məşğuliyyətdən daha çox
məna ehtiva edir, mənimçün həyati əhəmiyyət
daşıyır. Ətrafımda
yaşanan münasibətlərə, baş verən hadisələrə,
insanlara daha çox məna qazandırır, tutduğu yola
davam etməyə cəsarətləndirir. Yaza bilmək həyatıma məna qatır. Yazmaq kökləri
düşündüyünüzdən daha dərinlərə
uzanan bir şeyin tumurcuğudur. Yazıyla
qarşılıqlı, ikili münasibətimizin bir ünsiyyət
yolu var – dil. Elə buradakı bir neçə qeydin
reallaşmasına da dil kömək edib.
Bu yazıda bir dildən başqa bir dilə tərcümə
prosesini analiz etmək istəyirəm. Müasir dönəmdə tərcümə
prosesi əksər hallarda texniki iş kimi qəbul edilir. Təbii ki, mən ədəbi tərcümələrdən
danışıram – yəni, şəxsi təcrübələr,
düşüncələr, duyğular hesabına qələmə
alınan mətnlərin tərcüməsindən yola
çıxıram. Niyə bu prosesi texniki iş
adlandırıram?! Çünki müasir
dövrdə ədəbi mətnlərin tərcüməsi
ilə məşğul olanlardan nə tələb edildiyini
bilirəm. Tərcüməçi bir dildə
yazılmış mətnin söz və ifadələrini
götürüb, başqa bir səhifədə başqa bir
dildəki qarşılığını yazır. Buna hərfi, texniki tərcümə kimi bir çox
təriflər verilir. Sonra başqa biri –
bu, adətən, redaktor olur, ya da bədii tərcüməçi
– ikinci dilə çevrilmiş söz və ifadələri həmin
dilin qrammatik, semantik qaydalarına uyğunlaşdıraraq, mənayla
uzlaşan mətnə çevirir. İş
bununla bitirmi?! Əlbəttə ki, yox.
Bir də üçüncü adamın əli
dəyir xammala. Yekun mətni ana mətnin səsinə,
ahənginə uyğunlaşdırmaq məsuliyyətini
üzərinə götürmüş adam
mətnə tamamilə yeni forma verir. Bəs, bu
ahəngi hər zaman təmin etmək olurmu? Yox. Əksər tərcümə
prosesi bu üsulla irəliləyir və nəticələr təbii
ki, ədəbiyyat üçün olduqca dəyərlidir.
Amma ikinci sinif keyfiyyətindədir.
Niyə?
Çünki tərcümə iki dil
arasındakı ikitərəfli, qarşılıqlı
münasibətin nəticəsi deyil, üçlü
münasibətin tərəfidir. Bu
üçbucağın üçüncü tərəfi əsas
mətnin yazıya köçürülməsi
üçün sərf edilmiş söz və ifadələrinin
arxasında yatan mənadır. Əsl tərcümə
tərcüməçiyə əsas mətnin
yazılmasında istifadə olunan elementlərin ana dildə
ifadə etdiyi mənalara tam bələd olmaq şərti
qoyur. Tərcüməçi əsas mətnin
sözlərini, ifadələrini, ehtiva etdiyi mənanı
anlamaq üçün bunları yazdıran səbəblərə,
baxış bucağına və təcrübəyə vaqif
olmalı, ifadələrin görünən tərəflərini
deşib-keçərək, mətni dəfələrlə
dönə-dönə oxumalıdır. Bu
mərhələdə hələ ki, sadəcə oxucu olan tərcüməçi
təkrar mütaliə nəticəsində topladıqlarını,
tapdıqlarını ikinci dilə tərcümə edərkən
meydana gələcək mətnin əsas fonuna yerləşdirməlidir.
Bundan sonra onun tərcüməçi kimi
işi başlayır. Belə ki, artıq əsas
hədəf əsas dilin ifadə edilməyi gözləyən
duyğu və düşüncələrinin öz
qarşılığını tapmasının təminidir.
Qarşılığın həqiqətən
də, nəzərdə tutulan fikri ifadə etdiyinə hər
iki dilin oxucusunu inandıra bilmək peşəkarlıq
göstəricisidir.
Bu prosesi
başdan-sona izləyərkən, dərk edirik ki, dilin
"söz yığını” kimi qəbul edilməsi
yolverilməzdir. Böyük və əziyyətli iş
prosesindən keçib, bir neçə mərhələdə
cilalanan dil bu qədər bəsitləşdirilə bilməz.
Hətta bu dildə yazılmış əsərlərin
hamısının cəmi də dilin əsl mahiyyətini dəyərləndirmək
üçün kafi sayılmaz. Danışılan,
ümumişlək dilin fizionomiyası, hərfi və vizual
funksiyaları linqvistik bir bədən kimi təsəvvür
edilir, dilin canlı olduğunu sübut edir. Amma bu varlığın ifadə edilə bilən tərəfləri,
üzləri ilə yanaşı, ifadə edilə bilinməyən
tərəfləri də var.
"Ana dili” ifadəsinin hərfi baxımdan ən
yaxşı qarşılığı rus dilindədir. Məsələn,
bir çox dillərdə işlənən "ana dili” ifadəsi
hərfi mənada insanın eşitdiyi və
danışdığı ilk dillə uyğunlaşmır.
Uşağın anası başqa dildə də
danışa bilər, və ya fərd uşaqlıqdan
anasının yox, yaxın çevrəsinin ən çox
istifadə etdiyi dili mənimsəyə bilər. Amma rus
dilində işlənən "radnoy yazık” ifadəsi hərfi
və semantik baxımdan dilin öhdəlikləri və
funksiyaları ilə birə-bir uyğunlaşır.
"Ən yaxın”, "ən doğma”, "ən sevilən”
dil mənası verən bu birləşmə, həqiqətən
də, insanın ilk dilinin, ilk eşitdiyi dilin mahiyyətini
ortaya qoyur.
Bir ana dilinin içində dünyanın digər
insanlarının danışdığı bütün
"ana dillər” mövcuddur. Başqa bir dillə
açıqlamalı olsaq, bütün ana dillər bəşəridir.
Noam Çomski çox mükəmməl
izahlarla sübut edib ki, dünyadakı bütün işlək
və qeyri-işlək dillər bəlli ortaq köklərə
və oxşar inkişaf proseduralarına malikdir. Yəni, ünsiyyət vasitəsi kimi istifadə
etdiyiniz dil digər bütün dillərlə – işarət
dili, jest və mimikaların dili, davranış dili və s. –
birbaşa bağlıdır. Mən yazanda
görüntüsü olanların mətnini yaratmağa,
görünəni sözlərlə çəkməyə
çalışıram. Çünki
özümü bu cür ifadə etmək mənim ana dilimin təməlindədir.
Sözlər, terminlər, ifadə və birləşmələr
aid olduqları dildən ayrılıb, onun tələblərinə
əməl etmədən sadə etiketlər kimi də istifadə
oluna bilərlər. Bu zaman onlar təsirsiz olurlar. Akronimlərin təkrarlanaraq istifadə olunması
bunun ən sadə nümunəsidir. Məsələn,
çağdaş dövrün siyasi dilində ana dilin
hansısa ciddi bir hissəsindən ayrılaraq, istifadə olunan
sözlər saysız-hesabsızdır. Bu
təsirsiz hissəciklərin vasitəsilə "söz kəndirbazlığı”
etməyə çalışanlar onların təsirsiz
olduğu, hafizədən qısa zamanda insanlarda dözülməz
bir laqeydlik hissi yaratdığı ilə
barışmalıdırlar.
Mən özümü tanıyandan, illərdir ki,
yazıram. Məni yazmağa sövq edən qəlbimdə
danışılmağa, deyilməyə, eşidilməyə
ehtiyacı olan şeylərin baş qaldırmasıdır.
Bilirəm ki, onlardan danışmasam, ölmək,
yox olmaq təhlükəsi ilə qarşı-qarşıya
qalacaqlar. Ona görə də özümü yazardan
çox, boşluqları dolduran adam kimi təqdim
edirəm.
Bir neçə sətir yazandan sonra sözlərin aid olduqları dildəki yerlərinə, formalarına qayıtmasına "icazə verirəm”. Və budur onlar elə həmin dəqiqə əsas köməyi ilə birləşərək məna qazandıqları, məna ziddiyyəti yaşadıqları, bir məcaz, ritm yaxınlığı, səs təkrarı yaratdıqları sözlərlə birləşir və ya qruplaşırlar. Sanki aralarındakı söhbəti eşidirəm. Onlar üçün təsis etdiyim rolları ölçüb-biçir, öz aralarında bu rola kimin daha yaxşı uyğunlaşacağını müzakirəyə çıxarırlar. Onları dinləyə-dinləyə sətirləri səliqəyə salır, bəzi sözləri dəyişdirir və yenidən təqdimata verirəm. Yeni bir söhbət başlayır. Bu proses təsdiq, razılıq mırıltıları gələnə kimi davam edir. Sonra yeni paraqrafa başlayıram.
Yeni bir söhbət açılar…
...Başqaları məni istədikləri kimi təqdim, görmək istədikləri yazar kimi təsvir edə bilərlər. Özümdən soruşsanız, əclafın yekəsiyəm. Yəqin ki, siz də həyatınızda ən böyük əclafın kim olduğunu, kimin layiq olduğu yerdə durmadığını təxmin edə bilirsiniz elə deyil? Sözlər də bunun öhdəsindən gələ bilir…
Mənbə:
"The Guardian”
İngilis dilindən
tərcümə edən: Elcan SALMANQIZI
Kaspi.-2017.-16-18 dekabr.-S.16.