Hər gün mübarizə
aparıram
Cesmin Vord: “İnsanlar bir-birlərinin
faciəsinə göz yummamalıdırlar”
Bu il 40 yaşını tamamlayan amerikalı Cesmin
Vord Missisipi ştatında anadan olub. Ömrünün
böyük bir hissəsini də burada keçirmiş ədib
regionun çılğın və hüznlü təbiətindən
təsirlənmiş olacaq ki, ədəbiyyata şeirlə gəlib.
Onun ədəbi mühitdə yazar kimi qəbul
edilməsi çətinliklər hesabına, amma şübhə
yeri qoymadan baş tutub. Bu isə təxminən
2010-cu ilə təsadüf edir. Əvvəlcə
"Qalanları qoruyun” ("Salvage the bones”), sonra isə
"Məhv etdiyimiz adamlar” ("Men we reaped”)
romanlarının bestseller siyahılarına
başçılıq etməsi, nüfuzlu mükafatlara layiq
görülməsi, daha sonra isə esselər toplusu "Bu dəfə
atəş”-in ("The fire this time”) ABŞ-da ilin ən çox
satılan əsər olması Cesminin şöhrətini
artırdı. Bu il isə "Oxuyun,
sağ qalanlar, oxuyun” ("Sing, Unburied, Sing”) romanı ilə
ikinci dəfə "National Book Awards” mükafatının
sahibi oldu. Bu il Vord "Kirkus”
araşdırma fondunun da "İlin ən iddialı
çıxışı” mükafatını qazandı.
Yazarın
müxtəlif dərgilərdə işıq üzü
görmüş müsahibələrindən hissələri
təqdim edirik:
– "Oxuyun, sağ qalanlar, oxuyun” romanının mərkəzində
ailənin uzun müddət məskən saldığı evdən
fiziki, real təsvirlər var. Sanki bu sizin
gördüyünüz şeylərdir. Sanki romana
böyüdüyünüz evin səsini, iyini
köçürmüsünüz.
– Məkan
faktoru yaradıcılığımda əhəmiyyətli yer
tutur. Əgər oxucunun təxəyyülündə
qəhrəmanın haradan gəldiyi ilə bağlı
aydın bir portret olarsa, o zaman qəhrəmanı, əslində,
nəyin motivasiya etdiyini, sərhədlərini, məhdudiyyətlərini
daha yaxşı anlaya bilər. Uşaq
olanda çox və müxtəlif tipli evlərdə
yaşamışam. Valideynlərim durmadan
bir yerdən başqa yerə köçürdülər.
Sonra 3 ildən çox nənəmin evində,
anamın böyüdüyü yerdə yaşadıq. Dörd otaqlı evdə 13 nəfər
yaşayırdıq. Və o illər həyatımın
ən xoşbəxt, ən qayğısız illəri idi.
Sevdiyim hamı hər an ətrafımda
idi. Evdə mərkəzi havalandırma sistemi
olmadığından qonaq otağında odunla işləyən
soba var idi. Odur ki, yanan palıd və
şam ağacının qoxusu sanki beynimə, yaddaşıma
hopub. Təbii ki, bir evi təsvir edərkən, o masada səs-küyün müşayiəti ilə
yeyilən yeməkləri də xatırladım. Nənəm demək olar ki, hər səhər
biskvit bişirərdi. Qırmızı
lobya və düyü günaşırı menyuda yer
alardı. Təbii ki, o qədər
adamı doyuzdurmaq, ailənin onsuz da məhdud büdcəsinə
zərər vurmamaq üçün ucuz başa gələn
yeməklərə üstünlük verilirdi. Oxucuya o real, canlı, həyati görünən də
məhz mənim xatirələrimdir.
– Paralel həyatdakı qüvvələr,
ruhlar və kabuslar ideyası yeni hekayənizdə böyük
rol oynayır. Bütün bunlar şəxsən
sizin üçün nə məna ifadə edir? Sevgi ilə
bağlandığınız atanın, ananın, nənə-babanın
inanclarını bölüşürsünüzmü?
– Valideynlərimin
inandığı hər şeyə inanmır, doğru
bildikləri yanlışları tərəddüdsüz
saf-çürük edirəm. Əgər
hansınasa inanıram, inanmaq istəyirəmsə, orada tərəddüddən,
şübhədən iz olmamalıdır. Qardaşım 19 yaşında dünyasını dəyişəndə
balaca idim. Onun yeni dünyasını xəyal
edir, bizim yaşadığımızdan daha yaxşı bir
yer canlandırırdım. Bu ölümdən
sonra həyat ideyasını "Oxuyun, sağ qalanlar, oxuyun”-a
gətirən o yaşın təxəyyülünün
qalıqları oldu.
– "Man Booker” mükafatının builki qalibi
"Linkoln Bardoda” ("Linkoln in the Bardo”) romanını sizin
bu son romanla əlaqələndirənlər var. Orada da paralel
həyatda ruhların mübarizəsi ilə
qarşılaşırıq.
–
Bilirsiniz, olduqca çətin tarixi mərhələdəyik. Özündə ədəbi güc görənlər,
ya keçmişi yenidən yazır, ya da gələcəyi nəzmə
uyğunlaşdırırlar. Ruhlar
haqqında yazmaq dünənin adamlarına söz haqqı verməkdir,
hekayələrini danışmaq, demədiklərini demək
şəraiti yaratmaqdır. Bəlkə də,
ölümlərinin səbəblərini demək istəyirlər,
bəlkə də, peşmanlıqlarını dilləndirirlər.
Hər iki roman keçmişin
peşmanlıqları, günahları ilə əlləşir,
müəlliflər bu məchul ağırlığın
altından çıxmağa çalışırlar.
Mən başqa bir oxşarlıq görmürəm.
– Romanın epiqrafında Eudora Ueltidən
bir sitat gətirmisiniz: "Xatirə yaşayan bir şeydir –
o, tranzit kimi bir dildən çıxıb
danışıldıqca yaşayır”. Bu
romanda oxucular "xatirə yaşayan bir şeydir”-i necə
anlayırlar?
–
"Oxuyun, sağ qalanlar, oxuyun”-da xatirələr Given və Riçinin ruhlarının
timsalında canlanır. Onlar canlanır və
obrazlarla ünsiyyətə girirlər. Sevdikləri
ilə danışır, onların davranışlarına
göz qoyurlar.
Niyə bu sitatı çox bəyəndim – ilk səbəb
mahiyyət və məna olaraq, romanımla birbaşa səsləşməsidir. Keçmişin
bugün üzərində nə kimi təsiri olduğunun
açıqlamasıdır. Mənə elə
gəlir ki, xatirənin yaşadığını iddia etmək,
keçmişin keçmişdə qalmadığını,
bu günə diktə etmək iqtidarında olduğunu deməkdir.
Mən də romanımda məhz bu ideya ilə
qol güləşdirmişəm.
– Gənc nəsli azadlığa səsləyən
"qaragüruh”-un nümayəndəsi kimi xatırlanmaqdan
narahat deyilsiniz? Yoxsa həqiqətən də
sizin kimi yazarların xüsusi qəbul edilməli olduğu qənaətindəsiniz?
– Öz
qara ənənələrimi qeyd edirəm. Mədəniyyətin
sənət əsərləri hesabına tozlarını,
işəyaramayan cəhətlərini üstündən
atması prosesini sevirəm. Özüm də
belə bir silkələnməyə ehtiyacı olan mədəniyyətin
nümayəndəsi kimi doğulmuşam. Afrika
diasporasının bütün dünya ilə sağ qalmaq,
xilas olmaq, yardım almaq uğrunda mübarizəsi o qitə ilə
bir bağlılığım olmamasına baxmayaraq, məni
qürurlandırır. Bu qüruru esselərimə
də daşıdım. Bunda da bir problem
görmürəm. Dünyanın
harasında olursa olsun, insanlar bir-birlərinin faciəsinə
göz yummamalıdırlar.
Mən yazmaq, özümü yaradıcı şəkildə
inkişaf etdirmək üçün yorulmadan, hər gün
mübarizə aparıram, işləyirəm. Məşğul
olduğum işin nəticəsinin kiminsə inkişafında
rol oynayacağını düşünmək məni
xoşbəxt edir. Kitablarımın
xüsusi çəkisi, gücü, çəkisi
olduğunu bilmək, obrazlarımın rəngarəngliyi vərdişdən
və mədəniyyətə təsir məqsədindən
qidalanır.
– Cari siyasi mühitdə hekayə
yazmaq sizin üçün daha da çətinləşməyib
ki?
– Cari təzyiqlər
məni hələ ki susdurmayıb. Hələ
ki, bilmirəm nə vaxtsa susdura biləcəkmi. Əgər nəsə baş versə, bu məni qəzəbləndirə
bilər. Qəzəb isə məni daha
çox masama, komputerimə, kitablarıma bağlayan
duyğudur. Katrina qasırğasından sonra iki il yazmadım. Məni bir də
susdurmaq üçün ancaq belə bir fəlakət, səbəbi
bizdən asılı olmayan bir şey lazımdır. Əks halda məni hekayələr danışmaqdan
heç nə saxlaya bilməz.
– Uşaq ikən optimist idiniz, yoxsa
pessimist?
– Pessimist
idim və dəyişən bir şey yoxdur. Hamının
optimist və ya pessimist olmağı seçmək imkanı
var. Elə məncə bu seçim olmalıdır. Dünyanı insanların duyğuları balansda
saxlayır. Əgər hamı optimist və
ya pessimist olsaydı, daşqınlardan, qasırğalardan daha
böyük fəlakətlər yaşanardı. Məni pessimizmə düçar edən həyat
şərtləri idi – ağrılar, itki, maddi çətinliklər,
inadkar imtinalar, fiziki təzyiq, irəli bir addım atmaq istədikcə
bir neçə addım geri düşmək. Optimizm sanki bütün bunlarla mübarizə aparan
adamın əzmini sındırırdı. Hər dəfə yenidən başlamaq isə
yorucudur.
– Hazırda hansı əsər
üzərində işləyirsiniz, harada işləyirsiniz?
– Nyu Orleansda qul ticarətinin qızğın olduğu
zamanlarda baş verən bir hekayə üzərində işləyirəm. Dünyanın
ən rahat yerində işləyirəm, evimdəki kiçik
kitabxanamda, pəncərəyə baxan yazı masamda. Pəncərəm uzun yola açılır,
başımı nə zaman yazıdan ayırsam,
ağır-ağır yellənən sərvləri seyr edirəm.
Bu ağacları beş il əvvəl əkmişdim.
Sərvləri də, palıdı da. Dünyanın ən ləng ağacları da olsa,
onları seyr etmək çox xoşdur.
– Gələk müsahibəmizin əsas
sualına. İradların, ictimai qınağın,
yoxsulluğun dərin hiss olunduğu cəmiyyətlərdə
narkotik aludəçiliyi ilə mübarizənin yolu nədir?
– Bir problemlə mübarizənin
yollarını araşdırmaq üçün onun köklərinə,
haradan olduğuna baxmaq lazımdır. Əksər hallarda
insanlar diaqnozlaşdırılmamış psixi-ruhi xəstəliklərlə
mübarizə apara bilməyəndə, dərmanlara üz
tuturlar. Ümid itəndə, uğursuzluq tələsinə
düşəndə, günəş sadəcə onun
üçün doğmayanda dərmanlar, bu vasitələr
yada düşür. Bu gün
Amerikada narkotik ticarəti ilə bağlı qapalı qutular,
gizli müqavilələr, pərdəarxası
görüşlər olduğu hamıya məlumudur. Amerikada
müəyyən bir təbəqəni narkotikə,
yoxsulluğa, cinsi istismara, sistemli irqçiliyə qurban verməklə
sosial təhlükəsizlik şəbəkəsini işlə
təmin etmək siyasəti yürüdülür. Narkotiklə
bağlı bütün ikili düşüncələrə
baxmayaraq, sağlam düşüncəli hər bir
amerikalı dərman aludəçiliyinin mənəvi, psixi məğlubiyyət
olduğunu dərk edir. Bununla mübarizənin ən təsirli
üsulu maariflənməkdir. Amma informasiya mənbəyi
ABŞ belə bu işdə zəifdir – ya sistemli, ya da
qeyri-iradi şəkildə. Hər halda bunun bir yolu var – amma təəssüf ki, mən
ekspert deyiləm.
İngilis dilindən tərcümə
edən: Elcan Salmanqızı
Kaspi.-2017.-16-18 dekabr.-S.15.