Mohsin Hamid və
“Qərbə çıxış”
romanı
Mohsin Hamidin son romanı bu il "Man Booker”,
"Pulitzer”, "American Critics Award” kimi mükafatların ilk və
son siyahısında yer
tutmaqla, yazarı yenidən diqqət mərkəzinə çəkdi.
Gənc,
perspektivli və uğurlu yazarın "Qərbə çıxış”
("Exit West”) romanı 2017-ci ildə demək olar ki, bütün
nüfuzlu mükafatların
qısa siyahısında
yer almaqla yanaşı, həm də ən çox müzakirə edilən əsər oldu. Artıq "ilin ən
sevilən”, "ən
çox satılan” romanı başlığı
ilə tərtib olunan siyahılarda adıçəkilən romana
rast gəlirik.
Söhbətə başlamazdan əvvəl
Hamid öz romanının təqdimatını
edir: "Artıq uzaq ölkələrə
açılan qapılar
axtarışının çoxaldığı
ilə bağlı dedi-qodular baş alıb gedirdi. Bir ölkənin ölüm tələsindən xilas olmaq istəyirdi hamı. Vətəndən xilas olmaq.
Bu xilas isə
başqa ölkələrə
aparan qapılarda idi”. Hamidin qələmə aldığı
qeyri-adi sevgi macərasından bəhs edən romanda hadisələr silahlı qüvvələrin nəzarəti
altında idarə olunan adsız bir ölkədə baş verir: "Bəziləri bu qapılardan keçən
adamları tanıdıqlarını
iddia edirdi. İnsanlara elə gəlirdi ki, həqiqətən, xüsusi bir qapı var. Heç bir xəbərdarlıq, təsəvvür, anlayış
olmadan hamı naməlum qapıları axtarırdı”.
Romanın döyünən ürəyi
olan Saed və Nadianın da yolu qaçqınlıqdan
keçir, onlar da bu xüsusi
qapıların sorağına
düşür. Minlərlə kilometr uzaqda,
naməlum geoqrafik ərazidə bir ümidin arxasınca gedirlər. Bəlkə də, daha yaxşı, təhlükəsiz
həyatın qapıları
elə özləridir,
sanki özlərinə
doğru qaçırlar.
Olduqca
real görünən bu
roman təkcə sevginin
yox, itkinliyin, qlobal emiqrantlığın
problemlərinin, dünya
insanı olanların vətənsizliyinin, yurdsuzluğunun
hekayəsidir. İçində
bəlkə də, oxucular da təsdiqləyər,
sanki bir az mistika
da var.
"Bu qapılar onlara
kimi də var idi. Eyni qapıdan
keçib, biz də Pakistanın Lahor şəhərinə oradan
da başqa yerlərə çıxmışıq.
Evimizdən çıxıb, maşınla hava limanına, ordan təyyarəyə və uçmuşuq. Evimizi tərk
edib, dünyanın başqa bir yerində yurd salmışıq. Həmçinin bizim ölkədən çıxana kimi necə gedəcəyimizi,
harada qalacağımızı,
prosesin necə irəliləyəcəyini əvvəlcədən
öyrənmək imkanımız
komputerlər, telefonlar
var idi. Məsələn, siz də, mən də harasa gedəndə hətta qalacağımız
yeri belə əvvəlcədən Skypeda
görürük. Mən sizi,
siz məni görürsünüz. Bizim yaşadığımız
dünyada minlərlə
kilometr uzaqda olan yerlər arasında sadəcə bir pəncərə var.
Bu gün dünya əhalisinin əksəriyyəti
bir yerdən başqa bir yerə rahatlıqla köçüb, məskən
sala bilir. Bunda bir təhlükə yoxdur. Amma dünyanın elə
yerləri də var ki, orada
qalmaq da, oradan qaçmaq da sehrlidir, təsadüfə,
şansa bel bağlamaqdır, ölümlə
həyat arasında seçim etməkdir, hər an hər şeyin bitməsi deməkdir. Ona görə romanda
bəhs etdiyimiz qapılar insanlara real gəldiyi qədər, mistik görünür.
Bu təlatümlərdən
qaçıb-qurtula bilənlər
də uzun müddət bunun psixi, mənəvi ağırlığında əzilir”.
Hamid həyatının
yarısını Lahorda
yaşayıb. Həyatının önəmli addımlarını,
unudulmaz anlarını
isə Londonda, Nyu-Yorkda, Kaliforniyada atıb, yaşayıb.
"Pərvanə dumanı” ("Moth Smoke”), "Könülsüz
fundamentalist” ("The reluctant fundamentalist”) kimi
romanları ilə beynəlxalq səviyyədə
bestseller yazar kimi məşhurlaşıb. "Könülsüz fundamentalist”-lə
Coys Karol və Toni Morrisonun tələbəsi
bütün ədəbi
istedadını, bacarığını
nümayiş etdirir,
"Man Booker” ədəbi mükafatının
qısa siyahısında
yer alır və adı nüfuzlu yazar cərgəsində göstərilir.
"Yüksələn Asiyanın əclaf varlılardan biri olmaq” ("How to get a filthy rich in a rising Asia”) romanının 30 dilə tərcümə olunması
ilə Mohsin Hamidin məşhurluğu
təkcə ABŞ-ın
yox, Amerika və Avropanın belə sərhədlərini
aşır.
Digər əsərlərindən fərqli
olaraq, "Qərbə
çıxış” romanında
yazıçı ilk dəfə
təhkiyəçi və
üçüncü qəhrəman
kimi iştirak edir. Təhkiyəçi rolu oynamaqla
oxucu ilə ikili, məxfi münasibət qurur.
Yaşananları müəllifin dilindən
eşitmək oxucuya daha inandırıcı gəlir.
"Bütün roman boyu qəhrəmanlarımı
seçimlərlə üz-üzə
qoydum. Yollar, yerlər, güvəniləcək
insanlar – seçim etmək mümkün olan hər yerdə
üçdən çox
variantlar çıxardım
qarşılarına. Hətta onları tamamilə bir-birinə zidd dünyaların insanları
kimi təsvir etməklə bir-birlərini
də özləri üçün seçim
halına saldım.
Bəzən mənə irad
tuturlar ki, normal həyatda yaşananları
daha da çətinləşdirmişəm.
Amma Amerikadan Pakistana qayıdan balaca uşağın yaddaşında
qalanlar burada əks olunanlardan çox-çox çətin,
aşılmaz idi.
Bir də bir fikrə
inandırdım özümü.
Nə qədər çox insan oxusa, o qədər çox insanda maraq oyatmaq
idi. Bu romanda
yeganə məqsədim
dünyada daha çox insanın oxuyacağı bir əsər yazmaq idi. Ona görə Pakistan, Hindistan, Şimali Afrika, Ərəbistan yarımadasındakı məşhur
hekayələrin bütün
maraqlı cəhətlərini
romanın imkanları
daxilində müəyyən
dərəcədə əks
etdirməyə çalışdım.
Əks halda bir qızla
oğlanın macərasından
bəhs edən "Qərbə çıxış”
"Qədim zamanların
birində…” cümləsi
ilə başlayan nağıldan fərqlənməzdi”.
Nadianın sərhədlərə və qadağaları nəzərə almaması,
ailəsinə, cəmiyyətə,
qadağalara qarşı
təkbaşına mübarizə
aparması, hamıdan
fərqlənə bilməsi, saçının
yığılmasından, düşüncə, həyat
tərzinə qədər
hər şeyi ilə həmyaşıdlarından
seçilməsi və
Saedin bütün bu qəbuledilməz tərəfləri ilə
mübariz Nadiaya vurulması elə lap romanın əvvəlindən
qəhrəmanların artıq
hamının
boyun əydiyi mühitlə barışmayacağının
siqnalını verir. Nadia və Saedin
arasında sözsüz
yaranan münasibət,
qarşılıqlı cazibə
olduqca səmimi, ilıq bir dillə
təsvir olunur. Fərqli şəxsiyyətlərə, köklərə
malik olmaları, şəhərin küçələrində
nəfəs aldırmayan
silahlılar, çətin
həyat şərtləri
onları yoldan saxlaya bilmir.
"Bəzən bizə
elə gəlir ki, insanlar bir
yeri tərk etmək üçün hansısa bir çətinliklə üzləşməli,
sıxıntıya düşməlidirlər. Düşünürük ki, ah bəli, iqtisadi səbəblər ucbatından miqrant olmaq çox asandır. Daha yaxşı iş, daha yaxşı
həyat şəraiti,
daha təhlükəsiz
yerdə yaşamaq naminə hər şeyi asanlıqla tərk etmək olar. Əslində isə bu bir yerdən fiziki, cismani olaraq, ayrılmaq məsələsi deyil.
Dostu, həyatı, ailəni, xatirələri,
köklərini unutmaqdır.
Sevdiklərinlə bir yerdə
olmağın verdiyi gücdən məhrum olmaqdır. Dilini unutmaqdır. Təbəssümü, sevdiyin rəngləri,
musiqiləri, ənənələri
tərk etməkdir.
Köklərindən qopmaqdır. Neçə
yüzillikdir ki, Avropaya və Amerikaya köç edənlərin böyük
ümid, optimizm, həyəcanla gəldiyi düşünülür. Amma o gəlişdə bir qorxu, narahatlıq,
kədər, nostalgiya,
dərin bir boşluq var. Kənardan baxanlar Qərbə köçü bəxtəvər
bir gələcəyi
sığortalamaq fürsəti
kimi görə bilər, halbuki insanlar sərhəddi birdəfəlik keçə
bilmək üçün
hansı çətinliklərlə
üzləşirlər”.
İlk hissədə
sərhəddi keçən
qəhrəmanlar Yunanıstanın
Mikonos şəhərinə gəlirlər. Bu şəhər
bütün dünyada
Şərqdən Qərbə
gedən emiqrantların
dayanacağı kimi məşhurlaşıb. Qaçqın düşərgələrindəki çətinliklər, mühitin
yadlığı Saedlə
Nadianın sevgisinə,
Nadianın Saedin atasına verdiyi sözə güc gələ bilmir. Onların münasibətlərindəki dərin
duyğular gündəlik
qayğılara uduzmur.
"Bütün didərginlərin
qapıdan sonrakı həyatı belə keçir. Günlər gözləməklə, boşa çıxan ümidlərlə, artan həsrət, ağrı,
qayğılarla dolub daşır. Burada ümidi
Nadianın içində
cücərtdim. Hər insanın
daxili verimli, bərəkətli torpaq deyil. Nadia adanı
kəşf etməyə
qərar verir. Ətrafındakıların içinə bir
ümid, hərarət
bəxş edir.
Bu kitabı da
mənə içində
ümid bəsləməyi,
ümid bəxş etməyi peşəyə
çevirmiş insanların
iradəsi, şövqü
yazdırdı. Bu kitab əksər oxuculara emiqrantların həyatını göstərmək
məqsədilə yazılsa
da, köç etməyi düşünənlərə
bir təsəlli mənbəyidir. Qaçqınlıq beynəlxalq insani statusdur və biz onların vəziyyətində
əslində, öz həyatımızın reallıqlarını,
çatışmazlığını, özümüzdə əskik
olan keyfiyyətləri
tapırıq”.
Söhbətləşdi: Meqan Labris
Mənbə: "Kirkus Reviews”
İngilis dilindən tərcümə edən:
Baycan
Kaspi.-2017.-16-18 dekabr.-S.11.