Xoş sifətləri sevməyən
ağır təbiətli Müller
Leonid
Bronevoy: “Aktyorluq kişi üçün dəhşətli
peşədir, çünki ürəyə yatmaq, xoşa gəlmək
qadın xislətidir”
"Sakitcə qocalmaq və ləyaqətlə
ölmək lazımdır”. Son müsahibəsində belə
söyləyən Leonid Bronevoy vəfat etdi. "Leonid Sergeyeviç istənilən
rolu ürəyindən, qəlbindən keçirirdi” - deyə
Valentin Qaft xatırlayır: "Ona görə də əfsanəvi
aktyorun ürəyi tab gətirmədi”. Rusiya prezidenti Vladimir
Putin aktyorun ölümü ilə bağlı
başsağlığı verib: «Bronevoyun ölümü
«Lenkom» teatrı və bütün ölkə mədəniyyəti
üçün böyük itkidir».
Rusiya mətbuatı
aktyorun ölümü haqda yazır:
"Tanımadığın insan dünyadan köçəndə
təəssüflənirsən. Ancaq
bütün şüurlu həyatın boyu səninlə bərabər
olan bir insan həyatı tərk edəndə, bunu şəxsi
ağrın kimi hiss edirsən. Sözsüz ki, bu gün
bir çox tamaşaçılar – Leonid Bronevoyu sevənlər
həmin ağrılı hissləri keçirirlər...»
Aktyorun uzun illər çalışdığı
"Lenkom” teatrının direktoru qeyd edir: "Axır vaxtlar
Leonid Bronevoy ağır xəstələnmişdi. Təəssüf
ki, biz onu itirdik. Bu günlərdə isə
onun 88 yaşı tamam olacaqdı”.
L.Bronevoyun ağır təbiəti vardı. Müsahibə
verməyi o qədər də xoşlamırdı. Sözü üzə sərt deyirdi. Ancaq onu
bağışlayırdılar – istedadına görə,
müstəsna yumor hissinə görə... Onun sərt həqiqətinin
işin xeyrinə olduğunu da bilirdilər. Bronevoyun baxışından yayınmaqdansa, onun
yaxşı sözlərinə layiq olmağa
çalışırdılar. "Bu
gün artıq o, həyatda yoxdur. Səhnədən,
teatrın divarları arasından guruldayan o səsi daha
eşitməyəcəyik. Buna inanmaq olmur.
Onun həyat, insanlar haqında düşüncələri
bizə lazım idi” - deyə sənət dostları kədərlərini
bölüşürlər. "Lenkom”un aktrisası
Yelena Şanina "insan ömrünün sona
yaxınlaşması bəzən öncədən məlum
olur” - deyə xatırlayır: "Leonid Sergeyeviç qəfildən
teatrın sürücüsündən ona dondurma
almağı xahiş etdi. Bu, sadə, uşaq
arzusu idi. Arxada çətin, əzablı
günlər qalmışdı, indi isə sadəcə
dondurma arzusu vardı. Bizim keçmiş
direktor ölümündən qabaq qızardılmış
kartof, Çexov isə şampan şərabı istəmişdi.
Leonid Sergeyeviç isə dondurma...”
88 yaşlı L.Bronevoy uzunmüddətli xəstəlikdən
vəfat edib.
O, düz bir ay Moskva xəstəxanasında ölüm-olum
mübarizəsi aparıb. "Leonid
Sergeyeviç çoxdan xəstə idi. Hər
dəfə də müalicəsi ilə bağlı vaxtı
uzadırdı. Bir dəfə qastrol
zamanı o, oteldə yıxıldı və çiynini
sındırdı. 5 il əvvəl
isə doğma Kiyevdə qastrol zamanı infarkt keçirib xəstəxanaya
düşdü. Orada əməliyyat olundu, həkimlər
onun həyatını xilas etdilər. Bu enerjisi ona bir
neçə il bəs etdi. Hətta bundan
sonra da Leonid hər axşam sevimli «Lenkom»un səhnəsinə
çıxmaqda davam etdi” - deyə teatrın direktoru qeyd edir:
"Sonra Leonid müalicəsini Moskva xəstəxanalarında
davam etdirdi. Ayaqlarında problem yarandı.
Nə etmək olar: yaş, xəstə orqanlar... Qışda evdən çıxanda ona şəpit
geyinmək lazım gəlirdi. Çünki
ayağına başqa ayaqqabı olmurdu”.
Xalq
düşməninin oğlu
L.Bronevoy
1928-ci il dekabrın 17-də Kiyevdə
doğulub. Nüfuzlu yəhudi ailələrində olduğu
kimi, onu da David Bertin adına
Konservatoriyanın skripka sinfinə göndəriblər. Ancaq 8 yaşında həmin xoş həyat bitir.
Atası inqilabdan sonra sovet hökumətində
vəzifə sahibi idi. 1936-cı ildə
Leonidin atası Solomon Bronevoy trotskiçilikdə
günahlandırılaraq cəzalandırılır. Bundan sonra onun valideynləri ayrılırlar.
«Valideynlərim kristal kimi təmiz insanlar
idi. İndi bu cür adamlar tapmaq çətindir,
hətta gülməli səslənir. Onlar
işıqlı ideyalara, inqilaba inanırdılar. Atama
"NKVD”-də işləməyi təklif etdilər. Anam ona "sən vəkillik xətti üzrə
işlə. O zaman adamlar səni müdafiə edər.
Ancaq "NKVD”-də səni başqa işlərlə məşğul
olmağa məcbur edərlər. Sən də
müdafiəsiz qalarsan” - deyə məsləhət görsə
də, atam qulaq asmadı. 1935-ci ildə o,
işdən qovuldu və həbs olundu. 1954-cü
ildə atam azad olsa da, ailəsinin yanına qayıtmadı,
Rostovda yaşadı. Atam 2003-cü ildə
bəraət alanda, artıq həyatda yox idi. Təbii ki,
atama görə bizim də həyatımız çətin
keçdi... Mən təkcə müharibə
dövrünün uşağı olmadım. Həm də repressiya illərinin sərtliklə əzdiyi
uşaq idim. Bu acıları isə daha çox sonralar
anlayacaqdım...”
Leonid Bronevoyun şöhrətə gedən yolu da asan
olmayıb. O,
aktyorluğa çarəsizlikdən gəlmişdi. Dəfələrlə öz pərəstişkarlarına
"mən kinoda, teatrda təsadüfi adamam” deyirdi. Əslində diplomat və ya jurnalist olmaq istəyirdi.
Amma Daşkənd Ali Teatr Məktəbi yeganə yer idi ki,
orada valideynlər haqda anket doldurmaq lazım gəlmirdi:
"Axı 1937-ci ildə atamı «xalq düşməni»
adı ilə həbs etmişdilər. Nəticədə
bütün ailə Kirov vilayətinə sürgün
olunmuşdu. Yalnız 1941-ci ildə bizə
qayıtmağa icazə verilmişdi. Hərbi
vəziyyətə görə ailəmizi Qazaxıstanın
Çimkent şəhərinə təxliyə etmişdilər.
Burada mən 10 saylı məktəbdə oxudum və
çörəkçi yanında şagird, kukla
teatrının tikiş sexində fəhlə və s. işlərdə
işlədim”.
L.Bronevoy
1950-ci ildə A.N.Ostrovski adına Daşkənd
Bədii-Teatr İnstitutunu bitirdikdən sonra A.S.Puşkin
adına Maqnitoqorsk Dram Teatrının aktyoru kimi səhnəyə
çıxır. Sonra N.Qorki adına
Orenburq vilayətinin Dram Teatrında işləyir. 1953-cü
ildə V.İ.Nemiroviç-Dançenkonun adına
Moskva Bədii Teatrının məktəb studiyasının
3-cü kursuna daxil olur. İki il sonra
Qroznı Dram Teatrının aktyoru kimi
çalışır. Daha sonra İrkutsk,
Voronej, Moskva dram teatrlarında səhnəyə
çıxmaqla 7 teatr dəyişir. 1988-ci ildən
çalışdığı «Lenkom» Teatrı isə
ömürlük həyatını bağladığı
iş yeri olur.
L.Bronevoy tamaşaçıların pərəstiş
etdiyi görkəmli aktyor idi. «Pokrov darvazası»ndakı Velyurov, «Məhəbbət
disturu»ndakı həkim, «Həminki Münhauzen»dəki hersoq və
əlbəttə ki, «Baharın 17 anı»ndakı Müller... Hətta onun oynadıqları baş qəhrəmanlar
olmasa da, rolları həmişə parlaq və xarizmatik olurdu.
Leonid Bronevoy 50-dən çox filmdə rol
alıb. Bütün karyerası boyu bircə dəfə
baş rolda oynamasa belə, Rusiya kinoaktyorları arasında
onun məşhurluğuna tay ola biləcək
aktyor tapmaq çətin idi.
Həyatın
dərsləri
«Baharın 17 anı» filmi ekranlara çıxan kimi,
şan-şöhrət də filmlə bərabər gəldi. Amma əvvəlki
illərdə əyalət teatrlarında sərgərdan həyat
tərzi və pulsuzluq ondan əl çəkmirdi. Balaca qızını yedirtmək üçün
pulla domino oynayır, əlavə qazanc üçün
akkordeonda çalır, hətta başqalarının
repertuarlarını mənimsəməyə məcbur olurdu.
O, moskvalı Valentina Blinova ilə evli idi. Onunla Qroznı
teatrında işləyərkən tanış
olmuşdu. Həyat yoldaşı xərçəng
xəstəliyindən vəfat edəndən sonra o, 4
yaşlı qızını tək böyütməli oldu.
Bəxtini sınamaq üçün Moskvaya gələndə,
gələcək xalq artistini paytaxtın heç bir
teatrında qəbul etmədilər. Məşhurluq
isə onun həyatına 45 yaşında gəldi. Tale ona qarşı o qədər də mərhəmətli
deyildi. Sınaq və tələfat illəri
aktyora çox dərslər öyrətmişdi. «Mən xoşsifət insanları heç vaxt sevməmişəm.
Mən onlara etibar etmirəm. Kim ki həmişə
qaşqabaqlı, acı gülüşlüdür - o
insanlara etibar edirəm» - deyə Leonid Bronevoy etiraf edirdi:
"Xoş sifətlər çox vaxt səmimi olmur. Onların təbəssümünün
arxasındakı niyyətlərə şübhə edirəm.
Mənə həyatı sərtlik öyrədib.
Onun acılarından dərs almışam.
Bu təcrübəmdə səhv edəcəyimə
inanmıram”.
Onun xarakteri soyadı kimi sərt idi. Bəzən mehriban, səmimi
ola bilirdi, ancaq birdən sanki göyün
üzünü bulud alırdı. Hətta bir
çox aktyorlar onunla səhnəyə çıxmağa
ehtiyat edirdilər. Belə vəziyyətdə o, səmimiyyətlə
etiraf edirdi: «Heç kimi incitməməyə
çalışıram, ancaq hamını sevməyə
borclu deyiləm. İllər boyu mənə ətrafımla
sadə davranmaq ona görə mümkün olub ki, məndə
aqressiya üçün az güc qalıb”. Bu fikirlər, heç şübhəsiz,
ağır keçən həyatın dərsləri idi.
"Bir
rolun aktyoru”
«Mən bu peşəni dəhşətli hesab edirəm, ona görə ki, ürəyə yatmaq, xoşa gəlmək qadın xislətidir. Təyyarəçi uçur – ona bəyənilməsi heç də vacib deyil, şaxtaçıya da, poladəridənə də bu, lazım deyil. Amma artistin, bəstəkarın mütləq bəyənilməsi lazımdır. Bu peşədə qadın xisləti gizlənir, bu, kişilər üçün deyil» - deyə aktyor söyləməkdən çəkinmirdi. O, teatra təsadüfi düşdüyünü dəfələrlə tamaşaçılarına söyləsə də, onlar hər çıxışdan sonra Bronevoyu gurultulu alqışlarla yola salırdılar. Tamaşaçıları çaşdırmaq olmaz...
«Siz isə Ştirlis, xahiş edirəm, qalın» sözləri bütün ölkənin dilində əzbərə çevrilmişdi. O vaxtdan onu «Bir rolun aktyoru» adlandırırdılar. Ancaq bu, Bronevoya qarşı ədalətsizlik idi. "Məni küçədə görəndə «Baxın, Müller gəlir» - deyirdilər. Hərdən bu mənə toxunurdu. Mən o filmə qədər 20-dən artıq rolda oynamışdım. Teatrda isə 100-dən çox rolum vardı. Ancaq tamaşaçılar məni yalnız «Baharın 17 anı» ilə tanıyırdılar. Sonralar başa düşdüm ki, bu cür hallar aktyorların həyatında olur. O yüzlərlə rol oynasa da, bir rolla tanınır”.
"Siz
isə... xahiş edirəm, qalasınız”
2012-ci ilin 17 sentyabrında teatrın Kiyevə qastrolu zamanı 83 yaşlı aktyor ağır infarkt keçirərək reanimasiyaya düşür. Şəhər mərkəzində onu ürəyindən əməliyyat edirlər. «Lenkom»un səhnəsinə isə o, 20 aydan sonra - 2014-cü ildə qayıdır. A.P.Çexovun «Albalı bağı» əsəri əməliyyatdan əvvəl və xəstəxanadan çıxdıqdan sonra onun oynadığı tamaşa olur.
Ukrayna hadisələri aktyoru narahat edirdi. «Biz yoldaşımla Kiyevdən
Maydan hadisəsindən iki gün əvvəl - vaxtında
köçmüşdük» - deyə
danışırdı: "Mən həmişə Putin tərəfdarı
olmuşam. Mən Kremldə olanda Vladimir Vladimiroviçə
dedim ki, əgər lazım gələrsə, kömək etməyə
həmişə hazıram. Əgər söz
verdimsə, həmişə onu tuturam. Sözün
düzü, hazırkı kiyevli siyasətçilərə
necə münasibət bəsləsəm də, heç vaxt
onları camaat qarşısında tənqid etməmişəm.
Mən Ukrayna televiziyasına, aparıcı
Qordona müsahibə vermişəm. Ona dedim ki,
Ukraynanın indiki vəziyyəti məni çox
düşündürür. Orada insanlar,
çoxlu uşaqlar ölür. İstənilən
savaş yaxşı heç nəyə gətirmir. Mən Kiyevə çox minnətdaram - oradakı həkimlər
demək olar ki, məni ölümün pəncəsindən
qurtardılar. Amma indiki Kiyevdə artıq
məni görmək istəmirlər, mən də üz
vurmayacağam”.
L.Bronevoy Rusiya teatrları üçün çox
işlər gördü. O, "Lenkom”un tikintisindən
tutmuş, inkişafına qədər çalışdı
və bu mənada əsil nümunəyə çevrildi.
L.Brenovoy
vəfat etdi... Kədərli və ironiyalı təbəssümü,
həmişə azca qrimlənmiş üzü, daha heç
zaman eşidilməyəcək monoloqları, birbaşa üzə
söylədiyi sərt həqiqətləri və dərhal
sitata çevrilən ən sadə cümlələri
yaddaşlarda qaldı... "Siz isə... xahiş edirəm,
qalasınız” - sözləri də onu aramızda saxlaya bilmədi...
Rusiya mətbuatından
çevirdi
Təranə Məhərrəmova
Kaspi $g 2017.- 16-18
dekabr.- S.8.