Milli heykəltəraşlığımızın
lideri
O, bu böyük sənət
ölçüsünü bütün ömrü boyu ləyaqətlə
qoruyub
Çoxəsrlik
tarixə və zəngin bədii ənənələrə
malik olan Azərbaycan heykəltəraşlığının
son iki qərinəlik səhifəsinin yeni-yeni bədii-estetik
keyfiyyətlərlə zənginləşməsində Xalq rəssamı,
akademik Ömər Eldarovun yaradıcı xidmətləri
ölçüyəgəlməzdir, desək, həqiqəti
söyləmiş olarıq.
Bu gün 90 yaşın zirvəsindən geriyə -
keçdiyi yaradıcılıq yoluna nəzər salanda,
yaratdığı müxtəlif janrlı əsərlərin
timsalında, öz peşəsinin bənzərsiz ustadı
olduğunu görə bilərik. Onun heykəllərinin
yaranma manerasında, forma-biçim, mütənasiblik
meyarında da diqqətçəkən - ovsunlayıcı bir
məntiq var. O, bu böyük sənət
ölçüsünü, bütün ömrü boyu ləyaqətlə
qoruyub. Nəticədə, Azərbaycan heykəltəraşlıq
sənəti müxtəlif materiallara hopmuş böyük sənətkar
təxəyyülünün yüzlərlə bənzərsiz
ifadəsini qazanıb. Bütün bu
uğurların davamlı şəkil alması, onun Azərbaycan
tişə ustalarının lideri olmasını şərtləndirib.
Yaradıcılığı boyu ölkənin müxtəlif
yüksək mükafatlarına layiq görülməsi də,
onun sənətkarlığının rəsmi təsdiqi sayıla bilər.
Görkəmli
sənətkarın altmış ili ötən
yaradıcılığı mövzu və faktura etibarilə
nə qədər zəngin olsa da, Ömər Eldarovun adı
çəkiləndə, ilk növbədə X.Natəvan abidəsi
yada düşür. Sonralar milli heykəltəraşlığımızda
psixoloji yaşantıların gözəl ifadəçisi
kimi tanınacaq Ö.Eldarov, məhz bu əsərində
özünün fərdi duyumunu insan psixologiyasının
açımına tam yönəldə bilmişdi. Heykəltəraşlıqda
psixoloji məqamları ifadə etmək nə qədər
çətin olsa da, görkəmli tişə ustası
yaradıcılığının ilk mərhələlərindən
başlayaraq müraciət etdiyi ən müxtəlif xarakterli
obrazları ömürlərinin ən önəmli an və məqamlarında
tamaşaçıya təqdim etməyə qərar
vermiş, ictimailəşən şəxsiyyətləri daha
yaddaqalan forma-biçimdə göstərməyə
çalışmışdır. Bakıda X.Natəvanın
şərəfinə ucaldılmış heykəldə,
(1960) həyatı çox təzadlı hadisələrlə
zəngin olan şairənin obrazının (oturuşundan tutmuş,
özündə fiqurun ifadəli siluetini şərtləndirən
ritm və geyim plastikasına qədər) bədii şərhinə
görə,
tamamilə müəllif məqsədinə xidmət
etdiyini görmək mümkündür.
Ömər Eldarovun xalq rəssamı Toqay Məmmədovla
birlikdə yaratdığı Məhəmməd Füzulinin
abidəsi (1962) də bu gün paytaxtın ən
baxımlı sənət nümunələrindən
sayılır.
Güclü emosional təsir qüvvəsinə
malik abidənin uğurunu, şairin ifadəli tunc obrazı ilə
onun nakam məhəbbət dastanının qəhrəmanları
olan Leyli və Məcnunun qayanı andıran qranitdən
hazırlanmış qorelyefləri şərtləndirib.
Üç fiqurun düşüncələrə qərq
olmuş və yaşantılara bələnmiş görkəmilə
- məhəbbətləri rəmzə çevrilmiş poema
qəhrəmanlarının və onların taleyinə
çarə qıla bilməyən dərd şairinin iç
dünyasına köklənmiş fikirli baxışlarında
ətrafı duyğulandıracaq bədii-estetik dəyər
kifayət qədərdir. O vaxtlar gənc heykəltəraşların
bu əsərinin SSRİ Rəssamlıq Akademiyasının
gümüş medalına layiq görülməsi də, onun
tələbkar sənət xiridarlarının
sınağından uğurla çıxmasından xəbər
verirdi. Ümumiyyətlə, Ömər Eldarov
obrazlarının daha səciyyəvi cəhətlərini
lirik-romantik ruhda təqdim etməklə,
tamaşaçısını duyğulandıra bilən heykəltəraşlardandır.
Sənətkarın yaradıcılığının bu
başlıca məziyyətini onun incəliyi ilə
seçilən xoşbəxt ana mövzusunu özündə
ifadə edən «Sevinc» (1956), eləcə də daha
güclü xarakterlərin təcəssümü olan
«Analıq» (1964) və «Həyəcan» (1977) kompozisiyalarında
müşahidə etmək mümkündür.
Heykəltəraşın
1963-cü ildə ağacdan hazırladığı
çoxfiqurlu «Neftçilər» kompozisiyası portret
janrında həll olunsa da, bir-birinə sıxılaraq,
onları üstələməyə çalışan Xəzriyə
sinə gərən müxtəlif yaşlı «qara
qızıl» ustalarının mərdlik yağan çöhrələri
böyük ustalıqla canlandırılıb.
Ömər Eldarov yaradıcılığının
şah əsərləri onun tanınmış fırça
ustası Səttar Bəhlulzadəyə həsr etdiyi iki
portretdir (1965 və 1968-ci illər) desək, səhv etmərik. Ağacdan
hazırlanmış hər iki əsər bənzərsiz sənəti
və şəxsiyyəti ilə çox məşhur olan rəssamın
çılğınlığını və özünəməxsusluğunu
özündə gözəl əks etdirir. Biri incə xırdalıqları, digəri isə
ümumiləşdirmələri ilə fərqlənən əsərlərdə
rəssamın qeyri-adiliyini ifadə edən siluet, duruş
müəllifin çox orijinal tapıntısı kimi qəbul
edilir. Ö.Eldarovun sənət dostunun
Əmircandakı məzarı üzərində ucalan abidəsi
də (1974) forma-biçiminə və bədii-estetik tutumuna
görə, memorial heykəltəraşlığın ən
yaxşı nümunələri sırasına daxil olmağa
layiqdir.
Düşənbədə ucaldılmış Sədrəddin
Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən
çıxması da tacik sənət xiridarlarının azərbaycanlı
heykəltəraşın sənətinə böyük
inamının ifadəsidir. Görkəmli tişə
ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı
illərdə Əbu Əli ibn Sinanın (Düşənbə,
1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam
Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar
Müslüm Maqomayevin (Bakı, 1987), İhsan
Doğramacının (Ankara, 2001), ümummilli liderimiz Heydər
Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində
də nümayiş etdirə bilmişdir.
Bu yerdə deyək ki, ulu öndərin obrazı heykəltəraşın
yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin
Naxçıvanda, Bakıda və digər şəhərlərdə
ucaldılmış neçə-neçə abidəsinin
müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı
və uzun illər ərzində dostluq etdiyi görkəmli
siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri
müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə
nail olmuşdur. Ulu öndərin Fəxri
Xiyabandakı və yeni istifadəyə verilmiş Ali Məhkəmə
binasındakı abidəsi özündə yüksək bədii-estetik
məziyyətləri yaşadan sənət nümunələridir.
Ö.Eldarovun ümummilli liderin vaxtilə
yaşadığı binanı bəzəyən xatirə
lövhəsi də özünəməxsus forma-biçim və
plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı, məşhur
oftalmoloq Zərifə xanım Əliyevanın xatirə
lövhəsi də böyük sənətkarlıqla işlənilmiş
plastika nümunəsidir. Əlavə edək
ki, Ö.Eldarov Zərifə xanımın Fəxri
Xiyabandakı məşhur məzarüstü abidəsinin də
müəllifidir. Bu əsərin mərmər
variantı ("Elegiya”) hazırda Azərbaycan Dövlət
İncəsənət Muzeyində nümayiş etdirilməkdə,
çağdaş milli heykəltəraşlığımızın
uğuru kimi qəbul olunmaqdadır.
Yeri gəlmişkən qeyd edək ki, Ömər Eldarov
məşhur şəxsiyyətlərlə bağlı digər
memorial abidələrin də müəllifidir. Etiraf etmək
lazımdır ki, görkəmli heykəltəraşın
davamlı səyləri nəticəsində milli incəsənətimizin
bu sahəsi son illər çox maraqlı və təsirli
nümunələrlə zənginləşmişdir.
Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fikrət
Əmirov, Hüseyn Ərəblinski, Süleyman Rəhimov, Şıxəli
Qurbanov, Rəşid Behbudov, Ziya Bünyadov, Həsən
Əliyev, Süleyman Rüstəm, Yusif Səmədoğlu və
Tofiq Quliyev, Tamerlan Əliyev, Aida İmanquliyevanın məzarüstü
abidələri bu qəbildəndir.
Heykəltəraşın bütün
yaradıcılığı boyu müxtəlif materiallarda
yaratdığı portretlər, obrazı dərindən
duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq
xüsusiyyəti ilə yaddaqalandır. Onun, oğlu
Müslümə həsr etdiyi portretdə də (1972)
düşündürücülüyə bələnmiş
gənclik ehtirasının ifadəsi qabarıqdır.
Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc
Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində
də zərifliyin və yaradıcılıq
ehtirasının bədiiləşmiş təsirli
görüntüsü ilə qarşılaşırıq.
Görkəmli tişə ustası bütün
materialları özünə doğma saysa da, deməliyik ki, onun
ağacdan hazırladığı heykəllər ecazkar və
heyrətamizdir. Bu mənada, S.Bəhlulzadəyə həsr etdiyi iki
portretlə yanaşı, dirijor Niyazi ilə bağlı
«Elegiya» əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini,
o cümlədən «Zamanın dörd rəngi» kompozisiyasını
xüsusi qeyd etmək lazımdır. Son əsərində
ağacın özünəməxsus ifadə məziyyətini
ustalıqla duyan heykəltəraş, bunu insan
ömrünün müxtəlif illərini əyaniləşdirən
obrazların fərdi və fərqli keyfiyyətlərini
aşkarlamağa yönəldə bildiyindən, əsərlər
kifayət qədər duyğulandırıcıdır.
Monumental abidələrində özünü
lirik-romantik kimi təsdiqləyən Ömər Eldarov, dəzgah
heykəltəraşlığı səpkili əsərlərində
daha bir yeni keyfiyyətini göstərib. Bu da onun həyat
hadisələrinin fəlsəfi duyumu və onların bədii
yozumu ilə bağlıdır. Heykəltəraşın
«Zehnin yuxusu» (2003), «XX əsr» (2000), «Ağlayan qadın» (2001),
«Uşaqlı qadın» (2001), «Antik motiv» (2001) və s. əsərləri
tamaşaçı düşüncələrini duyğulandırmaq
gücü ilə diqqət çəkir.
Reallıq və təxəyyül bu kompozisiyalarda obrazlı
görkəm aldığından, yaranan uğurlu bədii
sintez seyrçini dialoqa çəkir,
düşündürür...
Ö.Eldarovun bütün ömrü boyu
qazandığı sənət vərdişlərini
vaxtaşırı gənc həmkarları ilə
bölüşməyə vaxt ayırması, bu gün
respublikamızda onun özünəməxsus dəyərlərə
malik heykəltəraşlıq məktəbinin
yaranmasını şərtləndirmişdir. Hələ
sovet dönəmində Bakı şəhərində
açılan SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq
üzrə yaradıcılıq emalatxanasının rəhbəri
kimi bu işi görməyə başlayan Ömər müəllim,
hazırda bu işi 2000-ci ildə təsis olunmuş Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi
davam etdirməkdədir. Hər gün bu ali təhsil
ocağına üz tutan 90 yaşlı ustad sənətkar
gündən-günə püxtələşən xələflərindən
böyük ehtiram nidaları ilə eşitdiyi «Salam, Ömər
müəllim!» sözlərini də həyatına
qatılan yeni mənəvi enerji kimi qəbul edir.
Daim yaşayıb-yaratmaq həvəsli olan, etdiklərinin qarşılığında davamlı olaraq dövlətin diqqət və qayğısından kənarda qalmayan, dəfələrlə fəxri adlara və müxtəlif mükafatlara layiq görülən Ömər Eldarov bu gün ömrünün müdriklik çağını yaşayır. Hər yeni əsəri ilə əsl sənətkarlıq atributu olan, heyrətləndirmək bacarığının tükənmədiyini nümayiş etdirir. Deməli, o, milli heykəltəraşlığımızı sənətə qürur gətirən əsərlərlə zənginləşmək qüdrətindədir...
Ziyadxan Əliyev,
Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
"Sənətşünaslığın
təbliği” ictimai birliyinin sədri
Kaspi 2017.- 21 dekabr.- S.15.