“Qatar”ın mahir
ifaçısı
Tükəzban İsmayılova səhnədə
ifasını bitirəndən sonra
tamaşaçıların alqışları kəsilmirdi
Milli
musiqimizin görkəmli nümayəndələri
sırasında onun da adı var: Xalq artisti Tükəzban
İsmayılovanın. Yüksək
ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti
ilə fərqlənən ifaçının Azərbaycan
musiqisi tarixində, xüsusən də qadın müğənnilər
arasında öz dəst-xətti var idi. Onun
ifa etdiyi muğamlar və xalq mahnıları
ifaçılıq sənəti tariximizə həmişəlik
daxil olub.
T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan
xalqının zəngin musiqi irsinə, muğam sənətinə,
onun inkişafı və təbliğinə həsr edib. Tükəzban
xanımın şaqraq səsi insanların qəlbini
ovsunlayıb, onlara muğamlarımızı, xalq
mahnılarımızı sevdirib. Özünəməxsus
ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi
xəzinəmizi zənginləşdirməyə xidmət
edib. Bir çox mahnı və təsniflərimiz
məhz onun təkrarsız ifası ilə yaddaşlara
köçüb.
Sarabskinin
tələbəsi
Tükəzban
İsmayılova 1923-cü il dekabrın
21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs
göstərib. Bu həvəs onun taleyini
ömürlük musiqiyə bağlayıb. Musiqi sənətinə
sevgisi onu Asəf Zeynallı adına Musiqi
Texnikumuna gətirib çıxarıb. Səs və
ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında
fərqləndirib. Muğam
ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin
qəlbinə yol tapıb.
1944-cü ildə Azərbaycan Radio Komitəsində
müğənni kimi çalışmağa başlayan
Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan
Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə
filarmoniyanın konsert şöbəsi "Azərbaycan
Dövlət Estradası” təşkilatına çevrildikdən
sonra T.İsmayılova 1962-ci ilə qədər burada
çalışıb. Muğam ifaçısı Azərbaycan
Dövlət Filarmoniyasının, "Azkonsert” Qastrol-Konsert
Birliyinin solisti olub, sonralar İncəsənət
Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa
başladığı illərdən ta səhnə ilə
vidalaşdığı illərə qədər yetişdiyi
Bakı muğam məktəbinin ənənələrini
öz sənətində yaşadıb və davam etdirib.
Sirlərini mənimsədiyi sənətkarlıq
məktəbinə həmişə minnətdarlıq edib.
Tükəzban xanım klassik xanəndəlik məktəbinin
korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində
təhsil alıb. Dahi Üzeyir bəy müğənninin
şaqraq səsini, gözəl vokal imkanlarına malik
ifasını, dolğun zəngulələrini eşidib onun
üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət
bacısı” və s. mahnıları yazıb.
T.İsmayılovanın özünəməxsus
üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”,
"Kürdün gözəli”, "Yeri, dam üstə yeri”,
"Qarabağ şikəstəsi” və s. muğam və
mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib.
Azərbaycan bəstəkarlarının
mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz
onun təkrarsız ifası ilə geniş yayılıb.
T.İsmayılovanın repertuarı hər nəsildən
olan dinləyicinin zövqünü oxşamağı
bacarırdı. Müğənninin
ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə
kimi bəstəkarların da müxtəlif üslublu əsərləri
vardı. "Sənin
vüqarın mənəm”, "Sənsən”, "Ceyran”,
"Qonşu qız”, "Sən mənimlə get”,
"Çiçək” kimi bəstələr 60-70-ci illərin
dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.
Təşviqat
briqadasında
Tükəzban xanımın
yaradıcılığının ilk illəri
qanlı-qadalı müharibə illərinə təsadüf
edib. II Dünya müharibəsi illərində təşviqat
briqadasının tərkibində cəbhədə konsertlər
verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə
qatlaşıb. İfa etdiyi mahnılarla əsgər
və zabitlərimizi vətənpərvərliyə
ruhlandırıb. Cəbhənin
qanlı-qadalı illərində o da bir əsgər olub.
Tükəzban
İsmayılova həmçinin dünyanın bir çox
ölkələrinə - Almaniya, Polşa, İraq, İran,
Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə
çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini
layiqincə təmsil edib. Görkəmli
ifaçının ölkəmizdə gənc xanəndələr
nəslinin yetişdirilməsində də xidməti olub.
1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında
dərs dediyi illərdə gənc musiqiçi nəslinin
yetişməsində rol oynayıb. Böyük
sənətin sirlərini onlardan əsirgəməyib,
uğurlarına bir ustad kimi sevinib.
Gözəl səs, peşəkar
ifa
Sənət yoldaşları Tükəzban
İsmayılovanın təkcə gözəl səsə,
peşəkar ifaya malik sənətkar olmasından
danışmırlar, həm də onun səmimi, dostcanlı
insan olduğunu deyirlər. "Tükəzban
İsmayılova yüksək ifaçılıq qabiliyyəti
ilə yanaşı, səhnə mədəniyyəti ilə
də fərqlənirdi. İstər geyimi,
xarici görünüşü, istərsə də
tamaşaçıya ifa xitabında dərin hörmət,
ehtiram və mədəniyyətini nümayiş etdirməyi
bacarırdı. Müğənninin oxuduğu klassik Azərbaycan
muğamları və xalq mahnıları ifaçılıq
sənəti tariximizə həmişəlik daxil olub”- deyən
Xalq artisti Canəli Əkbərovsənət dostunu təmkinli,
xanım-xatın müğənni kimi xatırlayır:
"Tükəzban xanım dünyasını dəyişənə
qədər bir yerdə çalışmışıq. O da
filarmoniyanın solisti olub, mən də. Onunla
qastrollara getmişəm. Azərbaycanın
bütün rayonlarını bir yerdə gəzmişik.
Həbib Bayramov bizi müşayiət edib.
Həmçinin Mahaçqalada onunla bir yerdə
qastrolda olmuşam. Tükəzban
xanımın gözəl səsi, sağlam zəngulələri
vardı, yaxşı muğam ifaçısı idi. Bir dəfə mən Həbibə "Tükəzbanın
ifasında «Heyratı» gözəl alınar” dedim. O da mənim
sözümə qulaq asdı, ona "Heyratı” oxutdurdu. Mən Tükəzban xanımla Gəncədə
duet oxumuşam və tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb”. C.Əkbərov
deyir ki, T.İsmayılova yaxşı sənətkar olmaqdan
savayı gözəl xasiyyətli, ürəkyanan unsan olub:
"Tükəzban xanımın yaxşı yol
yoldaşlığı vardı. O zaman nəsillərin estafet
qatarında biz başqa ölkələrə səfər edərdik.
Şövkət xanım, Sara xanım, Tükəzban
xanımla birlikdə qrup halında qastrollara gedirdik. Azərbaycanın elə bir ucqar yeri olmadı ki, mən
onunla qastrolda olmayım. Tükəzban
xanımla sonuncu qastrolumuz Dağıstan Respublikasına oldu.
Dağıstan radiosunda Tükəzban xanım,
Əbülfət Əliyev və mən çıxış
etdik. O zaman Azərbaycanın bütün rayonları
bizi yaxşı dinləyirdilər. Əliağa
Vahidin xatirə gecəsində mən Tükəzban
xanımla səhnəyə çıxdım. O,
Əliağa Vahidin sözlərinə yazılmış
«Qatar» muğamını, mən isə «Segah»ı oxudum. Tamaşaçıların gurultulu
alqışları indi də qulağımdadır”.
C.Əkbərov o dövrdə müğənnilərin
bir-birinə mehriban münasibətlərinin xiffətini
çəkir: "O zaman müğənnilər bir-biri ilə
çox mehriban, əsil dost kimi dolanırdılar. Bir-birinə ürək yandırır, lazım gələndə
kömək əllərini uzadırdılar. Tükəzban xanım da belə insanlardan idi. Sevinirəm ki, məhz onun kimi insanlarla səhnəyə
çıxmışam”.
Muğamların
dərsliyi
T.İsmayılovanın muğam və
mahnılarının çoxu "Qızıl fond”da
saxlanılır. "Kəsmə şikəstə”,
"Yetim segah” kimi muğamların yanıqlı səslə
ifasına görə o, əvəzolunmaz ifaçı
sayılırdı. "Tükəzban
İsmayılovanın "Kəsmə şikəstə”sinin
də ayrı bir yanğısı, ayrı bir hekayəti
vardı. Əksər qadın xanəndələrin
repertuarında yer alan bu nisgilli şikəstənin
onun səsindəki özəlliyi hissli, içdən
oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu
olsun” filmində toy səhnəsində qadınlar məclisində
muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.
T.İsmayılova ilə səhnəyə çıxan
sənətkarlar qeyd edirlər ki, "Səhnədə kim nə
oxuyur, oxusun, Tükəzban çıxıb bir "Qatar”
oxuyurdu və konsertin dadı damaqlarda qalırdı”. Xalq artisti Əlibaba Məmmədov
da o illərin canlı şahididir: "Tükəzban
xanımın ifaçılığı və
yaradıcılığı, muğam, səs sənəti,
musiqi xəzinəmizə bəxş etdiyi nümunələr
bir sənətkar olaraq onun həm də zəngin məktəb
qoyub getdiyini deməyə əsas verir”- deyə ifaçı
xatırlayır: "Hər bir xanəndə hansısa
ifası ilə insanların yadında qalır. Tükəzban
İsmayılova da yadda qalan xanəndələrdəndir.
O, "Şahnaz”, "Qatar”, "Xaric Segah”ı əvəzsiz
oxuyub. Tükəzban xanımın ifasında səslənən
bu muğamların üçünü də dərslik saymaq
olar. Gənclərə məsləhət görərdim
ki, əgər bu muğamları yaxşı öyrənmək
istəyirlərsə, Tükəzban xanımın lent
yazılarına qulaq assınlar. Tükəzban
xanım "Şahnaz”da, "Qatar”da gözəl yeniliklər
edib. "Qatar” muğamını çox
xanəndələr yaxşı oxuyub. Məsələn,
Sara Qədimova da gözəl "Qatar” oxuyanlardan olub. Şaqraq səsi, gözəl zəngulələri
olub. Amma Tükəzbanın
"Qatar”ı ayrı aləm idi. Onu elə
"Qatar”la, "Şahnaz”la tanıyıb sevirdilər.
O, səhnədə ifasını bitirəndən sonra
tamaşaçıların alqışları kəsilmirdi. Onlar böyük sənəti
alqışlayırdılar. Bunu onlara
Tükəzban xanım böyük ustalıqla bəxş
edirdi”.
Tanrının
lütfü
Tükəzban xanım həm də mehriban həyat
yoldaşı, gözəl ana idi. Görkəmli Tarzən
Həbib Bayramovla evliliyi, bu ailədə İlhamə Quliyeva
kimi daha bir sənətkarın yetişməsi, Tanrının
musiqi sənətimizə lütfü idi. Tükəzban
xanım konsertlərdə çox vaxt Həbib Bayramovun
müşayiəti ilə çıxış edərdi.
Bu iki sənətkarın biri-birini
baxışla anlaması səsin düzgün köklənməsində,
pərdənin tutulmasında və digər həssas
keçid məqamlarında da əhəmiyyətli rol
oynayırdı. Həyat
yoldaşının ölümündən sonra Tükəzban
xanımın sənət həyatında da dəyişiklik
başladı. O, demək olar ki, səhnədən
uzaqlaşdı. Mahnı, musiqi dolu günlər
sanki xatirəyə döndü.
Qızı İlhamə Quliyeva "Tükəzban xanımla Həbib Bayramovun ailəsində böyüməyim mənim təkcə sənətkar kimi yetişməyimdə deyil, həm də xalq tərəfindən sevilməyimdə böyük rol oynadı. Mən buna görə bu iki böyük sənətkara borcluyam” deyirdi.
Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Təranə Məhərrəmova
Kaspi 2017.- 21
dekabr.- S.13.